"Sahib-mənsəb və ziyalılar vətəni"

Araz sahilində yerləşən Şahtaxtı kəndi öz ziyalıları ilə məşhurdur.

Böyük demokrat yazıçı C.Məmmədquluzadə bu kənd və onun ziyalıları barəsində yazmışdır: "Şahtaxtı məşhur bir qəsəbədir. Məşhurluğu ona görədir ki, bu qəsəbə bir çox sahib-mənsəb və ziyalıların vətənidir". Mirzə Cəlil özünü "Məmmədağanın vətəninin övladı" adlandırırdı.

Şahtaxtı kəndi - İsa Soltan, Əbülfətağa, Həmid bəy, Behbud ağa, Məmmədağa Şahtaxtinski, Hacı Molla Abdulla (Hüseyn Cavidin atası), Həbib, Adilə, Toğrul, Zəhra Şahtaxtinskilər və sair jurnalistlər, alimlər, siyasi və hərbi xadimlər, şair və xanəndələri ilə şöhrət qazanmışdır. Mükəmməl rus, fars, Avropa təhsili görmüş İsa Soltan Qafqazda və İranda tanınmış şəxs idi.

Şahtaxtinski İsa Soltan Nəcəfqulu oğlu (1851-1894) Tiflis realnı gimnaziyasını bitirmiş (1871), Peterburq Əkinçilik institutunda təhsil almış, Parisdə və Londonda siyasi iqtisada, Sürix Politexnikumunda təbiətşünaslığa dair mühazirələrə qulaq asmışdır (1872-75). Kənd təsərrüfatı elmləri namizədi diplomu ilə Tiflisə qayıtmışdır. 6-7 əcnəbi dildə danışırdı. 1875-87-ci illərdə "Tiflisskiy vestnik" qəzetində xarici siyasət şöbəsinin müdiri olmuşdur. Onun ölümündən sonra həyat yoldaşı Səkinə qızlarının 5-nin də oxuyub savadlanmasında əlindən gələni əsirgəməmişdir (Leyli, Adilə, Fatimə, Nazlı, Cəmilə).

Qızı Leyli (1855-1907). Tiflis əllimlər Seminariyasını bitirmiş Leyli İsveçrə Tibb universitetində təhsil almış, 27 yaşında dünyasını dəyişmişdir.

"Molla Nəsrəddin" jurnalınıın redaktoru C.Məmmədquluzadə 1908-ci il 52-ci nömrəsində yazmışdır: "Avropaya elm dalınca gedən müsəlman (azərbaycanlı) qadınlardan Leyli xanımdan savayı biz özgəsini eşitməmişik. "Molla Nəsrəddin" jurnalından xəbərdar olanlar gərək bilsinlər ki, bir belə vücudun yox olması bizim üçün təskinsiz bir dərddir. Jurnalımızın səhifəsini mərhumənin surəti ilə bəzədik ki, gələcəkdə Leyli xanımın vətən bacıları hər dəfə həmin vərəqəni görəndə desinlər: bu bacımız vəfat etdi, insafdırmı, bunun yeri boş qalsın? Rəvadırmı, bundan sonra İsveçrədə elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş, dəxi dünyada müsəlman qızı yoxdur və, bəlkə də, dünyada heç müsəlman yoxdur".

Böyük ədib bilmədi ki, Leylanın nakam ölümündən üç il sonra bacısı Adilə 36 yaşında Azərbaycanda ilk tibb elmləri doktoru olacaq. 1933-cü ildən ömrünün sonunadək Azərbaycan Tibb universitetində mama-ginekologiya kafedrasına rəhbərlik edəcək. Başqa əmisi qızı Zəhra Mustafa qızı (1895-1977) uzun illər Azərbaycan Dövlət Pedaqoji institutunda dekan və kafedra müdiri vəzifələrində çalışmışdır. Əməkdar elm xadimi idi.

C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın "Xatirələr"ində oxuyuruq: "Sentyabrın (1905-ci il nəzərdə tutulur - A.Ə.) axırlarında qızım Minarəni Tiflis Qızlar institutuna apardım. Sofiya xanımın evinə düşdük. Onlar Krasnoqorsk küçəsindəki 10 nömrəli evdə yaşayırdılar. Nazlı xanım Tiflisdəki Puşkin adına məktəbdə əllim idi. Gürcüstan Dövlət Respublikası dövründə (1918-21) Nazlı xanım Sabir adına 6-cı məktəbdə (50 şagird - 36 oğlan, 14 qız) dərs deyirdi (Gürcüstan MDA, f.1935, 92, vərəq 8)".

