Tofiq Abisiz üç gün

 

Biz Tofiq Abdinlə birlikdə işlədik, özü də "Ulduz" dərgisində. "Adlerdə bir körpü var" əsərinin bütöv, redaktəsiz variantını mənə təqdim elədi. Oxudum, baxdım ki, "Ulduz"un o vaxtkı rəhbərliyi əsəri xeyli qayçılayıbmış, amma heç Tofiq müəllim də onlardan geri qalmayıb - həqiqəti budamaqda, sözü açıq deməməkdə, obrazların arxasında gizlənməkdə...

 

Qulu Ağsəs

 

Tofiq Abdin xalqımızın və ən əsası - namuslu, iradəli bir şairi kimi tanıdığımı sizə deməyi özümə borc bilirəm. Bu kitab haqqında yazın, mübahisə eləməyə hazıram!

 

Fikrət Qocaxalq şairi

 

İşıqlı bir insanı - bənzərsiz Tofiq Abdini itirdik! Məkanın cənnət olsun Tofiq bəy!

 

Nəriman Əbdülrəhmanlı

 

 

Əlli iki il yaxından tanıdığım Tofiq Abdin, doğmalar, tanışlar arasında bu dünyaya hamıdan, hər kəsdən çox bağlı geyimi, yerişi, səsi, açıq-saçıqlığınacan kimsəyə bənzəməyən, azad, demokratik düşüncəli... ötən yüz ilin 60-70-ci illərində Azərbaycan jurnalistikasına yeni nəfəs, cəsarət gətirmiş yazar...

Təklikdən qorxduğu üçün yazarlar arasında hamıdan çox dost-tanışı olan, ünsiyyətcil, şirindilli, evi qonaq-qaralı...

Yazılarında haqqı, ədaləti qorumağa çalışan, gücü çatmayanda yanıb için-için ağlayan...

Küçələrdən birgə keçərkən ayrı-ayrı dönmələrdə ah çəkərək qüssə içində: - Azər, əlli-yüz ildən sonra bizim kimi bu binalar da olmayacaq - söyləyən...

Hər gün bəzən bir, bəzən iki-üç yol zəng edib halımı soruşan...

Onun mobil telefonuna elədiyim sonuncu zəngdə tanımadığım qadın səsinin "Artıq Tofiq yoxdu..." dediyi sözlərini eşidəndə ömrümün qürub çağı, sayıla biləcək tellərdən asılı qalıb titrəyən ürəyimin bir neçə sapını yoxluğuyla birdən qıran adam...

 

Azər ABDULLA

KİMƏ NƏ DƏXLİ

VAR MƏNİM ÖMRÜMÜN

 

Səhəri açıram çox vaxt gözümlə,

götür-qoy edirəm özüm-özümlə.

Bəzən tək qalıram hər bir sözümlə,

yaşaram ümidli sərt bir dözümlə,

Həsədlə baxaram hər ötən ilə,

ümidlə baxaram hər gələn ilə.

Bəzən soruşuram özüm-özümdən:

kimə nə dəxli var mənim ömrümün?!

 

Tanışlar azalır, dostlar azalır,

dostluq məclisində tostlar azalır,

arxada neçə qış, neçə yaz qalır,

ömrün payızına elə az qalır,

diksinib baxırsan ilə az qalır.

Ay var, gün var, taleyinə yazılır,

lap deyək ki, yazılmayır, nə olsun?

Kimə nə dəxli var mənim ömrümün?

 

Baxıram, kiməsə yaltaqlanmışam,

baxıram özümdən uzaqlaşmışam.

bəzən sevmədiyim şeyi yazmışam,

bəzən yazıdırıblar, bəzən yazmışam,

bəzən çaşdırıblar, bəzən çaşmışam.

Beləcə yaşayıb həyat sürmüşəm,

Kimə nə dəxli var mənim ömrümün?

 

Qorxu gəzir bu dünyanın üzündə,

qorxu gəzir payızında, yazında

gözüm yoxdu nə çoxunda, azında,

bilə-bilə istəmişəm azın da.

İndi gəlib dayanmışam

ömrün payızında.

Kimə nə dəxli var mənim ömrümün?

BİLSƏM Kİ...

 

Bilsəm ki, hər şey

elə bu ölənin

başı üstə deyilən kim olacaq.

var ki, ölməyə!

Deməli, öləndən sonra

sözün olacaq deməyə.

Deməli, öləndən sonra

dünyanın bütün acıları

doyunca yemək tapacaq yeməyə.

Deməli, boğazlara tıxanmış

şirin sözlər

tıxaclıqdan çıxacaq.

