"VAHİDƏM, ŞAİRİ-AZADPƏRƏSTƏM..."

(Dahi qəzəlxan Ə.Vahidin anadan olmasının 120 illiyi münasibətilə)

 (Əvvəli öətən sayımızda)

Vahid özünü ölüncən kommunizmin "kəfənində görüb." Odur ki, Hüseyn Cavidə yazdığı bir qəzəldə dahi şairin faciəsinə işarə edərək, yarımörtülü dillə deyirdi:

Lövh üzrə Pirimiz bizi yazmış şəhidi-eşq,

Meydani-ədli-daddə gülgün kəfənlərik.

Cavid həmişə xəlqimizin xatirindədir,

Vahid, o yoxsa, ruhu ilə həmvətənlərik.

Ulu Öndərimiz Heydər Əliyevin şəxsi iştirakı ilə 1996-cı ildə keçmiş Respublika (indiki Heydər Əliyev) Sarayında şairin 100 İlliyi ilə əlaqədar keçirilmiş yeganə rəsmi Vahid Poeziya Günündə mərhum Prezident təsadüfən demirdi ki, Vahid ədəbiyyatımızda Füzuliyə bərabər bir şairdir. Burada diqqəti o çəkir ki, H.Əliyev heç də Vahidi, bir çox başqaları kimi, Füzulimizin adi bir "davamçısı", yaxud bir təqlidçisi kimi deyil, məhz poeziyamızın Füzuli zirvəsində görürdü. Məncə, bu Vahid lirikasına milli istiqlal şəraitində verilmiş yeganə, həm də ən obyektiv düzgün siyasi qiymət idi.

Vahid, sözün əsil mənasında, milli istiqlal şairimizdir. Onun bolşevizmə qarşı sərt əyilməz istiqlalçı məfkurəsi təkcə H.Cavidə, S.Mümtaza və b. covetizmin qurbanlarına yazdığı qəzəlləri ilə məhdudlaşmır. Vahid, eyni zamanda, qırmızı imperiyanın sərhədlərindən dişarıda qalmış Azərbaycan istiqlalçılarının da həsrətini çəkir, onların Vətən və İstiqlal ağrılarını yaşayırdı. Bu mənada, onun bir qəzəli Sovet işğalı dövründə yazılmış Azərbaycan poeziyası üçün çox nadir hadisədir:

Məhəbbətinlə könüllər dolub, unutmayacaq

Nə bir rəfiqi-həqiqi, nə əhli-xanə səni.

Vətəndə nami-nişan ilə ölmək izzətdir,

Diyari-qürbətdə kim saldı binişanə səni?

olmasan da, xəyalın bizimlə həmdəmdir,

Əgər möhnəti-qürbət yetirdi canə səni.

Vahid öz xalqını, vətənini, onun milli istiqlal mübarizəsini nə qədər dərindən sevirdisə, qədirbilən xalqımız da onu eyni böyik və sonsuz bir məhəbbət ilə sevmişdir və sevir.

Vahid 1000 illik bədii sərvəti, son iki əsrdə neçə-neçə ədəbi məclisin- "Divani-hikmət" (1820-1882-ci illər. Gəncə, Tiflis. Mirzə Şəfi Vazeh), "Gülüstan" (XIX əsr 30-cu illər. Quba. Mirzə Möhsün Xəyali, A.A.Bakıxanov-Qüdsi və b.), "Əncümənüş-şüara" (1838, Ordubad, Şıxəli Naib, Mirzə Ağarəhim Qüdsi, Hacağa Fəqir Ordubadi, Məhəmmədtağı Sidqi), "Fövcül-füsəha" (1850-1900, Lənkəran, Mirzə İsmayıl Qasi, Mirzə İsa Xəyali, Mirzə Həsən Səyyad, M.Ə.Mühəqqir, M. Mücrüm, M.İ. Mahir), "Beytüs-Səfa" (1867-1892. Şamaxı, Mirzə Məhəmmədhəsən, Molla Ağa Bixud, Seyid Əzim, Mirzə Nəsrullah Didə, Ağaəli bəy Naseh, Molla Mahmud Zövi, Məhəmməd Səfa və b.) , "Məclisi-üns" (1864-1897. Şuşa, M.R.Fəna, H.A.Ağahi, X.Natəvan), "Məclisi-fəramuşan" (Qarabağ, M.M. Nəvvab, Həsənəli xan Qarabaği, M.M. Katib, Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Əyyub Baki), "Məcməüş-şüara" (1880-1923, Bakı. 1980-ci ildən fəaliyyəti R.Samit tərəfindən yenidən bərpa edilib. Hazırda rəhbəri Fazil Şahindir) və d. ədəbi məclislərin gördüyü kollektiv bir işi, demək olar ki, bütün ömrünü bu yola qoyara, çox çətin bir tarixi şəraitdə tək başına həll edə bilmişdir. O, Azərbaycan klassik şeirini öz bədii yaradıcılıq və ədəbi şəxsiyyəti nümunəsində qoruyub yeni nəsillərə ötürə bilmişdir. Klassik ənənəni qoruyub saxlamaq və inkişaf etdirmək isə indiki yaradıcı gəncliyin mənəvi borcudur.

