GÖRKƏMLİ ALİM İŞ
ZAMANI - PROFESSOR KAMAL ABDULLA
SÖHBƏT ƏSNASINDA
İngiltərədə nəşr olunan, Avropa Azərbaycan
Cəmiyyətinin (AAC) ən son yenilikləri, həmçinin
tədbirlər və eksklüziv müsahibələr barədə
məlumatlar verən aylıq TEAS Jurnalının 1/2014
buraxılışında yazıçı Kamal Abdulla ilə
müsahibə dərc olunmuşdur. Aşağıda həmin
müsahibəni diqqətinizə təqdim edirik.
Bakı Slavyan Universitetinin rektoru professor Kamal
Abdullanın adı çox görkəmli müasir Azərbaycan
alimləri arasında mühüm yer tutur. Əvvəldən
dilçiliklə məşğul olmuş və
hal-hazırda bir neçə roman müəllifi olan prof. Kamal
Abdulla bu yaxınlarda Orta Əsr "Kitabi-Dədə
Qorqud"unu özünün çıxış nöqtəsi
kimi qəbul etmiş bir trilogiya qələmə
almışdır. Trilogiyanın "
Yarımçıq Əlyazma" adlı birinci hissəsi
indiyə qədər fransız, türk, rus, polyak, ərəb,
portuqal , alman və qazax dillərinə tərcümə
olunmuşdur. Bu prof.K.Abdullanın həmin Türk
epopeyasının ilk və yarımçıq layihəsinin bədii
təsvirindən ibarət olub, Oğuz eli
arasında olan bir xainin iç üzünün ifşa
olunması ilə bağlı aparılmış bir tədqiqatı
özündə əks etdirir. Bununla
yanaşı, bu, XVI əsrdə mövcud olmuş Səfəvilər
dövlətinin banisi və hökmdar-şairi Şah
İsmayıl Xətaiyə aid həm də başqa bir hekayətdir.
Avropa Azərbaycan Cəmiyyətinin ( AAC )
təşkilatçılığı ilə 2013-cü ilin
sonlarında bu kitabın İngilis dilinə tərcüməsinin
təqdimatı Birləşmiş Krallıqda, London Pikadilli
Waterstone Flaqman mağazasında keçirilmişdir:
-Bakı
Slavyan Universitetində Sizin vəzifəniz nədən ibarətdir?
-Burada mənim
əsas rolum - keçmiş prezidentimiz Heydər Əliyev tərəfindən
əsası 2000-ci ildə qoyulmuş və hal-hazırda təxminən
3000 tələbəsi olan Bakı Slavyan Universitetinin
inkişafına yönəlmiş bir sıra işlər
görməkdən ibarətdir. Sovetlər
dönəmində ikən bir çox respublikalarda olduğu
kimi, əvvəllər burada da, Rusiya modellərinə əsaslandırılaraq
tədris olunan əsas fənn Rus dili və ədəbiyyatı
idi. Prezident Heydər Əliyev İnstitutun məhz mahiyyətini
dəyişdirərək genişləndirmiş və bunun da
nəticəsində burada polyak, bolqar, belarus,
çex və ukrayın dillərinin tədrisinə
başlanmışdır. Daha sonralar isə
Universitetdəki profillər Slavyan dünyası
hüdudları çərçivəsindən də kənara
çıxmış və bunun nəticəsində
hal-hazırda burada əlavə olaraq, ingilis, alman, yunan,
türk, fransız və Azərbaycan dilləri də tədris
olunmaqdadır. Universitetdə tədris
olunan fənnlərin əsas elementi - həmin ölkələrin
tarixi və mədəniyyəti ilə əlaqəli dil tədrisinin
tamamlanmasından ibarətdir.
