"Aclıq" dərsi
Çılpaq divarlar idi, taxta döşəmə idi, cındır palaz idi, astarı yamaqlı yorğan-döşək idi, bir də pişik balası kimi büzüşüb yatmış oğlan uşağı. Bu uşağın da özündən-sözündən çox-çox böyük adı vardı - Elat.
- Ana-a!.. - Elat yuxudan ayılan kimi başını çevirib gördü ki, otaqda tək qalıb. Yavaşca yerindən qalxdı; paltarını geyib, dəhlizə keçdi. Anası əli qoynunda pəncərənin qabağında dayanmışdı.
- Sabahın xeyir, ana-a-a...
- Allah sabahını xeyir eləsin,
qurban olum! - Ana Elatı bağrına
basıb, üzündən öpdü. - Necəsən, ay bala?!
-Ölürəm...
-Səni
istəməyənlər
ölsün, dədəm qurban, nə
olub?!
-Sancıdan qarnım doğranır.
-Özünü darıxdırma,
indi nanə-cövhərlə ovxalayacam, keçib gedəcək!
-Çayımız var?!
-Dünəndən qalmadı.
-Olsun da?!
-Buz kimidi!
-Qızdır da...
-Qaz balonumuz boşalıb,
işığımız da
yanmır. Atan bu gün qonşudan pul alıb, borcumuzu verəcək. Məktəbdən gələndə
isti çay içərsən, Allah qoysa!
-Qəndimiz
bəs?!
-Döşəkağına
büküb bir balon su saxlamışam
ki, isinsin. Bir stəkana
tök, birdən içmə
ha, soyuqdu, boğazın
gələr, ağzında saxla, qurtum-qurtum ud.
-Ay ana, bura niyə gəldik
ey! Kəndimiz hayıf deyildi?!
Heç olmasa yaşamağa isti evimiz vardı, doyunca yeməyə
çörəyimiz
vardı, mal-qaramız
vardı, işığımız...
qazımız... suyumuz...
Burda nə
var, hamısı pulnandı. Bizim də
pulumuz yox!
-Ay bala, orda qala
bilərdik?!
Özümüzü öldürüb,
iraq səndən, iraq səndən, meyitimizi də qurda-quşa
yem eləyərdilər. Allaha şükür ki, sağ-salamat bura gəlib
çıxa bilmişik!
-Burda belə
yaşamaqdansa, orda elə
ölmək
yaxşıydı, ay ana!
-Elə
danışma, qurban olum, Allaha acıq
gedər!
Niyə yadına salmırsan
bəs,
orda bir həyətdə gör neçə
nəfər idik?! Baban hanı, əmilərin hanı, dayıların hanı, nənən
hanı?! Heç
bilmirik qəbrləri
də
hardadı! Bəs böyük qardaşın
Səxavət?!.. - Ana donunun ətəyini gözlərinə apardı. - Ciyərimə dağ basdın, ay şəhid
balam! - Hönkürdü...
***
Elat bu gün də
məktəbə ac gəlmişdi. Arada qarnı
curuldayanda bərkdən öskürürdü ki,
eşidən
olmasın. Ancaq öz
səsiylə öz qulağını batırırdı. Uşqlar yer-yerdən pıqqıldaşanda qıpqırmızı
qızarırdı. Hələ söz atan da vardı:
-Qurbağa - qur-qur!
Müəllimə sinfə
girən
kimi dərsə
başladı:
-Bugünkü mövzumuzun
adı "Aclıq"dı.
Şagirdlər əvvəlcə bir-birinə,
sonra da müəlliməyə baxdılar:
-Aclıq?!
-Bəli.
Uşaqlar az qala xorla:
-Mmm... - elədilər.
-Kim aclıq haqqında danışa bilər?
Şagirdlər yenidən
bir-birinə
sarı çevrilib, çiyinlərini
çəkdilər. Arxa cərgədən
sünbül kimi nazik bir əl qalxdı.
-Olar mən
danışım, müəllimə?!
-Ela-a-a-t?! Buyur.
-Əgər ana qab götürüb qonşudan un almağa gedirsə, buna deyirlər aclıq. Aclıq özü də bir neçə yerə bölünür; zəif aclıq, əsl aclıq, ölüm aclığı. Hiss eləyəndə ki, ürəyin yemək istəyir, bu olur zəif aclıq. Elə ki, evi axtarırsan, ağzına qoymağa bir tikə çörək tapmırsan, başlayır qarnın curuldamağa. Bu, əsl aclıq sayılır. Bir də var, ən böyük aclıq - ölüm aclığı.
-Ölüm aclığı?!-müəllimə qaşlarını çatdı.
-Bəli.
-O necə
olur?! - Şagirdlər idi.
-Fasiləsiz
mədə sancısı, qarın curultusu, baş ağrısı, gözlərin qabağına duman çökməsi,
ağızdan qara su açılması, başgicəllənməsi və ögümək
ölüm aclığının
əlamətləri sayılır...
Uşaqların gözləri
bərələ qalmışdı:
-Biz bunları bilmirdik, müəllimə!
-Mən
də
çox şeyi bilmirəmmiş,
demə!
Xocalı
qırğınından canlarını
qurtarıb, Bakının
gecəqondularından
birinə
sığınan Qarabağ
qaçqının 10 yaşlı
oğlu Elat axır ki, müəllimədən ilk "əla"sını aldı.
Qəşəm
İsabəyli
Ədalət.-2014.-13
fevral.-S.7.