Mənim ürəyimdə gecələyirsən
-
deyən şairə məktub
Bir müddət bundan
öncə
telefona zəng gəldi.
Nömrəyə baxdım
və təbii ki, tanıdım... Və...
- Eşidirəm, Rəşid,
- dedim.
Xəttin
o biri üzündə
olan Rəşid az qala yüz illərdi tanıdığım o odlu-alovlu,
o səbirsiz, bir az da ərk
dolu səsiylə sanki od püskürdü.
Hər şeydən danışdıq
- özümüzdən, ailəmizdən,
yazı-pozumuzdan. Təbii ki,
Rəşid yenə özünəməxsus bir
şəkildə ərkyana
mənə iradlarını
da bildirdi. Dostlarımızın biri barəsində
ağlından, ürəyindən
keçən nə varsa, hamısını səmimiyyətə büküb
sərdi ortaya. Yenə təbii ki, mən onu
çox gözəl anladım və öz sözündən tutub dedim ki:
- Rəşid, eşitmişəm
təzə kitabın
çıxıb, 60 yaşına
hədiyyə eləmisən.
İmkanın olanda həmin
o bayaqdan sözün yaxşı mənasında,
yuyub sərdiyin dostun vasitəsilə birini mənə göndər. Aftoqraf
yazmaq da yadından çıxmasın...
Bir neçə
gündən sonra Rəşid Faxralının
artıq stolumun üstündəki "Ömrümün
üç nöqtəsi"
adlı kitabı mənimlə nəfəs-nəfəsə,
göz-gözə dayanmışdı. Öncə kitabın
adının mənasını
elə onun üz qabığında axtarmağa çalışdım.
Bir az
çətin olsa da, amma təxmin
edə bildim. Həqiqətən müəllifin ideyalarını
kitabın üz qabığında gerçəkləşdirən
rəssam mənə görə ömrün üç anını bu rəsmdə verə bilmişdi. Çünki rəsmdə
təbiət də, gül-çiçək də,
kəpənək də
əks olunmuşdu... Bu gəncliyin ifadəsi
idi. Sonra hardasa şama
çevrilən, yanan
bir ömrün quş qanadında, arzu-xəyal kölgəsində
yumruğa dönməsi,
vuruşması, mübarizəsi,
yaşamı ifadə
olunmuşdu. Bu da təbii ki,
gəncliklə qocalıq
arasındakı bir mərhələdi. Və nəhayət,
qala divarlarını xatırladan, göy üzünü ifadə edən məqamlar isə arıtq əldə olunmuşların
möhkəmlənməsi, eləcə də üzü Tanrıya uzanan yolun anlarını
oxucuya pıçıldayır.
Ola bilsin ki, mənim kitabımın üz qabığında gördüyüm bu çalarlar müəllifin
ürəyincə olmasın. Amma mən
öz gördüklərimi,
duyduqlarımı özüm
bildiyim kimi yazmağı sevdiyimdən
burda da həmin adətimə sadiq qalıram və başlayıram kitabı oxumağa. Yenə bir səmimi etiraf edim. O da Rəşid Faxralının kitabının
məndə elə
ilk misradan oyatdığı
birinci təəssüratdı.
Yəni həmin misralar mənə dastanlarımızın
girişi olan ustadnaməni xatırlatdı.
Adətən dastanlarımız ustadnamələrlə başlayır.
Folklorumuza, xalq yaradıcılığımıza
bağlı olan Rəşid Faxralı həmin o dörd misra ilə, yəni "Yunus Əmrə deyincə"
şeirinin ön misralarıyla məni digər səhifələri
oxumağa bir növ hazırladı.
Və gördüm ki, Rəşid seçdiyi bu üsulla bir oxucu kimi
məni ələ almağı bacardı.
Həmin misralar belədi:
Səni
tanıyalı uğur
üstəyəm,
Uğurun nə yaman düşüb
çətinə.
Ziyarət edirəm şeirlərini,
Gələ bilməsəm də ziyarətinə.
Böyük söz ustadına ünvanlanan bu misralar zənnimcə Rəşidin həm etirafıdı, həm də onun ustad
qarşısında dərk
etdiyi məsuliyyətdi. Bax, bu mənada misra-misra oxuduğum "Ömrün üç nöqtəsi" mənə
Rəşid poeziyasının
qapılarını açmaq
imkanını verdi.
Uzun illərdi
tanıdığım, birgə
işlədiyim, müharibənin
barıt qoxusunu birgə yaşadığım
Rəşidin "Müharibə"
(fraqmentlər) şeiri
gözlərimin qarşısında
müəlliflə birlikdə
gördüyüm, şahidi
olduğumuz mənzərələri
kino lenti kimi təkrarladı. Mən Rəşidin
həm yaddaşıma,
həm sözün imkanlarında istifadə edib rəssamlıq etmək gücünə bir daha yaxından
bələd oldum.
Gördüm ki, onun misraları mənim də yaşadıqlarımı
bir-bir təkrar mənə göstərir.
Bax, elə bu misralarda olduğu
kimi:
Sarılıq tutubdu biçənəkləri...
Gözləri yol çəkən
göygözlü göyün
Çiynindən sürüşüb boz yapınçısı
Əllərindən düşüb
ağ əlcəkləri...
Allahsız ayanda nə vaxtdan bəri
daş-dağın,
dağ-ağacın,
ağac-budağın,
budaq-yarpağın,
yarpaq-bulağın,
bulaq-yarağın,
yaraq-torpağın keşiyindədi...
