LERİKİN LİRİK DÜNYASI

Azərbaycan torpağının gözəlliklərlə dolu misilsiz bir guşəsi olan Lerik uca dağlar qoynunda, dəniz səviyyəsindən çox-çox yuxarılarda, meşələr, yaşıllıqlar içində bardaş qurub əyləşib. Bir-birinin sırasınca ucalan dağlara baxanda fikirləşirsən ki, bu dağlar ulu babalardır - beləcə dağa dönüblər. Lerikdə az olsam da onu milyon yaşlı bir qocaya bənzətməyim də elə o görüşlərdə yaranıb. Niyə, nə səbəbə yolum Lerikə az düşüb? İnsanı dünyadan zövq almağa səsləyən duyğular var. O zövqlər mənbəyidir Lerik. Orada mən bilən hər fəsil qar yağır və öz doğulduğum kənddən - Ərkivandan, ya da Lənkərandan baxanda həmişə dağlar başında qar görmüşəm. Məktəbli çağlarımda Lerikin iki qocaman sakini-Mahmud Eyvazov və Şirəli Müslümov haqqında dərc olunan yazıları oxuyurdum. Fikirləşirdim ki, niyə axı bu yaşı yüz əllini keçmiş qocalar ancaq Lerikdən çıxır? Sonra öyrəndim ki, Lerikin suyu, havası, torpağı, dağları o qədər təmizdi ki, hələ 150 nədi, 200 il də yaşamaq olar.

Yaxşı xatırlayıram: ədəbiyyata sevgilərim yarananda - orta məktəbdə oxuyarkən mütaliə etdiyim ilk bədii əsərlərdən biri Məmmədhüseyn Əliyevin "Dağlar oğlu" romanı idi. O illərdə bu roman Cənub bölgəsində ən çox oxunan əsərlərdən biri idi. Bu roman planetin qocaman sakini Mahmud Eyvazova həsr olunmuşdu. Məmmədhüseyn Əliyev ədəbiyyat müəllimi idi, bu əsərdən sonra onun hörməti artdı, o, sonralar Azərbaycan Yazıçılar İttifaqı Lənkəran filialının sədri oldu və bölgədə ədəbi mühitin canlanmasında mühum rol oynadı.

Ədəbiyyat aləminə gəlişimdən sonra mən əslən lerikli olan Əlisa Nicatla, Hüseynbala Mirələmovla, Ağacəfər Həsənliylə, Balayar Sadiqlə, Nurəddin Mirzəxanlı ilə dostluq əlaqələrim yarandı, Lerik haqqında təmsəvvürlərim daha da genişləndi.

Budur, Lerikdə doğulan şair və nasirlərin yaradıcılığını əks etdirən almanax-"Lerikin söz ətri" - qarşımdadır. Bu almanaxda tanıdığım müəlliflərlə yanaşı, şəxsən tanımadıqlarım daha çoxdur.

Təbii ki, bir almanaxla nə müasir poeziyamız, nə də nəsrimiz barədəəyyən təsəvvür əldə etmək çətin olar. Amma bir almanaxla məmləkətin bir ərazisinin ədəbi mühiti haqqında geniş məlumat əldə etmək olar və belə bir təsəvvür də yaranar ki, Azərbaycan ədəbiyyatının "Lerik qolu" var və bu qol get-gedə şaxələnib böyük ədəbiyyatımızın ayrılmaz bir hissəsinə çevriləcək. Bu il Ağacəfər Həsənlinin - müasir poeziyamızın istedadlı nümayəndəsi olan bu şairin 60 yaşı tamam olur. Lerik Rvarud kəndində dünyaya göz açan, elə ilk əmək fəaliyyətinə də rayonda çıxan "Bolluq uğrunda" qəzetində başlayan, sonralar "Sovet kəndi", "Azərbaycan" qəzetlərində, "Azərbaycan" və "Uldux" jurnallarında çalışan, "Mars" ədəbi-bədii jurnalının baş redaktoru olan Ağacəfəri biz daha çox şair kimi tanıyırıq. Onun şair özünəməxsusluğu barədə çox danışmaq olar. Ancaq bircə cəhətini qeyd edəcəyəm: Ağacəfərin şeirləri metaforalarla zəngindir və o, bir bədii təsvir vasitəsi kimi metaforlarla işləməyi sevir. Həm də bu metaforalar bədii təfəkkürün özünəməxsusluğundan doğur, yəni Ağacəfərin şeirlərini bunlarsız təsəvvür eləmək çətindir. Budur, Vətənlə bağlı bir şeir:

 

Vətən də üşüyər kimsəsizlikdən,

atları tövşüyər kimsəsizlikdən.

Qaynayar, tövşüyər kimsəsizlikdən,

işığı dağ boyda Vətən üşüməz.

 

Bulağı qayadan şır-şır axırsa,

kəkliyi daşına xına yaxırsa,

kimsə sərhədindən durub baxırsa,

igidi dağ boyda Vətən üşüməz.

