Dünyanın hər üzünü
görmüş Əlisəmid Kürlə söhbət
"Elə
insanlar görmüşəm ki, dostunun həbsxanaya
düşməsinə
də
həsəd
aparıb"
"İçərişəhərdə, Müslüm Maqomayev küçəsi 1-də anamın mülki var idi. Kürəyimi söykəyirdim divara, yazı
öz-özünə gəlirdi. Yazılarımın çoxunu həmin evdə,
kürəyimi əvvəli qapı olub sonradan
hörülmüş divara söykəyəndən sonra yazmışam.
Bakının çox yerində kirayənişin kimi qalmışam, elə ev olub
ki, bircə sətir də yaza bilməmişəm. Görünür hər evdə
yazı yazmaq olmur".
Bakıda şaxta adamın iliyinə işləyirdi. Ətrafdakı insanlar
yıxılmamaq üçün havadan tuta-tuta gedirdilər. Əlisəmid Kürün heç vecinə də deyildi. Yaxası,
başı açıq durmuşdu Fəvvarələr Meydanındakı
"Araz"ın qarşısında. Dedi ki,
qışda, qarlı havada doğulduğumdan
çovğundan-borandan çəkinəcək yerim yoxdu. Yubiley
tədbirinə
çağıracağım dostların dəvətnamələrini paylamaqla məşğulam.
Dəvətnamənin birini də avtoqrafla mənə verdi,
amma həmişəki kimi müsahibə verməyə razı olmadı. Dedi ki, çay içib söhbətləşək. Bu söhbətdən "Ədalət" üçün nəsə hazırlasan
çalış təzə evində yaz: "Bunu səndən bir böyük qardaş kimi xahiş edirəm. Hər evdə yazmaq olmur..."
-
Neçə gündü hər soruşanda deyirsən ki, yubileyin dəvətnamələrini paylayıram. Şairin toyu yadda qalan
olur, yoxsa yubileyi?
- Yəqin ki, heç biri... Yubiley əslində yediyim çörəyə, içdiyim suya, udduğum havaya
hesabatımdı. Zala topladığım
adamlar, dostlar hamısı bir yerdə
mənim sifətimdi, yəni elə mən özüməm. Oturub onlarla,
həm də elə özümlə söhbət edirəm, hesabat verirəm. Deyirəm
ki, bu, mənəm-Əlisəmid Kür. İllər
uzunu necə
görmüsüzsə
60 yaşımda da eləyəm, dəyişməmişəm. Bu 60 ildə
elə ad günlərim olub ki, qatarda,
yolda qeyd eləmişəm. Barmaqlıqlar arasında yubiley keçirdiyim günlərim də olub. İndi yaşımın elə
çağıdı ki, üzv olduğum
ocaqda-Yazıçılar Birliyində
də belə bir tədbirin keçirilməsini istədim. Sağ
olsun dostlar, istəyimi yerinə yetirdilər.
- Yubileyi
sağ-salamat başa vurandan sonra bəlkə iki qardaş yeni bir təkliflə çıxış edək. Təklif edək ki, bundan sonra
şairlərin
özünə yox,
şeirlərinə yubiley keçirsinlər. Məsələn, filan şairin filan
şeirinin yubileyi...
- Əslində şairə, yazıçıya, qələm adamına elə yazdığı sözə görə yubiley keçirirlər də. Yaxşı deyirsən, bir şeirə də yubiley keçirmək olar.
- Bu
hesabla Əlisəmid Kürün hansı şeirinə yubiley düşür?
- Mənim bütün şeirlərimə yubiley düşür. Bunu heç kimdən,
heç nədən çəkinmədən deyirəm.
Şeirlərimdəki hər bir misra
dalağıma dəyib,
ürəyimdən, beynimdən keçib gəlib. Ona görə
də ölən şeirim yoxdu.
Heç bir misramdan, heç bir şeirimdən imtina etməmişəm, etmərəm də.
Hətta
ithaf şeirlərimdə səhv etməmişəm, qardaş canı.
Etibar, sən
bilrsən də, mən Əbülfəz Elçibəyə də
şeir yazmışam, zurnaçalan kor Əlisəmidə də. Adaşıma
yazdığım şeiri deyim?
- Buyur.
Belə imkan
onsuz da hər gün ələ düşmür ki...
- Bir
adaşım yaşayır Kürdəmirdə,
Muradxanlı
kəndində
Gecəyarı ekranda gördüm
Xəzər TV-də.