Ə. Vahidə ümumxalq məhəbbəti tarixi Azərbaycanın qüzeyi ilə məhdudlaşmamışdır. Bunu Güney Azərbaycanımızın poeziya Allahı-Şəhriyarın ölməz sənətkara şəxsi münasibətində də aydın görmək mümkündür:

Bülbül kimi qandır o qızılgüllərə könlüm,

Vahidlərə, Vahidlərə--sünbüllərə könlüm.

Şair olalı borcludu Sabirlərə könlüm,

Vurğundu Süleymanlara, Sahillərə könlüm.

1975-ci ildə Vahid Poeziya günü Rüstəm Əliyevin məclisə təqdim etdiyi bu şeirdə məni təəccübləndirən ən çox Vahidin eyni misrada iki dəfə təkrarlanan adı oldu. Böyük söz ustadımız digər misralarda olduğu kimi Vahidin adı ilə yanaşı, misranın tələbi ilə başqa bir şairimizin də adını rahatca çəkə bilərdi. Deməli, o, Sözə müdrik yanaşaraq, Vahid adının yanına bilərəkdən digər bir ismi yazmamaqla, əslində, dahi şairin bölünmüş Azərbaycanımızın hər iki tərəfi üçün məhz VAHİD olduğunu xüsusi nəzərə çatdırmaq məqsədini güdmüşdür. Eyni zamanda, sovet istila şəraitində həyatda və ədəbiyyatda Vahidə az yer verilməsi böyük Şəhriyarımızın da diqqətindən yayınmamışdıg

Şairin əksər kitablarda yanlış verilmiş təvəllüd ili haqqında. Şairin ən son tarixdə nəşr edilmiş "Qəzəllər"( Şərq-Qərb nəşriyyatı, Bakı-1993; redaktor və ön söz-Baqif Musa) kitabında onun anadan olma tarixi "1895-ci il" verilmişdir. Bu səhvi 2011-ci ildə "Nurlar" nəşriyatının ensiklopedik məlumat kitabı kimi nəşr etdiyi "Azərbaycan yazıçıları XX-XXI yüzildə" kitabı daha kobud bir tərzdə təkrarlamışdır: " Əliağa Vahidg 1891-ci il oktyabrın 15-də Bakıda anadan olmuşdur" (səh.283). Orta məktəblərin XI sinifləri üçün hazırlanmış "Ədəbiyyat" dərsliyində Ə.Vahid barədə "40-50-ci illər ədəbiyyatı" bölməsində cəmi üç abzas yazı verilib. Burada da şairin doğum tarixi yanlış olaraq "1895-ci il" göstərilib. Bu yanlışı məhz ilk Vahidşünas-alimimiz Məmməd Nuruoğlu ilk dəfə sənədlərlə təkzib elədi. Alim aşkar etdi ki, Vahid 1894-cü ilin 18 fevral tarixində Bakı şəhərində doğulmuşdur. Hörmətli alimin özünə müraciət edək: "Vahid haqqında apardığım tədqiqat zamanı Respublika Əlyazmalar Fondunda (-- indiki Əlyazmalar İnstitutunda), Nizami adına Ədəbiyyat Tarixi Muzeyində, Azərbaycan Dövlət Ədəbiyyat və İncsənət Arxivində saxlanılan sənədlərlə tanış oldum. 1916-cı ildə "Orucov Qardaşları"nın buraxdığı 24 iyun tarixli vərəqdə maraqlı bir məlumata rast gəldim: Vahid təxəllüslü Əliağa Məhəmmədquluzadə 1311-ci ildə, Şəbanın 12-də Bakı şəhərində doğulmuşdur. Həmin hicri tarixi miladi tarixinin 18 fevral 1894-cü ilinə uyğundur. Bu məlumatla Vahidin anadan olan gününü və bu vaxta qədər şairin doğum ilinin səhv 1895-ci il deyil, 1894-cü il olmasını dəqiqləşdirdik" (Bax":Əliağa Vahid haqqında bildiklərimiz", Şərq-Qərb nəşr., Bakı-1995.,səh.5-6. Tərtibçi Məmməd Nuruoğlu, elmi redaktor Mirabbas Aslanov). Bizcə, bu səhv 1924-ci il oktyabrın 4-də Vahidə verilmiş 2210 nömrəli şəhadətnamədə hicri tarixinin miladi tarixlə yanlış əvəz olunması ərəfəsində baş verib. Bundan əlavə, şairin xalası oğlu, uşaqlıq dostu, əməkdar müəllim Məmmədhəsən Qasımzadə Vahidlə bağlı xatirələrində özünün 1896-cı ildə doğulduğunu, şairin isə ondan bir-iki yaş böyük olduğunu qeyd edir ("Əliağa Vahid haqqında bildiklərimiz", Qərb-Şərq, Bakı-1995-ci il, səh.-95). Nəhayət, Respublika Prezidentinin sərəncamı (17.I.2004) ilə şairin 2005-ci ildə nəşr edilmiş "Seçilmiş əsərləri"nin Ön Sözündə (S.Quliyeva) də şairin doğum tarixi düzgün olaraq "1894-cü il" (səh.4.) göstərilmişdir. Eyni zamanda, demək lazımdır ki, Vahidin məzarı üzərindəki doğum tarixi də "1894-cü il" yazılmışdır.

