Torpaq payı

 

Torpaq kimi bərəkətli ol ki,

hamının sevimlisi olasan!

Torpaq ovuclayan - qızıl ovuclar.

 

Atalar sözü

 

Kənd və kiçik şəhər əhlinin ömrü uzun olur. Ona binaən ki, kənd əhli təmiz havada və günün işığında güzəran edillər. Meşənin xeyrini hər kəs bilir".

Həsənbəy Zərdabi

 

 

İnsanı yaratmış olan və yaşadan su, od, hava və torpaq kimi nemətlərdən ən qiymətlisi torpaqdır.

Torpaq payı - çörək payıdır!

Müqəddəs vətən torpağı Bəşəriyyəti irqlərə bölmür, xariciləri yad saymır, məfkurələri təsnifləndirmir, təbliğatçıları partiyalara ayırmır. Onun bir məqsədi var - İnsanlara çörək (qida maddələri) vermək. Torpağa eşq olsun!

Büllur kimi təmiz olan müəllimə (öğretmene) bənzər torpaq əkinçini, bağbanı, köylünü və kəndlini elə doğru imtahana çəkir ki, kimsə onu zərrə qədər aldada bilməz. Yalançı və ya tənbəl kimsə ondan yaxşı məhsul (qiymət) almağı bacarmaz.

Digər tərəfdən, körpə balanı qoruduğumuz kimi torpağın da nazını çəkməliyik ki, "tərbiyəli" olsun, bizə bol və keyfiyyətli məhsul versin.

"Torpağın da dili var". - Demişlər müdriklər. Bu deməkdir ki, torpağı yaxşı qayğı ilə becərməzsən, o da məhsuldar olmaz. Bütün nəzəri düşüncələr və elmi araşdırmalar göstərir ki, Bəşəriyyət tarixində, "BMT erası" başlanana (1945-ci il) qədər, təqribən son iki min (2000) il ərzində torpaqların taleyi, insanların taleyi kimi olub. Hər ikisi əldən-ələ keçib. Ərazilər hər cür quldarlar, feodallar, mülkədarlar və imperialistlər tərəfindən istənilən və ya istənilməyən tərzdə bölüşdürülüb.

Dəyişməyən aborigen insanların bəzi ərazilərinin milliləşdirilməsi olub.

Şərqdə eradan əvvəlki (e.ə.) iki min beş yüz (2500) il ərzində mövcud olmuş (4500 il bundan əvvəl) Şumer - türk quldar dövlətlərində sərhədsiz torpaqlar quldarlara mənsub olmuşdur.

Quldar dövlətlərdə - quldarlıq (quldarizm) cəmiyyətində torpaqlar dövlət başçısının tabeliyində olub. Quldar başçı zəbt elədiyi ərazilərdə at oynatmışdır.

Müdrik filosofların məzmunlaşdırdığı on min il bundan əvvəl mövcud olmuş ibtidai icma quruluşundan sonra yaradılmış quldarizm, feodalizm, kapitalizm və imperializm cəmiyyətlərində torpaqlar quldarlara, feodallara kapitalistlərə, imperialistlərə, həm də mülkədarlara və məmurlara mənsub olmuşdur. Min illər ərzində, orta əsrlər də daxil olmaqla, münaqişələr, müharibələr və işğallar nəticəsində iri torpaq sahələri əldən-ələ keçmişdir.

İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyə və bəyannamələrinə əsasən üzv ölkələrin sərhədlənmiş əraziləri toxunulmaz sayılmışdır.

Tarix boyu torpaq haqqında qiymətli sözlər deyilmiş, əsərlər yazılmışdır. "Torpağa bax deyiblər!"- el sözündə. "Torpaqnan oynayan ac qalmaz", - deyilir atalar sözündə.

İnsanın torpaq sevgisi də təbii bir sönməz istəkdir. Həm də torpaq - "çörək ağacıdır".

"Vətəndaş" - Vətənin daşıdır, torpağıdır, müqəddəs və ayrılmaz hissəsidir. Ona görə də ağıllı (akıllı) dövlət başçıları ailə başçısı kimi öz vətəndaşlarını yüksək qiymətləndirirlər. Torpağı da, vətəndaşı da hər vasitə ilə qoruyurlar.

Buradan "torpaq payı" o qədər qiymətli görünür ki, şəhidlik də adamı incitmir.

BMT-nin üzvü olan ölkələrin toxunulmaz sərhədləri daxilindəki torpaqları onların torpaq payı adlandırmaq olar.

Böyük publisist Telman Orucovun "Torpaq hər bir ölkənin böyük sərvətidir" adlı məqalələrində göstərilir: "Torpaq digər əksər canlılar kimi insan nəslinin də boy atdığı, inkişaf etdiyi bir məkan olmaqla, hər bir ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində mühüm yer tutur.