Şirin təbəssüm kimi

balalarımın üst-başından axacaq.

Ancaq, inanmıram bütün bunlar ola.

az görmədi

səhərisi unudulan yası.

Ulu Nazim deyib ki,

"İyirminci əsrdə

Qırx gün çəkir ölüm acısı"

Beləsə, ölməyə dəyərmi?

Ta ki, əcəl canını almayınca?

Heç kəs düşməyəcək

bir ölümün dalınca.

Kimlər unudulmayıb,

onda nədir bu giley?

Ölümmü,

Ölməyimmi,

Ehey, adəmoğlu ehey?!

 

 

***

 

Bir qız sevməliydim, sevdim, almadım

yaxşıya-yamana çəkildi adım.

Məndən üz çevirdi qohumum, yadım,

Sevdim, sevə-sevə şeir yazmadım,

itirdim, itkiyə şeir yazmadım,

Bəs niyə onda mən şeir yazıram?!

 

Vaxt olub, kəsiblər şair əlini,

vaxt olub kəsiblər şair dilini,

şeir var bükübdü şair belini,

böyüdüm, tanıdım, şair Əlini

bir Əli qorxusu qorxutdu məni,

neçə dost-tanışım unutdu məni,

neçə ayrılığa hələ hazıram,

Bəs niyə onda mən şeir yazıram?

 

Kimini bir sevgi şair eylədi,

kimini bir itki şair eylədi,

dünyaya Bayronlar gəldi, neylədi?!

şeirlər güvətək ömrümü yedi,

Bəs niyə onda mən şeir yazıram?!

 

Şairlik dəb deyil, şeir dəb deyil,

mən Nəsimi deyiləm, Bakı da Hələb deyil,

şeir şair üçün dərman, həb deyil

aylar nə tez ötür, nə tez gəlir il,

ürəkdən keçəni demir yazıq dil.

Bəs niyə onda mən şeir yazıram.

 

Şairsiz də hər günümüz başdanar,

şair var ki, inadıyla yaşdanar,

şair var ki, inadıyla "daşdanar"

şair var ki, öz ömründən az yaşar,

bəlkə mənim bəxtimdə də bunlar var,

Bəs niyə onda mən şeir yazıram?!

 

 

OSMAN SARIVƏLLİYƏ

 

Osman əmi,

demisən ki

"Hər kim yüz il yaşamasa

günah onun özündədi".

İndi necə deyərsənmi?!

Onda Səməd dostun yanındaydı,

onda uşaqlığın, gəncliyin

ən əziz xatirələri

yaşıl yarpaq kimiydi

hər şey yadındaydı.

Onda qış vaxtında gəlirdi,

payız vaxtında gedirdi.

Oğlan vaxtında evlənirdi,

qız vaxtında gedirdi.

Onda duman duman idi,

Ayaz-ayaz idi.

Yaxşılıq çox idi,

Yamanlıq az idi.

İndi deyərsənmi bu sözləri,

Osman əmi?!

Onda qocalar qoca idi,

Qocaların sözü uca idi,

Onda iki sözdən biri

bərəkət idi,

qeyrət idi, hərəkət idi,

Onda qorxunun adı qorxu idi

yuxunun özü də yuxu idi.

Onda dostluqda "kişi sözü" deyilən

söz vardı,

Onda ən incə sözdən inciyib

dolan göz vardı.

Onda... onda...

İndi deyərsənmi bu sözü, Osman əmi?

Yaşımızda yaşlıq qalmayıb,

toyumuzda toyluq.

Ağır-ağır yox oluruq

Osman əmi,

yox oluruq.

O yanda gəzdiyin Borçalı yox olur,

bu yanda Xəzərin sahili daralır.

O yanda Qarayazı yox olur,

Bu yanda torpağın beli qırılır.

Necə yazaq düzünü, Osman əmi,

necə yaşayaq

oğul-uşaq qınamasın bizləri.

İndi deyərsənmi o sözləri,

Osman əmi?

Deyərsənmi? Deyərsənmi? Deyərsənmi?