Həmçinin humanitar yönümlü orta məktəb
yaratmış Bakı Slavyan Universiteti eyni zamanda Magistr və
Doktorluq qəbul proqramları üzrə də fəaliyyət
göstərir. Bakı Slavyan Universiteti həmçinin
burada tədris olunan dillər və onların mədəniyyətlərini
öz daxilində əks etdirən mədəniyyət mərkəzlərini
də özündə birləşdirir. Eynilə burada
olduğu kimi, artıq Moskvada, Minskdə, Kiyevdə, Poltavada və
Sofiyada indiyə qədər Azərbaycan dili və mədəniyyəti
mərkəzləri açılmış və hələ
bundan sonra bir çoxları da gələcəkdə
açılacaqdır. Belə mərkəzlərin
açılışı, əlbəttə ki, tələbələr
və müəllimlər arasında Azərbaycana
marağı təbliğ etmək və onları Bakı
Slavyan Universitetinə gəlib təhsil almağa sövq etmək
məqsədi daşıyır.
"Kitabi-Dədə Qorqud" və almanların
"Nibelunqlar nəğməsi"nə nəzər
saldıqda isə bizim beynəlxalq proqramlar onillik beynəlxalq
layihələri özündə cəmləşdirir. Bu layihənin
əsas istiqaməti Beowulf və digər bu kimi dastanların
müqayisəli şəkildə öyrənilməsidir.
Bakı Slavyan Universiteti və Johannes Gutenberg
Maynz Universitetində təşkil olunmuş iri miqyaslı
silsilə konfranslar indi artıq qismən başa çatmaq
üzrədir. Hər iki təşkilatçı
tərəfindən əsas diqqət bu əsərlərin
müqayisəli dilçilik və ədəbi
xarakteristikasına yönəlmişdir. Qalan
konfranslar isə gələcəkdə tarixi və mədəni
mühitləri də daxil olmaqla, müxtəlif epopeyalar arasında
mövcud olan ümumiliklərin tədqiqinə həsr
olunacaqdır. Sonuncu konfrans bu
epopeyaların müasir qiymətləndirilməsi və dərk
olunması məsələlərinə həsr olunacaq.
Bu üç epopeyanın, həmçinin, İqor Polku
haqqında dastan ( Rusiya ), Roland nəğməsi ( Fransa ) və
yunan mifoloji mətnləri daxil olmaqla tədqiq edilməsi bir
daha göstərir ki, ayrı və çox uzaq ölkələrdən
olmalarına rəğmən milli epopeyalar həmişə
oxşar düşüncə tərzi qəbul etmiş müəlliflərlə
birgə ümumi bir yol izləmişlər.
-Zəhmət
olmasa, bir qədər Kitabi Dədə Qorqudun Azərbaycan ədəbiyyatı
tarixində əhəmiyyətindən danışın.
-Bu epopeya
Azərbaycan ədəbiyyatı, dili və analitik təfəkkürünün
məhz başlanğıcına işarə edir və sanki
bir mənəvi quruluş modeli kimi fəaliyyət göstərir.
Bu rəvayət hadisələrin idrak və münasibətlərə
necə təsir göstərə bildiyini və dostunuzla
düşməninizin kim olduğunu
açıb göstərir. Bu isə
özünü analara məhəbbət və digər kəskin
hallar zamanı üzə çıxan davranış
emosiyaları kimi hisslərdə əks etdirir. Bu kitab sanki mənəvi dərs və həyat universitetidir.
Təəssüf ki, bu qəhrəmanların bəziləri
sonralar ideallaşdırılmış və Azərbaycan
folklorunda öz insani keyfiyyətlərini itirməklə
bütlərə çevrilmişlər.
-Nəyə
görə Siz "Yarımçıq Əlyazma"
kitabını yazmaq qərarına gəldiniz?
-Bu
kitabı yazmaq istəyi artıq uzun illər idi ki, mənim
ürəyimdə və qəlbimdə idi. Mən
Kitabi Dədə Qorqudu öncə tələbə kimi,
sonralar isə namizədlik və doktorluq dissertasiyalarımda
linqvistik xüsusiyyətlərinə dair tədqiq etmişəm.