Bütün bunları nəzərə alaraq, şairin 1894-cü ilin 18 fevral tarixli doğum günü onun 120 İllik Yubileyinin məhz 2014-cü ildə xalqımız üçün əsl bayram təntənəsi olacağına şübhə yeri yoxdur.

Vahid, eyni zamanda , paytaxt Bakımızın yetişdirib bütün Azərbaycanımıza bəxş etdiyi əvəzsiz bir dühadır. Onun babası Kərbalayi İsgəndər XIX əsrin ilk yarısının tanınmış Bakı el aşığı Aşıq Həsəni yetişdirmiş Masazır kəndindən, nənəsi Məşədi Pəricahan xanım isə şairlər yurdu Saray qəsəbəsindən olmuşlar. Anası- Səkinə xanım, atası isə Kərbalayi Məmmədqulu (bəzi ehtimalla, əsl adı Məhəmmədqulu) halal zəhmətlə dolanan əsl mömin dindar azərbaycalı idilər. İki qardaşı- Əbdülbağı və Əbdülsalam vardı, bacısı isə olmayıb. Şairin həyat yoldaşı Şəhrəbanu xanım Məçhədi Nəcəf qızı ailəcanlı evdar əsl Azəri qadını olub. Ə. Vahidin iki övladı yaşayır: oğlu Ramiz (1949), qızı Firəngiz (1955). Hal-hazırda şairin xeyli nəvə-nəticələri də vardır. Ölməz şairimiz Vətəni, Xalqı ilə daim fəxr etmiş, onu sonsuz bir məhəbbətlə tərənnüm etmişdir:

 

Könlüm yenə bulbul kimi şeydayi-vətəndir,

Məcnun edən aşiqləri Leylayi-vətəndir.

Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm,

Məşuqə mənə eşqi Züleyxayi-vətəndir.

 

Vahid iri titullar daşıyan həmkarlarının "xalq şairi" adına heç bir irad tutmadan tam səmimiyyətlə yazırdı:

 

Sadə dildə bu qədər incə qəzəllər ki yazır,

Bu yetər Vahidin haqqında ki: "el şairidir!"

Vahidin bağlı olduğu klassik ədəbi mühit yeni-erkən XX əsr Azərbaycan ədəbiyyatının qızıl dövrü idi. Vahid ismi isə ora düşmək üçün bu gün, bəlkə də, yeganə açardır."Vahid" təxəllüsünün də ona öz müəllimləri tərəfindən verildiyi məlumdur.

(ardı var)

FİRƏNGİZ VAHİD QIZI

(Ə. Vahidin övladı)

AYNUR ATABƏYLİ

(art direktor, tənqidçi, şairə)

Ədalət.-2014.-15 fevral.-S.18.