Qədim və sirli diyar
Bura Naxçıvandır - qədim və sirli diyar; özü bir möcüzə, söhbəti-sözü möcüzə... Dünyanın ilk inanışlarından biri - Nuh tufanının ümid sahili, ədəbiyyatın, mədəniyyətin ilk addımlarına çıraq tutan, əsrlərin tufan sınağından keçə-keçə üzü bəri gələn "Gəmi qaya" burda uyuyur. Bir ucu möhtəşəm dağlar, bir ucu nəğməli Araz - beləcədi bu diyar, sinəsindən yanğısı İlanlı dağ olub baş qaldırar ki, Əcəmi dühasının bir dilim alovuna - Möminə xatuna qarışsın. O yanda Qarabağlar abidələri, bu yanda Gilan şəhərinin aranılıb-araşdırılan qalıqları. Hərəsi bir tarix səhifəsidir bunların.
Bu nurlu diyarın indikindən və daha parlaq sabahlarından danışarkən, xəyalən keçilmiş yollara bir daha qayıdırsan.
O yollara ki, hər biri bir mübarizə və zəfər salnaməsidir.
O yollara ki, onları keçə-keçə nəsillər daha mətinləşmiş, böyük tarixi bir təcrübə məktəbi əldə etmişdir.
O yollara ki, bizi sınaqlardan keçirə-keçirə bizi ikinci dəfə milli azadlıq, demokratik rejimə qovuşdurmuş; indiki nəslə onu göz bəbəyi kimi qorumağı tövsiyə etmişdir.
Müasir Naxçıvan qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.
Yaşı barədə söhbətlərin kəsilmədiyi (birisi 5, kimisi isə 10 deyənlər də var) Naxçıvan bir çox tarixi mərhələlərdən keçmişdir, acılı-şirinli.
Söhbət elə bir yerə gedir ki, inqilabdan əvvəl oranın sənayesi ibtidai üsulla işləyən 5-10 karxanadan ibarət idi. Bu müəssisələrdə ildə cəmi 150 min manatlıq məhsul istehsal olunurdu.. Elə kənd təsərrüfatı, səhiyyəsi, maarifi də bu sayaq. Bax, belə bir yerdə qısa müddətdə əsrlərə bərabər nailiyyətlər qazanılmışdır.
İndi çox yaxşı xatırlanır ki, inqilabdan sonra Ordubadda konserv zavodunun, barama qurdu toxumu zavodunun ilk fiti necə sevinclə qarşılandı, baramaaçan fabriki sex-sex necə böyüdü; Naxçıvanda ət-süd kombinatının, mebel fabrikinin, asfalt-beton, kərpic zavodlarının istifadəyə verilməsi yada düşür. Sonra yeni adlar, yeni ünvanlar: taxıl məhsulları kombinatı, mineral sular, şüşə və alüminium qablar, elektrotexnika, mərmər zavodları, trikotaj mallar fabriki, Şahbuzda avtomobil təmiri, Şərurda tikinti materialları zavodları, dünyaya səs salan allerqoloji xəsətxana...
İnqilabdan əvvəl Naxçıvan əhalisinin 93 faizindən çoxunun
savadsız olduğunu xatırlayanda, necə iftixar
və qürur hissi ilə fikirləşməyəsən
ki, indi burada ali məktəblər,
çoxsaylı tərbiyə müəssisələri fəaliyyət göstərir. Son on ildə muxtar respublikada onlarla məktəb binası tikilib istifadəyə verilib. Muxtar Respublikada Azərbaycan SSR Elmlər
Akademiyasının Naxçıvan
Elm mərkəzi, elmi tədqiqat
idarələri fəaliyyət göstərir.
Naxçıvan bu gün inkişaf
etmiş sənayesi, yüksək
dərəcədə
mexanikləşdirilmiş
kənd
təsərrüfatı,
qabaqcıl mədəniyyəti
olan diyardır.
İndi bir gündə bütün
1924-cü ildəkinə nisbətən on dəfə çox sənaye məhsulu istehsal olunur.
Vaxtilə məşhur
rus sənətşünası
Alpatov yazmışdı
ki, Firdovsinin "Şahnamə"si,
Nizaminin "Leyli və
Məcnun"u
kimi, Şərqin ölməz
klassik əsərlərində duyduğumuz
bəşəri təravət qoxusunu biz Naxçıvanın
abidələrində görürük.