Mən həmçinin bu rəvayətin sirrlərini
tədqiq edən "Gizli Dədə Qorqud" haqqında da
bir neçə kitab yazmışam.
"Yarımçıq əlyazma"nın
əsas məqsədi əvvəllər tədqiqə cəlb
olunmamış motivlərin süjetə cəlb
olunmasıdır. Mən öz kitabımda indiyədək
toxunulmamış mənaları açaraq izah edirəm.
Mən
hiss etdim ki, bu epopeyanın qəhrəmanlarını əvvəllər
heç vaxt görünməmiş perspektivdən nəzərdən
keçirmək və onların simalarının gizli
xüsusiyyətlərini təsvir etmək mənim
üçün zəruridir. Məqsədim
onların da bəşəri nöqsanlara malik adi insanlar
olduğunu göstərmək idi. Bir
neçə azərbaycanlı tənqidçi mənim bu
milli qəhrəmanların sanbalını kiçiltmək məqsədi
güddüyümü iddia etdilər. Halbuki,
mən mübahisə edərdim ki, onların
insanlıqlarını vurğulamaq onların
böyüklük və əzəmətinin artmasına xidmət
etmişdir.
Digər yerli və xarici tənqidçilər isə bu
kitabla bağlı, xüsusilə də, "Kitabi-Dədə
Qorqud"dan olan surətlər və hadisələrin Şah
İsmayılı təsvir edən yeni rəvayətə əlavə
olaraq müasir sui-qəsdin necə birləşdirilməsi
üsuluna çox positiv və minnətdarlıqla
yanaşmışlar. Bir çox oxucular bu kitabın onları
orijinal "Kitabi-Dədə Qorqud"u yenidən oxumağa
sövq etdiyini söyləmişlər.
-Bu kitab
ilk oxucularını Kitabi Dədə Qorquda cəlb etmək
üçünmü yazılmışdır?
-Əvvəllər
mən düşünürdüm ki, öncədən
"Kitabi Dədə Qorqud"u oxumamış
"Yarımçıq əlyazma"nı
adekvat şəkildə qiymətləndirmək
qeyri-mümkün olacaq. Məsələn, kitab portuqal dilində
nəşr olunub, lakin mənim Braziliyada kiminsə orijinal
dastanı oxumuş olduğuna dair çox böyük
şübhəm var. Faktiki olaraq, Braziliyalı tənqidçilər
"Yarımçıq əlyazma"nı mifoloji detektiv əsər
kimi qiymətləndirmişlər.
Əslində,
mənim kitabım gərək, öz-özlüyündə,
inteqral bir iş kimi qiymətləndirilsin, və mənim ilk
qiymətləndirməmin tamamilə əksi, əslində, həqiqi
ola bilər, belə ki, "Kitabi-Dədə
Qorqud"la bağlı məlumatlı şəxslər mənim
əsərimi anlamağa hazır olduqlarından bir qədər
təzyiqə məruz qaldıqlarını hiss edə bilərlər
ki, bu da bir çağırış kimi görünə bilər.
"Kitabi Dədə Qorqud" 12 müxtəlif boydan ( kitabdan) ibarətdir və bəzi tənqidçilər
iddia etmişlər ki, "Yarımçıq əlyazma"
"Kitabi Dədə Qorqud"un çoxdan bəri
gecikmiş 13-cü boyu (kitab) hesab oluna bilər.
"Yarımçıq
əlyazma"nın Şah İsmayıl
bölməsindəki surətlər "Kitabi-Dədə
Qorqud"dakı xəyali qəhrəmanlarla yanaşı, həqiqətdə
mövcud olmuş real şəxsiyyətlərdir. Bəzi surətlər orijinalda sadəcə ötəri
şəkildə qeyd olunsalar da, indi burada onlar tam şəkildə
təsvir olunurlar. Bu roman orijinal kitabın əsaslarına
dayanan Dədə Qorqud haqda bir fantaziyadır.