 

Ağacəfərin şeirlərinin bir özəl xüsusiyyəti də var: o, təbiətə, onun atributlarına tez-tez müraciət edir. Ancaq təbiəti sırf tərənnümə yox, təbiətlə cəmiyyət, təbiətlə insan arasında ünsiyyəti qabarıqlaşdırmağa meyl edir. Ona görə də onun şeirlərində insan-təbiətdir, təbiət-insandır. Fərq qoymaq çətindir.

Və bir də dövrün, zamanın damarını tutmaq. Bu gündən yazmaq. Amma elə yazmaq ki, keçmişin ibrət dərsləri xatırlansın və gələcək üçün də bir fikir hasil olsun

 

Məmləkətin hər yaylağı

alaçıqdı, çadırdı.

Məmləkətin hər düzü -

bir meydandı, cıdırdı.

 

Hanı Qarabağ atı -

şimşəklərdən qanadı?

Qaldırın təlx ovqatı -

Dörd dolanan qatırdı.

 

Kim Vətəni unutdu,

ana qarğışı tutdu.

Kimini dərd ovutdu -

kimi qarın otardı.

 

Təqdir edəcəyim ikinci şair Balayar Sadiqdir. Gələn il onun əlli yaşı olacaq və Səməd Vurğun yaşına qədəm qoyacaq Balayar poeziyada Səməd Vurğun şöhrəti qazanmasa da, hər halda, özünə görə istedadlı şair imici əldə edib. O, modern ruhlu şairdir. Və onun şeirlərindəki yenilikçilik ilk növbədə, məzmundadır, bir də şeir texnikasında, bədii təsvir vasitələrinin mükəmməlliyindədir. Bir də görürsən ki, Balayar sonet yazır, özü də bir sonet yox, sonetlər çələngi ərsəyə gətirir. Bir də görürsən ki, o, sırf modern şeiri ilə diqqəti cəlb edir. Və hecalı şeirlər, sərbəst şeirlər - onunçun fərqi yox. İstəsə, gözəl qəzəllər də yazar. Amma heç birində yarımçıq deyil, yaxşıya doğru can atır, bəzən bu yolda ilişir, səntirləyir, amma tezcə dikəlir. Başa düşür ki, şeiriyyət bir yerdə dayanmamaqdı, axtarışda olmaqdı, sözün bağrını sökməkdi və sonra sözlə mehriban olmaqdı, dost olmaqdı. Əvvəl sözün qulu, sonra şahı olmaqdı. Budur, onun "Natürmort" şeiri:

 

it qarpız yeməz deyirdin...

Bu ilin əlindəki

qarpız dilimi

əruz vəznində can verir.

Rənglər yetim uşaq kimi

boynunu qoyub çiyni üstə,

sükut damcılayır

mövzudan

 

Naşı rəssamla

ögey ana arasında duran

riyazi işarə

üsyan bayrağıdır...

 

Diqqətlə bax,

saat əqrəbi zamanın

təhlükəsizlik kəməridir.

 

İlin qarpız yeməyi,

vaxtın natürmortudur.

 

Bəlkə

bir dilim vaxtın

dadına baxasan...

Bu şeiri assosiativ təfəkkürün məhsulu hesab edirik. Olsun ki, indi bu tipli şeirlər sensasiya kimi qarşılana, çünki şeirimizin müxtəlif axınları, istiqamətləri var. Və bu da onlardan biri.

Daha bir maraqlı şairi tanıtmaq istəyirəm. Nurəddin Şaya (Rəhimov) da assosiativ şeirə meyl edir. Amma deyərdim ki, onun yolu bu deyil. Nurəddin fikirlərini açıq, sərbəst şəkildə, amma təbii ki, bədii təsvir vasitələri ilə ifadə edəndə poetik uğura imza ata bilir. "Tor" şeirində olduğu kimi: "Hərənin içində bir faciə, yaşamağa qoymaz, pusquda durar bir addımlığında. Arabir qamaşdırar gözlərini işıq damcıları, qorxu qarşısında hecalayacaq dodaqlarından tökülən duaları" və s.

"Lerikin söz ətri"ndə müxtəlif nəsillərin nümayəndələri təmsil olunub. Cavanlardan yaxşı tanıdığım Şəmşadın və Xalid Mahmudun şeirləri onların gələcəyinə xoş bir ümid yaradır. Orta və yaşlı nəsildən Qədiməli Əhmədin, Nurəddin Mirzəxanlının, Nizami Göydərəlinin, Eldar İskəndərzadənin, Xanlar Həmidin, Baləddin Veşonun, Fail Almasın, Şirzad Eloğlunun, Qəhrəman Əliyevin şeirləri haqda da təəssüratlarımız müsbətdir. Xüsusilə Qədiməli Əhməd və Nurəddin Mirzəxanlını ayrıca da qeyd etmək olar. Neçə illərdir ki, Nurəddin Mirzəxanlı Azərbaycan ordusunda xidmət edir və şeirlərində də həmişə vətənpərvərlik dolu çağırışlar eşidirik.

