"Kuma-Maniç
Çökəkliyi"
Azad Qaradərəlinin
"Kuma-Maniç Çökəkliyi" romanı
barədə
təəssüratlarım...
"Əhməd bəy Ağayev yazırdı: "Gəlin açıq və səmimi danışaq. Əcdadlarımız bizə nəyi miras qoyub gediblər? Onlara nəyə görə
hörmət etməliyik? Özlərinin səfehlikləri və ağılsızlıqları
ucbatından şəhərləri, qarət olunmuş kəndləri tərk edib getdiklərinə görəmi, öz əcdadlarının əməyi ilə yaradılmış bütöv, nəhəng orqanizmləri viran qoyduqlarına görəmi?... Əcdadlarımıza nəyə görə hörmət etməliyik? Zorakılıq qarşısında qorxub, geri çəkilmək ənənələrinə
görəmi, bizim
qüvvələrimizi hələ də
korşaldan, bizi yaşamaq qabiliyyətindən tamamilə məhrum edən
güclülərin
qabağında kor-koranə,
mənasızcasına
baş əymək xasiyyətinin nəsildən-nəslə irsən
keçməsinə görəmi? Kaspi qəzeti, 18 yanvar 1905 ci il..."
"Kuma-Maniç
Çökəkliyi" romanından...
Müasir dövrümüzün nasirləri sırasında Azad Qaradərəlinin öz yeri var. Söhbət əsl yazar, əsl nasirdən gedir. Onun əsərlərindən məlumatlı oxucu
Öz yerinin qədrini
bilir, qiymətləndirir.
"Kuma-Maniç
Çökəkliyi" romanı (əsər "Yazı" dərgisinin 4 sayında hissə-hissə çap olunub) müəllifin "Dumduru su" -hekayələr-1987, "Ulartı"
-hekayələr- 1989, "Dəhrə" (hekayələr və nağıllar", uşaqlar üçün-2004,
"Qar ağlığı" - hekayələr- 2008, "Burda yer
fırlanmırdı" - hekayələr, roman- 2011 və "Burada kişi var?" -hekayələr-20013 - nəsr əsərlərindən sonra müəllifin oxucuları ilə yeni
görüşüdür. Bundan başqa Azad
Qaradərəli çox sayda
elmi-publisistik kitabların da müəllifidir.
Əsərin adı niyə məhz "Kuma-Maniç Çökəkliyi"dir? Elə romanın əvvəlində müəllif məlumat verir: "Ural
dağları, Ural çayı, Xəzər dənizi, Kuma-Manıç
çökəkliyi..." və coğrafiya dərsində öyrəndikləri Kuma-Manıç çökəkliyini Qarabağdakı
Kummıca ilə eyniləşdirdiklərinə görə əsərə də belə ad seçib. Amma əslində bu ad həm də rəmzi mahiyyət daşıyır: axı Kuma-Manıç çəkəkliyi Avropanı Asiyadan
ayıran çökəklikdir.
Roman epik növdə yazılan, kompozisiya baxımından zəngin, tarixi faktlarla zəngin əsər kimi də diqqətəlayiqdir. Lakin "Kuma-Maniç
Çökəkliyi"ni biz sırf tarixi əsər kimi də dəyərləndirə bilmərik. Buradakı
hadisələr tarixi sənədlərə söykənsə də,
bədii boyalarla ətə-qana gəlir
(sevimli müəllimim
Sədnik Paşayevi
xatırladım, "ətə-qana gəlir"onun ən çox işlətdiyi söz idi).
Bu sənədlər müəllifin
soykökünə
söykənən
yaddaşının arxivindən
boylanır. Bu arxiv sənədlərlə nə
qədər zəngin olsa da, təhkiyəçinin bədii təsvirlərindən qanad alır, pərvazlanır.
