Gözünə düz baxanda ürəyinin dibi görünən şair...

İnsan Mənzərələri

Maraqlı qələm sahibi Ramiz Göyüşovun Məmməd İlqar poeziyasına baxış bucağını "İnsan mənzərələri" rubrikamızda təqdim etməklə həm Ramiz müəllimə təşəkkürümüzü bildirmək, həm də ünlü şairimiz Məmməd İlqara şəfalar diləmək istədik.

 

İlahi! Belə də gözəl olarmı?

Kimdi qələm çəkən, nə gözəl çəkir.

Üz-üzə, göz-gözə sehrlənmişik,

Nə mən göz çəkirəm, nə gözəl çəkir.

 

Çoxları kimi mən də, Məmməd İlqarı bu ilahi misralardan, dillər əzbəri olan qoşmalarından, gəraylılarından, müxəmməslərindən, həcvlərindən, təcnislərindən tanıyıram. Onun bir vaxtlar (elə indinin özündə də) aşıq havaları üstündə (ən çox da aşıq İlham Aslanbəylinin ifasında) oxunan şeirləri yazılmış audio kasetlər əl-ələ gəzirdi və artıq 10 ildən çoxdur ki, Məmməd İlqarın şeirləri aşıqların dilindən düşmür, əksinə dildən-dilə, ağızdan-ağıza gəzir, bu şeirlərə müraciət edən aşıqların sayı getdikcə artır.

Təəssüf hissi ilə qeyd edirəm ki, eyni məkanda yaşamağımıza, çoxsaylı ümumi dostlarımızın olmasına və nəhayət könül dostum olmasına baxmayaraq, mən Məmməd İlqarla şəxsi tanış deyiləm.

Onu yalnız bayaq dediyim kimi, şeirlərindən, televiziya verilişlərindən tanıyıram.

Bununla belə, mənə elə gəlir ki, mən Məmməd İlqarı uzun illərdir tanıyıram.

Məndə olan məlumata görə, indiyədək Məmməd İlqarın şeirləri kitab şəklində 3 dəfə işıq üzü görüb. Lakin məndə bu kitablardan sonuncu nəşr olunan "Quzey qönçəsi" kitabı var və bu yaxınlarda yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyim, görkəmli heykəltaraş və rəssam, şair, könül dostum Məmməd Dəmirçioğlu ərmağan edib (yeri gəlmişkən bu hədiyyəyə görə Məmməd Dəmirçioğluna sonsuz təşəkkürlərimi bildirirəm).

Kitabı dərhal oxuyub başa vurdum. Təbii ki, burada toplanan şeirlərin xeyli hissəsi mənə, elə aşıqların dilindən tanış idi. Bununla belə kitab məni dərhal özünə çəkdi və bu yazının yaranmasına səbəb oldu.

 

Bizim taleyimiz Tanrılıq deyil,

Bizim qismətimiz qələm ucunda,

Ömrümüz ölçülmür il hesabıyla,

Toplanıb çıxılsa, qələm uzundu.

 

Şamıq yandırsalar, Daşıq hörsələr,

Sirrik, çözülmərik, yüz baxan olsa,

Bizim ürəklərin dibi görsənər,

Bizim gözümüzə düz baxan olsa.

 

"Şair olmayan dostlara"

 

Heykəltaraşlıq və rəssamlıqla yanaşı, uzun illər dəyərli, insanı düşündürən şeirlər yazan dostum Məmməd Dəmirçioğlu danışır ki, "Uzun illər şeirlərimi çap etdirməyə qorxurdum. Çünki bizdə bir Ağamalı Sadiq, Akif Səməd, Məmməd İlqar xofu var idi".

Bəli, Məmməd İlqar Azərbaycanımızın o mahalından, o elindəndir ki, bu el Azərbaycan ədəbiyyatına böyük sənətkarlar bəxş edib.

Qazax mahalının cəmi üçcə kənddən ibarət İncə dərəsində elə bilirlər ki, Göy çatlayanda birinci İnci dərəsi yaranıb və Göydən yerə ürəyi sözlə dolu, sinəsində saz olan bir incəli düşüb. Sonra isə saz və söz bütün aləmə elə İncə dərəsindən yayılıb.