Əvvəl- əvvəl danışmadı, dinmədi,
dizləri
üstə gözləri yol çəkdi
barmaqlarının.
Sonra
adamlar yığışıb
könlünü aldılar onun,
ovutdular.
Çıxartdı üzə balabanı.
Dedi, mənim işim balabanla, neylədi.
Adaşım, balabançı Kor Əlisəmid.
Sonra
gör neylədi
adaşım, balabançı Kor Əlisəmid.
Qəfil nəfəs verdi
balabana,
sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Hərəkəti yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının
balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı
qürbətdən,
həsrətdən
yolu-yolağa.
Qəfil balabanı qoydu
qırağa,
Ürəyinin işığı
üzündə,
üzü nur,
üzü pir Əlisəmid.
Çalğı
çoxdan qurtarıb,
nə baxırsan?
Əlləri üzündə,
gözləri barmaqlarının
ucunda,
adaşım, balabançı Kor Əlisəmid.
- Şair, son vaxtlar məmləkətdə intihar edənlərin sayı çoxalıb. İntihar etməyə hazırlaşanlardan biri
qaşına çıxsa, onu bu yoldan çəkindirmək üçün
hansı sözdən
istifadə edərsən?
- İnsanların hər biri yəqin ki, ömründə bir dəfə intiharla üz-üzə qalır. Lakin iradəsi güclü
olanlar ona qalib gəlirlər. Həyatla
gərək mübarizə aparmağı, ona
qalib gəlməyi bacarasan. İntihara qalsa, gərək elə məmləkətin yarısı
intihar edə.
Əgər intihar etmək istəyənlərdən qarşıma çıxan olsa, ona heç nə demərəm. İmkan tapıb
düz gözlərinin
içinə
baxaram. Həmin
anda sözə
ehtiyac qalmır. Əgər sənin daxilin təmizdirsə, qarşındakı o adam bunu sənin gözlərindən oxuyacaq. Sənin daxilindəki təmizlik intihara
hazırlaşanı bu addımdan daşındıra bilər.
Bizdə qəribə bir adət yaranıb, camaat bir-birinin intiharını da təkrarlayır, bundan da şou
düzəltmək istəyir, intiharda da bəhsə-bəhsə girirlər. Ona görə
də intiharlar
bir-birinə
oxşamağa başlayıb. Əslində ölümlər bir-birinə oxşamamalıdı. Etibar, çox qəribə millətik e... Dilənçi dilənçinin
yanında oturur, bir tin o yanda oturmur ki, hər ikisi qazana bilsin.
- İcazə ver, sənin dilənçilərlə bağlı şeirindən bir parça deyim.
- Buyur.
- Əl açmağa
qalıb əlacın
Boynunu bükmüsən yolumun üstə.
Mən səndən kasıbam, ay anam-bacım,
Özüm
can verirəm qolumun üstə.
Buradan haraya baş alıb qaçım?
Dilənçi əkilib hər qarışına.
Bir
gün mən özüm də əlimi açıb
Tanrım,
çıxacağam
sənin
qarşına.
-
Qardaş, görürsən, yazmışam da...
- Bir zamanlar
baş redaktoru olduğun "Yol" qəzeti çapını bu
gün də davam etdirsəydi cəmiyyətə, ədəbiyyata bir yol göstərərdi...
-
"Yol" sözünü dedi və getdi. Yəqin "Yol"un yolu elə ora qədər imiş... Mən
də daxil olmaqla qəzetin kollektivi həmin dövrdə ədəbi
mühitdəki
havanı təmizlədi. Tutaq ki, bir otağa daxil olanda rütubət iyini hiss edib nəfəsliyi açırsan. "Yol"dakı cavan uşaqlar da nəfəsliyi açıb ədəbi aləmdəki havanı təmizləməklə
çox vacib bir missiyanı həyata
keçirdilər,
qartlaşmış ədəbi oliqarxlarla
mübarizə apardılar.
Bu iş bizim qismətimizə düşdü. "Yol"umuz yəqin elə həmin ədəbi oliqarxların əli ilə də bağlandı.
-
Bugünkü ədəbi aləmdə nəfəsliyə ehtiyac yoxdu?
- İndi həmin sən dediyin aləmdə pəncərə də çoxdu, nəfəslik də. Amma nə
həmin pəncələrdən, nə də o nəfəsliklərdən təmiz
hava gəlir. Bu bilirsən
nəyə oxşayır?
