Biri vardı, biri yox...

 

 

Uşaqlar neçə ki körpədirlər, ana

laylasına uyuyurlar.

Elə ki bir az böyüdülər, axşamlar

atalarından nağıl istəyirlər.

Mənim bildiyim nağıllar isə çox deyil.

Axşamların birində nağıllarım qurtaranda

fikirləşdim ki öz taleyimin

nağılını söyləyim...

 

Olan olub, keçən keçib bəlkə də,

İndi daha kövrəlməyin yeri yox.

Ömrüm boyu belə gəlib mənimki

Əvvəlindən biri vardı, biri yox.

 

Uzaqdaydı mən istəyən ocaqlar,

Urəyimdən gəlib keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

 

Gözlərimə doldurmuşam yağışı,

Bir köynəkdə çıxarmışam mən qışı.

Şalvar-pencək geyinirdi tay-tuşum,

Məndə isə biri vardı, biri yox.

 

Üzüm güldü, tələbəyəm deyəndə,

Sıxılırdım dost pencəyi geyəndə.

Müəllimlə dil tapa bilməyəndə

Qiymətimin biri vardı, biri yox.

 

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,

Dara düşdüm, əl ummadım heç kimdən

Məclislərdə can deyib can eşidən

Dostlarımdan biri vardı, biri yox.

 

Mən orduya nələr görüb getmidim,

Ürək alıb, ürək qırıb getmişdim.

İki qıza könül verib getmişdim,

Qayıdanda biri vardı, biri yox...

 

Uzaq gəzdi əmi, dayı, bibilər,

Sözarası mənə "evlən" dedilər.

Nişan üçün iki şey istədilər,

Məndə isə biri vardı, biri yox.

 

Vaxt gələcək bu günü görəcəksən,

Çox suala gözünü döyəcəksən.

Vaxt gələcək sən özün deyəcəksən,

Deyəcəksən: "biri vardı, biri yox!"

 

 

Əllərin yaman soyuqdur,

gülüm...

 

Əllərin yaman soyuqdur, gülüm,

Əllərin elə bil qar çiçəyidir.

Ay aman, əlində dondu ki əlim,

Əllərin əlimin buz əlcəyidir.

Biz ki cənubluyuq,

bu soyuq hardan?

Gərək külümüz soyuq olmasın.

Gözümüz dünyada ən qaynar bulaq,

Gərək əlimiz soyuq olmasın.

 

Oddan yoğrulmuşuq, atəşik axı,

Qəlbimiz duyğular tonqalı kimi.

Yanağın elə bil alov dilmi,

İllərin bir taxta yonqarı kimi...

Əllərin yaman soyuqdur, gülüm,

Niyə bu soyuğu indi duymuşam?

Bir ömrün məhəbbət taleyini mən

O soyuq əllərə necə qıymışam?!

 

Ay üzübaharlı,

əli qış sonam,

Gileyim gülməli gəlməsin mənim.

Qorxuram

sevgidə soyumağın da

Əlindən başlaya,

əlindən sənin;

Əllərin yaman soyuqdur, gülüm...

 

Kirayə çarpayı

Bu ipək örtük altda

zolaqlı döşəyin

qırçın ləpələri var,

Neçə qadın kürəyinin

neçə qız ürəyinin

ləpirləri var...

Bu çarpayı hop-hop kimi

oxuya bilir,

Bu çarpayı

taksi sayğacıtək

saya bilir,

Qadınların ağırlığından

onların firavanlığını

duya bilir.

Bu çarpayı

qoşa ovuca bənzər,

dilənçi ovcuna,

Qadınlar pul kimi

atılırlar bura;

Çırpınırlar balıq kimi

polad torlarını qıra-qıra...

Balışın içindən

qarət olmuş toyuqların

libası hönkürür.

Çarpayıdan döşəməyə

ipək libas tökülür.

Divardan Cakonda gülümsünür

Çılpaq Afroditaların

yalançı hay-küyünə,

Bu çarpayı ağrı çəkir

deyinə-deyinə...

Cakonda qadına baxır,

Elə bil qəhqəhəylə güləcək;

Bu qadın hər şeydən xəbərsizdir,

İndi...

hər şeyi biləcək...

 

Mənim bu şəhərdə

kimim var axı...

 

Mənim bu şəhərdə kimim var axı;

Hər qapı döyməyə əlim gəlməyir.

Üzümü taleyə tutub gedirəm,

Tale həmişə üzə gülməyir...

 

Ayağım altında tanış səkilər,

Önümdə açılan mənzərə bozdur.

Çoxdan köhnəlibdir əynimdəkilər,

qədər çırpsam da

yenə tozdur.

 

Gözdən oxuyuram bic tərifləri,

Məqsədli sağlıqdır hirsimi boğur,

Kiminsə başlayır həsəd ağrısı,

Mənimçün telefon hədəsi doğur...

 

Mənim bu şəhərdə kimim var axı;

Taleyin verdiyi paya - paxıllıq,

Boyu ki mən özüm qazanmamışam,

Allahın verdiyi boya - paxıllıq.

 

Mənim bu şəhərdə kimim var axı;

Köhnə məhəbbətin qız tanışları...

Hər səhər gördüyüm oyaq bir yuxu,

Salam tanışları,

üz tanışları...

Bir ilhamımın tanış nəfəsi,

Onun da küsülü anları çoxdur,

Həftənin beşgünlük qazanc qəfəsi, -

Bəs edər...

Nəfsimin gözləri toxdur...

 

Mənim bu şəhərdə kimim var axı,

Bu ömrün sonuna gümanım azdır.

Səyyah ayaqlarım,

fəhlə əllərim,

Bir ki dünyaya baxdığım gözdür;

Çiçəkləri görür,

tikanı görmür,

Üstünə fırlanan sükanı görmür,

Uşaq güldürməyə kökə axtarır,

Əlindən alınan tikəni görmür...

Yaxşılar yolunda çıraq kimidir,

Yamanlar tülkütək pusquda durub.

Sevinc bir şüşə araq kimidir,

Onu da vərdişli əyyaşlar vurub...

 

Sizə güvənirəm, yaxşı adamlar,

Sizin adınıza gəlmişəm bura.

Qardaştək, oğultək qoruyun məni,

Bir insan ömrünü vurum axıra;

Mənim bu şəhərdə kimim var axı...

 

 

Getmək istəyirsən...

 

Getmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən səsin yad olsun, bari.

 

Sən dəniz qoynuna tullanmış çiçək,

Üstünə dalğalar atılacaqdır.

Saxta məhəbbətin saxta sənəd tək

vaxtsa üstündə tutulacaqdır.

 

Demirəm, sən uca bir dağsan, əyil

Demirəm, əlacım qalıbdır sənə.

səndə məhəbbət qara pul deyil,

mən dilənçiyəm, əl açım sənə.

 

Döşənim yollar tək ayaqlarına,

Sənə yalvarım mən, bu mümkün deyil.

Qoymaram qəlbim tək vüqarım sına,

Alçalıb yaşamaq ömür-gün deyil.

 

Getmək istəyirsən, o yol, o da sən,

Bir cüt göz baxacaq arxanca sənin.

Getdinmi, geriyə dönmək istəsən,

Tikanlı yastığa dönəcək yerin.

 

Getmək istəyirsən danış din

Yox ol uzaqlartək dumanda çəndə

Nəyimi sevmişdin diyə bilmədin

İndisə yüz eyib görürsən məndə

 

Getmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən səsin yad olsun, bari.

 

Nüsrət Kəsəmənli

Ədalət.-2014.-22 fevral.-S.20.