Yolumuza çıraq tutan əzabkeşlər
Bir para mətləbsiz işləri görəndə müxbir əlinə qələm alıb yazmağa başlayır. Sərlövhənin altına da "Felyeton", yaxud da "Felyeton əvəzi" yazır. Mən istədim ki, buna əməl edim. Doğrusu, bacarmadım... Ulu Mirzə Cəlil, yurdumuza çıraq tutan əzabkeş Prometeylər yada düşdü. Qoca tarixin üzünə çıraq tutan əsrlərin uzun yollarını işıqlandıran adlarına bir xalqın, bütöv bəşəriyyətin tarixi güvənir.
İctimai fikir tariximizdə, ədəbiyyatımızda elə şəxsiyyətlər var ki, zaman onun işığına toplaşır, zamanın özü bu işığı cəmiyyətimzin ən qaranlıq küncünə tuşlayır.
Onların yad edilməsi, anılması həyat tərzimizə çevrilməlidi. Bu ənənə bu gün də yaşamamaqdadır. Azərbaycan Yazarlar birliyinin kosmik şəkildə artması, 20-ci əsr ədəbiyyatımızın canlı klassiklərinin artması, ardı-arası kəsilməyən yubileylər bir qədər yolumuza çıraq tutan əzabkeşləri sıxışdırıb hətta unutdurmaq həddinə çatdırması heç də ürəkaçan deyil.
Mirzə Cəlilin mənəvi övladı Anar durğunluq adlanan illərdə yazdığı məqalələri nələrin bahasına dərc etdirmişdi - bilmirik. O məqalədə deyildiyi kimi, ulu Sabirə heykəl qoyulurdu, Mirzə Cəlili açılışa çağırmaq "yaddan çıxmışdı", öz yubileyi yubilyarsız keçirdi.
Nizamini, Füzulini sevib Mirzə Cəlili, Sabiri kölgədə saxlamaq mümkün deyil. Babanı sevib nəvəni unutmaq olmaz. Adlarını sadaladığımız dahilər Azərbaycan türklərinin milli iftixarıdırlar, dünyanın hər yerindən görünən ucaboylu ünvanlarıdırlar. Bəzən təklikdə özümə sual edirəm:
- Əgər qonşu xalqların Mirzə Cəlili olsaydı...
- Olsaydı, 7 aprel gününü təqvimin qırmızı hərflərilə yazardılar.
"Ərazicə balaca, mənəvi cəhətcə zəngin Naxçıvan ölkəsi" (Əziz Şərif) Azərbaycanın ictimai-siyasi fikir tarixinə verdiyi qüdrətli şəxsiyyətlərlə fəxr edir.
Əgər Azərbaycan ədəbiyyatında Hüseyn Cavid romantik poeziyanın, Mirzə Cəlil realist demokratik ədəbiyyatın, Məmməd Səid Ordubadi tarixi roman janrının yaradıcısıdırsa, akademik Məmməd Cəfər də müasir ədəbi-nəzəri fikrin böyük nümayəndəsidir. O, ədəbiyyat tarixi ilə birlikdə fəlsəfi fikrimizi, estetik və etik mədəniyyəti nəzəri problemlərlə vəhdətdə tədqiq etmiş, yeri gəldikdə dilçilik, etnoqrafiya, pedaqogika və metodika ilə məsələlərə toxunmuş və bu elm sahələrin sanballı tədqiqatçısı kimi tanınmışdır.
Filosof tənqidçinin axtarışları ardıcıl və sistemlidir. Əgər "Füzuli sevirsə", deməli, "Füzuli düşünür" və "Füzuli yaşayır", "Əsrinin mütəfəkkiri", "Sözlərin hakimi", "Hünərvər şair", "Eşq və azadlıq müğənnisi", "Böyük məfkurələr təbliğatçısı", "Xalqla bir cəbhədə olaq", "Böyük şairin əməlləri ölməzdir".
"Niyə sakitsiniz, ey mənim lüt-üryan qardaşlarım?" "Sizi deyib gəlmişəm" deyən Mirzə Cəlil yaratdığı "Molla Nəsrəddin" jurnalının götürdüyü xətt, apardığı mübarizə bədii söz ustalarımızın, döyüşkən Azərbaycan publisistikasının əsas amalı idi.
XX əsr Azərbaycan ədəbi-mədəni mühitinin yetirməsi olan Hüseyn Minasazov "Molla Nəsrəddin"i nümunə hesab edərək deyirdi: "Namusla yazın, onda sizə hörmət edərlər. Aydın yazın, onda sizi başa düşərlər. Heç kəsə yaltaqlanmayın, heç kəsin qarşısında alçalmayın, sizin arxanızda xalq durar... Belə olmasa, öz inkişafını sizə etibar etmiş xalqa ancaq zərbə vura bilərsiniz".