Keçmişdə yerin təki (torpağın dərinliyi) istifadəsiz olan dövrlərdə yalnız torpağın üstünün məhsuldarlığına görə o, qiymətli sayılırdı. İşğalçılıq artan zamanlarda sərhədlər də genişləndirildi. Torpaq uğrunda müharıbələr də şiddətlənirdi. Hər bir ölkə öz torpaqlarını qoruyurdu.

20-ci əsrin Sovet imperiyası hakimiyyəti dövründə deyirdilər: "Bir qarış torpağımızı da düşmənə vermərik".

Lazımsız torpaq olsaydı SSRİ-nin Uzaq Şərqini Yaponiyaya baha qiymətə satmaq da olardı.

Ölkəmizin "Torpaq aləmi: xassələri və ekoloji durumu haqqında nə bilirik?" adlı məqalələrdə, "Bələdiyyələr əsasən torpaq satışı ilə məşğul olur", kimi yazılarda verilən məlumatlar torpaqlarımıza məhəbbəti əks etdirmir.

Hamı bilir ki, torpağın qədrini onu becərən duyar.

İnsan torpağa bağlıdır. Torpaqsız ölkə olmadığı kimi, torpaqsız ailə də olmamalıdır. Hüquqi və iqtisadi biçimdə hər bir vətəndaş torpağın qiymətini anlamalıdır. Bu halda torpaq da səxavətli olur.

Torpağa bağlılıq, insanın torpaqdan ayrılmaması şüuruna əsaslanan istəkdən, sağlam qalmaq məqsədilə bağda və bostanda çalışmaq diləyindən, dəyərli mülk sahibi olmaq arzusundan və ahıl yaşlarında məşğulluqdan ötrü imkan tapmaq məramından ibarətdir.

İnsanın torpağa bağlılığı onun təmiz hava udması ilə əlaqədar olaraq körpəlikdən artaraq möhkəmlənir.

Şəhər yerində çoxmərtəbəli evin yuxarı mərtəbələrində yaşayan insan da bağ-bağça (həyətyanı torpaq sahəsi) arzusunda olur. Hamı üçün bu əlçatmaz olsa da, çox adam evindən yüz (100) km məsafə uzaqlıqda belə olsa da torpaq sahəsi almaq arzusunda olur. Çünki torpaq ən etibarlı alqı-satqı malıdır. Torpağa bağlılığın, sadiq vətəndaş-vətəntorpaq olmağın ibrətamiz nümunələri var. Dahi Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin (1882-1941) nəşinin Sibirdən gətirilib Naxçıvanda basdırılması torpağa bağlılığın bariz nümunəsidir.

Çağdaş kapitalizm cəmiyyətində, bazar iqtisadiyyatı məşğulluğun vacib tərəfi olduğundan, torpaq alqı-satqısı kəndliləri (köylüləri) torpağa bağlayan ən əsas vasitələrdən biri ola bilər. Ona görə də indi daha çox dəqiq ölçülü torpaq sahəsi özəlləşdirmək inkişafımızı daha da sürətləndirə bilər.

Torpaq ticarəti, kapitalizm cəmiyyətində sahibkarlar (mülkədarlar) arasında sövdələşmə üzrə bahalığına görə etibarlı olan, iş adamının özünü varlı göstərməkdən yana sübutlu görünən, torpağı qiymətə mindirmək üçün cəhd edilən, eləcə də torpaq ticarətçisinin qürurlanmasından ötrü səciyyəvi vasitədir.

Həyati kapitalizm və imperializm cəmiyyətlərində torpaq ticarəti xarakterik hal olsa da, 20-ci əsrin 70 ili ərzində SSRİ məkanında, "sosializm və kommunizm quruculuğu" illərində sovet imperiyasında torpaq ticarəti qadağan olunmuşdu. Bütün torpaqlar "milliləşdirilib", kolxozlara və sovxozlara həvalə edilmişdi.

Görünür bu səbəbdən də kəndlilər (köylülər) torpaqdan soyumuşdular, torpağa bağlılıq zəifləmişdi.

Təbiidir ki, ölkənin cəmi torpaqları, ictimai (milli) torpaqlardan (ölkə, dövlət torpaqları) və özəl (xüsusi) - vətəndaşlara məxsus torpaq sahələrindən ibarətdir. İctimai və özəl (fərdi) torpaqların miqdarca (kvadrat metr üzrə) nisbəti dəqiq məlum olmasa da, bazar iqtisadiyyatı şəraitində özəl torpaqlar, ictimai torpaqların sahələrindən qat-qat artıq olmalıdır ki, torpaq ticarəti çılğın getsin. Torpaqlar ölkəyə (millətə) mənsublu, dəqiq ölçülü və səliqəli olsun.

Torpağın ölçüsü, onun kvadrat metrlərlə sahəsinə görə yer səthinin girintili - çıxıntılı və meylli olmasını nəzərə almaqla, suvarılan torpaqlara üstünlük verməklə, eləcə də məhsuldarlıq amili üzrə qiymətləndirilir.