"Kuma-Maniç
Çökəkliyi"nin mövzusu ta Nadir şah Əfşar
dövründən bu günə qədər başımıza gələn bəlalardan qaynaqlansa da, ideya və məqsəd ən yeni tariximizdə (1988-95) baş verən hadisələri qabartmaq, bu hadisələrə daha açıq gözlə yanaşmaq, gələcək nəsillərə ötürməkdir. Əslində, əsərdəki qədim tarixə baş vurmaq özü
ideyaya xidmət edən yardımçı mövzu kimi də qiymətləndirilə bilər.
Romanda ən çox diqqət cəlb edən isə müəllifin yaratdığı obrazlar, o obrazların fərqli xarakterləridi. Bu obrazlar həyatdan
götürülüb, bu obrazlarla müəllif bilavasitə
ünsiyyətdə olub. Və həmin obrazların bədii portreti o qədər canlıdır ki, oxucu onları
qapı qonşusu kimi tanıyır, sevir, nifrət edir (Hafiz müəllim, Dursun,
Haşım bəy,
Yetim Eylas, Zəriş,
Teyfə xala, Səkinə, Xosrov, Asya, Zirəddin və s).
Müəllif hansı hadisəyə toxunursa, bəhs edəcəyi obyektin alt qatına
varır, oxucuya dəqiq tanıdır: "Ermənilər 1918 - ci ildə rusların əliylə silahlanıb Qarabağda, Zəngəzurda, Bakıda
qırğınlar törədəndə Nuru paşanın Qafqaz İslam
ordusu Mosul-Təbriz-Naxçıvan-Qarabağ-Gəncə-Yevlax yoluyla Azərbaycana gəlir" deyən müəllif yeri gəldikcə buradaki yer adlarına
açıqlamalar verir. Uzun illər sovetlərin boyunduruğu altında
yaşayan biz, bütün bu yer adlarının türk toponimləri olduğunu görür, təəccüblənirik: "Dədəm bura Alçalı deməzdi, Ufçalı deyərdi. Bəziləri də Ofçala,
Afçala deyərdi.
Gürcüstanda da Ofçala var, mən orda əskərlik çəkmişəm... Əslində bu, "ov -
çaladı", yəni ovun bol olduğu çala yer..." və yaxud "Rəzdərə və Sobu kəndlərinin arasında, göz
işlədikcə uzanan qalın meşənin içərisində yerləşən bu kəndin adı Top idi. Əvvəllər ermənilərin davamlı
hücumları, sonralarsa Xruşşovun "köçürmə, birləşdirmə" siyasəti bu kəndin adamlarını iki-bir,
üç-bir burdan qaçaq saldı. Bir gün
ayıldılar ki, kənddə beş-altı
kolailişən qoca
qalıb."
Haşım
bəyin
qoruyub saxıladığı "Qarabağnamə" əsərindən: "...Şuşanın məhəllələri... Yuxarı məhəllə - Xanlıq, Saatlı,
Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamam qabağı, Təzə məhəllə, Qurdlar, Seyidlər... nə bilim axı daha hansılar və sonda doqquzuncu məhəllə Çöl-qala, yaxud
Cuhudlar məhəlləsi..."
Və yaxud kuman türkləri barədə açıqlamaya nəzər salaq:
"Kuma-Manıç çökəkliyinin yerləşdiyi ərazilərdə həmişə Kuman türkləri dövran sürüb ki,
bu da oradakı kalmıkların, yaxud kumıkların
adında qalıb. Elə Kuma-Manıç çökəkliyinin adındakı
"kuma" sözü "kuman"lar
deməkdir...
Bax, üzü belə, bir ucu Balxaş gölü, bir ucu Karpatlar, bir ucu Azərbaycanın şimalı, bir
ucu da İtil bulqarları, yəni Kazandan Rastovacan böyük bir ərazidə Kumanların, yaxud
Qıbçaqların dövləti olub... Kumanlar, yaxud
qıpçaqlar qıyıq, balaca gözlü,
sarışın, yaxud qəhvəyi saçlı, bəziləri hündürboylu, bəziləri də gödərək, amma güclü, davakar
adamlar olublar..."