Əgər mütərəqqi rus ədiblərinin böyük qrupu məhz Qoqolun "Şinel"indən çıxmaqlarıyla fəxr edirdilərsə, Azərbaycan bədii-elmi-ictimai fikrinin daşıyıcılarının böyük bir dəstəsi də Məhəmməd Tağı Sidqi məktəbinin partaları arxasından dünyaya ciddi baxışla yönəlmələrilə fəxr edirdilər.
M.S.Ordubadi, İbrahim Əbilov, Əziz Şərif, Rza və M.H.Təhmasib qardaşları, Əliqulu Qəmküsar, Bəhruz Kəngərli, Hüseyn Cavid və neçə belə fikir-sənət bahadırı özünün müzəffər yürüşünə Sidqinin xeyir-duası ilə başlayıblar.
M.Sidqi 49 illik ömrüylə Naxçıvan maarifində elə bir inqilab yaratdı ki, bu inqilabın əks-sədası bütün Yaxın Şərqə yayıldı.
Məmmədtağı Sidqi üçün ilk tribuna Ordubada da "Əncüməni-şüəra" oldu; onun xalqa məhəbbət dolu səsi ilk xallarını Ordubad ədəbi mühiti üzərində köklənmişdisə də, bu səsdəki çağırış, təzəlik, mübarizlik özünü hiss etdirməyə bilməzdi.
"Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olan Usta Zeynal Nəqqaş (1839-1904) klassik, həm də tənqidi-realist üslubda yazdığı şeirlər bir sıra görkəmli mədəniyyət xadimləri tərəfindən yazılmış əsərlərdə ustalıqla işlənmişdir. Şuşadakı "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradağinin usta Zeynal Nəqqaşın "Nə bilim" rədifli qəzəlinə bənzətmə yazması, Lənkərandakı "Fövcül-füsəha"nın başçısı M.İ.Qasirin, həmin məclisin üzvü M.Ə.Mühəqqirin və usta Zeynal Nəqqaşın eyni mövzuda "Qara pul" adlı şeir qələmə almaları bunu təsdiq edir. Naxçıvandakı xan sarayının və yaşayış binasının, Ordubaddakı Cümə məscidinin bəzəkləri də bu qabil sənətkarın əl işlərindəndir.
Məhəmmədtağı Sidqi Ordubad ədəbi məktəbinin yetirməsidir. Hacı Ağa Fəqir (Məhəmməd Səid Ordubadinin atası, "Əncüməni-şüəra" ədəbi məclisinin yaradıcısı - A.Ə.), Hüseyn Bikəs, Əliqulu Müznib, Nəqqaş, Əhmədağa Şəmi, Hacı Ələsgər, Ələkbər Bəzzaz və b. bu dövrdə Ordubadda yaşayır, öz biliklərinin əhatə dairəsi ilə bütün Azərbaycanda tanınırdılar. Və, bəlkə də, Sidqinin xoşbəxtliyi onda idi ki, məhz belə bir qədim və mədəni məskəndə, arxitektura, mədəni abidələri ilə zəngin olan Ordubadda doğulmuşdu. Xoşbəxtliyi onda idi ki, Sidqi arkadaşları ilə birlikdə qaranlıq mühitə qələmlərini döyəcləyərək qığılcım yaradan belə adamlar sırasına qoşulmuş və qısa müddətdə onun mənəvi sütununa çevrilmişdi.
Sanki tale Sabiri sabun tiyanının arxasına qəsdən aparmışdı... Sanki tale Sidqini çayxana samovarının arxasına qəsdən aparmışdı; aparmışdı ki, biri bişirdiyi sabunlarla millətinin bətnindəki ləkələri yuyub atsın, birisi isə çayçı dükanını şeir-sənət, maarif auditoriyasına çevirsin.
Firudin bəy Köçərlinin bu sözlərini Sidqi amalı anlatdı. "Müəllim məktəbin canı, içində olduğu camaatın çırağı məqamındadır. Müəllim şagirdlərini övladı kimi istəsə, onların təlim və tərbiyəsinə can yandırsa, əhalinin gözünü açmağa və xeyiryetirici biliklər ilə cəhalət pərdəsini yırtmağa sərfi-hümmət etsə, buna şübhə, böyük kəramətlər göstərər və cümlənin rəğbət və məhəbbətinə məzhər olar".
1892-ci ildə Sidqi Ordubadda "Əxtər" ("Ulduz") məktəbini açır, "Həblülmətin", "Sürəyya", "Pərvəriş", "Əxtər", "Tərcüman", "Şərqi-Rus" qəzetlərində məqalələrlə çıxış etməyə də macal tapır.
