Yaddaş poeziyası

Hörmətli redaksiya, görkəmli Azərbaycan tənqidçisi Yaşar Qarayevin xalq şairi Məmməd Arazın yaradıcılığından bəhs edən bu məqaləsi indiyədək heç bir mətbuat orqanında çap edilməmişdir. Həmin yazı mənim 1994-cü ildə "Şur" nəşriyyatı tərəfindən çap olunmuş "Məmməd Araz dünyası" kitabıma ön söz kimi verilmişdir. Yaşar Qarayevin bu məqaləsi böyük şairimizin poeziyası haqqında dolğun təsəvvür yaradır. Ona görə də həmin məqalənin "Ədalət" qəzetində dərc edilməsini lazım bilirəm.

Vaqif Yusifli, f.e.d.

Fərariliyin ən bədnamı - əjdaddan üz çevirməkdir, kökdən, məədən, "mən"dən uzaq düşməkdir, milli hafizədə, mənəvi yaddaşda (yəni əsəbdə, qanda və gendə!) skleroz olmaqdır. Yaddaşı olmayan ədəbiyyat - yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy-daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır.

Millət-genetik səviyyədə, yaddaş ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində, nəinki təbiət və insan, ekologiya və poeziya da yaddaşdır. Şəhid-ölümü ilə, şair-ağrısı ilə yaddaşa qaynayıb-qovuşur. Və yaddaşın ömrü bir vicdana və haqqa xidmətin, bir də qədir-qiymətə çevrilən anların cəmindən yaranır. Artıq gör neçənci əsrdir ki, İsa və Məhəmməd də, Qorqud və Şekspir də bir haqqın, bir də yaddaşın dərgahında yaşayır. Daha doğrusu, tarix, zaman hər yerdən axıb, sürüşüb gedir, bir yaddaşa ilişəndə iz qoyur, əbədiləşir və abidələşir.

Əsl, həqiqi, böyük poeziya-ümumbəşəri yaddaşdır. Və məncə, Məmməd Arazın şeirisə düşüncədə, əxlaqda və qeyrətdə yaddaşın şeirdə ifadəsidir.

Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və haraylı sahilindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi, özü də tarixdən və təbiətdən, ana dilindən, bayatıdan, folklordan axan bir Araza döndü - Məmməd Araza!

Hələ yeniyetmə ikən ilk dəfə Arazı və Şahbuzu "Anamın nəğməsi" kimi dinlədi, torpağı və təbiəti "Atamın kitabı" kimi oxudu. Dərslik yox, dağ-daş özü, ekologiya-əlifba kitabı oldu. Lap uşaqlıqdan mehrini və meylini nəbatat elminə saldı, qələmi bir də pöhrə kimi çəməndən, meşədən göyərdi, ədəbiyyat yox, coğrafiya fakültəsinə girdi. "Azərbaycan"a yox, "Azərbaycan təbiəti" dərgisinə redaktor oldu! Poeziyada yeni təbii iqlimin-çağdaş ekoloji təfəkkürün ilk təməl daşlarını qoyanlardan biri Məmməd Araz oldu.

Belə ki, Məmməd Arazın hələ "Atamın kitabı" poemasında, həmçinin, "Babək qılıncı" və "Qarabağ düzü" şeirlərində təbiət xəyala dalır, düşünür, dil açır və danışır, Vətənin tarixi və taleyi kimi, əbədi, müqəddəs ana kimi, insanlığın özü və rəmzi kimi təhlil və tərənnüm olunur. Xüsusən, "Atamın kitabı" yalnız sərlövhəsi ilə yox, məzmununun müəyyən məqamları ilə də məşhur bir əsərin adını yadımıza salır. "Anamın kitabı"nda (Cəlil Məmmədquluzadə) təhlil olunan milli və ictimai ideallar təbii, gur işıq axarı kimi burada məhz "təbiət" adlanan aynada "sınır" və eyni vaxtda həm tarixdən, həm də təbiətdən "qayıdan" şüa kimi müştərək, qoşa "yaddaş yükü" özündə cəm edir:

 

Mən uca dağlara babam demişəm.

