CAHAD!!!
(esse)
Qoz ləpəsi,
üstündəki qırışlarıyla
insan beyninin yarımkürəsini xatırladır. Iki qoz ləpəsi (ceviz içi) insan beyninin kiçik modelidir - yeməli!..
Yadıma
vaxtilə, məni heyrətə gətirən
bir yazı düşdü: hansısa
inkişaf etmiş Qərb ölkəsində
tutiya (delikates) sayılan və yalnız ən varlı adamların menyusunda olan bir yemək (təam) var: - "Diri meymun beyni".
Canlı
meymun xüsusi bir qurğuya fiksə olunur. Başının qapağı kəsilib
götürülür. Meymun bağırır və adam
qaşıqla diri meymunun beynini yeyir...
Xocalı
faciəsi, XX əsrin
ən böyük cinayəti! Həmin gün mən
özüm öz beynimi yeyirdim. Xocalı qırğınının
11 dəqiqəlik kino-xronikasına
baxmamaq üçün
45 dəqiqə mübahisə
edən millət vəkilləri, sizə nə deyim?..
Xocalı...
Gecənin qaranlığında
qaçaqaçda üç
aylıq Salatını
öz əlləriylə
boğan ANA (Uşaq ağlayırmış,
uşağın səsini
düşmənlər eşitməsin
deyə) və dörd saat sonra möcüzəylə
yenidən dirilən uşaq. Xəstəxanada Salatının* mənə
baxan gözləri... Qaçaqaçda yaralı bacısını
düşmən əlinə
keçməsin deyə,
onun öz təkidiylə güllələyən
qardaş. Ürəyinə,
üz-gözünə süngü
sancılmış bir
uşaq... Donmuş, ayaqları kəsilmiş
18 yaşında qız.
Üzünün dərisi
soyulmuş meyit... Gözləri çıxarılmış
oğlan... Respublika xəstəxanasının qadın
şöbəsi həkiminin
tükürpərdən söhbətləri...
Ölmüş anasının
döşünü əmən
uşaq... Ağıla
sığmayan vəhşiliyə,
işgəncəyə tuş
olan körpə, qadın, kişi,
qoca meyitləri...
Şahidlərdən biri deyirdi ki, saqqallılar
tutulan əsir qızların səsini səsgücləndiricilərlə uzaqlara verirdilər ki, eşidin, çox qeyrət, qeyrət deyirdiniz...
Kimlərsə, qaşıqla diri
meymun beyni yeyibsə də, mən o gün öz beynimi yeyirdim...
Qeyrətsiz rəhbərlərimizin xəyanəti,
amansız düşmənlərimizin
murdarlığı önündə
əyilmə, Azərbaycan.
Cahad, fışqırır damarlarımız,
Cahad!!!
Heç
nəyimiz olmasa da, dilimizi dişləyib
əlli milyon ət kimi tüpürək
düşmən gözünə!
Dədə Ələsgərin çəkdiyi
ah - zəlzələdən güclü ruhum, Şah babam İsmayılın, Babəkimin
qeyrətinə sığınan
torpağım, Təbrizin*
qanı tökülən
torpağım, daşım,
göylərim, siz də mənə kömək olun!
Yüz
min insan bəbəyinə
toxunan əllərim, Tanrımın töhfəsi
- qanadlarım, siz də mənə kömək olun!
"Daşa varlığınla
inansan, daş göyərər", - deyən,
atamın ruhu, sən də mənə kömək ol!
Ey gözəgörünməz, darda
qalanların arxası,
köməksizlərin pənahı,
bir zərrəlik hüceyrəyə dünyanı
sığışdıran kamil sənətkar, müqəddəs ruh, sən də mənə kömək ol!
Kömək olaq, arxa olaq, çəpər olaq bir-birimizə, Azərbaycan oğulları,
qızları!
Cahad, fışqırır Vətən,
Cahad!
Müqəddəs müharibəyə, son döyüşə hazır
olun, el oğulları,
el qızları!
Olum, ya ölüm!
1992
* Jurnalist Salatın Əsgərovanın adı
ilə adlandırılan
* Təbriz Xəlil Rza oğlu Xəlilbəyli
Paşa Qəlbinur
Ədalət.-2014.-26
fevral.-S.6.