"XOCALI"
Xocalı faciəsi və soyqırımı elə
bir ağır dərddir ki, uzun illər keçsə də xalqımızın, millətimizin
qan yaddaşından heç vaxt silinməyəcək. Bu bəşəri
kədəri və dərdi müxtəlif yazarlar hərəsi bir cür öz
qələminin süzgəcindən
keçirərək gələcək
nəsilə ötürüb.
Təbii
ki, biz Xocalı soyqırımını təkcə
fevralın 26-da deyil, bütün ilboyu xatırlamalı və bu faciəni dünyanın hər yerində səsləndirməliyik.
Bu mənada istedadlı şair Vahid Əlioğlunun 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
366-cı rus alayı ilə erməni qoşunlarının Xocalıda
törətdiyi dəhşətli
qanlı faciənin qələmə alınması
çox aktual bir məsələdir. O,
"Xocalı" poemasını
yazmaqla bir daha bu soyqırımı
və bəşəri
faciəni dünyanın
diqqətinə çatdırır.
Kitab Ümummilli Lider Heydər Əliyevin və prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı söylədiyi fikirlərlə
başlayır. Kitaba ön
sözü filologiya elmləri doktoru, professor Şamil Vəliyev yazıb. Ş. Vəliyev
həmin qeydlərdə
bir daha yada salır: "Xocalı soyqırımı
ürəyimizə sancılan
süngüdür. Bu süngünün yarası
hələ də sağalmayıb, hələ
də sinəmizi göynədir. Şair Vahid
Əlioğlu da göynəyə-göynəyə "Xocalı" poemasını
yazmış, ən dəhşətli, ən ağır faciəni qələmə almaqla bizləri həm də qəm gölündə boğulsaq
da nikbin olmağa, gələcəyə
ümidlə baxmağa
sövq edir".
Kitabın redaktoru şairə-publisist
Xatirə Əzizdir. Hiss olunur
ki, Xatirə xanım da şair
Vahid Əlioğlunun yazdığı hər misranın üstündə
yarpaq kimi əsib və kitabın işıq üzü görməsində
böyük əziyyət
çəkib.
Əlbəttə, Xocalı faciəsi zamanı 613 nəfər qətlə yetirilib. Onlardan 106 nəfəri
qadın, 59 nəfəri
uşaq və yeniyetmə, 70 nəfəri
ahıl idi. 8 ailə bütövlükdə
məhv edilib, 26 uşaq hər iki valideynini, 230 nəfər isə birini itirib. 487 nəfər əlil
olub, 150 nəfərdən
hələ də soraq yoxdur. 1275 nəfər soydaşımızı
ermənilər əsir
götürüb.
Bütün bu faciəni istedadlı şair "Xocalı" poemasında
poetik dildə ifadə edir:
Dağlıq Qarabağda - cənnət
məkanda,
Xocalı adlanan bir şəhər
vardı.
Bülbüllər ötərdi hər
bir bağında,
Yazı da, qışı da göz oxşayardı.
Amma ermənilər
o yurdun altını-üstünə
çevirdilər, nə
qocaya qıydılar, nə hamilə qadına, nə də körpə uşaqlara. Qabağına kim çıxırdısa,
onu ya güllələyirdilər,
ya da süngüdən
keçirirdilər. Şair
həmin anları belə təsvir edir:
Bələyi açılmış körpəyə bir bax,
Onun sinəsində
süngü yeri var.
Belə
dəhşət olmaz,
müsibət olmaz,
Ürəyim alışdı, yandım,
a dağlar.
Güllə yağışları, tankların səsi,
Lərzəyə salmışdı bütün
şəhəri.
Belə
bir vəhşilik, belə barbarlıq
Hələ olmamışdı min ildən
bəri.
Göründüyü kimi, şair Vahid Əlioğlu düşmənin
vəhşi sifətini
və iç dünyasını, qəddarlığını
elə təsvir edir ki, oxucu
bir daha bu misraları oxuyanda vəhşiliyə,
qəddarlığa nifrət
edir. Təbii ki, insan dünyaya gələndə
insan kimi yaşamalı və insan kimi də
köç etməlidir.
Amma bu faciəni törədən, bu soyqırımı törədənlərə heç vaxt insan demək mümkün deyil. Bunlar şeytandan da, iblisdən də betərdilər. Bunların nə uşağa, nə qocaya, nə də hamilə qadınlara yazığı gəlmirdi. Onların nə Allahı vardı, nə də Allahdan qorxusu.
Şair öz qəzəb hissini və nifrətini poemanın hər misrasında, hər sətrində özünəməxsus bir formada ifadə etməyə çalışıb və buna birmənalı olaraq nail olur:
Haraya baxırsan tərsə çönübdü,
Ocaq qaralıbdı, həyat sönübdü.
Elə bil təbiət daşa dönübdü,
Açılmır nə vaxtdır gül, Xocalıda.
Əlbəttə, belə bir poemanı qələmə alarkən şair ürəyinin sızıltılarını, ağrı-acısını duyursan. Hiss edirsən ki, şair poemanı yazıb başa çatdırana qədər min dəfə ölüb və min dəfə də dirilib. Amma şairə təsəlli olan budur ki, ürəyinin dərinliyindəki Xocalı məhəbbətini və düşmənə olan nifrət hissini vulkan kimi püskürə bilib. O yerdə ki, insan qəlbi var, o yerdə ki, insanlara güllə atılır, qan tökülür, ev yıxılır bəşər övladı heç vaxt bu cinayəti törədən insanları bağışlamır.
Şair Vahid Əlioğlu poemanın sonluğunu nikbin notlarla tamamlamaq istəyib və buna nail olub. Çünki hər bir kədərdən sonra insanın qəlbində bir ümid işığı boylanır. Və nə yaxşı ki, şair poemanın sonunda oxucuya bu ümid işığını aşılaya bilir:
Tökülən qan yerdə qalmaz,
Can yanmasa, göz də dolmaz.
Qarabağsız Vətən olmaz,
Sıraya düzlənin, gedək.
Qılıncı qından çıxarın,
Düşmənin bağrını yarın.
Qarabağa sülh aparın,
Sıraya düzlənin, gedək.
Bəli, bu millət, bu xalq ölkə prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mütləq o torpaqları erməni işğalçılarından azad edəcək, Xocalıda, Şuşada, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında Azərbaycan bayrağı dalğalanacaq. O xoş gün heç də uzaqda deyil!
Faiq QİSMƏTOĞLU
Ədalət.-2014.-26 fevral.-S.6.