Əsər atalar sözü, el məsəlləri ilə də zəngindir. Məsələn: "Bunlar qışqıranda boylu
arvadlar uşaq salır", "Bizdə qızı ailədən saymazdılar - o
başqasının ocağını qalayandı axı"
və s.
Kitabda
Qarabağ danışıq şivəsi obrazların dilindən çox təbii şəkildə verilib: "Dilii farağat
saxla dana" və s.
Əsər müəllifin özünün yaratdığı aforizmlərlə də zəngindir: "Sözlər millətin yol xəritəsidir. Hardan-hara
gedibsə,
sözünü daşlara yazıb, daşlara yaza bilməsə, yerə-yurda,
talaya, çalaya, dərəyə-təpəyə veirib, kənd-kəsəyə
qoyub", "Qadın böyük qüvvədir. Gözəl qadınların
ağlı bir az gödək olar, amma gözəl qadın kimi sevsə, onun həyatı bir cənnət bağçası kimi
olar, onun içi limhalim həyat eşqiynən dolar. Belələrinin düşməni çox olar, ömrü qısa
sürər, amma o
qısa ömür onlara dünya tamının ləzzətini dadmağa bəs edər."
Qədim adət-ənənələrimizi də müəllif əsərində yaşadıb. Məsələn, barama saxlama və ondan ipək almaya qədər ardıcıllığı çox gözəl şəkildə oxucuya göstərir: "Kimin ki tut
bağı vardı, ona məcburən barama qurdu verirdilər.
...Baramanı
götürər, yarpağını da özləri yığıb gətirib qurdun üstünə səpərdilər. Çətinlik bircə qurdun tənəkələrdən yerə
salınması vaxtı olardı. Çünki onda
azından üç-dörd mal tövləsi, ya da ev
lazımdı ki, qurdu ora töksünlər.
...Yarpağı
əllə sivirməzdilər. Eləcənə
tut şumallarını dəhrəylə qırıb, gülləyər (yəni
qısaldar, yoğun hissəsini
atar, uc hissəsini
götürərdilər), sonra da bağ
bağlayıb gətirib
tökərdilər qurt
laxtalarının (hissələrinin) üstünə. Bir dəqiqə sonra qurtlar
şırhaşır yeyərdilər bu
yarpaqları".
Başqa bir misal. Ölü dəfn etmə mərasiminin özündə bir tarixdən gəlmə ənənə var: "Ölüsü
düşən gecələr gec yatar. Qonaq-qaranın ayağı
yığışandan sonra qab-qaşığı yuyar,
ev-eşiyi, həyət-bacanı təmizləyər, ...o yan-bu yandan söhbətləşər, bütün kənddə ...cıqqırtı kəsiləndən sonra gedib
yıxılıb-yatardılar ki, səhər bütün kənd camaatından tez dura bilsinlər. Bəs nə, düz qırx
gün, qırx gücə
bu belə sürər."
Romanın başlanğıcında Eylas (Xosrovun
atası) arvadı Zərişin dayısı qızını meşədə "zorlayır". Bu epizodda bədii dillə verilən hadisə əvvəlki bir neçə qaranlıq məsələyə də aydınlıq gətitirir: "Neçə-neçə illər qabaq bu bağda qanlı
olaylar olmuş, bağ qan ucundan bir nəsildən o birinə ötürülmüş,
hər dəfə də qan bağlansa da qan
durmamış, axdıqca axmışdı. Buranın
da adı qalmışdı Kannıca. Çayın
o üzündəki
kəndin adamları
bura Qannıca, bu üzündə
isə
Kannıça deyirdilər.
Köhnə
kişilərsə eləcə Kannıca deyirdilər. İndi əsr-əsr bu bağda axan qan
təzədən axırdı". Burada oxucu Eylasa da, evli kişiylə zina törədən Asyaya da nifrət edir. Lakin müəllifin
güclü ədəbi priyomları sayəsində əsərin
sonunda bu münasibətin
əslində keçmişi olan
bir sevgidən
doğduğunun şahidi oluruq. Və mənfi obraz kimi
tanıdığımız surətlər çirkdən təmizlənməyə
doğru gedir.
