UCALIĞA,
KAMİLLİYƏ ÇAĞIRIŞ
və
ya XATİRƏ BİTƏNDİ ÜRƏKLƏ ƏKSƏN
Müsahibim Naxçıvan
Dövlət Universitetinin iqtisadiyyat kafedrasının dosenti Akif Mədətovdur.
- Akif
müəllim, müasir Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi Məmməd Arazın 80 illik yubileyi əslində Azərbaycan poeziyasının
yubileyidir. Klassik və
müasir poeziyamızın yaxşı ənənələrinə
söykənən Məmməd Araz 1500 illik poeziyamıza təzə nəfəs gətirdi. Azərbaycanın
Xalq şairi Məmməd Arazın
yaradıcılığı, istedadı, şəxsiyyəti, müasir
poeziyamızda mövqeyi xalqımız tərəfindən sevilir və dərin məhəbbət hissilə
təbliğ olunur.
Bu həqiqətdir ki, şairlərimiz və poeziya həvəskarları şairin ünvanına
yüzlərlə nəzirə-şeir
yazıblar. Cəsarətlə demək
olar ki, istər Azərbaycan ədəbiyyatında, istərsə
də dünya ədəbiyyatında bu xoşbəxtlik heç bir
şairə nəsib olmayıbdır.
Tale elə
gətirib ki, siz belə bir şairlə 50 ildən artıq müddət ərzində
dostluq etmisiniz, bu dostluq təsadüfdən doğdu, yoxsa zərurətdən?
- Bir
sıra böyük zərurətlər elə təsadüfdən, təsadüflər isə zərurətdən doğur. Mən
özümü dərk
etdiyim orta məktəb illərindən ədəbiyyatı,
xüsusən də poeziyanı
varlığım qədər sevmiş,
ömrümün, həyatımın
ayrılmaz hissəsi
hesab etmişəm.
Mənim
qəlbimin dərinliklərində həm dünya, həm də
Azərbaycan
poeziyasının klassikləri,
müasir poeziyamızı təmsil
edən şairlər, xüsusilə Məmməd
Araz özünəməxsus yer tutur. Azərbaycan Dövlət Universitetində təhsil aldığım
keçən əsrin 60-cı illərinin əvvəllərində Məmməd Arazın 1959-cu ildə nəşr edilmiş "Sevgi nəğməsi" kitabını demək olar ki, başdan axıra qədər əzbər bilirdim. Belə bir vaxtda şair Moskvada Ali ədəbiyyat kursunda təhsilini başa vurub Bakıya
gəldiyi
vaxt, yəni mən universitetin Geoloji coğrafiya fakültəsinin II kursunda oxuduğum
zaman zərurətə keçidin təməlini qoyan təsadüf baş verdi. 1962-ci ilin
oktyabrın ortalarında Bakı şəhərinin mərkəzində yerləşən və hər istirahət günü mənim seminarlara
hazırlaşdığım Lenin adına
Mərkəzi şəhər kitabxanasının oxu
zalında şairlər Məmməd Araz, Tofiq Bayram və Söhrab Tahirlə görüş keçirildi. Həmin vaxt mənimlə eyni stolun
arxasında həmyerlimiz
universitetin ədəbiyyat fakültəsinin III kurs tələbəsi
(dünyasını dəyişmiş,
buna görə də adını çəkmirəm) bir qız əyləşmişdi.
Görüş sona çatanda mən ona dedim ki, buyurun
çıxış edin. O isə mənə hirslə cavab verdi ki, mən niyə çıxış edirəm, buyurun, özünüz
çıxış edin. Onsuz da mən
çıxış etmək
istəyirdim. O
qızın bir az təkəbbürlü, bir az da əsəbi və hirsli baxışlarından
sonra aparıcı Söhrab Tahirə müraciət edib çıxış
etmək istədiyimi bildirdim. O isə mehriban baxışlarla buyurun,
cavan oğlan, çıxış edin, dedi. Mən
çıxışımı Məmməd Araz
poeziyasını təhlil
etmək
üstündə
qurdum, Məmməd Arazın
yaradıcılığını müasir şairlərin
yaradıcılığı ilə
müqayisə etdim.
Göstərdim ki, Söhrab Tahir "Göy göl" şeirində yazır:
Gözümdə bir gilə yaş gətirmişəm
Urmiya gölündən yadigar sənə.