Bu gün Bakıda çoxlu təzə
binalar tikilib, hamısında da ürəyin
istəyən qədər pəncərə var. Lakin həmin
evlərin
çoxuna təmiz
hava girmir.
- Şairliyin öz yerində, sənin yaxşı rəssamlığın da var.
Dünyanı sözlə daha dəqiq göstərmək olur, yoxsa fırça ilə?
- Bəzən söz özü də insana şəkil kimi gəlir. O ki, qaldı daha dəqiq göstərməyə... Baxır o qələm və
ya fırça kimin əlindədi, daha doğrusu, həmin əlin arxasında
hansı ürək,
hansı ağıl durur. Qədimdə yazı-pozu az
olub də, insanın dediyi yaxşı söz
ağızdan-ağıza düşüb və əsrlər boyu yaşayıb. Deməli,
həmin
sözün arxasında ürək,
səmimiyyət, təmiz hava olub. Dünyanı elə
musiqi ilə də dəqiq təsvir
eləmək
mümkündü. Alim Qasımovu saatlarla
dinləyə bilirəm və o, hər oxuduqca tüklərim biz-biz olur. Yəni
Alimin musiqisi, səsi
insanın ruhuna təsir
edir. Elə
xalq artistləri var
ki, muğam oxuyanda görürsən
hər şey yerindədi, keçidlər düzdü, səsi var, qayda-qanuna əməl edir, amma ruha təsir edə
bilmir.
-
Dünyanı düzəltməyə neçə şair bəs edər?
- Vallah ay
Etibar, bu elə məsələdi ki, say o qədər də vacib deyil. Tarixdə elə dövr olub ki, eyni əsrdə 10-15 nəhəng şair, söz adamı
yaşayıb, bircə şairin də yetişmədiyi əsrlər var, bundan sonra da belə hallar ola bilər.
- Oğlun Qorqud məşhurluqda səni ötəcək.
Artıq filmlərə, seriallara çəkilir...
- Allah onu
yaman gözdən qorusun, Qorqud mənin ümidlərimi, yazdıqlarımı, hətta fikirlərimi də doğrultdu. İncəsənət
Gimnaziyasını, sonra isə
Rüstəm
İbrahimbəyovun
açdığı Kino Məktəbini bitirdi. Balaca vaxtından aktyor olmaq istəyirdi. Mənim arzum isə başqa idi, deyirdim
ki, oğlum səhnədə özgə
ömrünü yaşamasın. Yadında olar, bir
şeir də yazmışdım:
Mənə qıydın, balama qıyma, Tanrım.
Sonu ölümlə bitən rollar sevdası var başında.
Qoyma
Hamlet ömrü yaşaya, Kefli İsgəndər ola.
Oğlum Xan Eyvaz olsun.
Qorqud da aktyor oldu. O, mənim də, şeirlərimin də gücünü artırdı. Şeir də
mənimdi,
oğul da...
- Əjdər Olla barışdın?
- Əjdərdən küsməmişdim ki... Əjdər Ol mənim yaxşı qardaşlarımdan biridi. Yubiley məsələsində birinci qabağa
düşənlərdəndi. Bilirəm, sən o zaman mənim haqqımda
yazdığını nəzərdə tutursan. Həmin yazını sərt
yazmışdı, necə
deyərlər, qələmin ipini çox boş
buraxmışdı, elə
şeylər var idi
ki, Əjdər
gərək onları
yazmayaydı. Sonrakı nəşrlərdə həmin yerləri
düzəltdi.
Əjdər Ol olduqca istedadlı şairimiz,
yazıçımızdı. Həmdə
ki, mənim ən ağır
günlərimin
dostudu.
- Həmyerlin, dostumuz Tofiq Abdin deyir
ki, yubileyin qonaqlıq hissəsinin xərclərini kim
çəkəcək?
- Tofiq abi
bilmir ki, bu işlərə həmişə dostlarım baxıb? 60 ildə dünyanın hər üzünü
görmüşəm.
Elə
insanlar görmüşəm
ki, dostunun həbsxanaya
düşməsinə də həsəd aparıb. Amma mənim
dostlarım bu illər
ərzində həmişə
əziyyətimi çəkiblər, arxamca haralara gəlməyiblər?
Bəzən görürsən ki, kimsə dostların namərdliyindən yazır, gileylənir. Deməli,
sən özün
namərdlik eləmisən ki, qarşına
çıxır da. Mənim namərd
çıxan dostum olmayıb.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2014.-8
fevral.-S.6.