Ümumiyyətlə, "Kuma-Manıç çökəkliyi"ndə tam olaraq mənfi, nifrətə layiq obraza rast gəlmirik. Ən iyrənc, qəddar surət Qarabağ döyüşlərində şəxsi mənafelərini güdən Dursun və onun atası Əbdürrəhmandırsa, onların da
müsbət tərəflərini müəllif oxucuya göstərməkdən çəkinmir. Sanki müəllifin
içindəki bəşəri sevgi onda insanlara
nifrət hisssini
boğur.
Əsər boyunca rəngarəng peyzaj yaradan, təbiəti sevgi-sevgi danışdıran müəllif, o təbiətin sakinləri insanlarla birgə ağacları,
daşları da oxşayır: "Bizim meşələrdə hər cür ağaca, kol-kosa rast
gələrsən. Amma
ağaclardan palıd, kollardan qaratikan bizim meşənin ən gərəkli sərvətidir. Başqaları da qiymətlidi,
məsələn vən
ağacı evlərin
damını şiferləmək üçün
şiferaltı sallamaya, sırığa çox yarayır.
Şəf,
zoğal kollarının bərk
oduncağından balta sapı, yaba, bel sapı düzəldirlər. Allahın
böyürtkəni bizim camaatın çox əlindən tutur: həm özləri mürəbbə bişirirlər, həm də yığıb satırlar.
Zoğalın meyvəsi
də ki, ələ düşməz. Qışda xəstələnib-eləsən, bircə qaşıq zoğal mürəbbəsiylə çay iç,
tərlə, yüngülləş. Hələ zoğal arağı! Bunun heç tayı-bərabəri yoxdu.
Dedim
axı, bunların hamısının yanında palıdla
qaratikan əvəzsizdir. Başlayaq palıddan. Bu ağacın qırmızı palıd deyilən növü var ki,
o, qiymətli mebel
materialıdır. Onu Qorxmaz kişi
gözü kimi qoruyardı. Bir dəfə Bakıdan gələn alim yaxşıca vurandan
sonra meşədə tək-tük rast gəlinən bu ağacı qucaqlayıb ağlamış,
demişdi ki, bunun kökü kəsilir, qırmızı kitaba
düşəcək...
Qaldı ki, əsl palıda, o əvəzsiz yanacaq idi. İstər
odun kimi, istərsə də kömür kimi. Həm də ev tikəndə qabaqlar mil əvəzinə, tir əvəzinə kəsib işlədərdilər palıdı.
Qaratikan isə... bu kənd-kəsəyin əsl abır yeriydi. Adamlar bu tikanlı kolu dəhrəylə qırar,
ata-ulağa, sonralarsa yük maşınına yükləyər, gətirib
həyət-bacalarını
çəpərləyərdilər. Son vaxtlaracan kəndlərdə evlərin
həyət-bacasını da
qaratikanla tutardılar. Bu bir qədər yaraşıqsız, kor-kobud
görsənsə də, hər
halda ailələrin abır-həyalarının
qorunmasında əvəzi yoxdu."
Bu hissəni olduğu kimi yazmaqda məqsədim, Qarabağla bərabər hansı zənginliklikləri itirdiyimizi oxuculara
xatırlatmaqdır. Əslində, bu açıqlamayla müəllif də bunu demək istəyibg
Əsərin qəhrəmanı Xosrov 1988-1989 cu illərdə artıq ağlı kəsən yetkin bir gəncdir. O hadisələri görüb, analiz edib nəticə çıxarmağı
bacarır. Bu gənc
oğlan Qarabağın məhşur
Baharlılarla Cavanşirlər
nəslinin törəməsidir. Babası
dövrünün ən
tanınmış adamı Haşım bəy (Hətta
Haşım bəyin
Qromıkoyla da dostluğu olur), atası isə Eylas kişidir. Eylasın səhvindən və qətlindən
sonra Xosrovun anası Zəriş
bircə balasına
pənahlanaraq ailə qurmur.