Çünki, şairə görə məhz:

 

Dağlar babalara vüqar veribdir,

Çaylar Bethovenə, Üzeyir bəyə

Simfoniya veribdi,

Qatar veribdir...

 

"Vətən torpağı", "Şeirə gətir", "Necə unudum səni?", "Mən Araz şairiyəm" - hələ "Məmməd İbrahim" imzası ilə nəşr etdirdiyi bu şeirlərdə də ədəbiyyatın "bioloji gücü" artıq hiss olunurdu, ənənəvi məhəbbət, vətənpərvərlik lirikasına ekoloji mentalitet, dağ-daş simvolikası getdikcə daha artıq nüfuz edirdi. Lakin bu duru poeziya bulağının daha gürşad və bol axara - Araza çevrildiyi ərəfə - "Məmməd Araz" dövrü isə yetmişinci illərin lap əvvəlindən başlayır. "Vətən və dünya" silsiləsindən lirik və epik nümunələri, xüsusilə, bədii proqram, fəlsəfi, əxlaqi leytmotiv səciyyəli "Məndən ötdü" şeirini misal gətirmək olar;

Səndən ötdü mənə dəydi,

Məndən ötən sənə dəydi.

Məndən, səndən ötən zərbə,

Vətən, Vətən, sənə dəydi.

"Eyfel qülləsində", "Araz yadıma düşdü", "Qoruyun dünyanı", "Nobel mükafatı", "Azərbaycanım mənim" - həm şairin, həm də Azərbaycan poeziyasının təkamülündə yeni mənəvi iqlimin və tarixi mərhələnin, "hava və qan dəyişiminin" ədəbi məqamları və bədii sənədləri olan şeirlər idilər. Bu şeirlərdə şair bir ənənənin yox, min illik əxlaq, fəlsəfə, hünər və poeziya irsinin (yaddaşının!) varisi kimi çıxış edirdi: insan, təbiət, tarix, tale - bir assosiasiyada qovuşub-kəsişirdi:

Bir taleyin əllərində cütlənmiş zərik

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin!

 

"Gəlimli-geddimli dünya, bir ucu ölümlü dünya" - bu kəlamı və ovqatı Qorquddan sonra bu qədər tutarlı şəkildə ifadə edən uğurlu bədii misralara çox az nümunə gətirmək olar.

Təbiətdən və folklordan sonra poeziyanın Məmməd Araz yaddaşında kəsişən və qovuşan üçüncü qan-klassik poetik ənənədir. Bu şeir bir də məhz o zaman əlavə mentalitet və genetik güc kəsb edər ki, o, Füzuli, Sabir, Vaqif çeşməsindən həyat və dirilik suyu içir. Məhz klassik irslə, yaddaşla ən böyük qaynaq və vəhdət məqamında M.Arazın şeiri bədiilikdən də əvvəl insaniliyin mizan-tərəzisində daha ağır çəki, vəzn, sanbal daşı ilə tən-dürüst və tay-taraz gəlir:

"Azərbaycan" deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Hər şeydən əvvəl, məhz insani və bəşəri, mənəvi və əxlaqi sərvət kimi Məmməd Araz poeziyası bu gün bizə xüsusilə qiymətli və gərəkli görünür: hər şeyin əvəzi olan bədii söz indi hər şeyi itirməyə başlayanlara daha çox lazımlı olur.

gün tariximiz ən gərgin və təzadlı məqamlarından birini yaşayır. Sosial-mənəvi böhrandan, milli-tarixi keçid sınağından necə keçmək sınağı nəslimizin boynuna düşüb: xalq mövcud ola bilmək, yaşamaq haqqı üçün imtahan verir!