Almanaxda ən gənc əllif 1992-ci il təvəllüdlü Fariz Ümiddir. Onun təqdim olunan üç şeiri hələ poeziya adına heç nə deməsə də, ümid edək ki, təxəllüsünü doğruldacaq.

Əslən lerikli olan mərhum şair Allahverdi Məmmədlinin şeirləri barədə bir yazısında söhbət açmışıq. Ancaq başqa bir mərhumun - Əliabbas Balaxanoğlunun şeirləri haqda bir neçə kəlmə. Əliabbas Sumqayıtda yaşayırdı, sadə bir peşə adamı idi. İllər boyu Lerikin həsrətini çəkirdi, fürsət tapıb doğma kəndinə gedib baş çəkirdi, qayıdanda üzü işıqla dolurdu. Həmişə qəmgin şeirlər yazırdı:

"Ömür yollarımı alıbdır duman, Öz-özümə haray çəkib ağlaram. Sinəmdə yurd salan neçə arzuya, Fələk son paltarı tikib ağlaram".

Almanaxda bir şairin də bir neçə şeiri təqdim edilib ki, onun haqqında ayrıca söz açmaq istərəm. Seyfəddin Səbayel. Vaxtilə Xalq şairi Nəbi Xəzri Seyfəddin Səbayelin şeirlərinə "Uğurlu yol" yazmışdı. Onun dörd misralıq bir şeiri indiyə kimi yadımdadır:

Gözlərinə göl dedim,

Çəkib məni apardı.

Çaşıb dəniz desəydim,

Əbədilik batardım.

Həmişə məni bu sual düşündürüb: görəsən, Seyfəddin Səbail hardadır? Axı o, istedadını ilk şeirlərindəcə nümayiş etdirmişdi. Bəlkə şeirdən ayrılıb? Amma belə deyil. Sən demə, Seyfəddin yazırmış və indiyə kimi beş kitabı da işıq üzü görüb. İndi öz doğma kəndi - Kəlaxanda yaşayır. Artıq 73 yaşına gəlib çatıb. Almanaxdakı şəklindən mənə bir qoca boylanır. Təqdim olunan şeirlərini oxuyuram. Heç də pis deyil. ŞEİRdir bunlar.

 

Bu köhnə söhbətdir, bu köhnə giley,

Dünya da bu sirrə uyuşmaz daha.

Uzanan şitillər uzanacaq hey!

Quruyan bulaqlar quruyacaq hey!

 

Bu sirrin önündə naşıyq naşı,

Nə qına özünü, qınama yetər!

Gecə yol üstünə atılan daşın,

Səhər yol üstündə qayası bitər.

"Bu köhnə söhbətdir" adlı şeirdə Seyfəddin doğrudan da o gənclik illərindəki poetik təravətini saxlaya bilib. Və başqa şeirləri də belə.

Amma Seyfəddin Nəbi Xəzrinin "Uğurlu yol"undan sonra çəkilib tənha bir guşəyə, mətbuatdan uzaq düşüb və ...unudulub. Nə yaxşı ki, almanaxın redaktoru və tərtibçisi Balayar Sadiq onu unutmayıb.

Almanaxda - "Nəsr" bölməsində Məmmədhüseyn Əliyevin, Əlisa Nicatın, Hüseynbala Mirələmovun, Hacıməmməd Quluzadənin, Novruz Nəcəfoğlunun, İsaq Əmənullayevin, İdris Şükürlünün, Etibar Muradxanlının, Balaşirin Ağamirzəoğlunun, Mükafat Yaqubun, Allahyar Qədimoğlunun hekayələri və publisistik yazıları təqdim olunur. Azərbaycan oxucularına çox yaxşı tanış olan Əlisa Nicatın yazılarını acgözlüklə oxudum, Azərbaycan nəsrinə "Gəncəli müdrik", "Qızılbaşlar" kimi çox dəyərli tarixi romanlar bəxş edən bu gözəl yazxıçı indi dünya fəlsəfəsinin və türkçülüyün təbliği ilə bağlı kitablar yazır Olsun, bu da xeyirxah əməlin bəhrələridir. Hüseynbala Mirələmov isə nəsrimizi yeni romanları ilə zənginləşdirir. Novruz Nəcəfoğlu da xatirələr dünyasından təzə povestlər, hekayələr çəkib gətirir. Və qeyd edim ki, H.Mirələmovun və N.Nəcəfoğlunun nəsri barədə ədəbi tənqid söz açmağı unutmur.

"Lerikin söz ətri" müəyyən məqamlarda bizə SÖZÜN ƏTRİNİ, RAYİHƏSİNİ bəetdi. Uğurlar arzulayırıq oəlliflərə...

Vaqif YUSİFLİ

ədalət.-2014.-5 fevral.-S.7.