 

 

***

 

torpaq suyu çəkir

gözüm göz yaşını

tök ətəyindən Daşı dedilər

tökdüm ətəyimdən Daşı

 

odu budu Daşdan çıxır

çörəyim də, suyum da

odu budu Daş olubdu

xasiyyətim, huyum da

 

idimsə o olmuşam

başa qayımışam yenə

məzarımda nişan bir Daş

daşa qayıtmışam yenə

 

 

***

 

a.z.q.-ya

 

sənin dərgahında qulun olaram

içimdən çölümdən yalın qalaram

dəmir olsam belə parçalanaram

məni bu sevdadan uzaq tut Tanrım

 

bu bizim dünyanın heç işi deyil

özümün özümlə savaşım deyil

unutmaq istəyən yaddaşım deyil

məni bu sevdadan uzaq tut Tanrım

 

bu gönlü bu qədər zəif bilməzdim

canım bu sevdayla dolsun deməzdim

mən özüm-özümdən nə zaman bezdim

məni bu sevdadan uzaq tut Tanrım

 

məni göndərməyə gücün də çatmaz

səsimi duymağa səsin də çatmaz

görürəm vallahi məğlubam bir az

məni bu sevdadan uzaq tut Tanrım

 

mənimçin bu şeiri yazmaq günahdı

bu bir şeir deyil çəkdiyim ahdı

məni bu zülümə salan Allahdı

məni bu sevdadan uzaq tut Tanrım

 

 

***

 

bu göz yaşı o yaş deyil

ağlama balam ağlama

bu yaş axı o yaş deyil

ağlama balam ağlama

 

uçub getdi körpəliyin

yaşlaşıbdır dəcəlliyin

mənə tanış bu gileyin

ağlama balam ağlama

 

gözlərin ki bulaq deyil

gedən günüm uzaq deyil

kimsə deyər yazıq deyil

ağlama balam ağlama

 

günün ayın savaşında

yaşlaşıbdır göz yaşın da

yaşlaşıbdır yaddaşın da

ağlama balam ağlama

 

 

 

DÜNYA NAMƏRD DÜNYADI

 

Abisiz qaldığımızı düşünə bilmirəm

 

Dünyanın namərd olduğunu eşitmişdim. Sonra bu namərdliklə zaman-zaman üz-üzə gəldim... Lap sonra da o namərdliyin qurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim - dünya səsimə səs vermədi... qaçqınçılıq yaşadım - dünya hayıma çatmadı... Dostlarım yarpaq tökümü başladı - Vahid Əlifoğlunu itirdi - dünya susdu... Pərviz Əliyevlə vidalaşdım - dünya göz yumdu... Akif Səməd üçün göynədim - dünyanın tükü tərpənmədi... O boyda Məmməd Araz köç etdi - dünya səksənmədi... Elə az qala bir ay bundan öncə səsinin vurğunu olduğum Məhəbbət Kazımovdan ayrıldım - yenə dünya lal qaldı... İndi də səni əlimdən aldı Abi! Yenə susdu dünya... yenə kar oldu, zəlil oldu, cınqırı da çıxmadı. Məəttəl qaldım bu namərdliyə... içimdən neçə yerə çat verdim, doğrandım, parçalandım, içimdə ağladım - yenə öz işində oldu dünya - namərd dünya...

Hə, mənə demişdilər... mən gördüm... mən yaşadım dünyanın namərdliyini. Ona görə də deyəsən mən də yavaş-yavaş daşlaşıram... mən də yavaş-yavaş dünyanın özünə çevrilirəm - namərd oluram. Dostlar gedir, ustadlar gedir, sevdiklərim gedir, mən isə hələ ki, boylanıram arxalarıycan... Bu naşükürlük deyil, heç bu dünyaya irad tutmaq da deyil. Bu əslində itirdiklərim üçün necə göynədiyimi, necə ağrıdığımı yaza bilməməkdi. Vallah, mən yazı yazmaqda o qədər də aciz deyiləm. Az-çox sözün əlifbasını bilirəm. Amma dost itirəndə hər şey yadımdan çıxır. Fikir qurmaq, cümlələri sıralamaq zülmə çevrilir... Elə bir iynəylə gor qazıram - özü də ürəyimin içində... Elə bil o itirdiklərimi bir-bir təzədən yola salıram, təzədən ayrılaram onlardan. Bu ölüb-dirilmək məni əldən, dildən salır. Neyləyim, ayrı cür bacarmıram. Bilmirəm, dünyaya qarşı bəlkə də haqsızlıq edirəm, böyük iddialarla danışıram, üstünə gedirəm... Nə bilim vallah. Amma onu bilirəm ki, mənim üçün bu dünya doğrudan-doğruya namərddi. Axı cəmi 15-20 saat öncə telefonda səsini eşitdiyin, hal-əhval tutduğun bir dostu bir göz qırpımında itirməyin nə demək olduğunu bu dünya anlamır. Əgər anlasaydı, bu qədər soyuqqanlı olmazdı, bu boyda əclaflığa imza atmazdı. Namərdsən dünya, namərd...