Altı ildir ki, açıq-aşkar din və irq müharibəsi davam edir. Söhbət - "olum-ölüm"dən, bir etnik kimi məhv olub-olmamaqdan gedir. Belə bir ekstremal şəraitdə daxili irtica və xaos xaricdəki qədər qorxulu görünməyə başlayır. Qırx partiya milli-mənəvi birliyi parçalamaqla məşğuldur. Altı yüz qəzet kağız kimi bahalı, qıt xammalı iqtidar-müxalifət (sinif, tayfa, silk...) təsnifinin sərhədlərini axtarmağa sərf edir. Heç milli mənafeyə də "müxalifət" olar? Yüz altmış şirkətin gündəlik işi-peşəsi sərhədlərimizi alıb-satmaqdan ibarətdir. Xaosdan, müsibətdən, faciədən bəhrələnmək əxlaqı baş alıb gedir: "Ölü dükanında" meyit və girov alverindən tutmuş ən ali səviyyələrdə torpaq və Vətən satanlara, kreslo və vəzifə alanlara qədər!

Torpağımızın beşdəbiri əsirə, didərginə, millətimizin yeddidəbiri qaçqına çevrilib. Mədəniyyətimizin "itmiş ərazisini" hesablamağa isə təxəyyülün də gücü çatmır! Məhz bu, itkilərimizin ən dəətlisidir! Çünki millət mədəniyyətlə başlayır və mədəniyyətlə də qurtarır. Yaxşı ki, bu həqiqəti başa düşən və itən mənəvi sərvətlər üçün haray səsini qaldıranlar da var: onlardan biri Məmməd Arazdır, bütövlükdə poeziyamızdır. Bir təsəlli də var: İnsan ucalıqdan yıxılanda da ucalıq öz yerində qalır. Son altı ildə son dərəcə çox hallarda biz ucalıqdan yıxıldıq. Lakin Məmməd Araz poeziyası hətta ən ağır hallarda da ucalığın bir parçası olaraq qaldı...

İradəsinin, səhhətinin verdiyi qurbanlar hesabına! Lakin bu qurbanlarda ona şərik çıxanlar da oldu. "İncəsənət qurban sevir!" - bu sözü deyəndə adətən sənətkarı və şairi nəzərdə tuturlar. Lakin sənətin xilası üçün yalnız sənətkar qurbanı artıq kifayət etmir. Elə tarixi məqama gəlib çatmışıq ki, mədəniyyətimizin xilası üçün həm sənətkarların, həm də xeyriyyəçi-medsenatın, " adamlarının" qurbanı bir-birini tamamlamalıdır. Mənəvi-mədəni taleyimizin sabahı və gələcəyi indi artıq yalnız bu yolun nə qədər kamil və bütöv olacağından asılı olacaqdır.

Və bu baxımdan "Qorqud" səhmdar assosiasiyasının xalqın bütün işgüzar nümayəndələrinə göstərdiyi nümunə və örnəyin timsalı təqdirəlayiqdir. Medsenatlıq ənənəsi həmişə, hər yerdə olub, lakin hələ sağlığında bir sənətkarın adına mükafatlar təyin etmək və müsabiqələr keçirmək, son dərəcə ağır siyasi-iqtisadi durumda onun bütün maddi və mənəvi qayğılarını öz üzərinə götürmək, bu miqyasda və kütləvilikdə poeziya külliyyatını tərtib və nəşr etmək - bu, dünya xeyriyyəçilik tarixində də yeni, seçimli bir fenomendir.

Onu da qeyd etmək mənim üçün xüsusilə xoşdur ki, Məmməd Araz mükafatına layiq görülən bu , monoqrafik tədqiqat, istər öz ruhu və məzmunu, istərsə də üslubu və strukturu ilə ənənəvi ehkamçı və sxolastik ədəbi-tənqidi ənənədən tamamilə fərqlənir, Məmməd Arazın poeziya məktəbinin dərslərini keçən gənc həmkarımın - Vaqif Yusiflinin özünün yenilik və müasirlik axtarışlarını qabarıq əks etdirən bir axarda qələmə alınır.

Şübhə etmirəm ki, Vaqif Yusiflinin bu kitabı təkcə poeziyamızın ən yaxşı uğurlarının yox, həm də poeziyaya və sənətə mənəvi və maddi hamilik sahəsində ən yaxşı sosial-ənənənin, əxlaqın, yaddaşın təbliğinə xidmət edən timsal və örnək olacaqdır.

1994.

Yaşar Qarayev

Ədalət.-2014.-19 fevral.-S.6.