Nazlı xanım Şahtaxtinskaya ötən əsrin 50-ci illərinədək Tiflisdə əllimlik etmiş, bir müddət 96 saylı orta məktəbin direktor müavini olmuş, Gürcüstanın "əməkdar əllim"i fəxri adına layiq görülmüşdür. 1968-ci ildə Tiflis şəhərində vəfat etmişdir.

Görkəmli maarifçi və publisist Fərhad Ağazadə (Şərqli) Mirzə Fətəli Axundovdan sonrakı dövrü Şahtaxtılı Məmmədağa dövrü adlandıraraq yazır: "Bu dövrün ən böyük heykəli Məmmədağa Şahtaxtılı cənablarıdır".

Naxçıvanda rus-tatar məktəbini, Tiflis gimnaziyasını bitirən Məhəmmədağa Şahtaxtinski Leypsiq universitetinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmişdi (1869). 1873-75-ci illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləmişdir.

Universal zəka sahibi olan Məhəmmədağa onlarla əcnəbi dillərində ədəbi-elmi əsərlər yazmış ilk azərbaycanlı kimi tarixə düşmüşdür. Beynəlxalq Fonetika cəmiyyəti (1899), Beynəlxalq "Asiya cəmiyyəti" (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü, Bakı universitetinin professoru olmuşdur (1920). Əlifba islahatında M.F.Axundovun ardıcıllarından olan M.Şahtaxtinski 1879-cu ildə Şərqdə əlifba islahatı tarixində ilk kitab "Təkmilləşmiş Müsəlman əlifbeyi"ni Tiflisdə nəşr etdirmişdi. 1891-93-cü illərdə "Kaspi" qəzetinin müvəqqəti redaktoru işləyən Məhəmmədağanın azərbaycan dilində "Tiflis" adlı qəzet çıxarmaq təşəbbüsü nəticə vermədikdən sonra Avropaya səfər edir və 1902-ci ilədək Parisdə Fransa kollecində və Ali Təcrübi Təhsil məktəbində Şərq dillərindən dərs demişdir, Sarbonna universitetində prof. P.Passinin rəhbərliyi ilə fonetika sahəsində tədqiqat aparmış, Fransa Maarif Nazirliyinin fəxri fərmanını almışdır. 1903-cü ildə məşhur "Şərqi-rus" qəzetinin redaktoru kimi Azərbaycan demokratik mətbuatının inkişafında müstəsna rol oynamışdır.

Dövrün mütərəqqi ziyalılarından biri də Əsədulla bəy Şahtaxtılıdır. Mətbuatı ən təsirli qüvvə hesab edən Əsədulla bəy Tiflisdə qəzet çıxarmaq fikrinə düşürsə də, buna nail ola bilmir. Bir fakta nəzər salaq. 1891-ci ildə Tiflisdə 14 rus, 6 erməni, 5 gürcü və 1 fransız dilində, 26 adda qəzet və jurnal çap olunurdu. 90-cı illərdə Şahtaxtılı "Tiflis", Kamal Ünsizadə "Uçan vərəq", "Yerli elanlar", "Daniş" adlı qəzetlərin nəşrinə icazə almağa çalışmışlarsa da, nəticəsiz olmuşdur. Əsrimizin əvvəlində Məmməd Sadıq Axundovun ("Prikaspiyskaya jizn"), həkim Həsən bəy Ağayevin ("Novoye veyaniye"), Qarabəy Qarabəyovun ("Narodnoye slovo") və bir çox başqalarının qəzet və jurnal çıxarmaq haqqındakı səyləri nəticəsiz qalmışdır. Cəhdlər artır, xahişlər çoxalır, qanunlar isə sərtləşirdi. Bu vaxt Rusiya Daxili İşlər naziri yazırdı: "Tatar (azəri - A.Ə.) dilində qəzet və jurnalların çap edilməsini qətiyyən arzuedilməz bir hal hesab edirəm. Mətbuat işləri üzrə Baş idarə bu barədə olan xahişləri mümkün qədər rədd etməlidir..."

