Ömər Qoçulu

İnsan Mənzərələri

2-ci yazı

İkinci kitabı 2008-ci ildə işıq üzü görüb. "Nənəmin nağılı" adlı kitabını oxuduqca onun nasir qələminin şirinliyinə, maraqlı sujetlərin gerçəkliyinə, dədə-baba ənənələrinin dəyərlərinə heyran qalmaya bilmirsən.

Ölkəmizin görkəmli ədəbiyyatşünas alimlərindən biri olan Rüstəm Kamal ön sözü ilə memar şairin nasir qələminin qüdrətindən söz açaraq yazır:

"...Bu kitab səcərə janrını XX1 əsrdə geçəkləşdirmə imkanıdır. Şəcərə duyğusu Atalar və Oğullar qarşısında məsuliyyət hissidir, qürur və ləyaqət duyğusudur. Dirilərin ruhlar dünyası ilə dialoq münasibətidir.

Ömər Qoçulu ixtisasca memardı. Azərbaycanın Əməkdar memarıdır. Ev tikir, körpü salır.

Rəssamdır, ilyustrasiyalar çəkir.

Bir ovqat məqamında qara sazı da dilləndirir.

Onun gözəl şairliyi də var...

İstəkli oxucu!

"Nənəmin nağılı" Ömər Qoçulunun ilk nəsr təcrübəsidir. Və bu təcrübəni alqışlamaq gərəkdir...."- yazan alim Ömər Qoçulu yaradıcılığının məziyyətlərini açığlayaraq rəvan və milli koloritlərlə zəngin olan dil ləhcəsindən, etnoqrafik özəlliklərdən, geyim mədəniyyəti, landşaft gözəlliyinin özəl təqdimatlarından söz açıb qeyd edir:

"... Bir sözlə, əsər boyu Borçalı kosmosu bərpa olunur. Elə burada ca özümü saxlaya bilməyib əsərdən bir örnək gətirirəm:

"Nənəm "Qoçulu Qalası" tərəfdən əsən küləyə " yel","Dana Dağı", "Tapan" tərəfdən əsən küləyə isə"Qara yel" deyirdi.Ağ yelin əsməyi ilə "Sulu gəzdək", "Cülyəlli" və "İyli" dəki təzəcə göyərən taxıllıqlarda bitmiş yemliyin, çöl kişnişinin xoş, məstedici ətri kəndə yayılardı."

Hörmətli alimimiz Ömər Qoçulunun ləhcə şirinliyindən, bədii təsvir məharətindən, gerçəkliklərlə tarixi mifalogiyaların vəhdətini yaratmasından söhbət açaraq əsərdən götürdüyü örnəklərlə davam edir:

"...Gen ətəkli, şabalıdı rəngli ( bəzən isə qara rəngli) uzun donun üstündən yaxası zərif düyməli kofta və buta bəzəkli gödəkcə geyər, başına da saçaq-saçaq yelənli nazik yun şal örtərdi. Belinə qurşadığı girdə toqqalı gümüş kəmərinin bəzəyi, naxışı xalı-xalça rəsimlərini xatırladırdı. Sədəf tənəli təsbehi, bir də tüstüdən saralmış qəlyanı əlindən yerə qoymazdı."

Rüstəm Kamalın Ömər Qoçulu nəsrinə verdiyi dəyərin qısaca fraqmentləri ilə kifayətlənərək onun nəsr yaradıcılığına işıq salmış oldum və Rüstəəllimin yekun sözləriylə " Nənəmin nağılı haqda təssüratlarımı bitirirmək istəyirəm:

"Ömər Qoçulu bir oğul qeyrətiylə, qələminin urvatıyla və əcdad sevgisiylə yalnız öz nəslini- səcərəsini, elini-obasıni tanıtmır, həm də "Omaroğlunaməni"- " Nənəmin Nağılı"nı yazmaqla nasirliyini də göstərməyə macal tapmışdır.

Kaş Həvva nənə sağ olaydı, nəvəsinin düzüb qoşduğu bu nağılları yenidən özü söyləyəydi..."

Bu rəngarəng istedad sanibinə yaxından bələd olduğca heyrətini gizlədə bilmirsən. Allahını sevən bu mübarək könül insandan Allahı da heç nə əsirgəməyib sanki.

Bu mübaliğəyə bənzər sözlər mənim də ünvanıma çox deyilib. Bu dünyaya rəssam kimi doğulduğumu hiss edib, rəssamlıq təhsili alsam da, söz məni özünə çəkdi, Özbəkistan səfərlərimdə monumentalçı rəssam kimi fəaliyyət göstərib iri həcmli qorelyef işləri işlədiyimdən heykəltarşlıqla da məşğul olurdum. Sonralar mərhum dostlərım şair Ağamalı Sadiqin və Akif Səmədin qəbr üstü abidələrini, portret büstlərini işlədim. Bu səbəbdən heykəltarş adını da adımın yanına qoşdular. Sonralar şeir kitablarım dərc olundu, "İnsan mənzərələri adlı silsilə yazılarımı yazdım və şair, nasir adları da Dəmirçoğlu təxəllüsümə əlava olundu. Təbii bunları eşitmək çox xoş olsa da bunun məsuliyyərini düşünəndə adamın dizləri əsir, gözü qaralır. Axı rəssamlıq, heykəltaraşlıq, şairlik, nasirlik- hərəsi özlüyündə adi bir insanın altına girə biləcəyi bir yük olmadığı halda bunları bir adamın boyuna ölçüb, onun bu yükü daşya biləcəyinə inanmaqmı olar?

