ƏDƏBİ ESTAFETLƏRDƏ YAŞANAN ÖMÜR

Bəzən həmkarlarım yarızarafat, yarıgerçək deyirlər ki, yazılarımda tərifə çox yer verirəm. Bəlkə də onlar haqlıdırlar. Ancaq istər bədii, istərsə də elmi olsun, dəyərli bir əsər oxuyanda bəlkə dəəllifdən daha çox sevinir, ürəyimdən keçənləri səmimiyyətlə vərəqə köçürürəm. Eləcə də ürəyi həyat və yaradıcılıq eşqi ilə döyünən insanlara qibtə edirəm. Onlardan nümunə götürürəm. Həyatın mənasını daha yaxşı dərk edirəm. Nümunə götürdüyüm insanlardan biri də yaşı doxsanı haqlamağa az qalan ədəbiyyatşünas alim, elmi fəaliyyəti ilə nümunə məktəbinə çevrilən professor Yavuz Axundludur. Bu yorulmaz alimin son illərdəki elmi fəaliyyəti heyrətamizdir. Təkcə XXI əsrin əvvəlindən bu günə kimi yazılmış və çap olunmuş əsərlərinə nəzər salmaq kifayətdir ki, sözlərimdəki səmimiyyət anlaşılsın. "Ədəbi yaddaşdan səhifələr" (2002), "Əlimdədir hələ qələm" (2003), "Azərbaycan tarixi romanı: mərhələlər, problemlər" (2005), "Məmməd Səid Ordubadi" (2012) monoqrafiyaları və akademik İsa Həbibbəylinin redaktəsi ilə yenicə çapdan çıxmış "Ədəbi estafet" ("Adiloğlu", 2013, 560 səh.) kitabı deyilənlərə dayaq olur.

Bu əsərlərdə ədəbiyyatımıza, ədəbiyyatşünaslıq elmimizi yaradanlara, qələm sahiblərinə dərin məhəbbət qırmızı xətt kimi keçir. Bu yaşda belə tədqiqatlar aparmaq, uğur qazanmaq əsl fədakarlıqdır - desəm, yanılmaram. Qocaman ədəbiyyatşünasımız bu gərəkli fəaliyyəti ilə nəinki gənclərə, eləcə də yaşlı ədəbiyyatşünaslar nəslinə bir nümunədir.

Tədqiqatçının 2012-ci ildə işıq üzü görən, 384 səhifəni əhatə edən böyük həcmli "Məmməd Səid Ordubadi" monoqrafiyasında görkəmli yazıçının dövrü, mühiti və həyatı, bədii yaradıcılığı: poeziya yaradıcılığı, felyetonları, dram yaradıcılığı, elmi-publisistik məqalələri, hekayələri, "İki cocuğun Avropaya səyahəti", "Qanlı sənələr" və s. əsərləri tədqiq edilmiş, yazıçının həyat və yaradıcılığında qaranlıq qalan məqamlar barədə ilk dəfə söz açılmışdır. Kitaba "Azərbaycan tarixi roman məktəbinin banisi" adlı ön söz yazan akademik İsa Həbibbəyli haqlı olaraq Ordubadini ədəbiyyatımızın nəhəngi adlandırmışdır. Bu dəyərli monoqrafiyanın işıq üzü görməsində mənəvi və maddi dəstəyini əsirgəməyən İsaəllimin özü də yazıçı ilə bağlı tədqiqatlar aparmış, ədibə maraqlı məqalələr həsr etmiş, indiyə qədər çap olunmayan əsərlərini dərc etdirmişdir.

"Məmməd Səid Ordubadi" monoqrafiyası ilə əlaqəli "Korifey yazıçı haqqında bənzərsiz əsər" adlı məqalə ilə çıxış etdiyimizə görə ("525-ci qəzet", 3.XI.12) bu yazımızda əsasən professor Y.Axundlunun son üç ildə yazdığı elmi və elmi-publisistik məqalələrindən bəhs edəcəyik.

M.F.Axundzadədən, Həsən bəy Zərdabidən, Məhəmməd Şahtaxtıdan, Əli bəy Hüseynzadədən, Əziz Şərifdən, Abbas Zamanovdan başlamış çağdaş yazarlarımıza və ədəbiyyatşünaslarımıza qədər alimlərə həsr olunmuş bu məqalələrin hər biri 15-25 səhifəni əhatə edir. Onlar elmi fikirlərlə, faktlarla zəngin bitkin əsərlərdir.

Heç şübhə yoxdur ki, "Ədəbi estafet"in belə maraqlı və kamil sənət əsəri kimi meydana gəlməsində ömrünün 65 ildən çoxunu ədəbiyyatımıza, onun tədqiqinə həsr edən qocaman alimin elmi və həyat təcrübəsi böyük rol oynamışdır. Aydın məsələdir ki, kiçik bir yazıda tədqiqatçının dəyərli əsərində söz açdığı şəxsiyyətlər və onların yaradıcılığı barədə müfəssəl danışmaq imkan xaricindədir.