Ta qədim zamanlardan insanlar suya yaxın ərazilərdə, çay vadilərində və məhsuldar meşə zonalarında məskunlaşmışlar. Torpaq sahələri addımlarla ölçülüb bölünmüşdür.

Etiraf etməliyik ki, hələ indi də özəl torpaq sahələrinin dəqiq ölçüsü məlum deyil. Kənd yerlərində (köylü torpaqlarında) birinin sahəsi artıq, başqasınınkı isə əskikdir.

Tarix boyu kvadrat metrlərlə (m2) dəqiq ölçülü torpaq sahəsi olmayıb, indi də yoxdur. Xüsusilə dağlıq yerlərdə.

İndi şəhər yerlərində torpaq sahələri bahalaşdığından, dəqiq ölçü aparmağa cəhd edilir.

Torpağın ölçüsü vətəndaşlara ayrılan torpaq payı (sahəsi ilə əlaqədardır və böyük əhəmiyyət kəsb edir. Çünki insan, xüsusilə köylü (kəndli) torpağı özünün evi, yuvası sayır.

El sözündə belə deyilir:

 

Nə qədər dolandım Turan elini,

Yenə öz torpağım yadıma düşdü.

Su axar dilləndirər,

Bağçanı gülləndirər.

Dərdliyə söz deməyin,

Dərd onu dilləndirər.

 

Torpaq payı, çağdaş normalara əsasən ailə başçısının adına ayrılan (sənədləşdirilən) həyətyanı torpaq sahəsindən, təsərrüfat təyinatlı əkinə yararlı olan münbit ərazidən, bir nəfər sağlam ərin (kişinin, erkekin) texnikasız becərə biləcəyi ərazi vahidindən, yaxud meyvəli ağaclığa yararlı, eləcə də şumluq olan yüngül hasarlanmış - vergili mülkdən ibarətdir.

Ailənin şən məşğulluğu, ailə üzvlərinin sağlamlığı və onların bitkilərə və heyvanlara sevgisini artırmaq üçün, eləcə də onların torpağa bağlılığını möhkəmləndirmək məqsədilə torpaq payı olmasının əvəzedilməz əhəmiyyəti var.

İnsani həyat tərzinin başlıca cəhəti məşğulluq olduğundan, torpaq payı məşğulluq yaradan əsas vasitələrdən biridir. Çocuqların məktəbəqədərki yaşlarında torpaq ana kimi tərbiyəçidir. Ahıl yaşlarında insanın bağçılıqla bostançılıqla məşğulluğu sivil həyat tərzinin istənilən göstəricilərindən biridir.

Yaşayış məntəqəsini güllüyə-çiçəkliyə, yaşıllığa çevirmək üçün bundan yaxşı nə ola bilər.

Torpaq payının (beş sot) olması (bir sot 100 m2 sahədir) xoşbəxtlik əlaməti deyil. Keçmişdə hektarlarla ( bir hektar on min m2-na bərabər sahədir) torpaq sahəsi olan mülkədarlar özlərini xoşbəxt saymamışlar.

Böyük Azərbaycan şairi Məmməd Araz (1933-2004) demişkən:

 

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

dünya mənim,

dünya heç kimin...

 

Dünyada hər şey insan naminə olmalıdır. Əgər imperialistlər, militaristlər, separatistlər və terroristlər öz radikal iddialarından əl çəksələr Yer kürəsi hamını yaşatmağa qadirdir. Yer səthində Türk dünyası boyda səkkiz dünya var.

Amerika Birləşmiş ştatlarından (ABŞ) Yaponiyaya qədər hər bir aparıcı ölkənin istənilən qədər sərvətləri var. Təki sülh və ədalətlik olsun!

Təbiidir ki, əməkçi insanlar daha çox torpağa bağlı olurlar. İclasçılar isə soyuq münasibət bəsləyirlər.

Standart ölkə anlayışına görə, hər bir müstəqil dövlət öz sərhədlərini qonşularla razılıq əsnasında rəvanlaşdıra bilər. Sərhəd xərcləri də azalar.

Şübhə yoxdur ki, 19-cu əsrin əvvəlində Napoleonun Rusiyaya işğalçılıq basqını sonradan Azərbaycan Qafqazında da sülhü pozmuşdu.

Dinlərdə olan müxtəliflik-müxtəlif cərəyanlar, saxta dindarlar Avropada əxlaqa mənfi təsir göstərmiş, cəmiyyəti sülhdən aralamış, ölkələrin torpaq payına xələl gətirmişdir.

Haliyədə (hal-hazırda) BMT-nin səlahiyyətləri daxilində dialoq yolu ilə ən çətin problemləri də həll etmək mümkündür.

İmperialist məfkurəli və təkəbbürlü dövlət başçıları Mənəviyyat elminin nəticələrinə əməl etməlidirlər ki, insanlıq qələbə çalsın.

Birlik insanları və dünyanı xilas edəcək!

 

Baba Əhmədli, alim, publisist

Ədalət.-2014.-21 fevral.-s.7.