XATİRƏLƏRDƏ YAŞAYAN MÜBARİZ MÜASİRİMİZ

Bu gün bizə yaxın, həm də çox uzaq olan Xankəndi bir an belə gözlərimiz önündən çəkilmir, şirin, acı, nisgilli xatirələrlə yada düşür. Ulularımızın ulu yurdu, Qarabağ xanlarının yadigarı və əmanəti olan bu şəhərin azərbaycanlı sakinləri onilliklər boyu erməni millətçilərinin məkrli oyunlarının, cinayət tərkibli əməllərinin ağrılarını yaşamış, lakin mübarizliklərini itirməmiş, mənfur və çox hiyləgər düşmən qarşısında baş əyməyərək azərbaycançılıq məfkurəsi ilə qürurla daşnak tör-töküntülərinin gözlərinin içinə dik baxmış və hər an həqiqəti deməkdən çəkinməyərək bildirmişlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır.

Xankəndinin bu cür mübariz, vətənpərvər sakinlərindən biri də anadan olmasının 80 illiyi tamam olan Əfrasiyab Həşimov idi.

Uzun illər Xankəndi şəhər Daxili İşlər Şöbəsində milis (polis) zabiti kimi fəaliyyət göstərmiş, vətənsevər, millət təəssübkeşli Əfrasiyab Həşimovu uşaqlıq illərindən tanıyırdım. Oğlu Elbursla Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbdə on il bir sinifdə oxumuşuq. Əvvəllər sinif yoldaşımın valideyni kimi tanıdığım Əfrasiyab Həşimovu sonradan daha yaxşı, daha yaxından tanıdım. Onunla Xankəndi şəhər Daxili İşlər Şöbəsində bir neçə il birgə xidmət etdik. O sözün həqiqi mənasında əsil türk oğlu, əsil qeyrətli Azərbaycan kişisi idi.

Əfrasiyab Həşimov milli təəssübkeşli azərbaycanlı kimi bəzən özünü belə daşnak tör-tökəntülərindən zərbə almaq təhlükəsi altına qoyaraq xidmət etdiyi qurumda millətçi erməni milis işçilərinin "caynağına düşmüş" azərbaycanlıların xilaskarı, müdafiəçisi kimi Qarabağ camaatının hörmətini qazanmışdı. O növbədə olmayan günlər milis şöbəsində Həşimovsuz azərbaycanlıları nələr gözlədiyini yaxşı bilirdim və həmişə arzu edirdim ki, kaş o şöbədə olmayanda buraya heç bir azərbaycanlı gətirilməsin. Bəli, Əfrasiyab Həşimov Xankəndi şəhərində fəaliyyət göstərən azərbaycanlı məmurların bir çoxlarından fərqli olaraq ermənilərin, xüsusən də çiyinlərində polis zabiti paqonlarını gəzdirərək soydaşlarımızı incitməyi ali vəzifə sayanların qarşısında polad sipər kimi duraraq azərbaycanlıların hüququnu qoruyur və həm də milis paqonları ilə maskalanmış millətçi erməniləri ifşa etməyi bacarırdı.

Əfrasiyab Həşimov sözün həqiqi mənasında əsil el ağsaqqalı, Xankəndində azərbaycanlıların sıx yaşadığı məhəllələrdə hamının məsləhət yeri idi. Sözünü heç kim yerə salmazdı. Ən müşkül məsələləri sülhlə yoluna qoyardı.

Ulu Tanrı Əfrasiyab Həşimova saf əqidə, vətən sevgisi ilə bərabər uca qamət və güc də vermişdi. Yolunu azan neçə-neçə ərkəsöyün erməni onun qolunun zoruna bələd idi. Əfrasiyab Həşimov Xankəndi şəhər Daxili İşlər Şöbəsində arzuolunmaz bir insan idi. Dağlıq Qarabağ hadisələri başlayanda Əfrasiyab Həşimovun erməni millətçiliyi ilə barışmaz mövqeyi Xankəndində Azərbaycan çörəyini yeyib, Azərbaycanın hesabına təhsil almış vəzifə sahiblərini, həmçinin buraya göndərilmiş separatçıları narahat edirdi.

Dağlıq Qarabağ hadisələri başlayan ərəfədə Xankəndində Lenin küçəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində - Xankəndi şəhər Xalq Deputatları Sovetinin binasının beş addımlığında yerləşən iri ərzaq mağazasının şüşələrinə yapışdırılmış Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən plakatları görəndə dərhal ermənilərin gözü önündə "Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayacaq!" deyə cıraraq mağazanın müdiriyyətinə iradlarını bildirmişdi. Əfrasiyab Həşimov həmin gecə ermənilərin fiziki və mənəvi təzyiqlərinə məruz qalsa da, rəisindən cəza alacağı vədlərini eşitsə də öz mövqeyindən çəkinməmiş və daşnak xislətli rəisinə də sözünü ünvanlamışdı: "əgər o da bu əqidədədirsə, o da cəzasını alacaq".