İncənimi soruşursan, Əfəndim,

Dünyanın bir bucağında bir eldi...

Halal yığar - haramılar daşıyar,

Haram bişməz ocağında bir eldi.

 

"İncə dərəsi"

 

Bəli, Məmməd İlqar da bu eldə dünyaya göz açan Müqəddəs Hacı Mahmud Əfəndi ocağından inam və iman götürən Aşıq Avdının, Aşıq Cəlalın havacatları ilə böyüyən, Ağamalı Sadıq, Aslan Kəmərli, Akif Səməd, Məmməd Dəmirçioğlu ilə ballaşan bu elin-obanın saf havasından udan, saf sularından içən, tər-təmiz, saf insanlarından ilham alan və Tanrının Azərbaycanımıza bəxş etdiyi bir sərvətdir. Təbiidir ki, bütün İncə dərəsindən olan şairlərin hamısının yaradıcılığında olduğu kimi, Məmməd İlqarın da poeziyasında bir ənənə var. Bu ənənə hər şeydən əvvəl aşıq şeiri ənənəsidir. Lakin həm də onun yaradıcılığında bir originallıq, heç kimə bənzəməyən, bənzərsiz bir Məmməd İlqar poeziyası var.

Xoşbəxt o sənətkardır ki, onun yaradıcılığı dildən-dilə gəzir. Məmməd İlqar belə xoşbəxt sənətkarlardandır. Onun təcnisləri, müxəmməsləri, gəraylıları, qoşmaları sözün əsl mənasında dildən-dilə gəzir.

Onun "İlahi! Belə də gözəl olarmı", "Ən gözəl dərdimsən, dərdlər içində", "Dünyada hər rəngin öz gözəlliyi", "Ölüb dirilirəm min illərdi ki" sətirləri ilə başlayan təcnisləri, "Baş əymə", "İncə dərəm", "İncə dərəsi", "Kəndçi kişilərə şəhər sovqatı", "Anamın alqışları", "İncə dərəsində yaz toyu", "Mən həmən oğlanam", "Nazim oxuyurdu" adlı şeirləri dillər əzbəri olmaqla qiymətli poeziya inciləridir. Bu şeirlərdən bir bənd nümunə gətirmiş olsam, hesab edirəm ki, yerinə düşərdi:

 

Mən şeir yazmıram, oğul,

Canımı sıxıram kağızlara.

Söz-söz gözlərimdən damıram, oğul,

Süzülüb axıram kağızlara.

"Qaralama dəftəri"

 

Bizə düz görünür yalan da,

Bir az cəhd eləyən aldadır bizi.

Nahaq gülürsünüz biz ağlayanda,

Sizi güldürənlər ağladır bizi.

"Şair olmayan dostlara"

 

Məmməd İlqar üçün poeziya yaşam tərzidir. O poeziya ilə nəfəs alır, qidalanır, çox yaradıcı insanlardan fərqli olaraq, Məmməd İlqarda mövzu qıtlığı yoxdur. Onun ətrafında baş verən, cərəyan edən nə varsa, o şeirin mövzusu ola bilər və Məmməd İlqar hansı mövzuda yazırsa, hamısı şedevrdir:

 

Neynim bundan özgə yol tanımıram,

İstər yeddi yerə böl, tanımıram.

Dəniz tanımıram, göl tanımıram,

Bir körpə gözünün yaşından böyük.

 

Ta yarandığı gündən poeziyanın baş mövzularından biri Vətən mövzusudur. Bu baxımdan Məmməd İlqarda bu mövzu daha maraqla, daha mənalı və orijinal qələmə alınmışdır:

 

Vətən başa çox iş gələr,

Baş əymə, başın sağ olsun.

Biz ölməyə doğuluruq,

Torpağın, daşın sağ olsun.

 

"Baş əymə"

 

Oxu, oxu bu daşları,

Tarix də burdan başlanır!

Vətən qəbirdən başlanır,

Vətəndi, vətən qəbirləri.

"Vətən qəbirləri"

İncə dərəsindən dünyaya göz açmış şairlərin hamısında yaradıcılıqlarının baş mövzularından biri də sazdır, aşıqdır.

