UĞURLARA APARAN İŞIQLI YOLLAR

İnkişaf strategiyasının əməli təsdiqi

 

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etmişdir.

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına 2014-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf etdiyini, ölkə iqtisadiyyatının bütün sahələrində ciddi nailiyyətlər əldə olunduğunu təsdiqləmişdir.

Uğurla həyata keçirilən iqtisadi islahatlar 2013-cü ildə iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərmişdir. Ötən ilin makroiqtisadi göstəricilərinin dinamikası, ölkə iqtisadiyyatının şaxələnmiş şəkildə inkişafı bir daha bunu sübut edir.

 

...Bu yüksəklikdə Göyçayın da öz yeri

 

2013-cü il Respublikamızın digər regionlarında olduğu kimi Göyçay rayonunda da ümummilli lider Heydər Əliyevin möhkəm elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının nəticələri xalq təsərrüfatının bütün sahələrində özünü göstərmiş, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni istehsal, ticarət xidmət obyektlərinin inşa edilməsi, daimi yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə son illər rayonun sosial-iqtisadi inkişafında mühüm yeniliklərin baş verməsi təbii haldır. Çünki bütün bunlar bütövlükdə Azərbaycanın ümumi uğurlarının göstəriciləridir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçay rayonunda olarkən ictimaiyyət nümayəndələri ilə görüşü zamanı demişdir: "Biz Azərbaycanın son illərdəki uğurlarını Göyçay rayonunun timsalında bariz şəkildə görə bilərik. Göyçayın iqtisadi potensialı üç dəfədən çox artıbdır. Yəni bu da özlüyündə gözəl göstəricidir. Bu onu göstərir ki, rayonda işlər yaxşı gedir. Yaxşı nəticələr göz qabağındadır".

İnkişafın dinamikliyi uğurla başa çatdırılmış Dövlət Proqramlarının icrasında rayon rəhbərliyinin prinsipial səriştəli mövqeyində özünü göstərmişdir. Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov qurucu, yaradıcı insandır. O, camaatla əl-ələ verib çalışmağı xoşlayan, uğurların sevincini birgə yaşamağı bacaran sevən rəhbər işçidir.

 

Diqqəti cəlb edən uğurlu nəticələr

 

2013-cü ilin yekunları 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsində respublikanın hər yerində olduğu kimi Göyçay rayonunda da görünən işlərdən söhbət açılmışdır.

Hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 2012-ci ilə nisbətən 5,1 faiz artaraq 225,9 milyon manat olmuşdur.

2013-cü ildə iqtisadi sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 34,2 milyon manat investisiya yönəldilmiş, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 33,0 milyon manat olmuşdur. İnvestisiyaların 86,1 faizi istehsal təyinatlı obyektlərin tikintisində istifadə edilmişdir.

Rayonun sənaye müəssisələrində keçən il 23,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş xidmətlər göstərilmişdir ki, bu da 2012-ci ildə müqayisədə 24,2 faiz çoxdur.

Hesabat dövründə rayonda aqrar bölmənin dinamik inkişafı təmin edilmişdir.

Rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artımına "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı böyük təkan vermişdir. 2013-cü ildə rayon üzrə istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 6706 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 848,6 min manat yardım verilmişdir ki, bu da 2012-ci ilə nisbətən 22,3 min manat çoxdur. 2014-cü ilin məhsulu üçün əkilmiş buğda əkinlərinə görə bu günlərdə 2445 nəfər istehsalçıya 285,4 min manat yardım veriləcəkdir.

2013-cü ildə rayonda 68833 ton meyvə, 27935 ton tərəvəz istehsal edilmişdir ki, bu da 2012-ci ilə nisbətən müvafiq olaraq 5 faiz və 0,7 faiz çoxdur.

Heyvandarlıq sahəsinin inkişafına diqqət artırılmış mal-qaranın, qoyun və keçilərin baş sayı keçən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 0,9 faiz və 1,5 faiz, ət istehsalı 1010 ton, süd istehsalı 270 ton, yumurta istehsalı 300 min ədəd, yun istehsalı 2 ton artmışdır.

2013-cü ildə rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 4,3 faiz artaraq 95,4 milyon manata çatmışdır.

 

Həyat səviyyəsi yüksəlir

 

Hesabat dövründə rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 6,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,9 faiz, əhalinin gəlirləri 6,5 faiz, adambaşına düşən gəlirlər 5 faiz, orta aylıq nominal əməkhaqqı 4,3 faiz artmışdır.

Rayon əhalisinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, Bığır, Qarayazı, Cəyirli və Qubadlı-şıxlı kəndlərinə təbii qazın verilişi bərpa olunmuşdur.

Əhalinin elektrik enerjisi ilə təminatının dayanıqlığını artırmaq məqsədi ilə 110/35/10 kv-luq Göyçay yarımstansiyasında yağ açarları müasir tipli açarlarla əvəz edilmiş, 35/10 kv-luq "Bığır" yarımstansiyasında əsaslı təmir işləri aparılmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2014.-20 fevral.-S.7.