"AY ALLAH, BAĞIŞLA
GÜNAHLARIMI"
Bu, Vaqif İsaqoğlunun təmənnasıdır
Öncə
ordan başlayım ki,
Vaqiflə tələbə yoldaşıyıq. O vaxtkı Azərbaycan, bugünkü Bakı Dövlət
Universitetinin auditoriyalarında
keçən
ömrümüzün müəyyən illəri bir paralellik təşkil
edir. Sonra Vaqif təhsilinin ardını Moskvada davam etdirməyə
getdi. Və beləcə, qısa bir müddətə yollarımız
ayrı düşsə də,
amma ruhumuz, sözümüz bir-birini
itirmədi.
Bu bir-birini itirməyən güvənc yerimiz olan söz
bizi yenə bir araya gətirdi.
Onunla birlikdə
müstəqil
Azərbaycanın
Müdafiə
Nazirliyinin rəsmi orqanı olan o vaxtkı "Xalq ordusu", bugünkü
"Azərbaycan
ordusu" qəzetində birlikdə
çalışdıq. İkimiz də
hərbi
jurnalist olduq. Və
sonra yenə həyat hərəmizi söz meydanının bir səmtinə atdı, amma ayrı salmadı...
Vaqif hələ tələbəliyin
ilk günlərindən öz qaynarlığı,
necə
deyərlər, hər
tərəfə göz atması ilə diqqətimi çəkmişdi. Bu qaynar təbiətli kənd
uşağı doğurdan
Bakıya özü ilə
birlikdə
dolu bir ürək
gətirmişdi.
Həmin ürəyin
payı da təbii
ki, Vaqifin şeirləri
idi. Biz o şeirləri
gah onun öz dilindən eşidirdik,
gah da universitet
qəzetinin,
eləcə də
mətbu
orqanların səhifələrindən
oxuyurduq. Yeri gəlmişkən, onu da vurğulayım
ki, Vaqifin tələbəlik şeirləri daha çox çılğın və bir az da dəlisov
idi. Hətta dostumuz Murad
Köhnəqala
o vaxtlar deyirdi ki, Vaqifin şeirlərini ancaq saz havasına
dinləmək lazımdı. Çünki bu şeirlərin damarlarında
folklor, xüsusilə aşıq yaradıcılığı
özünü rahatca
büruzə
verirdi.
İllər ötdükcə,
Vaqifin yaradıcılıq
meydanı da böyüyür, onun sözünün, qələminin nəfəsi daha geniş auditoriyaları isitməyə başlayırdı. Hətta onun şeirlərinə musiqilər
də
bəstələnirdi. İndi kifayət qədər sözünü tanıtmış
şair dostum Vaqif İsaqoğlu jurnalist-publisist kimi də
maraqlı yazıların
altına imza ata bilib. Onun bu istiqamətdə də
maraqlı, oxunaqlı
kitabları var. Amma Vaqif mənim
üçün daha çox şeirləri ilə
dəyərlidi.
Çünki Vaqif öz şeirlərinə oxşayır. Ona görə
də
Vaqifin şeirlərini oxuyanda hardasa qulaqlarımda Ədalətin barmaqlarının səsini duyuram. Tovuz aşıqlarının meydan sulaması gözlərimin
qarşısında canlanır
və
məhz
həmin
o saz havaları üstündə
Vaqifin misraları məni
özünə
kökləyir.
Bax, bu bənddə olduğu kimi:
Qayğılar içində
ömrüm yeyildi,
Dünyam qara gəldi,
dünyam əyildi.
Bir vaxtlar Vaqif də yetim deyildi,
Bir vaxtlar onun da anası
vardı.
Zənnimcə, bu son dərəcə səmimi və
kövrək
misralar elə bir təsir
gücünə
malikdir ki, onu dinləyəndə daxili bir təlatüm
yaşamadan, ürəyini bir anlıq da olsa ovcunla
sıxmadan keçib getmək
mümkün deyil. Çünki
Vaqif dünəninə üz tutub gənclik illərinin
dəlisov,
qaynar, bir az da qayğılardan uzaq anlarını şirin xatirələr kimi çözərək yazır:
Mən də
bir vaxt xoşbəxt
idim, şən idim,
Dərd əlində yaz qarı tək əridim.
Mən Vaqifəm,
ürəyimdə ümidim,
Yarpaq kimi saralanda gəlmişəm.
Burda bir zarafat etməyin məncə yeridi. Vaqifi tanıyan,
ona bələd
olan birisi kimi tam səmimiyyətimlə deyim ki, onun
bu sözlərinə, bu fikirlərinə inanmayın. Sadəcə, o, şair sözü
yazıbdı. Amma bir gerçəklik
də
var ki, səmimi yazıb, bunu da etiraf etməliyəm. Elə səmimi
yazdığına görə də,
dərhal
oxucu diqqətini özünə çəkə bilibdi.
Gəlir gülə-gülə amansız fələk,
İnsafı olmayan imansız fələk.
