DÖVLƏT QAYĞISI OLANDA...

Ötən yazılarımızda qeyd etmişdik ki, Füzulidə çox möhtəşəm abadlıq, quruculuq və yenidənqurma işləri görülür. Möhtəşəm işlər təkcə iqtisadiyyatda deyil, eləcə də rayonun mədəni, elmi və təhsil həyatında da dərindən hiss olunur. Hiss olunur ki, Füzulidə çox böyük islahatlar həyata keçirilir. Təbii ki, bu islahatlar təhsil sahəsində də zaman-zaman özünü göstərir.

Sirr deyil ki, bu gün ölkəmizdə bütün sahələrə çox yüksək səviyyədə dövlət qayğısı göstərilir. İstər iqtisadiyyat, istər elm, istərsə də mədəniyyət sahələrində sürətli inkişaf özünü göstərir. Bu da təsadüfi deyil, çünki ölkə prezidenti cənab İlham Əliyev məmləkətimizin regionlarında sürətli iqtisadi və sosial inkişafa nail olmaq üçün böyük proqramların həyata keçirilməsinə imza atıb.

Aydındır ki, bu dövlət qayğısı özünü təhsil sahəsində də göstərir. Belə ki, Füzulidə bütün təhsil ocaqlarında ən müasir texnika və texnologiya quraşdırılıb. Məktəblərin əksəriyyəti kompüter sistemi ilə təchiz edilib. Füzuli rayonundakı 1 nömrəli tam orta məktəb də birmənalı olaraq demək olar ki, ən müasir avadanlıqlarla təmin olunub. Məktəbin direktoru Rafiq Səfərov bildirir ki, bütün uğurların əldə olunmasında müasir texnologiyanın əvəzsiz rolu var. Eyni zamanda təhsilin yeni strategiyaya uyğun qurulması və cənab nazirimiz Mikayıl Cabbarovun elmə, təhsilə olan yeni münasibəti bizim işimizdə əsaslı dönüş yaradıb. Bununla yanaşı, rayon icra hakimiyyətinin başçısı hörmətli Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz xanım Həşimovanın həmişə qayğısını, köməyini hiss etmişik.

Direktor nikbindir

1 nömrəli tam orta məktəbin direktoru Rafiq Səfərov çox ziyalı və nikbin bir insandır. O, Pedaqoji Universitetin fizika fakültəsini bitirib. 1976-cı ildən rayonun Alxanlı kənd orta məktəbində fizikaəllimi kimi əmək fəaliyyətinə başlayıb və bir müddət bu təhsil ocağında direktor müavini vəzifəsində çalışıb. Ailəlidir, 3 övladı var. 1993-cü ildən isə 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyir. Bizimlə söhbətində Rafiqəllim bildirir ki, hər bir uğurun əsası gərgin zəhmətdən gəlib keçir. Çünki zəhmət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Bu gün məktəbimizdə 50 nəfər müəllim və texniki heyət çalışır. Məktəbimizdə 300 şagird təhsil alır. İlk növbədə biz ona çalışııq ki, dərs dediyimiz şagirdlər cəmiyyət və xalq üçün vətənpərvər insanlar olsunlar. Əgər biz buna nail ola biliriksə, deməli, cəmiyyət üçün vətənpərvər insanlar hazırlamağa bu və ya digər dərəcədə qadirik.

Məzunların uğurları

Ötən il 1 nömrəli tam orta məktəbi 20 məzun bitirib. Həmin məzunlardan 10 nəfəri müxtəlif ali məktəblərə, 3 nəfəri isə orta ixtisas məktəbinə qəbul olub.

Belə ki, məktəbin məzunlarından Dilbər Heydərova 578 bal toplayaraq Azərbaycan Diplomatiya Akademiyasına, Sona İbrahimli 573 bal toplayaraq Bakı Dövlət Universitetinə, Muxtar Zamanov 482 bal toplayaraq Qafqaz Universitetinə, Azadə Mehdiyeva 520 bal toplayaraq Slavyan Universitetinə qəbul olublar.

