Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötdü
XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, filosof və ədəbiyyat tənqidçisi, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötdü.
APA-nın xəbərinə görə, Əli bəy Hüseyn oğlu Hüseynzadə
1864-cü il fevralın 24-də Salyanda
anadan olub. Atası
Tiflis Müsəlman Məktəbinin
müəllimlərindən Molla Hüseyn Hüseynzadə, anası Xədicə isə Qafqaz şeyxülislamı
Axund Əhməd Hüseynzadənin qızıdır.
Salyandan Tiflisə köçüb
buradakı ruhani məktəbində riyaziyyat
müəllimi işləyən
Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının
- Əli bəyin 6, İsmayılın isə
2 yaşı vardı. 1875-1885-ci illərdə Ə.Hüseynzadə
Tiflisə, babası Qafqaz şeyxülislamı
Axund Əhməd Səlyaninin yanına gedib və orada
gimnaziya tələbəsi
olub.
Tiflisdə Şərqin maarifçi-materialist
filosofu, dünyəvi
elmlərə böyük
rəğbət bəsləyən
mütəfəkkir M.F.Axundovla
babasının məclislərində
tanış olan Əli bəy
Hüseynzadə təbiət
elmlərinə böyük
maraq göstərməyə
başlayır. Bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə gətirir.
Burada dövrün məşhur elm xadimləri
- Mendeleyev, Baqner, Menşutkin,
Jukovski və başqalarından dərs
alan Ə.Hüseynzadə
imperiyanın paytaxtında
gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar"
hərəkatına rəğbət
bəsləyir və bir sıra inqilabçı
tələbələr kimi,
o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində
qalır.
Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə
fakültəsində oxumaqla
dermatoloq (dəri-zöhrəvi
xəstəliklər) ixtisası
və yüzbaşı
hərbi rütbəsi
qazanır. 1897-ci ildə o,
"Qırmızı ay" heyətinin tərkibində
İtaliyaya gedir, üç il
sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb
fakültəsində professor köməkçisi işləyir.
O, burada da təqib olunur, çünki darülfünun
tələbəsi ikən
artıq inqilabçı
gənc türklər
hərəkatına qoşulmuş,
"İttihad və tərəqqi" partiyasının
ilk özəyini yaradanlardan
biri olmuşdu.
Ə.Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin fikir adamı idi. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı ideya adamı kimi də tanınır.
Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. O, ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Əli bəy Hüseynzadə 1906-cı il noyabrın 1-də Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Füyuzat" jurnalını nəşr etməyə başlayır. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. O, "Füyuzat"da məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!"
Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" - azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub.
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.
Qeyd edək ki, bu il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Ədalət.-2014.-25 fevral.-S.5.