Eylas yuxarıda dediyim kimi günahkardır, lakin
Eylasın cəzalandırma mərasimini görüncə oxucu bu nifrət etdiyi obraza acıyır və tam əksinə olaraq o, zamanın qan
davasını lənətləyir. Bütün bunlar müəllifin
oxucu hissini rəngdən-rəngə salmaq ustalığından irəli gəlir.
Əsərdə 1989-90 cı illər o qədər səlistliklə verilmişdir ki, oxucu o dövrü yaşayır, mitinqlərə gedir, gecələri meydanda yatır, 20
Yanvarı görür, müstəqilliyin sevincini
yaşayır, bir-bir qurban gedən torpaqları ürək ağrısı ilə yad edir...
Haşım
kişi Zəngəzurda Məhəmməd bəy Aşiq Zəngilani, Bəhlul Behcət, Sarıca Nəbi (Sarı Aşıq), Qarabağda Balım Ağa, Seyid
Nigari kimi ustadların əlyazmalarını, Qarabağnamə müəlliflərinin qiymətli sənədlərini, Şah İsmayıldan
Sarı Aşığa, Balım Ağaya və digərlərinə verilmiş bəlgələri, çoxlu ...tarixi sənədləri qoruyub saxlayır. Sovetlərin at oynatdığı,
represiyaların, güllələnmələrin baş aldığı bir zamanda müharibədən sonra əsir düşən və Almaniyadan kəndlərinə - qohumlarına məktub yazan Baba kişiyə Haşımın cavabı
çox məntiqlidir: "...Kəndimiz o qədər böyüyüb ki, bir ucu burdadı, bir ucu da Sibirdə. Orda da bir kənd salmışıq.
İşdi-şayəd gəlsən, göndərəcəklər ordakı kəndçilərimizə baş çəkməyə..."...
Müəllif əsərdə kənd psixologiyasını o qədər dəqiqliklə göstərib ki, hətta əksər kəndlərdə sakinlərə verilən ləqəbqoyma adətini də unutmayıb. Məsələn, "Ağzıyarıq Ələsgər", "Qancıq Zirəddin",
"Dabanıyanıq Süleyman", "Erkək Yetər",
"Qırış", "Q.Qərənfil" və s.
Qəhrəmanın ismi Zəngəzurun məşhur bəyi Əbdüssəməd bəyin oğlunun adından götürülüb. Gəlin Əbdüsəməd bəyin oğlu Xosrovu tanıyaq:
"Onun atası Məhəmməd bəy Cavanşir idi ki, çar hökuməti onu Zəngilandan əvvəl Çaritsına, sonra isə Ordubada sürgün eləmişdi. (Bu yerdəyişmə rəhmətlik Mirzə Fətəli Axundovun və Qasım bəy Zakirin köməyi ilə baş tutmuşdu) Elə
ömrünün sonunacan, yəni
1861-ci ilə kimi
orda yaşadı. Onun da atası Behbud bəy olub. Behbud bəy
Cavanşir Qarabağ xanı İbrahim xanın qardaşı Əbdüssəməd bəyin
qardaşı oğlu idi. Ağa Məhəmməd şah Qacar 1791-ci ildə Şuşaya hücum edəndə İbrahim xandan üç
şəxsi girov qismində istəmişdi: Batmanqılınc Məhəmməd bəy, Əbdüssəməd bəy və Mirzə Vəli Baharlı. Batmanqılınc
bunu eşidən
kimi adamlarıyla dağlara qaçdı - heç İbrahim
xan da bunun bərkin
tutmadı, onun ordu başçısıydı axı. Əbdüssəməd bəylə Mirzə Vəlini isə şaha girov qismində verdilər."