Bəli, bütün
nəsillərin çağdaşı olan
bu sənət örnəkləri həmişə psixoloji-emosional zənginlik aşılayıb, memarlığın
bədii-emosional,
informasiya "yükünü"
artırıb.
Əcəmi yurdunun övladları əsrləri adlayıb gəlmiş bu
incilərin
qayğısını, "nazını" oğul qeyrəti
ilə
çəkirlər.
Son illər
muxtar respublikada abidələrin bərpası
işi razılıq doğurur. Kompozisiya baxımından fərdi xarakter daşıyan tikililərin
hamısının təmirində həcm
düzgün hiss edilib
- çalışıblar ki,heç nə əskildilib-artırılmasın, bu abidələr ötən
əsrləri necə
yola salıbsa, gələcək əsrləri də eləcə qarşılasın.
Muxtar respublikanın
paytaxtı qədim Naxçıvanda "Qızlar
bulağı" kompleksi,
tikilən
yeni binalar, böyük həssaslıqla təmir olunan abidələr
qədim
şəhərə yeni görkəm
vermişdir. Son altı
ayda şəhərdə aparılan quruculuq işləri
keçmiş on illərdə görülən işlərə bərabərdir. Hara baxırsan könül
açılır. Bu gün burada milli-memarlıq abidələri ilə əsrlər görüşür. "Zaviyyə"
məscidi
təmirdən sonra poeziya teatrına
verilmiş və naxçıvanlıların sevimli
yerinə
çevrilmişdir, onlar
tez-tez bura görüşə
gəlirlər, öz unudulmaz həmyerliləri, "tanrısı gözəllik və
sevgi olan", bu yaxınlarda qərib
diyardan həmişəlik
doğma yerlərə qayıdıb
gəlmiş
Hüseyn Cavidin görüşünə:
Cavid poeziya teatrı ilə bu qədim
abidənin
əsl həyatı
başlanmışdır - ulu və
əsrarəngiz, hikmətli
və
sehrli. Müasirlərimiz şəhərdə "Təbriz" mehmanxanasını ucaltmaqla
yanaşı, onun qarşısındakı qədim hamamı da bərpa
ediblər
- əsrlərin bu görüşü ideya-tərbiyə işində
əsl
əyanilikdir.
Bir məsələdən
bəhs
etmək
xüsusilə
zəruridir:
on il əvvəl xalqımızın
böyük sənətkarı, "Qeyrət" mətbəəsində dünyaya göz açaraq nəinki Azərbaycanın, bütün Şərqin qeyrəti
və
vicdanı və tərcümanı
olan "Molla Nəsrəddin"in ürəyi
və
düşünən
beyni Mirzə Cəlil heykələ dönərək Naxçıvana qayıtdı.
Və bu qayıdış
əsl
ümumxalq bayramına
çevrildi.
Bu gün o bayram sevinclərini
göz önünə gətirə-gətirə
fikirləşirik:
gözəl
mehmanxana, son vaxtlar ucaldılan yaraşıqlı,
çoxmərtəbəli binalar arasında böyük ədibin heykəli
görünməz
olub. Bizə belə
gəlir
ki, ya abidənin özülünü 4-5 metr
qaldırmaq, ya da onu başqa
yerə
köçürmək
lazımdır.
Qoruq şəhərdə - Ordubadda
olan abidələr
- "Mədrəsə", "Cami
məscidi",
"Buzxana", "Zorxana",
"Dilbər
məscidi"
haqqında dəfələrlə yazılıb, onlara xas gözəl forma, yüksək tikinti mədədniyyəti, zövqoxşayan naxışlar
incələnib, öyülüb.
Bəli, bu abidələrin hər
biri canlı tarixdir, tərbiyə
tarixidir.
Bu gün bu gözəl diyarın gəncləri
dünyanın bir sıra ali
məktəb və
kolleclərində təhsil
alırlar. Bu diyarda elmə, maarifə olan həvəs həmişə heyrətli
olub.
Hələ ötən
əsrin
90-cı illərində Məhəmməd Tağı
Sidqinin Naxçıvanda
açdığı məktəb sağlığında
şeir, sənət, maarif auditoriyasına çevrilmişdir. Bu gün böyük pedaqoq Sidqinin arzu və
əməlləri yetişməkdə olan Naxçıvan gənclərinin həyat
tərzinə çevrilmiş və onları doğma Azərbaycanımızın
uğurlarının miqyaslılığına
həvəsləndirir.