Bu mövzu Məmməd İlqar üçün də müqəddəs mövzudur. Çünki bu yerlərin insanları üçün SAZ müqəddəsdir.

Saz onlar üçün təkcə duyğuların ifadəsi üçün vasitə deyil, təkcə musiqi aləti deyil, Saz qeyrətdir, qüdrətdir, Saz vətəndir, Vətənin sərhədidir, Saz sıldırım qayalardan tökülən şəlalədir, qıjıltı ilə axan dağ çayıdır, Saz xalqın sərvətidir. Dağların vəfalı dostu, yalçın qayalardan süzən qartaldır. Saz igidlərin nərəsidir, düşmənə nifrət ifadəsidir. İgidlərin düşünən beyni, vuran əlidir. Saz min illərlə xalqın yaratdığı nağıldır, dastandır, əfsanədir, onların danışan dilidir.

Saz məhəbbətdir, sevgidir. Eşqdir, dünəndir, bu gündür, sabahdır. Dediklərimin sübutu üçün İncə dərəsindən olan 3 şairin - Ağamalı Sadiq Əfəndinin, İbrahim İlyaslının və Məmməd İlqarın saza, aşığa həsr elədikləri şeirlərin hərəsindən bir nümunə gətirmək istəyirəm.

Əslən İncə dərəsinin Aslanbəyli kəndindən olan və hazırda Məmməd İlqarla birlikdə Sumqayıtda yaşayıb-yaradan istedadlı şair və dəyərli insan İbrahim İlyaslı haqqında olan bir yazıda bu mövzuya toxunmuş və onun bu mövzuda yazdığı "Ruhani" şeiri ilə Ağamalı Sadiqin "Qaraçı" şeirini paralel gətirmişdir. İndi isə istərdim ki, elə hər üç şairin eyni mövzuda yazdığı şeirləri bir daha paralelləşdirim. Düşünürəm ki, oxucular üçün maraqlı olacaq:

 

Ayə, Qaraçı çal, başına dönüm,

Ayə "El havası" - Qaraçı dedim,

Ayə, Qaraçı, çal Məcnunluq edim,

Qaraçı köçünə qarışım, gedim.

 

Ağamalı Sadiq

 

Bağrımın başını deşən oxdumu!

Yoxsamı saplandı xəncər tiyəsi.

Allahın yoxdumu, Tanrın yoxdumu,

Tifaqın dağılsın adam yiyəsi.

Aman ver salamat çıxaq sabaha,

Dedim bir "Ruhani" dilləndir, daha

Demədim qətlimə fərman ver aşıq.

 

İbrahim İlyaslı

 

Bəlkə də çatırdı səsi Tanrıya,

Yenə tapşırırdı bizi Tanrıya.

Elə oxuyurdu üzü Tanrıya,

Deyirdin kəsilmiş baş oxuyurdu.

 

Məmməd İlqar

 

Məmməd İlqarın şeirlərinə diqqət yetirsən görürsən ki, bu şeirlərin əksəriyyəti üç bənddən ibarətdir. Şair əslində üç bəndlə fikirləşdiklərini ifadə edə bilir, bu şeirlərdə mövzu tamamlanıb və şair demək istədiyinə nail olub.

Bu ona görədir ki, Mahmud İlqar sözdən məharətlə istifadə edə bilir, onun üçün söz də saz kimi müqəddəsdir:

 

Sözdü qəsrim - qalam sözdü,

Sözdən qeyri yalan sözdür.

 

deyən şair, əgər belə demək mümkündürsə, sözün başına ip salıb oynadır. Onun əlndə söz acizdir.

Bu mənada onun təcnisləri xüsusi bir yazının mövzusudur. Ta qədimdən üzü bu yana Azərbaycan ədəbiyyatında çox nəhəng simalar müxtəlif janrlarda böyük sənət xəzinəsi yaratmışlar. Lakin poeziya tariximizin bütün dövrlərində şeirin təcnis formasına müraciət edənlər barmaqla sayılan qədər olmuşdur.