Arxaik sözlər də (və yaxud ləhcə) əsərdə geniş yer alıb. Məsələn, "Bozalaşma" (mübahisə), "ləj düşmək" (öc olmaq),
"tap" (hündür yer), "hənd" (hündür, qəlbi), "deşdə" (çöldə, eşikdə), "azaylana-azaylana" (təəssüflənə-təəssüflənə), "ray" (rey,
razılıq), "gülləmək" (yəni qısaltmaq
(budağın), yoğun hissəsini atıb, uc hissəsini götürmək (barama alma
prosesində) və s.
Qaçaq İsrafilin qəhrəmanlığından sevə-sevə danışan müəllif onun erməni qızı Marqoya olan məhəbbətindən və Marqonun İsrafilə sədaqətindən də söz açır.
Burada oxucuda əslində düşmən kimi tanıdığımız millətin nümayəndəsinə rəğbət oyanır. Bu rəğbəti yaradan isə bəşəri
hisslərə malik, sevgiyə-sədaqətə dəyər
verən müəllifdir.
Marqonu qəlblərdə yaşadan ən təsirli səhnə Qaçaq İsrafili axtaran
zaman Marqonun evinə soxulan çinovnikə - Ağasıya verdiyi cavabdır: "Adını da
tork qoymusan, öz millətinin igid oğluna tələ qurursan... Mən İsrafili ona görə sevirəm ki, o mərd adamdır! Sizin kimi padles
deyil!".
(İsrafili
sovet çinniləri qətlə yetirdikdən sonra Ağasi kişi Marqo ilə evlənəcək, Marqonun İsrafildən olan oğlu Hüseyni
doğulacaq övladlarından seçməyəcək. Hüseyn
polisdə işləyəcək
və onun oğlu
döyüşdə
Şəhid olacaq.)
Burada
Ağası kişinin sözləri ilə müəllifin
tolerantlığının bir daha sübutunu
görürük: "İndi ay oğul, erməni də, musurman da allahın
altında bir adamdı. Gərək bir-biriynən yola gedələr. Biz Marqoynan əlli il bir
yerdə
yaşadıq. Mən
ona Maral deyirdim. Elə maral kimi gözəldi axı... Dinimizi qəbul elədi, başına şal örtdü,
mənə düz beş
uşaq doğdu. Hüseyni də qatdıq öz
uşaqlarımıza böyütdük. Vallah,
düşmənçilik bir şey deyil..."
Və yaxud, bizimkilər tərəfindən əsir götürülən erməninin onun
qaçacağını zənn edən azərbaycanlıya cavabı: "Ara, hara
qaçıram? Oğlumu qoyaram
qaçaram?" Burada yenə də müəllifin
humanistliyinə,
insani hisslərə verdiyi dəyərə
heyran qalırıq. Ata yalvara-yalvara deyir:
Kirvə, başa
dönum, onun qolu açma, əlimi
qabaxdan bağlamısan onsuz", O, balasının cavanlıq
edib, qaçacağından və
gülləyə tuş gələcəyindən qorxur. Buna görə
də oğlunun
qolunun açılmasını istəmir.
Və eyni
zamanda, erməni-musəlman davasının sadə kəndliyə heç bir aidiyyatı
olmadığını, bütün bunlarda iyrənc siyasətin əlinin olduğunu müəllif yenə də əsir erməninin dili ilə çatdırır:
"Ara mannan düşman olar? Man na biliram
Qarabax haradı? Man yetim ermaniyam. Özü də o allah
haqqı, man siz turkları hamışa çox istamişam.
Siz zor millətsiz... Ara, man neyniram Qarabaxı?"
Sadə əhalinin davaya münasibətini azərbaycanlı əsirin də dilindən eşidirik. Əsirlikdən dönən Zirəddin dostlarına söhbət edir: "Çöndü
maa təyəf, dedi Qayabağ kimindi? Mən də o dili-ağzı quyumuş qəhbə ayvaddı Hafiz məllimin dilincən dedim ki, bizimdi. Biləm, deyəm sizindi, kül mənim başıma! Onda
göydüm, pıçağı siviyib qulağımı
dibinnən kəsdi...