Ölümündən bir gün öncə, günorta saatlarında danışdıq, hal-əhval tutduq bir-birimizdən. Bir xahişini dilə gətirdi. Həmişə olduğu kimi, sağollaşanda dedi:

- Oldu, tamam əfəndi, gözlərindən öpürəm. Özündən muğayat ol!

- Sağ ol abi, sən də özünü qoru. Sən də bizim bir abimizsən axı, - dedim mən də.

O, sən demə mənimlə vidalaşırmış... o tamam deyirmiş, mən fərqinə varmamışam. İndi özümü qınayıram. Gərək mən də deyərdim ki, gözlərindən öpürəm abi, yumma onu, qoy baxsın bizə həmişə. Niyə demədim bilmirəm? Niyə yadımdan çıxdı bilmirəm? Mənim gözlərimdən öpüb vidalaşan, tamam deyən dostuma mən "gözlərini yumma" deməyi nədən unutdum? İçimi didir suallar, ürəyimi ovcumun içində sıxıb təngnəfəs edir. Artıq üçüncü gündü ki, hara baxıramsa, nəyi fikirləşirəmsə, hamısı səni xatırladır. Ağızdolusu "əfəndi" sözü, ürəkdolusu dediyin "gözlərindən öpürəm" kəlmən həm xatirəmdi, həm ağrı-acım. İndi mən o sözləri heç kimdən eşitmək istəmirəm... Çünki heç kimsənin kimi ifadə edə bilməyəcək o sözləri... Nə qədər canla, qanla dilə gətirsələr də, sənin o sözlərə hopdurduğun səmimiyyət olmayacaq... Vallah, səndən bir də olmayacaq, Abi!

Hər söhbətimizdə zarafatla deyirdin ki, Salyandan olsam da, mən də qaçqınam. Bilirdim nəyə işarə vurursan. Qohumlarını nəzərdə tuturdun. Sanki bununla mənə təsəlli verirdin. Mənə bir az da doğma olduğunu, mənim dərdlərimi öz dərdlərin bildiyini işarələyirdin. Üstəlik, Vahid Əlifoğludan elə danışırdın, onun ölümünə elə acıyırdın ki, sənin o böyük ürəyinin qarşısında ancaq susurdum. Sən söhbətimizdə, həm telefon zəngində Vahidin uşaqlarıyla maraqlanırdın, bacardığın köməkliyi göstərmək üçün çarpışırdın, vuruşurdun... Bir sözlə, qəribəydin Tofiq Abdin, çox qəribə. Diqqətin, həssaslığın göyə çəkildiyi indiki zamanda səndə hardan idi bu boyda diqqət, bu boyda həssaslıq? Necə qoruyub saxlamışdın onu? Vallah, doğru deyirəm, mən sənin qədər diqqətli deyildim. Sən hətta bəzən dost üçün onun özünün xəbəri olmadan qabağa düşüb harasa getməyə də hazır oldğunu göstərmişdin mənə. Görmüşdüm mən bunları... Lap elə Vahidin timsalında da görmüşdüm...

Abi, indi sənə xitab etdirəm, bilirəm ki, eşidirsən... bilirəm ki, səmimiyyətimə də inanırsan... və bilirəm ki, mənim sənin barəndə yazmaq, söz demək haqqım hara qədərdi... Bütün bunları bilə-bilə yenə yazıram, yenə sənə üz tuturam, Abi! Sən öz çevrəndə olan bütün qələm adamlarının, söz adamlarının birmənalı şəkildə abisiydin! Abi, sən türk dünyasının söz-sənət adamlarının içinə nüfuz etmiş, onları bizlərə sevdirən Kişi idin! Abi, sən şuxluğun, sözə həssas yanaşamağın kriteriyası və bir də yaxşı olan hər şeyə qiymət verən ustad idin!

Abi, indi sən mütləq ordakı dostların halay qurduğu cərgənin tən ortasındasan, suallara cavab verirsən... Abi, sən indi yəqin ki, cənnətin təzə sakinlərindən biri kimi hardan hara köçdüyünü fərq etməyə başlamısan. Odur ki, mənim də salamımı ordakı dostlara çatdırmağı unutma...

Hə, namərd dünya, apardın Abini. Özü də Novruzun ilk çərşənbəsində. Torpağın diksinən vaxtı qucaqladın, basdın bağrına onu. Bizlər də cümə axşamı onun yoxluğunun üçüncü gününə yığılırıq... İlk çərşəndə və cümə axşamı!!! Heç nə demirəm, hayf səndən Tofiq Abdin! Amma mütləq etiraf etməliyəm, görünür torpaq da ağzının dadını bilir. Ona görə də yaxşıları tez alır qoynuna...

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-27 fevral.-S.6.