"VAHİDƏM,
ŞAİRİ-AZADPƏRƏSTƏM..."
(Dahi
qəzəlxan
Ə.Vahidin anadan
olmasının 120 illiyi münasibətilə)
(Əvvəli ötən saylarımızda)
Bakı
şairlərindən, Vahida, indi Yusifdi
rəhmətlik,
O getdisə,
onun indi yerində
Azər
əyləşmiş.
"Azər"
ismi Vahid yaradıcılığında Füzuli adı qədər izzətlə çəkilir. Kim bilir,
bəlkə, dahi Cavid "Azər"
poemasında məhz bu "ustadi-şeyri qəzəlin" xatirəsini
əbədiləşdirmək istəmişdirg
Vahid şeirdən danışarkən
Azər
adında həmişə ayrıca fasilə verməyi özünə
borc bilirdi:
Şeirdən bəhs
etmə,
Vahid, biz də dünya görmüşük,
Şeirdə Azər
kimi ustadi-əzəm başqadır!
Şair
Bakı poeziya məktəbinin hər
bir itirilən nümayəndəsi üçün
yanıqlı bir səslə fəryad
qoparmışdır:
Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqib,
Kimdən soraq: ustadımız Azər
yenə
varmı?
Məşədi Azər
(1870-1951), Mirzə
Əbdülxalıq Yusif(1853-1924), Haşım
bəy Saqib
(1870-1931), Həsən Səyyar
Atayev (1891-1936), Ağadadaş
Müniri(1863-1940,) Əbdülxaliq Cənnəti (1855-1931), Əlabbas Müznib (1882-1938), Mikayıl
Seydi (1862-1916)və b. şairin yaradıcılığının
ilk gənclik
dövrünün əsas simalarıdır.
Bu dühaları XIX-XX əsr
Bakı ədəbi
mühiti yetişdirmişdi.
Hələ XIX əsrdə Seyid Əzim Şirvani
(1835-1888), ədəbiyyatımızın "səramədi-dövran"ı , Bakı
ədəbi məktəbini, onun "Məcməüş-şüara"
məclisini
Şamaxının "Beytüs-Səfa" mövqeyindən
xüsusi bir mənzum
məktubla
yüksək
qiymətləndirmişdi.
"Bakı şairləri haqqında mədh" adlanan
bu mənzumədə xeyli müqtədir
bakılı şairin
ismi çəkilib: Yusif, Müniri, Sürəyya,
Fərqa,
Süha, Kəbül-Cəbbar, Mirzəağa
Dilxun, Mirzə Müsəvviri
və
b. Seyid Əzim onları
bir-bir mədh edərək poetik nəzmə çəkib:
...Yəqubə yetdi pirəhəni-Yusifi-əzəz,
Çeşmi-ümidvarə ziyayi-digər
gəlir.
...Təbi
Müniri şəmsü qəmərdən münirdir,
Baxdıqca şeirinə
gözə
nuri-bəsər gəlir.
...Pərvin-
misal nəzmi Sürəyyadə lütf çox,
Ol əxtəri-münirə Süha
bisipər
gəlir.
Şeirayi-şamdır, ona Kəlbül-Cəbar, Mən
Bir üstüxani-lütf
ilə
ol şah əgər gəlir.
Dilxun təxəllüsündə bu rəmz
oldu aşikar:
Aşiqdir, çeşmdən
üzə
xuni-ciyər
gəlir.
...Bir yerdə
kim Müsəvvirə Seyyid qulam ola,
Sairləri cənabına bir xaki-dər
gəlir.
Seyidin bu tərifi
Rusiya imperiya canişinliyinin siyasi mərkəzinin Şamaxı zəlzələsindən (1859) sonra, Bakıya köçürülməsi
ilə
bağlı olaraq, Bakıda Şirvan ədəbi estafetinin ələ alınması
və
çox qısa bir sürədə
intibah səviyyəsinə çatdırılmasınadan irəli gəlirdi. Bu, digər
tərəfdən, Qədim Bakının XIII əsr azərbaycandilli
klassik poeziyasının
Nəsir
Bakuyidən
(Həsənoğlu ilə
çağdaş olub)
başlanan ənənəsinə bir qayıdış idi. Odur ki, S.Ə.Şirvani Bakının bu yeni mədəni-milli intibahda tarixi rolunu böyük qürur hissi ilə
alqışlamışdı:
Şirvanə Bakıdan genə çox
töhfələr gəlir.