Qeyd etdim
ki, bu şeirdə bizi Urmiya sahilində boya-başa çatan, Göy gölə Urmiya gölündən bir gilə "yaş gətirən", Vətən həsrətilə alışıb-yanan
şairin ürək döyüntülərini eşidirik. Məmməd Arazın "Göy
göl" şeirində isə Ana Vətənin təbii gözəlliklərini, dilbər guşələrini poetik dillə tərənnüm edən, bununla bərabər böyük qürur və iftixar hissi keçirən istedadlı şairimizin
Göy göl haqqında pıçıltılarını
eşidirik:
Bir səhər gördüm ki, burulub
yatıb,
Kəpəzin döşündə durulub yatıb.
Qovulan ceyran tək yorulub yatıb.
Daş atdım diksinib oyandı Göy göl.
Digər şeir nümunələrinin təhlili, aparılan paralellər, şairin poetik
tapıntılarının izahı şairlərin və oxu zalında əyləşənlərin alqışına səbəb oldu. Görüş başa
çatdıqdan sonra Məmməd Araz mənə yaxınlaşdı, gəl tanış olaq
dedi. Mən
isə böyük
məmnuniyyətlə, şair, mən
sizinlə fəxr edirəm, bu anlar mənim üçün
ilahi anlardı, kövrəldim,
gözlərimdən yaş gilələndi. Şairi
qucaqladım. Yəqin
ki, ədəbiyyat fakültəsində təhsil alırsınız? Xeyr, şair, Azərbaycan
Dövlət
Universitetinin Geoloji coğrafiya fakültəsinin ikinci kursunda oxuyuram. Həmin
gün şair məni
evinə dəvət etdi. Özü
tez getdi. Söhrab Tahiri
çağırıb Akiflə
axşam bizə gəlin, mənim
Gürcüstandan qonaqlarım gəlib,
gedirəm.
Söhrab Tahirlə axşam 7-8 radələrində Məmməd Arazgilə getdik və Gülxanım müəllimənin hazırladığı plovdan
doyunca yedik. Həmin
vaxtdan 50 ildən
artıq zaman keçir. İllər qaldı uca
dağlar arxasında, gənclik
qocalıqla əvəz olundu. Şair dünyasını dəyişdi,
mən isə ömrün qürub
çağını yaşayıram, ya qismət, nə bilim.
- Akif
müəllim, Məmməd Araz ədəbiyyatımızda Vətənin ağrı-acılarından yana-yana söhbət açan, ürəyinin başında
paralanmış Azərbaycanın bütövlük heykəlini ucaldan vətənpərvər şair kimi tanınır,
hətta
şairin şeirindən iki misra dillər əzbəri olub.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Elə deyilmi?
Bu məsələyə bir az
geniş yanaşaq. Şairin onlarla şeirini
göstərmək olar ki, bu şeirlərdəki tərənnüm boş pafos,
söz yığını deyil, Vətənin Vətən dilində,
vətəndaş dilində tərənnümüdür.
Şairin şeirlərində vətənin
taleyinə biganə qalmayan bir şairin
ürək göynərtiləri var.
- Onu deyim
ki, Məmməd Araz poeziyasının qanını-canını Vətən torpağının gözəllikləri, onun müstəqilliyinin qorunub saxlanması,
dahi oğullarının Vətən qarşısındakı xidmətləri, Vətənin tarixi, taleyinə qara hərflərlə yazılan hadisələr öz əksini geniş tapıb. Vətənpərvərliklə əlaqədar şairin
başdaşına həkk olunmuş aşağıdakı misraları
xatırlatmaq istəyirəm:
Gülüm,
bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü
sıx, hansı daşda su yansa,
O daş
altda Məmməd Araz yaşayır.
Ermənistanla müharibənin qızğın
çağında heç bir şairin demədiyini Məmməd Araz dedi.
Pıçıltıyla yox, Məmməd Araz hayqırdı, Məmməd Araz harayı ərşə dayandı:
Varım,
yoxum, səninləyəm,
Azım,
çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın
məni
söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım.
Didin məni didim-didim,
Atın məni tank altına!
Qundaqdakı
bir körpəni
Xilas edim.
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm.