Naxçıvan ictimaiyyətinin, Cəlil Məmmədquluzadənin təkidi və xahişi ilə 1894-cü ildə Sidqi Naxçıvana gəlir və ilk gündən onun mədəni həyatında fəal rol oynamağa başlayır. Sidqinin, Mirzə Cəlilin təşəbüsü ilə M.F.Axundovun "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyası həvəskar aktyorların ifasında teatr həvəskarına təqdim edilir.
1894-cü ildə Naxçıvanda Sidqinin yaratdığı "Məktəbi-tərbiyə"nin səsinə Yamxana, Əbrəqunus, Təzəkənd, Çay-Şahbuz, Cəhri, Nehrəm kəndlərində ziyalılar səs verir, məktəb şəbəkəsini genişləndirirlər.
İki il sonra "Qız məktəbi"ni yaradır. Sidqi bütün diyarda mənəvi ata, dostluğa sədaqətli bir şəxsiyyət, qüdrətli maarif fədaisi kimi məşhurlaşır.
Məhz bu dostluğu sayəsində M.F.Axundovun üç məşhur komediyası tamaşaya qoyulur. Mirzə Cəlil Tiflisdən Qurbanəli Şərifova yazdığı məktubların birində yazırdı: "...İndi xoş sənin halına ki, Sidqi ilə bir şəhərdə olursan".
Sevindirici haldır ki, Sidqinin zəngin irsi layiqincə araşdırılıb. Şövqi Novruzovun, İsa Həbibbəylinin, İbrahim Mollayevin, Əsgər Qədimovun və b. alimlərimizin monoqrafiyalarında bu qüdrətli şəxsiyyətin fəaliyyətinin elə bir yeri yoxdur ki, oraya işıq salınmasın.
Qurbanəli Şərifzadə, Məmmədağa və Baxşəliağa Şahtaxtlılar, Paşa ağa Sultanov, Eynəli Sultanov, M.Müşteyidzadə, Nəsrulla Şeyxov və s., buraya Şuşa, Tiflis, İrəvan, Bakı və digər şəhərlərdə yaşayan dostlar da əlavə edilsə, uzun siyahı alınar. Sidqi sözün ən geniş mənasında Bütöv İnsan idi. Kamilliyi, müdrikliyi ilə seçilən İnsan!
Sidqi "Nümuneyi-əxlaq", "Coğrafiya", "Ərəb dilinin sərfi-nəhvi", "Ədəbiyyat", "Pedaqogika" kimi dərsliklər, elmi-pedaqoji, ədəbi-publisist məqalə, dörd yüz qəzəl müəllifi idi.
Öz sağlığında "Millətin canlı heykəli" kimi şöhrət tapan Məmmədağa Şahtaxtlının "Şərqi-Rus" qəzetini alqışlayanlardan M.Sidqi olmuşdur: "Ümid etmək olar ki, az müddətdən sonra "Şərqi-Rus" qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik-mərifət çırağı cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır".
M.Şahtaxtlı qəzet əməkdaşları arasında Sidqini də görmək arzusunda idi. Sidqi 1902-ci il yanvarın 1-də Şahtaxtlıya yazırdı: "Mən özümü bu müqəddəs yolda iftixar etməliyəm. Bu, mənim üçün əbədi bir səadətdir. Lakin məni bu yoldan çəkindirən bir maneə varsa, o da ailə vəziyyətimlə əlaqədardır. Mən onlarsız heç bir yerə gedə bilmərəm.
Allah bərəkət versin. Altı azyaşlı övladım var, məndən başqa baxanları yoxdur... Tiflisdə olmamışam. Bir yerdən başqa yerə bu qış vaxtında köçmək çox çətin məsələdir. Məsləhət bilsəniz, bir neçə vaxt burda qalım. Buradan yazmaqla sizinlə əməkdaşlıq etmək iqtidarındayam".
Tarixin və zamanın ağır sınaqlarından alnıaçıq çıxan Naxçıvan ziyalıları arasında 1892-ci ildə indiki Babək rayonunun Nehrəm kəndində dünyaya gəlmiş Qori müəllimlər seminariyasının məzunu, "Molla Nəsrəddin" jurnalında Tağ Yunuszadə imzası ilə çıxış edən diplomat, yazıçı, jurnalist, tərcüməçi Əli Səbri Qasımov 1917-1921-ci illərdə erməni işğallarına qarşı apardığı mübarizə indiki nəsil üçün örnək ola bilər. Həmin illərdə Naxçıvanda Eynalı Sulatnov, Bəhram xan, Əziz xan, Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskilər, Behbud Şahtaxtinski, Hüsen Cavid, Mirheydərzadə, S.Əsgərxanov, S.Cəmillinski, Bağır Rzayev və digər şəxsiyyətlər aparılan mübarizənin önündə olmuşlar.