Üüüüü-ühüüüü...."
Əsərdə ən çox diqqətimi cəlb edən məqamlardan biri də müəllifin sevgiyə verdiyi dəyərdir. O
sevgiyə ki, əski zamanlardan ta bu günə kimi dastanlarda yaşayan "Yusif
Züleyxa", "Vamiq və Gülşa", "Əsli-Kərəm" və s. sevgisidir. Burada
"Zəriş-Əbdürrəhman" (nəsil arasındakı
qan davasına görə
evlənmirlər),
"Eylas-Asya", "Xosrov-Səkinə",
"İsrafil-Marqo", "Fatma-Fərhad"
(yenə də nəsillər
arasındakı dava evliliklərinə imkan vermir və baş
götürüb uzaqlara gedirlər.
Fatma-Fəhrad
sevgisi və
onların ömür yolları bir dastana sığacaq qədər zəngindir),
"Mədinə-Haşım"
münasibətlərinin
saflığına, əsil
sevginin varlığına müəllif
oxucunu inandıra bilir.
Roman boyunca müəllif mötərizələr açaraq "nağılçı" adı ilə müxtəlif açıqlamalar verir. Bu məqamı qəbul edə bilmədim. Onsuz da təhkiyəçi oxucunu o qədər inandırır ki, burada mötərizədə nəyi
isə qeyd eləməyə
lüzum qalmır. Hətta bu məqamlarda bədii əsər publisistikaya meyl edir sanki...
Vulqarizm də kitabda özünə yer alıb. Bu isə
müəllifin
yaratdığı əsərin çox təbii və həyat hadisələrini
çılpaqlığı ilə
göstərmək üslubundan irəli gəlir.
Əsərin epiloqu dəhşətli dərəcədə ağrılıdır. Müəllifin sinəsindən çıxaraq gözlərindən daman qan mürəkkəb əvəzi səhifələrə səpilir...
Mən də sözümü bitirirəm.
Sözün bitdiyi yer məhz
bu yerdir: "Əvvəl
Ermənistan dövləti Xocalı dövlətiynən
döyüşdü, əliyalın
camaatı qırdı. Hayına yetən
olmadı... Sohra ermənilər Şuşa
dövlətiynən ağır
müharibə elədi,
şuşalılar qalanı qoyub qaşdılar.
Laçın dövləti
Ermənistanla
döyüşdə
böyük itki verib qaşdı... He-he-heheeee... heş
Laçın adlı yer olmuyub e... Hafiz məllim deyirdi ki, bu dövlətə Laçın adını
Süleyman Sani Axundov qoyub, ha-ha-ha-haaaa! Kəlbəcər dövləti döyüşəndə Füzuli, Ağdam dövlətlərinnən
kömək istədi, verən olmadı... Həəə, sohra
Fizuli dövlətini
məğlub elədilər... he-he... bı da
Qarabulaxdı dana, əvvəl rus dəyişib eliyib
Karyagin, sohra da özümüz dəyişib
Füzuli qayırmışıx... Həəə,
sohra Ağdam dövlətini...
Ağdam dövləti
yaman dövlət
idi haaa! Sovetin guruldayan vaxtında tapança
satırmışlar bazarlarında... Ama bu dövlət də fıs
çıxdı... Gəbrayıl,
Qubadlı dövlətləri də bir-birinə kömək eləmədi... axıra biz qaldıq, Zəngilan dövləti... Yaman
güclü dövlət
idik e! Ermənistan
ordusu əlimizdə aciz
qalmışdı..."
P.S. Bu il Azad Qaradərəlinin yubiley ilidir-
martda 60 yaşı tamam olur. Elə
bu yazımla bəri
başdan onun ad gününü və
həmin günlərdə ayrıca kitab şəklində çıxacaq
"Kuma-Maniç Çökəkliyi"
romanını təbrik
edir, əziz
yazarımız, var olun, deyirəm!
Ədalət.-2014.-11
fevral.-S.6.