San Misr karvanı açılmış, şəkər gəlir...
"Şəkər" dedikdə
Seyid Əzim yeni
Bakıda yaranan klassik irsə qayıdışı,
Şərq
şeir ənənələrinin dirçəlişini nəzərdə tuturdu.
Bakılı maarifçi şair Cənnəti öz şeirlərindən birində
(Bahar Şirvaninin ölümü ilə bağlı yazıb) məhz
Şirvanı "əhli zövq üçün Mədrəsə"
adlandırmışdı. S.Əzimin hərdən Bakıya
gəlib,
"Məcməüş-şüara"nın fəaliyyətinə diqqət
yetirməsinə bakılı şair Ağadadaş Müniri
(1863-1940) də
çox yüksək qiymət
vermişdi:
Gəldi Bakıya Hacı Seyid Əzim,
Cəddi tək vardı onda xülqi-əzim.
Gecə-gündüz o mədəni-irfan,
Neçə gün qaldı
Bakidə
mehman...
Vahidin böyüklüyü bir
də
onda oldu ki, o, öz müəllimlərinin dərin
etimadını sonacan
qoruya bildi, min illik tarixə malik Azərbaycan
qəzəlini yaşatdı, bununla da, eyni zamanda
Azərbaycan
muğamatını qorudu,
canlandırdı, ona yeni həyat
verdi.
Vahiddə Azərbaycan
musiqisinə,
Muğamata bağlılığın
genetik kökləri də
vardı. Belə ki, şairin
yeganə
oğlu Ramiz Vahid oğlu atası haqqında xatirələrinin birində
babası İsgəndər bəyin müəyyən mərasimlərdə qəsidələrini oxuyub,
pul qazandığını
söyləyir.
Ramizin eşitdiyinə
görə,
Bakı bəyləri
babasına mis, gümüş, bəzi hallarda isə hətta qızıl pullar da vermişlər. Şairin atası
Məmmədqulu da mükəmməl
Quran təhsili
almışdı. Deməli, ailə
bünövrədən musiqiyə
və
maarifə
çox yaxın olmuşdur. Şairin musiqiyə
xüsusi bağlılığı
dahi Üzeyirimizlə birgə
fəaliyyətləri üçün
də
məhz
əsas
səbəb idi. Ü. Hacıbəyov müharibə
illərində Vahidlə
birgə
öz fəaliyyətindən danışarkən
belə
deyirdi":1941-ci ildə Azərbaycanın
böyük şairi Nizami Gəncəvinin anadan olmasının 800 İlliyi bayram ediləcəkdi. Bu münasibətlə mən
böyük şairin
"İsgəndərnamə" poeması süjetində eyni adda bir
opera yazmaq fikrində idim. Operanın liberettosunu mən özüm yazıram, mənzum
mətni
Ə.Vahid yazır."
Vahidin qəzəllərinin muğam
üstə
oxunması bir yana, onun xeyli
əsərinə ayrıca bəstəkar mahnıları
da bəstələnmişdir: " Bahar nəğməsi"(C. Cahangirov), "Bəstənigar təsnifi",
"Dəli
ceyran", "Sevgilim"və i.a. Vahid yaradıcılığında
bəstəkarlarımızın,
xüsusən
Üzeyir bəyin təmas
nöqtələri öz tədqiqatını
hələ gözləyir.
Bu isə
ayrıca bir mövzudur...Vahidin Şirvan aşıq sənətinin korifeyi Aşıq Şakirə
yazdığı "Bu ceyran"
rədifli
qoşması da onun xalq musiqisinə nə
qədər bağlı olduğunu əyani əks etdirir:
Vahid, deyirlər
ki, Aşıq Şakiri
Eşqin bəlasına
saldı bu ceyran.
Vahidin milli novruz bayramımıza həsr
etdiyi "Təzələndi"
rədifli
qəzəli ilk dəfə yalnız 1975-ci ildə nəşr
olunan kitabına salınmışdır. Hörmətli müğənnimiz
(rəhmətlik) Məmmədbağır Bağırzadə
isə
onun ğözəl mahnısını Novruz bayramlarımızın gülünə çevirmişdi. Vahidin musiqi
səltənəti qəzəliyyatı qədər hüdudsuzdur.
Şairin tərcümə irsi isə
onun yaradıcılığında
öz original əsərləri qədər
əhəmiyyət kəsb
edir. Vahidin kimləri
ana dilimizə gətirdiyi onun millətçi,
vətənpərvər
mövqeyinin əsl ifadəsidir.