Qanımı dondurur bu əsən külək,
Daha qocalmısan, ay İsaqoğlu!
Bax, burda da Vaqif İsaqoğlu
həqiqətən şairlik
edib. Çünki mən
onun söhbətlərindən
heç birində, eləcə də
yerişində-duruşunda
hələ ki, qocalıq hiss etməmişəm. Görünür, bu da bizim ədəbiyyatımızda,
xüsusilə,
aşıq yaradıcılığımızda
qocalıqla bağlı
yazılan saysız-hesabsız
qoşmaların, gəraylıların,
təcnislərin təsirindən yaranmış bir şeir çələngidi. Vaqif bununla
həm
də
kimlərəsə yəqin ki, bir şair
mesajı da veribdi. İlham pərilərinə "qocalmışam" deyib bir diqqət,
bir ilıq baxış əldə
etmək
istəyir.
Mən Vaqif İsaqoğlunun 55 yaşı
ərəfəsində işıq üzü
görmüş kitabını
misra-misra oxuduqca şeirlərin
sanki bir-birinə davamı olduğunu anladım. Gördüm və
duydum ki, Vaqif Allaha əl açıb günahlarının
bağışlanmasını istədiyi
bir məqamda da öz şairliyindən bir addım da olsun geri
çəkilməyib. Hətta
bəzi
məqamlarda
filosofluq edərək ətrafına, dünyaya
böyük Yaradanın
yazdığı yazılara
bir şərh vermək, don geyindirmək
istəyindən də
qalmayıb. Ona görə
də
könlündən
keçən
bir istəyi belə ifadə
edibdi.
Hər tərəf şeytandı,
biz azıq, Vaqif?
Simləri qırılmış bir sazıq Vaqif!
Azadlıq istəyən, ay yazıq Vaqif
Sən də
Boz qurd kimi ula, bax,
ula...
İki bölümdən
ibarət
olan bu kitabı
Vaqif ayrı-ayrılıqda
"Allahla söhbət" və
"Eşq duaları"
başlığı altında
topladığı şeirlərlə oxuculara təqdim
edib. Hər bir şeirin konkret mövzusu olsa da, amma mən bu şeirlərin hamısını,
səmimi
deyim ki, bəndənin Tanrıya əl açıb içindən
keçirdiyim pıçıltılar
kimi gördüm və
oxuduqca da bir daha əmin oldum ki, bugünlərdə 55 yaşını
tamam edəcək
Vaqif İsaqoğlu hələ də
günahlar etmək fikrindədir.
Ona görə
də
bugünə
qədər etdiyi günahların bağışlanmasını sidq
ürəkdən edir ki, bundan
sonrakı günahlarının
cəzasını
çəkə bilsin. Əks halda, üst-üstə yığılan
və
bağışlanmayan günahlar
onu sözün həqiqi
mənasında
qocalda bilər.
Fağır bir qocayam, düşmərəm yada,
Yaşın bu çağında düşmüşəm
oda.
Yaşamaq olarmı belə dünyada?
Hələ ki, oynadır dünyanı şeytan.
Və yaxud da:
Ay Vaqif, özünə özün bəlasan,
Pul ilə alınır həm şöhrət,
həm
şan.
Nəfsinin quluna çevrilir insan,
Kimə inanasan, dünyada kimə?
Sizə təqdim
etdiyim bu bəndlərdən də göründüyü kimi,
Vaqif İsaqoğlu öz poetik imkanlarından istifadə edərkən sözün həm görünən, həm
də
görünməyən tərəflərini sadə bir şəkildə oxucuya çatdırır. Məhz bu sadə təqdimat
da onun içindən gələn istəklərinin, eləcə də
müşahidələrinin oxucu tərəfindən rahatlıqla qəbul olunmasına
şərait
yaratmış olur.
Ümumiyyətlə, Vaqif İsaqoğlunun poeziyasında özünü təqdim etmək, özünə müraciət və nəhayət, öz-özü ilə həmsöhbət olmaq kimi maraqlı bir forma, üslub mövcuddur. Məncə bu, Vaqifin şeir dünyamızdakı özünə aidliyin bir göstəricisidir. Həmin o öz-özünü təqdim etmənin arxasında dayanan Vaqif hərdən özünə də, elə hamımıza da deyir:
- İnsaf yaxşı şeydir...
Mən də onun elə məhz "İnsaf yaxşı şeydir" şeirindən bir bəndlə fikrimi tamamlamaq istəyirəm.
Sən kəndə yolumu bağlatma, bəsdi,
Dağ çəkib sinəmi dağlatma, bəsdi.
Mənim uşaq kimi ağlatma, bəsdi,
İnsaf yaxşı şeydi, insafın olsun.
Bəli,
Vaqif İsaqoğlu,
öncədən 55
yaşını təbrik
edir və
sənə də insaflı olmağı məhz həmin insafın
işığında da daha
maraqlı söz çələngi
toxumağını arzu edirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-6
fevral.-S.6.