Demokratik cəbhədən çıxış edən Əsədulla bəyin geniş və çoxcəhətli yaradıcılığı, təəssüflər olsun ki, bu günədək xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Ə.Şahtaxtılı şifahi xalq ədəbiyyatı nümunələrinin rus dilinə tərcümə edilməsi sahəsində çox görmüşdür. O, "Leyla", "Qalanın dibində" və bir neçə aşıq mahnısını, ictimai məzmunlu bayatıları tərcümə edərək "Kaspi" qəzetinin 1906-cı il 21 oktyabr tarixli nömrəsində dərc etdirmişdir. Şahtaxtılı məşhur "Leyla" xalq mahnısı haqqında yazırdı: "Qarşımızda ideal bir qızın surəti canlanır. O, əməksevərdir, onunla yaxşı ailə qurmaq olar, bu isə hər şydən vacibdir... Leyla bir də ona görə qəribədir ki, o, oxumaq və yazmaq bilir. Bu, xalqın arzusu idi. Xalq yeni nəslin tərbiyəsi işində bu kimi gələcək anaların rolunu hiss edir və onların mənəvi cəhətdən inkişaf etmələrinin zəruri olduğunu görürdü".

əllifi xalq mahnılarında maraqlandıran ən birinci cəhət mahnıların mətnindəki ictimai məzmun, dərin fəlsəfi fikirdir.

"Qalanın dibində" mahnısının əsas qayəsini ülvi məhəbbət tərənnümü, saf və səmimi duyğular təşkil edir.

 

Qalanın dibində bir daş olaydım,

Gələnə-gedənə yoldaş olaydım,

Ay dadaş, atma daş, mən yaralıyam,

Şəkinin, Şirvanın mən maralıyam.

 

El mahnılarının rus mətbuatında təbliğatçıları olan Y.Polonski, N.Vostrikov göstərirdilər ki, Azərbaycan mahnıları erməni və gürcü xalqları arasında da çox yayılmışdır. Zaqafqaziyada Azəbaycan xalq mahnıları məclislər yaraşığı hesab olunurdu.

Əsədulla bəy Şahtaxtılı azəri və rus mətbuatında tərcüməçi və publisist kimi iştirak edir, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin müxtəlif sahələrini demokratik cəbhədən işıqlandırırdı.

Əbülfət ağa, Behbud ağa, Həmid bəy Şahtaxtılıların da inqilabdan əvvəlki azəri və rus dövri mətbutında müxtəlif sahələrə həsr edilmiş publisist məqalələri haqqında az da olsa, məlumat var. Cahangir ağa Şahtaxtılı da dövrün mütərəqqi ziyalısı kimi tanınmışdır. O, çarizm tərəfindən təşkil edilmiş milli qırğına qarşı öz üsyan səsini qaldıraraq Molla Nəsrəddinçilərin səsinə səs verirdi. O, 1905-ci ildə Bakıda qətl olunmuşdur. Şövqi Novruzovərqi-rus" qəzeti adlı əsərində yazır: "S.Peterburqskiye vedomosti" qəzeti M.Şahtaxtılının həyat və fəsliyyətindən bəhs edən "M.Şahtaxtılının xatirəsinə" adlı nekroloqda ədib haqqında müəyyən məlumat verilir. Qəzet "Millətin yaraşığı" adlandırdığı M.Şahtaxtılını Bakıda qətl olunmuş qardaşı Cahangir ağa ilə səhv salaraq hüznlə xəbər verərək yazır: "Müsəlmanlar arasında bu cür bilikli adamlar azdır. Əfsuslar olsun ki, tale onları bu sonuncudan da məhrum edir".

M.Şahtaxtılı 1919-cu ildə fransız dilində Bakıda qəzet nəşr etdirmək istəyir. Lakin buna nail ola bilmir. 1919-cu ildə təsis edilmiş universiteti alqışlayan Məmmədağa Şahtaxtılı "Kommunist" qəzetinin 26 oktyabr 1920-ci il tarixli nömrəsində yazırdı: "Yaşasın intizarını çəkdiyimiz türk kommunist darülfünunu!"

Şahtaxtı kəndinin ziyalılarının dövri mətbuatımızın inkişafında xidmətləri az olmamışdır. Bu səpkidə tədqiqatın aparılması ədəbiyyatşünaslığımız üçün böyük əhəmiyyətə malik olardı.

"Şərq qapısı"

24 noyabr 1968

Arif Əliyev

Azərbaycan DBTİA-nın

kafedra müdiri, Əməkdar müəllim

Ədalət.-2014.-12 fevral.-S.7.