Əfrasiyab Həşimovun Lenin küçəsindəki ərzaq mağazasındakı hərəkətləri tezcə - elə gecə ikən Xankəndi şəhər Daxili İşlər Şöbəsinin rəisinə çatdırılmış, Yerevana nökərçilik edən bu polis məmuru elə səhərisi gün Əfrasiyab Həşimovla hesablaşmaq, ürəyini boşaltmaq, onu susdurmaq, cəzalandırmaq və digər azərbaycanlı milis işçilərinə də dərs vermək üçün heç bir xidməti zərurət olmadan əməliyyat müşavirəsi keçirmişdi. Lakin milis rəisi yanılaraq arzusuna çatmamışdı. Əfrasiyab Həşimov iclasda açıq-aşkar təzyiqlərə sinə gərərək heç nədən qorxmadan ona hücüm çəkən rəisinnə üzünü tutaraq "məni dünən mağazada sizinlə hədələyirdilər və təəssüf ki, orada sizin haqqınızda həqiqətləri tam deyə bilməmişəm, indi isə deyirəm: "Sizlərdir millətçilərin, cinayətkarların havadarları!" Sonra isə milis rəisini dəlillərlə ifşa edərək onu susdurmuşdu. Bu insident Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsində müzakirə olunanda da ətrafında heç bir azərbaycanlının olmasına baxmayaraq "Azərbaycanın çörəyi haramınız olsun!", - deyə Əfrasiyab Həşimov mövqeyindən dönməmiş, qəlblərində onun haqlı olduğunu etiraf edən Xankəndinə ezam olunmuş SSRİ DİN-nin yüksək rütbəli rus zabitləri doğma vətənində baş verən haqsızlıqlara dözə bilməyən azərbaycanlı milis zabitini sakitləşdirmişdilər.

Xankəndinın işgalınadək və sonralar da Əfrasiyab Həşimov Qarabağa, o cümlədən Şuşaya ezam olunan rəhbər işçilərlə görüşərək doğma yurd yerlərimizin müdafiəsinin təşkil olunması üçün dəyərli təkliflərini vermiş, fəqət qorxaq məmurlarımız "narahat olmayın, partiya və hökumət nə lazımdırsa edir" - deyə bu vətənpərvər qarabağlının sözünü qəribçiliyə salmışdılar.

Bu hadisələrdən öncə - 1987-ci ilin oktyabr ayında ümummilli liderimiz Heydər Əliyev qısqanc və ermənipərəst M.S.Qorbaçovun təşəbbüsü ilə Moskvada SSRİ-nin ali siyasi rəhbərliyindəki yüksək vəzifəsindən uzaqlaşdırılarkən antiazərbaycan əqidəli sovet rəhbərinin bu xəyanətkar siyasi addımı Xankəndi şəhər Daxili İşlər Şöbəsində böyük bir bayram kimi şadyanalıqlı qeyd edilərkən Əfrasiyab Həşimov ermənilərin siyasi harınlıqlarına dözməyərək nümayişkəranə şəkildə ucadan "Heydər Əliyev harada olursa-olsun, o həmişə dahidir və bundan sonra da Azərbaycana xidmət edəcəkdir! - deyə erməni həmkarlarının övqatını təlx etmişdir. Əfrasiyab Həşimovun bu hərəkətindən qəzəblənən Xankəndi şəhər daxili işlər şöbəsinin siyasi işlər üzrə rəis müavini Vaqif İşxanyan Sov.İKP MK Siyasi Bürosunun üzv və namizədlərinin portretlərinin vurulduğu divardan Heydər Əliyevin şəklini qopararaq "bunun vaxtı qurtardı" - deyə təhqiramiz şəkildə kənara - ayaqlar altına atmaq istərkən Əfrasiyab Həşimov portreti onun əlindən alıb böyük ehtiramla əlində saxlamış və üzdəniraq siyasi rəhbərə "heyf ki, o adı sənə qoyublar" demişdi.

Müdrik çağlarını yaşayan Əfrasiyab Həşimovla ömrünün 79-cu baharında görüşəndə həmin şəkli Xankəndində yaşadığı günlərinin ən əziz yadigarı kimi saxladığını göstərdi. Xeyli söhbətləşdik, dərdləşdik Əfrasiyab Həşimovla. Övlad və nəvələrini başına yığaraq onlara Qarabağ həqiqətlərindən söhbət açırdı, onları vətən torpaqlarının azadlığı uğrunda mübariz olmağa səsləyirdi. Olduqca nikbin, gümrah və həyat şövqlu idi. Dərdi-səri isə ancaq Qarabağ idi. Deyirdi ki, Xankəndini azad, oradakı meydanda Leninin abidəsinin yerində Heydər Əliyevin abidəsinin ucalmasını görməyincə ölməklə işim yoxdur. Ömür isə vəfa etmədi. Bütün varlığında Qarabağ sevgisini yaşadan el ağsaqqalının ömrü 80-ə çatmağa vəfa etmədi...

...Ruhun şad, arzuların çin olsun, Əfrasiyab dayı!

 

Hikmət Xudiyev (Cəmilzadə)

əməkdar jurnalist

Ədalət.-2014.-12 fevral.-S.6.