Məktəbin uğurları tək bununla bitmir. Direktor Rafiq Səfərov deyir ki, şagirdlərimiz respublika və rayon fənn olimpiadalarında böyük uğurlara imza atıblar. Belə ki, şagirdlərimizdən Fuad Rüstəmov (coğrafiya), Elnur Sərdarlı (riyaziyyat), Ayşən Səfərli (Azərbaycan dili və ədəbiyyat) fənni üzrə rayonda keçirilən olimpiadada yüksək yerə layiq görülüblər.

Bir neçə şagirdimiz isə idman yarışlarında fərqlənərək mükafata layiq yer tutublar. Mən onlardan 10-cu sinif şagirdi Nizami Məmmədlini xüsusilə qeyd etmək istəyirəm. Nizami Qubada keçirilən taekvando üzrə respublika yarışında yüksək yer tutub. Digər bir şagirdimiz Xəqani Hümbətov da məktəblər arasında keçirilən sərbəst güləş üzrə respublika yarışında 3-cü yerə layiq görülüb. Bəxtiyar Hidayətzadə isə Türkiyədə keçirilən futbol yarışında fərqlənib və mükafat alıb.

Məktəblilərin əl işləri

Bayaq dediyimiz kimi, 1 nömrəli tam orta məktəbdə istedadlı və bacarıqlı gənclər çoxdur. Onların bir çoxunun rəsm işləri sərgilərdə nümayiş etdirilib. "Əl işləri" adı altında nümayiş etdirilən bu sərgidə məktəblilərin rəsm əsərləri çoxlarının diqqətini cəlb edib. Orijinal rənglər, maraqlı kompozisiyalar böyük marağa səbəb olub. Şagirdlərdən Qönçə Eyvazovanın, Səfurə Yaqubovanın, Qəşəngül Abdullazadənin və Pəri İmanovanın rəsm işləri həqiqətən də çox orijinal və təsirlidir. Təbii ki, istedadlı şagirdlər zamanından və məkanından asılı olmayaraq həmişə özlərini təsdiq edə bilirlər. Məktəbdə tez-tez şeir müsabiqələri və tanınmış şairlərin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil edilir. Bu görüşlərin təşkilatçısı və icraçısı məktəbin direktor müavini Şəhla Quliyevadır. Şəhla xanım deyir ki, bu cür şeir müsabiqələrinin keçirilməsi şagirdlərimizin dünyagörüşünü zənginləşdirir, onların şeirə, poeziyaya olan marağını artırır. Şeir müsabiqələrində şagirdlərimizdən Aydan Əliyeva, Bəsti Əlizadə, Toğrul Quluzadə, Xəyalə Zamanova xüsusilə fərqlənirlər. Onların həm gözəl intonasiyası, həm də şeir duyumu qabiliyyətləri var.

əllimlər və 11-cilər bir-birini başa düşür

Məktəbin direktoru Rafiq Səfərov deyir ki, kollektivimizdə çox gözəl, sağlam əhval-ruhiyyə var. Məhz bunun nəticəsidir ki, pedaqoji kollektiv təhsil sahəsində böyük uğurlara imza ata bilib. Elə bir vaxt olmayıb ki, həmin ili məktəbi bitirən məzunlarımızın çoxu ali təhsil ocaqlarına qəbul olmasınlar. Bu il də məktəbimizi 17 məzun bitirəcək. Əlaçı şagirdlərimizdən Fuad Rüstəmova, Muxtar İbrahimliyə, Kamran Babazadəyə, Ayşən Səfərliyə, Elnur Sərdarlıya, Aysel Nuhuzadəyə böyük ümid bəsləyirik. İnanırıq ki, onlar bizim ümidlərimizi doğruldacaq.

Məktəbin çox ziyalı və istedadlı pedaqoji kollektivi var. Belələrinə Gülxar Ələkbərova (ibtidai sinif), Nigari Muradova (ibtidai sinif), Peykər Namazova (riyaziyyat), Sevinc Adıgözəlova (biologiya), Lalə Məmmədova (kimya), Sevinc Rüstəmova (ingilis dili), Atlas Zeynalova (Azərbaycan dili və ədəbiyyat) nümunə ola bilərlər. Biz sözün həqiqi mənasında adlarını çəkdiyim müəllimlərimizlə fəxr edirik və onlar həmişə göstərilən etimadı doğruldublar.

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-15 fevral.-S.17.