Qeyd etmək lazımdır ki, tədqiqatçı müstəqilliyimizin verdiyi imkanlardan bəhrələnərək ədəbi prosesə, ədəbiyyatşünaslıq problemlərinə yeni bucaqdan baxmış, ortaya gərəkli əsərlər qoymuşdur. əllif Azərbaycan realist ədəbiyyatının banisi M.F.Axundzadədən söz açarkən bütün qələm sahiblərini onun davamçıları adlandırır və xüsusi vurğulayır ki, M.F.Axundzadə indinin özündə belə çoxlarına nümunə olacaq bir şəxsiyyətdir. Alim M.F.Axundzadənin Azərbaycan dili və əlifbası uğrunda aparığı mübarizədən bəhs edir. Canlı xalq dilinə M.F.Axundzadənin verdiyi önəmdən danışır. Doğrudan da Axundzadənin dil mədəniyyəti, xüsusən də canlı danışıq dili ilə bağlı xidmətləri böyükdür. Alman mütəfəkkiri Leybnisin dil mədəniyyəti barədə fikirləri M.F.Axundzadənin fikirləri ilə necə də səsləşir: "Mənə mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət verim".

Professor Y.Axundlu böyük mütəfəkkir Axundzadənin dil mədəniyyətinə, əlifbaya, sənətə, sənətkara, ədəbiyyata dair fikirlərinin və mülahizələrinin bu gün də aktual olduğunu xüsusi vurğulayır, yazıçının fikirlərinin həmişəyaşar olmasını onun dahiliyi ilə əlaqələndirir.

Maraqlıdır ki, tədqiqatçı Həsən bəy Zərdabiyə həsr etdiyi məqaləsində A.Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, M.F.Axundzadə kimi böyük şəxsiyyətlərin yaradıcılığına geniş yer verir. İlk baxışda yersiz görünsə də, müəllif mətləbə keçəndə hər şey aydın olur: "Bu mühit Zərdabi yaradıcılığı üçün əsl məktəb idi. Bütün bunlar Həsən bəy Zərdabinin dünyagörüşünün formalaşmasında müstəsna rol oynayan ilk qaynaqlar idi".

Həsən bəy Zərdabi də M.F.Axundzadə kimi sadə həyat sürmüş, ölüm ərəfəsi bu günümüz üçün də örnək olacaq vəsiyyət etmişdir: "Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar".

Kaş böyük maarifçinin bu sözlərini yas mərasimləri keçirilən yerlərdə böyük hərflərlə yazıb asaydılar. Bəlkə dəbdəbəli və təntənəli yas mərasimi keçirənlər israfçılığa yol verməz, başqalarından fərqlənməyə can atmazdılar.

Tədqiqatçının dünyasını dəyişmiş görkəmli alimlərimiz Əziz Şərif, Abbas Zamanov, Məmməd Cəfər Cəfərov, Bəkir Nəbiyev, Əzizə Cəfərzadə, Yusif Seyidov, şairlərdən İslam Səfərli, Xəlil Rza Ulutürk, Balaş Azəroğlu və başqaları barədə yazılarını oxuduqca ürəyim bu nurani ağsaqqala minnətdarlıq hissi ilə döyünürdü. Dünyanın keşməkeşləri, xatirələr məni öz dünyamdan qoparırdı. Axı, Yavuzəllimin söhbət açdığı bu dəyərli insanların hamısını şəxsən tanıyırdım. Abbas Zamanov, Bəkir Nəbiyev, Əzizə Cəfərzadə ilə dostluq edirdim. Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin insanların, xüsusən də tələbəlik dostlarının itkisi adama rahatlıq vermir. Professorun "Ağır itki" məqaləsində olduğu kimi: "Mən çoxdan üzərində işlədiyim "Ədəbi estafet" silsiləsindən prof. Qəzənfər Paşayev haqqında məqaləmi martın 14-də tamamlayıb, sabahdan Bəkir Nəbiyevə həsr etmək istədiyim məqaləni yazacaqdım. Sən saydığını say, gör fələk nələr sayır...

Gecə Bəkir müəllimin vəfatı xəbəri məni sarsıtdı. Çünki ölüm Bəkir müəllimə yaraşmırdı. Hərəkəti, yerişi, danışığı, fəaliyyəti onun hələ uzun illər yaşayacağına inam yaratmışdı. Ona görə də mən bir neçə gün özümə gələ bilmədim. Lakin taleyin hökmü ilə barışmaqdan başqa yol yoxdur... Bəkir müəllim mənim tələbəlik illərindən dostum idi. Tələbəlik dostunu isə heç cür yaddan çıxarmaq olmur... Bəkir müəllimə uzun ömür, cansağlığı arzularımı "Allah rəhmət eləsin" sözləri ilə əvəz etməli oldum".

Yavuzəllimin az qala unudulmağa üz qoyan, vətən uğrunda şəhid olan Vəli Məmmədov kimi ziyalılar haqqında yazıları örnəkdir. Unutsaq unudularıq deyilmi bu yanaşmanın fəlsəfəsi?!