- "Ədəbiyyat və incəsənət" qəzetinin 1968-ci il 2 mart tarixli
nömrəsində dərc edilən "Qəribə mülahizələr" məqaləsində professor Ş.Salmanov qeyd edirdi ki, Məmməd Arazın "Səməd Vurğunla söhbət" şeirindən belə qənaətə gəlinir ki, guya Səməd Vurğundan sonra
poeziyamızda yaşlı şair və yazıçılar öz
vəzifəsini layiqincə yerinə yetirmir. Poeziyamızda
ağsaqqallar səxavəti hiss olunmur və s. Professor Ş,Salmanov
yazmışdı: "Biz Səməd Vurğunun xatirəsinə, onun böyük poeziyasının
gözəlliyinə hörmət hissi ilə yanaşırıq, lakin bu hörmət hissi bizə haqq vermir ki, Məmməd Arazın
aşağıdakı misraları ilə razılaşaq:
Səndən sonra
Görüşlərin hərarəti sənsizləşib
Kürsülərin cəsarəti sənsizləşib.
Ağsaqqallar səxavəti sənsizləşib".
Bu məqalə işıq üzü görər-görməz şairlər, yazıçılar və hətta adi vətəndaşlar, Azərbaycan KP MK və Yazıçılar
İttifaqına, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasına yazılar göndərdilər. O yazılardan birini - Şəmşad Rzanın ""Qəribə mülahizələr" müəllifinin qəribə mülahizələri" məqaləsini göstərmək olar. Ş.Rza
yazırdı: "Ş.Salmanovun bu yazısını oxuduqdan
sonra belə qərara gəlirəm ki, bu sətirlər qayğıdan, insana hörmətdən daha çox fərdiyyəçilik və qeyri-adi böhtanlardan ibarətdir. Tənqidçi
düşünməlidir
ki, həqiqət hər şeydən irəlidir. Xalqdan yazılan şeirlərdəki obrazları ədalətli xarakterizə etməyib, ona uydurma fərziyyələr donu geydirdikdə, oxucu onun özünə xas olmayan xarici təsirin qüvvəsini hiss edir".
- Akif
müəllim, Məmməd Araz qədim diyarımıza bağlı şair olub. Onun Naxçıvanla bağlı gözəl şeirləri, mahnıları
var. Şairin 60 illik yubileyinin Naxçıvanda keçirilməsinin hər ikimiz
iştirakçısı olmuşuq. O günləri necə
xatırlayırsınız?
-
1993-cü ilin oktyabrında Naxçıvan Dövlət Dram Teatrında keçirilən yubiley gecəsində şairlə görüşə xas olan ənənə davam edirdi: zal dolu, ayaq
üstə adamlar çox, hətta çöldə şairi intizarla gözləyən adamlar da var idi. Gecədə Ulu Öndər
Heydər Əliyevin Məmməd Araza ünvanladığı
teleqram oxundu. Çıxışlar, təriflər, təbriklər... Hər şey çox
yaxşı təşkil
olunmuşdu.
Bunu qeyd etmək mən tərəfdən bəlkə də qeyri-təvazökarlıq kimi qiymətləndirilə bilər. Amma bu tarixdir, tarixə isə şair demişkən, "yalan
barmağı" dəyməməlidir. Həmin yubiley günlərində Məmməd Araz, həyat yoldaşı Gülxanım
müəllimə, nəvəsi Toğrul bizim evdə, Söhrab Tahir, Budaq Budaqov, Mikayıl Mirzə, Vaqif Yusifli və başqaları qonaq evində qalırdılar.
Gülxanım
müəllimə Məmməd Arazın Təbrizə getməsi arzusunu mənə bildirdi, mən bu arzunu o vaxt Nazirlər Kabinetinin xarici əlaqələr üzrə müavini, indi isə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova
çatdırdım. Vasif müəllimin böyük
qayğısı, nüfuzu hesabına illərlə
Məmməd Arazın qəlbində həyata keçirilməsi mümkün olmayan Təbrizi görmək niskili aradan
qaldırıldı.
- Akif
müəllim, Ümummilli liderimiz Heydər Əliyevin sənət adamlarına çox
böyük qayğısı, diqqəti olub. Xalq
şairi Məmməd Araz
ömrünün son illərində Ulu öndər Heydər Əliyev tərəfindən
böyük qayğı ilə
əhatə olunmuşdu. Bu haqda nə
deyə bilərsiniz?
- Məmməd Araza Ulu öndərin qayğısı çoxcəhətli idi. Birincisi, respublikada ilk
üç "İstiqlal" ordeni alan
şairlərdən biri Məmməd Araz oldu. Sonra 1995-ci il mayın 8-də şair xəstəliyi ilə əlaqədar həyat yoldaşı
Gülxanım müəllimə ilə birlikdə Almaniyaya yola salındı. Almaniyanın Noyştad şəhərində parkinson
xəstəliyindən müalicə olundu. Sonra Ulu
öndərin sərəncamına görə Məmməd Araz Prezident
aparatının yanında yüksək
səviyyədə təmir
edilmiş üçotaqlı mənzillə təmin edildi. Bu bir
həqiqətdir ki, ədəbiyyatdan, elmdən xəbərdar olan hər bir insan gözəl bilir ki, Ulu öndərimiz Heydər Əliyev
bütün böyük sənətkarları diqqət mərkəzində
saxlayırdı, onlara atalıq qayğısı göstərirdi.