Təcnis dedikdə ilk növbədə böyük ustad Aşıq Ələsgər yada düşür. Molla Pənah Vaqif, Aşiq Qurbaninin yaradıcılıqlarında təcnis nümunələrinə rast gəlinir.

Mən Məmməd İlqarı heç də adların çəkdiyim azman sənətkarlarla müqayisə etmək fikrində deyiləm. Lakin bu bir həqiqətdir ki, Məmməd İlqarın yaradıcılığında təcnis bir deyil, beş deyil, xüsusi bir hissə təşkil edir və mən yəqin bilirəm ki, Məmməd İlqar təcnisləri Azərbaycan ədəbiyyatı tarixinə yazılacaq, o dərsliklərə daxil ediləcək xüsusi bir tədqiqat obyekti olacaqdır.

Bu yerdə istərdim şairin bir təcnisini bu yazıya nümunə kimi verim:

 

Ən gözəl dərdimsən, dərdlər içində,

Dərdindən düşmüşəm dərdə mən, gözəl!

Dərd gözəl çəkilir - əgər gözəlsə,

Gözəl dərd diləsən, dərdəm ən gözəl!

 

Sərdim gülşənimi dərdə, mən ömrün,

Dər gülüm, gülümü dərdə, mən ömrün.

Hər günü ölümdü dərd əmən ömrün,

Ölərmi sən kimi dərd əmən, gözəl.

 

Məmməd, könül sevdi, kimənə, dərdi!

Özgə kim sevdirər ki, mənə dərdi?

Bilməm bu sevginin kimə nə dərdi?

Mənə dərd gözəldi, dərdə mən gözəl!

 

Ustadlara, müasirlərinə, şair və aşıq dostlarına, həmkarlarına həsr olunan şeirlər Məmməd İlqarın yaradıcılığında xüsusi yer tutur. Bu baxımdan onun Aşıq Avdıya, Aşıq Cəlala, Aşıq Ədalətə (Nəsibova), Ağamalı Sadiq Əfəndiyə, Akif Səmədə, Sabir Sarvana, Məmməd İsmayıla, Məmməd Dəmirçioğluna və başqalarına həsr etdiyi şeirləri maraqsız oxuya bilmirsən:

 

Sadiq Ağamalı, sazın qurbanı,

Mən təzə bilmişəm dilin qənd imiş,

Sinəndə köyrəlib kükrəyən ürək,

Sinəmdə köyrələn saza bənd imiş.

 

və ya Şair dostu Sabir Sarvana həsr etdiyi şeirdən bir parça:

 

Ərən şair, ozan şair,

Öz içində azan şair,

Balasının başdaşına,

Sevgi şeiri yazan şair.

 

Məmməd İlqar öz yaradıcılığına İncə dərəsinə, onun insanlarına, təbiətinə, dağına- dərəsinə, yoluna, izinə, adət və ənənəsinə bir çox şeirlər həsr etmişdir. Bu şeirlərin bir qismi - "İncə dərəsi", "İncə dərəm", "Kəndçi kişilərə şəhər sovqatı", "Anamın alqışları", "İncə dərəsində yaz toyu", "Kəndə məktub", "Dostlar üçün qıfılbənd", "Mən həmən oğlanam" və s. - "Quzey qönçəsi" kitabında toplanmışdır.

Bu şeirlər o qədər təmiz, saf hisslərlə yazılmışdır ki, onları həyəcansız oxumaq mümkün deyil, onlar insanda müəllifə qarşı saf duyğular, mərhəm və xoş hisslər oyadır.

Bu baxımdan onun "Anamın alqışları" şeirindən bir parçanı misal gətirmək istəyirəm:

 

Başınız əə dəysin,

Dağ olun atamanam.

Həmişə könlü, gözü,

Tox olun atamanam.

 

Sonda Məmməd İlqara sağlıq arzusu ilə bu yazını onun özünün sözləri ilə başa vururam:

 

"Özü bir az dəli-dolu,

Sıldırımdı zirvə yolu.

Dağlar, sizə qurban olum,

Dağlar, Məmməd amanatı!"

 

Ramiz Göyüşov

Yessentuki

 

Məmməd Dəmirçioğlunun təqdimatında

ədalət.-2014.-15 fevral.-S.10.