1917-ci ilin noyabrında "Daşnaksutyun" partiyasının tapşırığı ilə Naxçıvana gələn Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranır. Əsas vəzifəsi terror aktları vasitəsilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirmək idi. Həmin dövrdə Naxçıvanda "Mücəddin" siyasi dərnəyinə (rəhbəri Mirheydərzadə) Eynalı Sulatnov, Əziz Şərif, N.Şeyxov kimi ziyalılar xüsusi rəğbət bəsləyirdilər. Bu siyasi təşkilat xalqın xilasını Rusiyada yox, Türkiyədə görürdü.
1918-ci ilin ortalarında quldur Andranikin başkəsənləri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şosse boyunca İrana tərəf irəliləməkdəydi. Naxçıvanda yuva quran Xorazyants Culfa cəbbəxanalarını ələ keçirmək və Andranikə dəstək vermək məqsədilə apardığı gizli fəaliyyəti məhz Naxçıvan difaiçilərinin səyləri ilə üzə çıxıb qarşısı alınır.
Küznüt-Çeşməbasar kəndlərini özünə qərargah edən Andranik Nehrəmi qəfildən ələ keçirməyə çalışır və kənd əhlinə bildirir ki, azərbaycanlılarla ermənilərin birgə yaşadıqları Təzəkəndə qonaq gedir. Andranikin məkrli planının üstü açılır. Kəndətrafı evlər, həyətlər, küçələr, döngələr, arxlar bir anda istehkama çevrilir. Kərbəlayı Muxtar və Müslüm qardaşları, topçu Yavər, Kazım Nağdəliyev, Məşədi Heydər Dünyamalıyev, Hacı İbrahim Fərzalı oğlu, Hacı Mehdiyev döyüşdə xüsusi fərqlənirlər.
Nehrəm kənd əhli Yusif Tağı oğlu "Lənətləmə" şeirində (iki bəndlə kifayətlənirik - A.Ə.) qatil generalın qanlı əməllərini ifşa edir:
Ordu yeritdin dərədən-dağdan,
Müslüm sağdan vurdu, Müseyib soldan.
Mərd oğullar sənə
vermədi
aman,
Leşi leş üstə qoydun, Andranik.
Dro ilə
Yapon qaldı arxada,
Sərkislə Njde də
çatmadı dada.
Qoşunu
Nehrəmdə sən
verdin bada,
Çox qanı qanlara qatdın, Andranik.
Nehrəm kəndini yetirməsi Əli Səbri Qasımov Ordubadlı Ələsgərov, Şərurdan və Sürməlidən hərəsindən bir nəfər nümayəndə ilə birlikdə 1919-cu il sentyabrın 9-da Tiflisdə olmuş erməni daşnakçıları, onların havadarları rus, qərb diplomatları ilə görüşmüş, naxçıvanlıların qətiyyətli sözlərini onlara çatdırmışdır.
Oktyabrın 1-də Naxçıvanda Rəhim xanın mənzilində keçirilən müşavirədə də, habelə oktyabrın 25-də Naxçıvan Müsəlman Milli Şuranın qərargahında Haskel, Robinson, Devi, Xatisovlara qəti sözünü bildirmişdir. Naxçıvan Azərbaycanın ayrılmaz və bölünməz hissəsidir!
Gəlin açıq danışaq, bu cür elmimizdə mənəvi atalarımız səviyyəsinə yüksələn şəxsiyyətlərimiz azdır. O şəxsiyyətlər ki, onları biz millətin şərəfi, vicdanı hesab edirik. Tariximizdəki belə şəxsiyyətlərin adlarını çəkmək saatlarla vaxtımızı alar. Bəlkə, elə buna görə biz tez-tez keçişimizin mənəviyyatı ilə öyünürük.
İçi işıqla dolu olan bu görkəmli diplomat, yazıçı, piblisist amansız rejimin qurbanı olmuş Əli Səbri Qasımov 1956-cı ildə bəraət qazandıqdan sonra jurnal və nəşriyyatlarda çalışmış, Azərbaycan Yazıçılar İttifaqında bədii fondun direktoru olmuşdur.
Təəssüf ki, bu işıqlı şəxsiyyətlərin adının əbədiləşdirilməsi məqsədilə indiyədək heç bir iş görülməyib.
Arif Əliyev
Azərbaycan
DBTİA-nın
kafedra müdiri, Əməkdar
müəllim
Ədalət.-2014.-5
fevral.-S.6.