Mənim heç yadımdan çıxmaz, Ulu öndər şairin 60 illik yubileyində axıra qədər iştirak etdi. Yubiley tədbiri başa
çatdıqdan sonra Bəxtiyar Vahabzadənin, Anarın, şairin həyat yoldaşının iştirak
etdiyi kiçik bir müzakirədə böyük sevinc hissi ilə dedi: "Bəxtiyar müəllim, bəzi insanlar elə bilirlər ki, onlar əbədidir. Süleyman
peyğəmbər kimi dünyanı
tutub qalacaqlar. Daha bilmirlər ki, şairin dediyi kimi:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya
sənin,
dünya mənim,
Dünya heç kimin.
Budur ədəbiyyat, budur poeziya, budur Məmməd Araz hikməti".
- Akif
müəllim, siz Məmməd Arazla bağlı yazılarınızda dönə-dönə qeyd edirsiniz ki, Məmməd Araz tale şairidir. Bu
fikrinizi, mümkünsə, bir az daha geniş
açıqlayın.
- Mən bu fikri təsadüfdən deməmişəm, dünya və Azərbaycan ədəbiyyatının Puşkin,
Bayron, Lermontov, Səməd Vurğun kimi korifey şairlərini oxuduqdan sonra mən bu fikrə gəldim ki, bəli, Məmməd Araz qeyri-adi dərəcədə tale şairidir. İnsan taleyi, insanın ömür yolunda
buraxdığı səhvlər yaş ötəndən sonra, ömrün ixtiyar
çağına qədəm qoyduqda yada
düşür, onu kövrəldir,
göynədir.
Bu hisslər,
sözün həqiqi
mənasında, Məmməd Araz poeziyasında öz əksini
tapdığı qədər, demək olar ki, heç bir
şairin yaradıcılığında bu dərəcədə hiss olunmur.
- Tale
şairi olmaq nə deməkdir?
- Bu o deməkdir ki, Məmməd Arazı oxuyan hər bir oxucu öz taleyinin
hansısa anını, məqamını şairin yaradıcılığında
görür. Sanki şair bu insanın taleyini qələmə
alıb. Şairin müxtəlif şeirlərindən
götürülmüş aşağıdakı misralara
diqqət verin:
İki
çırpı bir ocaqda gün ağlar,
Od səngiyər, köz sızıldar,
kül ağlar,
Yaş ötəndə yada düşər günahlar.
Kim
yıxıldı, kim haqlayan olmadı,
Kimdən kimə gün ağlayan olmadı.
***
Dilim dinməz, kirpiklərim səs elər,
Necə xoşdu, ürəyimi kəs elə.
Qalan
ömrə yarım ürək bəs elər,
Aldat məni, unut məni, at məni.
***
Öyünəsi bircəm idin, birimdin,
Üz tutası qibləm idin, pirimdin.
Taleyimə dan ulduzu bilirdim,
"Karvanqıran" olmağın da olarmış.
Dan ulduzu sübhə qədər yanır, nur saçır, "karvanqıran" isə bir neçə saat yanır, sonra
sönür.
Ona görə
şair qeyd edir ki, "taleyimə
dan ulduzu bilirdim", yəni
elə bilirdim ki, sən mənim ömür yoluma
sona qədər nur, işıq
saçacaqsan. Nə
bilərdim ki,
"karvanqıran" ulduzu kimi yanıb sönəcəksən.
Bu qəbil
şeirlərin
sayını artırmaq da olar.
- Akif
müəllim, Məmməd Arazlı günlərdən bir xatirə.
- Səhv etmirəmsə, 1982-ci ilin payızı idi.
Mən
Naxçıvan şəhərində
yaşayırdım. Naxçıvan
Dövlət Pedaqoji
İnstitutunda "siyasi iqtisad" kafedrasının dosenti
idim. İnstitutdan evə gəldim,
gördüm ki, şəxsiyyətinə dərin hörmət
etdiyim, sevimli müəllimlərimdən biri olmuş həmyerlimiz, dosent
Ağayar Həsənovla Şair əyləşibdir. Sevincimin
həddi-hüdudu
yox idi. Həmin
gün üçümüz də
şairin doğma kəndi
Nursuya getdik. Səhərisi isə mənim doğulduğum Qarabağlara.