Nə gizlədim, indi az-az alimlərimiz tapılar ki, dünyasını dəyişmiş yazar və təqiqatçılarımıza belə ehtiramla əsərlər həsr etsin və bu ehtiramı mənəvi borc hesab etsin.

Son dərəcə qiymətli "Ədəbi estafet" əsəri rəngarəng mövzuları əhatə etdiyindən maraqla oxunur. Əsərdə diqqətimi çəkən cəhətlərdən biri də tədqiqatçının istər klassik, istərsə də çağdaş ədəbiyyatımızı yaradan və araşdıranlara eyni məhəbbətlə yanaşması oldu. Məlum oldu ki, qocaman ədəbiyyatşünas çağdaş ədəbiyyatımızı çox ciddi şəkildə izləyir, tədqiqatlarında milli-mənəvi və ənənvi dəyərlərdən bəhrələnən yazıçı və şairlərin yaradıcılığına geniş yer verir. Xalq yazıçıları Anar və Elçinin, Xalq şairləri Nəriman Həsənzadə və Zəlimxan Yaqubun, tanınmış nasir Elçin Hüseynbəylinin yaradıcılığına həsr olunan məqalələr deyilənləri təsdiqləyir. Alim ədəbi prosesi də eyni ciddiyyətlə izləyir və bu yaşda da ədəbi prosesin fəal iştirakçısına çevrilir. Onun görkəmli alimlərimiz İsa Həbibbəyli, Nizami Cəfərov, Əlyar Səfərli, Teymur Əhmədov, Himalay Qasımov, Muxtar İmanov, Kamran Əliyev, Vaqif Yusifli, Asif Rüstəmli, Cəlal Qasımov, Ərəstü Həbibbəyli, Hüseyn Həşimli və bu sətirlərin müəllifinin yaradıcılığı haqqında yazıları deyilənlərə aydınlıq gətirir.

Professor Yavuz Axundlunun "Ədəbi estafet"ini bəzəyən, hər biri bitkin əsər olan, faktlarla zəngin, sanballı məqalələrini məmnunluq və istəklə oxuyub yazdığım məqaləni çapa hazırlayarkən sevincimə səbəb olan maraqlı məlumat əldə etdim. "Kredo" qəzetində (18.01.14) filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli və Əli Yusifovun "Naxçıvanda yeni üçcildlik" məqaləsini oxudum. Maraqlı məqalədən məlum oldu ki, böyük dövlətçilik ənənələri və elmi potensialı olan bu diyarda yaşayan, ədəbiyyatdan ilk doktorluq dissertasiyası müdafiə edən professor Yavuz Axundlunun Naxçıvan MR Ali Sovetinin sədri Vasif Talıbovun sərəncamına əsasən üç cilddən ibarət "Seçilmiş əsərləri" çap olunub. Akademik İsa Həbibbəyli sevimliəllimin üçcildliyinə ürəkaçıqlığı ilə ön söz yazmışdır. İsaəllim fəxrlə qeyd edir ki, keçən əsrin 60-cı illərindən Naxçıvanda təhsil alan dilçi və ədəbiyyatçı tələbələr professor Yavuz Axundlunun sinfindən keçmişdir.

əlliminin zəhmətinə layiqli qiymət verən akademik bununla kifayətlənmir. Xüsusi vurğulayır ki, yaş həddinə baxmayaraq son iyirmi ildə müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarında, nəşr edilmiş monoqrafik tədqiqatlarda elmi rəhbər, rəsmi opponent, rəyçi, redaktor kimi Yavuz Axundlunun adı və imzası vardır.

Açığını deyim ki, bu yaşda belə təmənnasız işi yalnız və yalnız ədəbiyyatımızı, ədəbiyyatşünaslıq elmimizi dərindən sevən, onunla yaşayan fədakar alim edə bilərdi. Bu, ədəbiyyatımızın ağsaqqalı Yavuz Axundludur.

Burada Yavuzəllimin yaşına münasib bir məsələdən də söz açmaq yerinə düşərdi. Uzunömürlülərlə məşğul olan dünya alimləri - gerontoloqlar 1963-cü ildə Kiyevdə keçirilən konqresdə belə qərara gəliblər ki, 60-74 yaş arasında olan adamlara "ahıl", 75-89 yaşlı adamlara "qoca" ifadəsi şamil edilsin. Uzunömürlülər kateqoriyasına 90 və daha artıq yaşlılar daxil edilsin.

Görkəmli ədəbiyyatşünas alim və pedaqoq Yavuz Axundlunun uzunömürlü kimi şərəfli ad almasına, dünya uzunömürlüləri sırasına qoşulmasına lap az qalıb. Allah qismət eləsin! Qoy ədəbi estafetimiz davam etsin!

QƏZƏNFƏR PAŞAYEV

filologiya üzrə elmlər doktoru, professor

Ədalət.-2014.-7 fevral.-S.6.