O, Xaqaninin 13 qəzəlini, 5 müxtəlif şeirini (288 misra) , Nizani Gəncəvinin "Leyli və
Məcnun"
poemasından 114 misranı,
10 qəzəlini, 3 qəsidəni (380 misra) , Nəvaidən 554 misra, M.Füzulinin fars divanından 92 qəzəl, 44 qitəni
( 1792 misra) öz Azəri
türkcəmizə çevirmişdir... Şair
ölməz
sənətkarımız
Səməd Vurğuna yazdığı
bir qəzəlində heç bir mübaliğəyə varmadan çox doğru olaraq deyirdi:
Qəsd etsə
həsədlə bizi məhv
etməyə zalim,
Keçməz bizim ərbabi-qələm qatilimizdən.
...Vahid, biz o nəxlik ki, bu gülzari-cahanda,
Övladi-vətən zövq alacaq hasilimizdən.
71 illik bir insan
ömrünü titanik
bir məşəqqətlə sürərək, o, hakim estetik-ideoloji
cəbhəyə qarşı,
bəlkə də,
təkbaşına
dayanaraq mübarizə aparakən
daima irəliyə
baxmış, bu estafetin layiqli əllərdə ola biləcəyinə əmin olmaq istəmişdi:
Ölməmişkən, gözəlim,
Vahidə
qiymət
verir el,
O da getsə,
Vətənə, xəlqə qəzəlxan kim olar?..
Bu günlərdə Ə.Vahidin anadan olmasının
qarşıdan gələn 120 İlliyi
(18.II.1894-18.II.2014) münasibətilə
istedadlı şair-qəzəlxan Namiq Atabəyli
Vahid poeziya günlərinin
tarixi ənənəsini yenidən təkrarlayaraq,
özünün bu Yubileyə
həsr
və
ithaf etdiyi 120 qəzəlini oxucularımıza təqdim etmişdir.
N.Atabəylinin
"Vahidiyəm
Azərbaycanımızın..."
(Kitabın redaktoru
bu məqalənin müəllifləridir.-red.)
qəzəllər, meyxana
və
müxtəlif
şeirlər
kitabı, əminəm ki, bundan belə
dahi sənətkarımızın
xatırəsini
məhz
Kitab formatında yad etmək
ənənəsinin ilk
startı olacaqdır.
Şıxəli Qurbanovun kitab haqqında qəzəlindən bir parçanı burada xatırlamaq çox yerinə düşərdi:
Mən öylə
bir aləməm
ki, hər dəqiqəm bir kitab,
Əfsuslar ki, yadda qalmaz
oxunulan hər kitab.
Göz baxdıqca sözüm vardır bu aləmdə yazmağa,
Qoca dünya
rəfə bənzər, səma
kitab, yer kitab.
... Sənət, kitab zinətidir
bu dünyanın əzəldən,
Sənə nadan zəhər versə, əvəzinə ver kitab!
XIX-XX əsrlərin Bakı klassik poeziyasının nəhənglər məktəbi (bunu elə, müəyyən mənada, Qarabağ, Şirvan, Naxçıvan,Tiflis, İrəvan, Gəncə, Lənkəran, Quba... barədə də demək olar) indi artıq mövcud deyil. Biz bu gün yalnız onların böyük xatirələri ilə təskinlik tapa bilərik. Bəlkə, elə buna görə də Azərbaycan qəzəlxanı hələ ki başını yalnız Vahidimizin Bakı yubleylərində qaldıra bilir. VAHİD adı isə etibarlı bir mayak kimi dünya poeziya dəryasında hələ də XXI əsrin yeni Azərbaycan qəzəlinə, qəzəlxanına və bütünlükdə, Ümumazərbaycan poeziyasına uğurlu bir yol göstərir. Ümidvaram ki, qarşımızdakı bu Yubiley QƏZƏL adlı körfəzə yol alan milli gəmilərimizdən biri olacaq, onun incə, lətif duyğular və fəlsəfi-lirik fikirlərlə dolu xəzinəsi gözləri VAHİD yolunda olanlarımıza əsl sevinc bəxş edəcəkdir.
FİRƏNGİZ
VAHİD QIZI
(Ə. Vahidin övladı)
AYNUR ATABƏYLİ
(art direktor, tənqidçi, şairə)
Ədalət.-2014.-18
fevral.-S.6.