Atam sağ idi, sifariş etdirdim ki, sabah Məmmədlə, Ağayar müəllimlə gələcəyik kəndə. Təbii ki, istər atamın, istərsə də
bizə Məmmədi görməyə gəlmiş qohumların sevincinin həddi-hüdudu yox idi.
Bir az istirahət etdikdən sonra kəndimizdə yaşayan şeir-sənət xiridarı Əli Əsədovun yük
maşınında qalxdıq Asnıya. Pələng qayasından kəndin axırına qədər axıb gedən bu kiçik çayın mənbəyi həm
də
"ocaqdır", insanlar ora ibadətə də gedirlər.
Şairin gözləri
Asnının gədiyindən Araza zillənmişdi. Qəribədir, bizim bu ictimai dərdimiz bizimlə birlikdə hara gediriksə, ora gedir. Gəldik
evə, atam
şairin gəlişi
ilə əlaqədar
"hazırlıq" görmüşdü. Onu deyim ki, atamın xasiyyəti
idi, evimizdə
keçirilən
qonaqlıqlarda, məclisdə kimin iştirak etməsindən asılı
olmayaraq özünün sevimli aşıq havalarını
oxuyurdu. Yenə adəti üzrə atamın avazı yüksəldi:
Məlul könlüm, nə gəzirsən bu bağı,
Əlim yardan üzən yerdi güllü bağ.
O yar ilə əhdi peyman etdiyim,
Peyman edib, pozan yerdi güllü bağ.
Bu avaz, bu sözlər şairi kövrəltdi.
-
Mahnının sözləri kimindi, alim qardaş?
- Xəstə Qasımın?
Gülümsündü.
- Xeyr, Aşıq
Abbas Tufarqanlınındı.
Mən dinmədim.
- Narahat
olma, sən ki ədəbiyyatçı deyilsən.
- Əlbəttə, şair, mən heç ədəbiyyatçı istəsəm də ola bilmərəm.
Ağayar
müəllim səsini qaldırdı:
- Məmməd, Akifin ədəbiyyatçı
olub-olmadığını deyə bilmərəm, ancaq onu bilirəm ki, sənin şeirlərini o, səndən yaxşı ifa edir.
Qohumların
və
atamın xahişi ilə şair şeirlərini oxuyurdu, böyük ilhamla, məhəbbətlə "Dünya sənin, dünya mənim", "Bəlkə bu yerlərə bir də gəlmədim", "Bir
axşamın balladası" və s. Həmin vaxt oxuduğu şeirlərdən biri mənim həmişə təsəllim olub, çox istədiyim şeirlərdən biridir:
Dost
arası yol çəkilməz,
Dost
arası yol sökülməz,
Tale hər vaxt üzə gülməz,
Təklənmə, könül, təklənmə.
Bir otaqda
bir sən, bir mən,
Gəlhagəllər hanı, bilməm?
Son
güman da itsə birdən,
Təklənmə, könül, təklənmə.
- Akif müəllim, suallarımıza verdiyiniz ətraflı cavaba görə sağ olun.
- Siz də sağ olun. Müsahibənin sonunda Məmməd Araz yaradıcılığına, yubileyinə qayğıkeş diqqətə görə respublikamızın Prezidenti cənab İlham Əliyevə, şairin doğulduğu Nurs kəndində ev-muzeyinin yaradılmasına, Naxçıvan şəhərində küçələrin birinə Məmməd Arazın adının verilməsinə, Məmməd Araz adına mükafatın təsis edilməsinə sərəncam verən Muxtar respublikamızın rəhbəri, Ali Məclisin sədri Vasif Talıbova öz dərin minnətdarlığımı bildirirəm. Məmməd Arazın yubileyinin belə təntənəli keçirilməsinə bütün Azərbaycan xalqı sevinir. Naxçıvanda dünyaya gəldiyinə görə Naxçıvan əhalisi daha çox sevinir. Şairin dostu və pərəstişkarı kimi mən də daha çox sevinirəm. Bundan böyük xoşbəxtlik olmaz.
Müsahibəni
apardı:
Asim YADİGAR,
Naxçıvan
Yazıçılar Birliyinin sədri,
Muxtar Respublika
Ali Məclisin deputatı.
Ədalət.-2014.-8
fevral.-S.12-13.