TƏRƏQQİ YOLLARINDA OLAN SAMUX
Azərbaycan coğrafiyasında özünəməxsus yeri olan bölgələrimizdən biri də Samux rayonudu. Bu rayonun coğrafi mənzərəsi öz orijinallığı ilə insanın dərhal diqqətini çəkir. Çünki Gəncənin və Şəmkirin əhatəsində olan Samux rayonu torpaqlarının münbitliyi, ekoloji durumu və sakinlərinin zəhmətsevərliyi ilə həmişə bu yerləri görməyən, bu yerlərdə olmamış adamlarda qəribə bir maraq hissi yaradır. Hər kəs cəhd edir ki, Samuxa da baş çəksin, bu rayonun könül açan mənzərəsini seyr etsin, havasından, suyundan dadsın. Çünki Samux artıq respublikanın inkişaf edən, inkişafda olan rayonları sırasında öz yerini təsdiqləyibdi.
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin imzaladığı Regionların İnkişafına Dair Dövlət Proqramına uyğun olaraq ölkənin bütün bölgələrində sürətli inkişaf, abadlıq, quruculuq işləri aparılır.
Həmin genişmiqyaslı işlərin sırasında təbii ki, Samuxun da öz yeri var. Əgər görülən işlərə rəqəmlərin dili ilə yanaşsaq, onda bu bölgədə həyatın necə qaynadığını, işlərin hansı sürətlə getdiyini ilk baxışdan duymaq, görmək olar.
Biz Samuxda həyata keçirilən quruculuğu, inkişafı müşahidə etmək üçün bu bölgədə olduq. Rayona ilk gəlişimizdən burada sözün həqiqi mənasında böyük işlər görüldüyünü hiss etdik. Belə ki, abad yollar, səkilər, hər yerdə gedən tikinti işləri özü-özlüyündə rayonun bu günündən xəbər verirdi.
Yerli sakinlərlə təmas zamanı onu da öyrəndik ki, bu gün Samuxda insanların sosial durumu əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Təkcə ötən il rayonda sosial-iqtisadi inkişafın müsbət nəticələrini rəqəmlərlə ifadə etsək, onda bəlli olar ki, Samuxda rayon üzrə ümumi məhsul istehsalının həcmi əvvəlki illərlə müqayisədə 5,1 faiz artmışdı. Yəni 2013-cü ildə 71,3 milyon manatlıq ümumi məhsul istehsalına müvəffəq olunmuşdu. Bu da 2003-cü illə müqayisədə 6,4 dəfə çoxdur.
Göründüyü kimi, təkcə ümumi məhsul buraxılışında rayon uğurlu nəticələr əldə edə bilmiş və son nəticədə də qazanılan nailiyyətlər yerli sakinlərin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına xidmət etmişdi. O ki, qaldı ötən ilin birinci yarısında əldə edilmiş uğurlara, bu müqayisənin özü də nailiyyətlərdən xəbər verir.
Onu da rəqəmlərlə ifadə etsək, onda məlum olar ki, cari ilin birinci yarısı ilə sonunun müqayisəsi artım tempini ifadə edəcək. Yəni ilin birinci yarısında sənaye istehsalında 0,6 faiz azalma olmasına baxmayaraq, sənayenin qeyri- dövlət sektorunda 1,9 dəfə artım qeydə alınmışdı.
Bu gün Samuxdakı inkişafı ardıcıl olaraq qruplaşdırsaq, onda kənd təsərrüfatı sahəsindən başlamalıyıq. Təbii ki, kənd təsərrüfatı rayonu olan Samuxda istehsal və bu sahədə çalışan insanların sosial durumunun daha yüksək olması bir reallıqdı. Həmin reallığı ifadə edən rəqəmlər də bizim yanılmadığımızı sübut edir.
Samuxda kənd təsərrüfatının inkişafı ilə bağlı əldə etdiyimiz bilgilərin ifadəsi olan rəqəmlərdən göründüyü kimi, ötən il rayonda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının istehsalında 17,1 faiz artım müşahidə olunmuşdu. Bu da 1,8 milyon manat vəsait deməkdi.
Təbii ki, kənd təsərrüfatında özəl sektorun payı daha çox olduğundan burada növbəli əkin, eləcə də rayonun coğrafiyasına uyğun olan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi həmişə özünün müsbət bəhrəsini vermişdi. Elə ötən il də rayon sakinləri kənd təsərrüfatının müxtəlif sahələri üzrə kifayət qədər məhsul əldə edə bilmişlər. Burada ümumi ticarət dövriyyəsi 11,8 faiz artaraq 18 milyon manat həcminə yüksəlmişdi. Ümumiyyətlə isə ötən il rayonda pərakəndə əmtəə dövriyyəsi də artmış, əhalinin fərdi sektordakı gəlirləri də 1.8 faiz çoxalmışdı.
Bu gün
Samuxda kənd
təsərrüfatı ilə yanaşı,
iqtisadiyyatın digər
sahələrinə də böyük
diqqət
ayrılıb. Məhz
bu diqqətin
nəticəsidir ki,
ötən il rayonda 563 yeni iş yeri
açılmış və
bunların da 371-i daimi
iş yerləridir.
Yəni
həmin o 371 nəfər
axtardığı işi tapmış,
ailə büdcəsinin təmin edilməsi üçün
müvafiq imkan əldə etmişdi.
Ümumiyyətlə isə son
illərdə Samuxda
cəm halında
götürsək,
15966 yeni iş yeri açılmışdı ki, həmin
açılan iş yerlərinin də 4838-i daimidir. Diqqət yetirdiyimiz bu rəqəmlər özü-özlüyündə Samux
rayonunda ölkə
prezidentinin tələb və
tapşırıqlarına böyük məsuliyyətlə
yanaşıldığını, insanların həyat səviyyəsinin yüksəldilməsinə böyük
diqqət yetirildiyini göstərir.
(Ardı var)
Ceyhun RÜSTƏMOV
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun maliyyə
yardımı ilə
Ədalət.-2014.-8
fevral.-S.17.