Mən, Ömər Qoçulu yaradıcılığının dərinliklərinə baş vurduqca anladım ki, bu yükü daşımaq üçün Uca yaradan məhz seçgin bəndələrinə arxayın olub, bu yükləri onun boyuna-buxununa çeşidləyir...

Biz sizləri şair, rəssam, ( qeyd edək ki, bir neçə kitabın rəssam kimiəllifi olmuş və mükəmməl rəsm əsərləriylə məni dəfələrlə heyrətləndirib) nasir Ömər Qoçulu ilə az da olsa tanış etdik. Gəlin unutmayaq ki, o da bu dünyaya memar kimi doğulub, Ali memarlıq təhsili alıb, ölkənin bir neçə bölgəsində və paytaxtımızda inşa olunmuş bir neçə yaraşıqlı binaların layihəəllifi olub, Ölkə Prezidenti Hedər Əliyev cənabları şəxsən onun layihəsinə uğur imzalayıb. O, Azərbaycanın əməkdar memarı adına laiq görülmüş, memarlıq namizədidir və AYB-nin, AJB-nin üzvüdür.

Son zamanlar, 2012-ci ildə dərc etdirdiyi daha möhtəşəm, daha uğurlu kitabı-"Daşa dönmüş musiqi" kitabı memarlıq haqqında söhbətlərdən ibarətdi.

Bu kitabı varaqladığca qarşında əsrlərin daş yaddaşı açılır, insan zəkasıyla yaradılmış möhtəşəm abidələrin sehirli səsləri pıçıldaşır..., bir anlıq bu aləmdən təcrid olub nağıllar aləminə düşürsən.

Etiraf etməliyəm ki, Ömər bəyin yaradıcılığı haqda qısaca mülahizələri nə qədər ixtisarla yazsan belə bir yazıya yığışdırmaq mümkün deyil və mən də lokanik üsullardan istifədə etmək məcburiyyətində qalaraq bu zəngin istedad sahibinin yaradıcılığının butun bucaqlarına azacıq da olsa işıq salmağa çalışmışam.

"Daşa dönmüş musiqi" kitabının ön sözünü kitabın redaktoru, Memarlıq doktoru,professor, Azərbaycan MEA-nın müxbir üzvü Cəfər Qiyasi yazmışdir.

Hörmətli professor yazır: " Respublikada əsas fəaliyyəti layihələndirmə və inşaatla bağlı olan memarlar arasında elmi-nəzəri problemlərə meyl edənlər, seçdikləri sənət haqqında düşüncələrini qələmə alanlar son dərəcə azdır. İnstitutu bitirən kimi lap gənc yaşlarından fəal memarlıq praktikasına qoşulan və istedadını daha çox layihəçi kimi təsdiq edən memar Ömər Qoçulu zaman-zaman öz fikir və qayğılarını televizyada, radioda, mətbuatda yurddaşları ilə bölüşən bu azlardandı. Praktiki memar kimi çalışa- çalışa Moskva memarlıq institunda dissertasiya müdafiə edib elmi dərəcə almış memarın "Daşa dönmüş musiqi" kitabını bu çoxillik "dərdləşmənin" yekunu, sonucu saymaq olar."...

Fəlsəfə elimləri doktoru, professor Camal Mustafayev"Memarın gözəllik axtarışları", və Memarlıq doktoru, professor, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Nəriman Əliyev "Sənət xiridarı, söz ustası" başlıqlı yazıları ilə Ömər Qoçulunun zəngin çalarlara məxsus olan istedadından və yaradıcılığından söhbət açıb ona uğurlar diləyiblər.

Mükəmməl tərtibatla, nəfis formada çap olunmuş bu sanballı kitabı varaqladıqca sanki nağıllar aləminə düşürsən, müəllifin kamil təsvirlərinə heyran qalaraq dil açan daşlarla söhbət edirsən, Dərbənd Qalasının möhtəşəm abidələrindən başlayıb müqəddəs ocaqları, pirləri, məbədləri ziyarət edirsən, Qədim Təbrizə, Marağaya, qosqoca Türkiyyəyə səfər edib Mövlam verdiyi qanadla Tiflisə enirsən, oradan da Sıniq körpüdən adlayaraq qədimGəncəyə, Bərdəyə, Şuşaya, Şəkiyə dönürsən, Xudafərində ayaq saxlayıb heyranlıqla Arazın sularına tamaşa edirsən, qədim-qayım Haxçivanın mübarək türbələrinə baş endirib, küləklər şəhəri Bakıya qayıdırsan. Mən bu kitabı oxuduqca, insan zəkasının və əməyinin yaratdığı ecazkar möcüzələrə bənzəyən abidələrin təsvirlərinə baxdıqca özümü unutdum, yüz illiklərin qədim karvanlarına qoşularaq minillik bir ömür yaşadım. Fikrimi daha aydın anlatmaq üçünəllifin bizə sarvanlıq etdiyi səfərdən bir parçanı nəzərinizə çatdırıram:

GÜLÜSTAN TÜRBƏ

" ... Süd kimi aydınlıq gecə. Qonur qayaların arası ilə dolanan yol. Uzq-uzaq məmləkətlərdən gələn taylı- yüklu dəvələr də, qızmar günəşin, acı küləklərin əldən- dildən saldığı karvan əhli də, soluq alıb dincəlmək ümidi ilə qarşıdakı Cuma şəhərinə doğru ağır-ağır irəliləyir. Karvanın zəncir düzümü körpüdən keçdikcə kölgəsi aşağıda qıjha-qıjla şütüyən çayın sinəsində sürünür. Qəflə-qatır fınxırtısı, lök dəvələrin zınqırov səsi kükrəyən suların gurultusunda- nəriltisində eşidilməz olur...

Bu yazçağı yağar olduğundan Araz çayı yerinə-yurduna sığışmır, deyəsən bu il də körpünü qabağına qatıb axıtmaq istəyir üzüaşağı...

Yazın ayazlı gecəsində nizələrinə söykənib tonqalın qırağında dövrə vurmuş körpü gözətçiləri uzaq ellərdən gələn tacir-bəzirganları başları ilə salamlayırlar. Yol yorğunu karvan əhli birtəhər özünü yuxarıdakı şəhərə çatdırmaq, meydanlarda, karvansaralarda dincəlib, nəfəs dərmək ümidindədi.

...Birazdan şəhərin sayrışan ulduzları görünür, elə bil göylərin ulduz boyunbağısı qırılıb yerə səpələnib. Ayın işığında əzəmətli qala divarının, boy çəkən bürclərin arxasından günbəzləri almaz kimi bərq vuran məscidlər, şiş ucları göyə dirək olan qoşa-qoşa minərələr get-gedə daha aydın seçilir.

Bayaqdan bu nağılvari mənzərəni seyr edən sarbanın nəzərləri yolun kənarındakı tənha türbəyə sataşır. Girəcəkdə yanan işığın titrək işığı türbənin məsumluğunu daha da artırır, indicə əriyib yoxa çıxacaq ilğıma bənzəyir. Naxışlardan, oymalardan süzülən ay işığı, həzin, kövrək nəğmə kimi ürəyə axır...

Dünya görmüş, məmləkətlər dolaşmış qoca sarban zəndini cəmləşdirir:- " İlahi, bu ki şöhrəti bütün Şərqə yayılmış "Gülüstan" türbəsidir! Şükür, bu nadir incini görmək mənə nəsib oldu!..."

Sizə elə gəlmədimi ki, siz də həmin karvandaydız və unikal sənət əsəri olan " Gülüstan "türbəsini öz gözlərinizlə gördünüz?

Mən bütün yazılarımda səmimiyəm və səmimi olaraq qeyd etmək istəyirəm ki, Ömər Qoçulu kamil memar olduğu qədər kamil nasir, rəssam, şair və həm də kamil bir aşıqdır. Onun cövhəri eşq, mayası işıqla dolu olduğundan əl vurduğu işi ruhuyla yoğurur, eşqiylə cilalayır, içindəki işıq seli ilə nümayiş etdirir. Elə ona görə də yaratdıqları canlı olur, nəfəs alır, dil açır, işıq saçır.

Xeyli zamandı özümə, emalatxanama, yazı masama qapılıb ətrafdan, dostlardan təcrid olmuşdum, bu fani dünyaya biganəlik hisslərim məni dünyama sürgün etmişdi.

Həmin telefon zəngi, Rövşən Nəsiboğlunun xoş əhval-ruhiyəli səsi məni məndə aldı, köhnə dostlara qoşulub sazın işığına uçundum və həmin gün yaddaşıma yazılan xoş günlərin biri oldu.

Usta Xudunun oğlu Fərmanın ona bağladığı 11 simli tavar sazını sinəsinə basan Ömər abi, hər aşığa nəsib olmayan qumrov avazıyla bir-iki ağız oxudu...

Biz yazımız boyu onun yaradıcılığından söhbət acdıq. O, dədə-baba ədəb-ərkanı, zadəgan əxlaqı, ziyalı təfəkkürü ilə yanaşı gözəl ailə başçısı, etibarlı dost, eyni zamanda xeyirxah bir insan kimi yaradıcılığı ilə vəhdətdə olan monumental bir şəxsiyyətdir desək onun portretinin son çizgilərini vurmuş olarıq.

Belə insanlar xalqımızın milli sərvətləridir. Və nə yaxşı ki, belə insanlar az deyil.

(Ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.-2014.-8 fevral.-S.10.