Zənnimcə, bu misradakı mənaları, bu misradakı mənzərəni
şərh etməyə
ehtiyac yoxdu. Sadəcə
bir az
fəhmli olmaq və misraların içərisinə girmək
lazımdı. Onda hər
şey özü-özlüyündə
səninlə, yəni
oxucuyla rahatca söhbətləşəcək, özünü tanıdacaq,
özünü təqdim
edəcək. Bax, "Bir
vaxtlar mənim də anam var
idi" şeirində
olduğu kimi.
Dünyanın dərd bölən
camı dəyişib,
Ağzımın ləzzəti, tamı dəyişib...
Ay ellər, elə bil hamı dəyişib,
Bir vaxtlar mənim də anam var
idi...
Bəli, biz analı günlərimizi həmişə o qədər
xoşbəxt, o qədər
rahat yaşayırıq
ki, onu itirəcəyimizi
heç vaxt ağlımıza gətirmirik. Amma yuxusuz qoyduğumuz, gözləri yolda qalan, fikri dağı
arana daşıyan, ürəyi səksəkəli,
yaddaşı söz,
bayatı yüklü
analarımızı itirəndən
sonra nələri itirdiyimizi, kimdən uzaq düşdüyümüzü
sanki bir göz qırpımında
anlayırıq, onda yetimliyimiz bizə güc gəlir... onda başımızı
qoyub rahat uyuduğumuz ana dizləri üçün
burnumuzun ucu göynəyir, içimiz
param-parça olur... dərd bizə güc gəlir... təsəllimiz xatirələr
olur, ana yadigarları olur və bir də
güvəndiyimiz qələm-söz...
Çəmənin çiçək dərdi
Çiçəyin ləçək
dərdi,
Ləçəyin şeh dərdi,
Yarpağın meh dərdi var.
Dərdimə əl uzadır,
çəmənin,
çiçəyin,
ləçəyin göyçək
dərdi...
Rəşid Faxralının böyük
maraq və zövqlə oxuduğum misraları arasında hərdən dayanıb müəyyən məqamları
xatırladığım kitabının
hər səhifəsində
böyük bir səmimiyyət və bir də böyük
bir özünəməxsusluq
gördüm. Hiss etdim ki, Rəşid öz ampulasından kənara çıxmayıb.
Bütün əvvəlki kitablarında
olduğu kimi, burda da yaşantılarını,
duyğularını və
bir də səmimiyyəti oxucuya hədiyyə edibdi. İstər torpaqla, vətənlə,
səngərlə, çəmənlə,
çiçəklə bağlı
şeirlərində, istər
məhəbbət notları
üstündə gəzişmələrində.
Məsələn:
Ağ yağış yağmışdı...
Yağışdan sonra
Yaman həvəsləndim,
düşdüm axına.
Üç addım...
Beş addım...
Çata
bilmədim
Yağışdan islanmış göyqurşağına.
Bax, bu misraların yaratdığı
mənzərə təkcə
inandırıcı olması
ilə yox, həm də təbiiliyi, duyğusal insanların normal yaşamı
olmaqla bahəm, həm də söz adamının rəssamlığıdır. Və Rəşid Faxralı həmin o rəsam fırçasını qələm
ustasının peşəkarlığı
ilə birləşdirib
şeirin sonunu belə tamamlayır:
Daş atıb başını tuturdu bulud,
Niyə təntimişdi, bilmədim
niyə.
Mənə elə gəldi,
göyqurşağı yox,
Sənin həsrətindi, çəkilib göyə...
Bütün şairlərin əbədi mövzusu məhəbbətdi. Doğrudu, bəziləri hardasa etiraf edirlər ki, sevgi şeirləri yaza bilmirlər, amma mən buna inanmıram. Çünki yazılan hər bir misra mütləq sevgi ilə mayalanmalıdı. Burda söhbət təkcə hansısa qıza, qadına olan sevgidən getmir. Dağa, daşa, ota, çiçəyə, çaya, dənizə, göyə, yerə, bir sözlə, təbiətə və insanlığa olan sevginin ifadəsi də mənə görə elə sevgi şeirlərinin bir qolu, bir damarıdı. Bu mənada Rəşidin kifayət qədər həm gözəllərə, həm gözəlliyə, həm də təbiətə və insanlığa ünvanlanan söz çələngi var. Bax elə bu şeir də onlardan biridi:
Məhəbbət yerinə, gözəlim, hələ,
Bir ağrı, bir acı daşıyacaqsan.
Özün günahkarsan...
Bu gündən belə
Ömrünü baharsız yaşayacaqsan.
Və yaxud:
Dağın sinəsində qımıldanır daş,
Qayalar
mat qalır gözlərində
yaş...
Yer göyə, göy yerə yaraşaydı kaş,
Mən sənə,
sən mənə yaraşan kimi.
Və yaxud:
O incə, o şirin təbəssümünü
Mənim gözlərimə gec ələyirsən.
Gündüzlər doyunca görmürəm
səni,
Gülüm, ürəyimdə gecələyirsən...
Bəli,
Rəşid Faxralının
poemalarından, tərcümələrindən
nümunələr toplamış
bu kitabını mən bir oxucu
kimi, bir dost kimi mütaliə edib başa çıxdım. Bir zaman
kəsiyini Rəşidin
misraları ilə baş-başa qaldım.
Tam səmimiyyətlə deyim ki, oxuduğum
bu kitabın ədəbi-tənqdin diqqətini
çəkəcəyinə inandım. Yəqin ki, onlar da
öz sözlərini
deyəcəklər...
P.S. Rəşid Faxralı, yeri gəlmişkən, bir zarafat da
edim. Şeirlərindən birinin adı
"İnanma"dı. Təəssüf ki, mən ikimizin də ortaq dostumuza hələ də inanıram. Bəlkə
sən ona təsir edəsən və yaxud da
mən bir daha ona inanmayım...
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-20 fevral.-S.6.