FÜZULİNİN ŞƏFA OCAĞI

Son illər nəinki Bakı şəhərində, hətta regionlada belə dünya standartlarına cavab verən diaqnostika mərkəzləri, xəstəxanalar və şəfa ocaqları istifadəyə verilib. Təbii ki, bu yerli əhalinin sağlamlığının qorunmasında və bərpa edilməsində çox böyük önəmli əhəmiyyət kəsb edir. Ən azından hər hansı pasiyent ultrasəs müayinəsindən və digər müayinələrdən keçmək üçün əvvəlki kimi Bakı şəhərinə gəlmir.

Müalicə Diaqnostika mərkəzi

Füzuli rayonunda da 2011-ci ilin oktyabr ayından bayaq dediyimiz kimi, ən müasir standartlara cavab verən Müalicə Diaqnostika Mərkəzi fəaliyyətə başlayıb. Onu da qeyd edək ki, bu mərkəzin açılışında ölkə prezidenti cənab İlham Əliyev iştirak edib və bildirib ki, bundan sonra da regionlarda dünya standartlarına cavab verən Diaqnostika mərkəzləri və xəstəxanalar tikiləcəkdir. Artıq 2011-ci ildən fəaliyyət göstərən Füzuli Müalicə Diaqnostika Mərkəzində qısa zaman ərzində yüzlərlə insan müayinə və müalicə olunaraq şəfa tapmışlar. Əlbəttə, insanlar üz tutduqları yerlərə gedəndə onların ürəyində böyük ümid olur. Çünki onlar göydə Allaha, yerdə də həkimlərə inanırlar. Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov savadlı, təcrübəli və bacarıqlı bir səhiyyə işçisidir. Təbii ki, hər hansı bir insan vəzifəyə təyin ediləndə onun qarşısında mühüm vəzifələr qoyurlar. Birmənalı olaraq deyə bilərik ki, Cümşüd Məmmədov da baş həkim kimi üzərinə düşən məsuliyyəti dərindən dərk edir və bu sahədə işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır.

Müasir aparatlar

Baş həkim Cümşüd Məmmədov bizimlə söhbətində bildirir ki, Füzuli Müalicə Diaqnostika Mərkəzi ən müasir aparatlar və avadanlıqlarla təchiz edilib. Bu aparatlar vasitəsilə xəstələr bütün müayinələrdən keçirilir və onlarda aşkar olunan patoloji dəyişikliklər müəyyənləşir. Düzgün müayinədən sonra təbii ki, düzgün də müalicə lazımdır. Məhz bizim müalicə mərkəzində pasiyentləri düzgün müayinə və müalicə edən bacarıqlı, savadlı həkimlər var.

Baş həkim C.Məmmədovla söhbətdən sonra aydınlaşır ki, Müalicə Diaqnostika Mərkəzində hemodializ, ginekoloji, reanimasiya, ümumi cərrahiyyə, konsultativ poliklinika, klinik laboratoriya şöbələri fəaliyyət göstərir. Biz baş həkimin müavini, hemodializ şöbəsinin müdiri Anar Zamanovla şöbələrə baş çəkirik. Mənim ağrıyan adam olduğumu hiss edən Anar həkim deyir ki, gəl ültrasəs müayinəsindən səni keçirək, görək böyrəklərində nə problem var. Ultrasəs müayinə həkimi Pərvanə Əsədova və tibb tacısı Nazı Səfərova məni ultrasəs müayinəsindən keçirir. Müayinə zamanı aşkarlanır ki, böyrəklərimdə kristallar və eləcə də möhkəm soyuqlama var. Deyəsən, tibb bacısı Nazı Səfərova məni tanıyır və deyir ki, Faiqəllim, heç qorxub eləməyin, həkimimiz müalicə yazar və tez bir zamanda kristallar əriyər.

 

"Savadlı həkimə həmişə ehtiyac var"

Bu sözləri mənə hemodaliz şöbəsinin müdiri Anar Zamanov deyir. Deyir ki, həmişə yaxşı həkimi axtarıb tapmaq lazımdır. Bəziləri belə fikir səsləndirirlər ki, Azərbaycanda savadlı və bacarıqlı həkim yoxdur. Amma mən qətiyyən bir həkim kimi bu fikirlə razılaşmıram. Çünki xəstə tanıyıram ki, xarici ölkədə müalicə olunub, sağalmayıb. Ancaq bizim öz yerli həkimlərimiz sonradan onu tam müalicə edib. Bax, bu gün bizim Müalicə Diaqnostika Mərkəzində də belə bacarıqlı, savadlı həkimlər kifayət qədərdir. Mən onların adını və soyadını da xatırlada bilərəm: Asəf Hüseynov - cərrahiyyə şöbəsinin müdiri, Əli Kərimov - klinik laboratoriya şöbəsinin müdiri, Murad Məmmədov - lor cərrahı, Ruslan Məmmədov - reanimasiya şöbəsinin müdiri. Bu həkimlər sözün həqiqi mənasında savadlı, bacarıqlı və son dərəcə səmimi insanlardılar. Onlar bəzən bir şirin sözlə, bir xoş kəlamla xəstələrin qəlbini ələ alır və onları sevindirir.

Mürəkkəb əməliyyatlar

Füzuli Müalicə Diaqnostika Mərkəzində ən mürəkkəb əməliyyatlar belə həyata keçirilir. Bir neçə il bundan əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının kardio-cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə bu müalicə mərkəzində açıq ürək əməliyyatı aparılıb. Çünki burdakı aparatlar və avadanlıqlar, bayaq dediyimiz kimi, ən mürəkkəb əməliyyatları çox yüksək səviyyədə həyata keçirməyə imkan verir. Ümumiyyətlə, Müalicə Diaqnostika Mərkəzində hemodializ xəstələrin müayinəsi və müalicəsi onu göstərir ki, həqiqətən də bu şəfa ocağında bacarıqlı həkimlər var. Şöbə müdiri Anar Zamanov bizi kardioloq-həkim Natiqə Əlizadə ilə tanış edir. Deyir ki, bu xanımın gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəsi var.

Aydındır ki, xəstələr də ən çox inandığı həkimin yanına gedirlər. Anar Zamanov radioloq-həkim Azad Yəhyayev haqqında da ürək dolusu danışır. Bildirir ki, Müalicə Diaqnostika Mərkəzində çalışanların əksəriyyəti gənclərdir. Gənclər isə onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Çünki pasiyentin məhəbbətini qazanmaq, ona şəfa vermək həkim üçün ən böyük mükafatdır.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-4 fevral.-S.7