Naxçıvan muxtariyyətinin ruh yüksəkliyi ilə keçirilən 90 illik yubilyei onu da xatırladır ki, imperiya xarabazarlığı üzərində sivil demokratik dəyərlərə əsaslanan milli dövlət qurmaq heç də asan məsələ deyil. İlk növbədə milli ruh, əzmkarlıq, milli təməllər üzərində qurulmuş təbliğat maşını yaradılmalı, vətənsevərlik, vətənə sədaqətlilik, maarifçilik, yaddaşın bərpası önə çəkilməlidir. İstər əmək qabaqcılları olsun, istər yaradıcı gənclər olsun...
Naxçıvan muxtariyyətinin 90 illik statusu rəsmiləşdirilməsinin qeyd olunması günlərində unutmamalıyıq ki, onun ərazisinin 80 faizi indiki Ermənistanın ərazisinə qatılmışdır. Gülüstan (1813), Türkmənçay (1828) müqaviləsi ilə Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalının başa çatmasından, İrəvan xanlığının ləğvindən sonra ermənilərə verilmişdir. 2 il içərisində Naxçıvana əvvəlcə 434, sonra 2285 ailə (10 mindən çox adam) gətirilmişdir. Köçürmə prosesi 20-ci əsrdə daha da gücləndi. 1918-20-ci illərdə Naxçıvan, Şərur, Dərələyəz, Culfa və Ordubadda baş verən hadisələr, ermənilərin azərbaycanlılara qarşı soyqırım cinayətləri dəhşətli, faciəli şəkil aldığından Naxçıvan məsələsi 1918-20-ci illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasında və parlamentində, erməni Milli Şurasında, Ermənistanın və Türkiyənin paralmentlərində, Təbriz bələdiyyə idarəsində, Parisdə Versal sülh konfransında (1919), 1919-20-ci illərdə ABŞ-ın Ermənistan və Azərbaycan nümayəndəliklərində, 1920-ci illərdə Azərbaycan Sovet Respublikası və Ermənistan SSR inqilab komitələrində, 1921-ci il martın 16-da RK(b)P-nin siyasi bürosunda, 1920-21-ci illərdə RSFSR Xalq Komissarları Sovetində müzakirə olunsa da, Naxçıvanın əsl mənada tarixi taleyini yalnız Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) təsbit etdi. Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan dövlətləri Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanıdılar və ona beynəlxalq hüquqi təminat verdilər. 1923, 27 fevral - 1924, 9 fevral müddətlərində isə sovet rejiminin təzyiqi altında Moskva və Qars müqavilələrinin bir sıra şərtlərinin pozulması hesabına muxtar qurum yaradıldı.
1992-ci ilin mayında Azərbaycanda hakimiyyət dəyişikliyi, Azərbaycan Xalq Cəbhəsinin iqtidara gəlməsi də vəziyyəti dəyişmədi. Naxçıvan AXC iqtidarı da siyasi blokadaya alınmışdı. Heydər Əliyevin Naxçıvan dövrü, irəliyə sürülən qərarlar, edilən təşəbbüslər Azərbaycan tarixinin ən parlaq tarixinə çevrilmişdir.
Bu gün Naxçıvan sürətli inkişaf yoluna çıxmışdır. Sənayenin ümumi məhsulunun həcmi 1924-cü ildəkinə nisbətən 1990-cı ildə 200 dəfədən çox, 2001-ci ildən isə 1995-ci illə müqayisədə 1.7 dəfə artmışdır. Son 20-25 ildə əldə edilən uğurlar cildlərə sığmayan mövzudur. Əsası budur ki, Naxçıvan Muxtar Dövləti inamlı addımlarla sabaha doğru irəliləyir.
Muxtar Respublika özünün muxtariyyətinin 90 illik yubileyini təntənə ilə qeyd edir. Bayram sevincləri isə həmişə qədim diyarın zəhmətkeşləri ilə olacaq, onları yeni qələbələrə, yeni zəfərlərə çağıracaq.
Arif Əliyev
Azərbaycan
DBTİA-nın
kafedra müdiri, Əməkdar
müəllim
Ədalət.-2014.-13
fevral.-S.6.