-Nəyə
görə Siz "Yarımçıq əlyazma"da
Şah İsmayıl surətini birləşdirməyi qərara
aldınız?
-"Yarımçıq əlyazma"da Şah
İsmayılın hekayəsi kitabın qalan hissəsindən
ayrılmışdır. Bu bölmə bu əlyazmanın
mürəkkəb və dolaşıq təbiətini
vurğulamağa xidmət göstərir. Mən
Şah İsmayılı orada təsvir və xarakterizə
etdiyimə görə tənqid olunmuşam. Mənim
kitabımda o, döyüşdə həlak olur, lakin həqiqi
tarixi şəxsiyyət həmin döyüşdən on il sonra belə yaşamış və ölkəni
idarə etmişdir. İnsanlar Şah İsmayılın bura
daxil edilməsini sual altına alarkən, mənim cavabım " Nədən olmasın?" olur. Burada mətnlərarası əlaqə vardır və
həqiqi surətlərlə mifoloji surətlər bir-birilə
çox sıx və qırılmaz surətdə
bağlıdırlar.
-Trilogiyanın "Yarımçıq əlyazma"dan sonrakı romanları öz tarixçələrini hardan götürürlər?
-Trilogiyanın digər iki hissəsi Anne Thompson tərəfindən ingiliscəyə tərcümə olunmuş "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox" kitablarıdır. "Sehrbazlar dərəsi" "Kitabi-Dədə Qorqud"la əlaqəlidir. "Unutmağa kimsə yox" isə müasir dövrə köklənmiş və bir mağarada tapılmış yazıdan bəhs edir. Bu yazı aydınlaşdırır ki, o, özünün ölmüş arvadına əri tərəfindən yazılmış epitafiyanın bir hissəsidir və biz böyük tarixi mətnlər axtarışında olduğumuzu sanırkən, kiçik bir sevgi məktubu ilə rastlaşırıq.
Mən "Kitabi-Dədə Qorqud"u analoji olaraq çoxlu kökləri olan və hər birinin özünü mənim trilogiyamda bir cild kimi göstərən böyük bir ağacın gövdəsi kimi təsvir edirəm. "Yarımçıq əlyazma"nın əsas ideyası bundan ibarətdir: " öz şəxsi mənfəətiniz üçün bütlər yaratmayın" ; "Sehrbazlar dərəsi"ndə isə əsas ideya : " nifrətlə yaşamayın" - söyləyir. "Unutmağa kimsə yox" kitabının əsas ideyası budur: " tək bir dünyada yaşamayın, və bir dünya ilə məmnun olmayın, çünki o, paralel dünyaların birgə mövcudluğunu tədqim edir."
-Bəs bütün trilogiya tam şəkildə Azərbaycanda artıq nəşr olunubmu?
-Kitabların üçü də Azərbaycanda 2004-cü ildən 2011-ci ilə qədər nəşr olunmuşdur. Azərbaycan versiyasına əlavə olaraq, "Sehrbazlar dərəsi" kitabı indi artıq rus, türk, fransız və yapon dillərinə tərcümə olunmuşdur. "Unutmağa kimsə yox" isə hal-hazırda rus dilinə tərcümə olunur.
-Bəs bu kitabların sadələşdirilmiş televiziya və ya film versiyalarının istehsalı ilə bağlı hər hansı bir planlarınız varmı?
-Mən "Şah", "Şair və Şah İsmayıl" bölmələri üçün səhnə parçaları artıq yazmışam. Bu və digər tamaşalar artıq Gürcüstan, Estoniya və Azərbaycanda ifa olunmuşlar. Mən həmçinin "Yarımçıq əlyazma" kitabının filmə çəkilməsi ilə bağlı İtaliyadan sorğular da almışam.
"Yarımçıq əlyazma"nı sifariş etmək üçün göstərilən ünvana müraciət edin:
http:/bit.ly/
kamalabdulla
Ədalət.-2014.-25 fevral.-S.6.