Ömrün kamillik çağı
Nizami Mirzə ixtisasca tarixçidir. Azərbaycan Dövlət Pedaqoji Universitetin tarix fakültəsinin məzunudur. Bədii yaradıcılığa isə 70-ci illərdən başlayıb.
Dövri mətbuatda jurnalist və publisist kimi maraqlı və rəngarəng əsərləri - oçerk, məqalə və publisistik yazıları ilə çıxış edib. Qısa vaxtda bədii yazıları ilə oxucuların rəqabətini qazanıb. İlk hekayəsi 25 il əvvəl "Kommunist" qəzetində işıq üzü görür. "Evimizə gəlin gəlir" adlı bu ilk yumoristik-hekayə gənc Nizaminin istedadına dəlalət edirdi. Sonra onun elə həmin qəzetdə dərc olunan "Qurğu" hekayəsi Azərbaycan ədəbiyyatına istedadlı bir nasirin gəldiyini təsdiqlədi. Beləcə, mətbuatda ardıcıl çıxış edən Nizami Mirzə 1977-ci ildə "Mavi gözlər" adlı ilk kitabı ilə oxucuların görüşünə gəlir. Həmin kitaba gənc yazıçının eyni adlı "Mavi gözlər" povesti, mənsur şeir və hekayələri daxil edilmişdir. Kitaba yazıçı-publisist Əfqan ön söz yazmış, "Mavi gözlər"ə toplanmış əsərləri təhlil etmiş, gənc yazarın özünəməxsus dəsti-xətti, hadisələrə obyektiv münasibəti, vətəndaş mövqeyi olduğunu bildirmişdi. Doğrudan da həmin əsərlərdə müəllif çox aktual, maraqlı, eyni zamanda ağıllı məsələlər qoyur. Yazıçının əsərlərini oxuduqdan sonra bu qənaətə gəlirsən ki, Nizami Mirzə ümumən zamanın, dövrün nəbzini tutmağa qadir qələm sahibidir və əsərlərində yaşadığı cəmiyyətin ab-havasını əks etdirən, adət-ənənələrimizə kifayət qədər dərindən bələd olan, onları yaradıcılıq süzgəcindən keçirərək, yaxşılarını yaşatmağa və təbliğ etməyə, pislərini isə rədd etməyə səsləyən, milli əxlaqımızın keşiyində dayanan əsl vətənpərvər ziyalılarımızdandır. Yazıçının sonrakı əsərləri də sübut edir ki, o, dərin müşahidə qabiliyyətinə, zəngin həyat təcrübəsinə malik yazıçıdır. Onun yaradıcılığının ilk məhsulu olan hekyələrində satirik və yumoristik ovqat aparıcı rol oynayırdı. Belə ki "Evimizə gəlin gəlir", "İş axtarıram, ay dədə" ("Dədəmə məktublar" silsiləsindən), "Müasir ola bilmirəm, ay dədə", "Soldış olmağın böyük bəlası" kimi komik səpkidə qələmə alınmış hekayələri oxuduqda zamanın ən çətin, mürəkkəb, ziddiyyətli vaxtında belə, adamın dodağı qaçır və özünü hadisənin baş verdiyi anın ovqatına kökləyirsən. "Yaşıl pöhrə", "Qönçə qızılgül", "Yanıq Kərəm" və s. hekayələri ictimai-siyasi məsələlərə aid suallara cavab verir.
Yazıçının ilk böyük həcmli əsəri olan "Mavi gözlər" povestində bir könüldən min könülə vurulan, sərvət əsiri olan, bu xislətinə görə yeganə qız övladı Gülgəzi bədbəxt günə qoyan Zərəfşan arvadın qəddarlığından, bir-birindən dəhşətli müharibələrin insanları necə şikəst və bədbəxtə çevirməsinin bariz nümunəsi kimi Hətəm kişinin əzablı və məşəqqətli ömür yollarından, onun heç vaxt üzünü görmədiyi doğma övladı Tatyana ilə təsadüfi qovuşmasından bəhs olunur. Yazıçının sayca ikinci povesti olan "Sarıca" əsərində Qarabağ faciəsininin əsl mahiyyəti, onun kökləri, çörəkləri dizləri üstündə olan nankor və məkirli ermənilərin xəyanətkarlığı, heç bir əndazəyə sığmayan qəddarlığı, qəhrəman övladlarımızın Vətənə, torpağa olan sonsuz sevgisi, Allahın dilsiz-ağızsız heyvanı olan Sarıca adlı itin sədaqəti, insanın ən yaxın dostu kimi, ölüm ayağında onu xilas etməsi və s. hadisələrdən ətraflı söhbət açılır, hadisələr oxucunu öz ardınca aparır, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımızı məkrli düşmənlərin tapdağından xilas etmək üçün gənclərimizi səfərbərliyə çağırır, baş vermiş hadisələri heç bir zaman unutmamağı bugünkü gənc nəsillərə tövsiyə edir.
Onu da qeyd etməyə dəyər ki, "Sarıca" povesti nəşriyyatın münsiflər heyəti ("Araz" nəşriyyatı) tərəfindən "İlin ən yaxşı əsəri" adına layiq görülmüşdür. Yazıçının məhsuldar qələmindən çıxan sonrakı əsərlər - "Ayrılığın üzü dönsün" və "Ömür yolu" kitabları oxucu auditoriyası tərəfindən məhəbbətlə qarşılanmış, mütəxəssislərin diqqətini cəlb etmiş və müəllifə yeni yaradıcılıq impulsu vermişdir.
2005-ci ildə işıq üzü görmüş "Ayrılığın üzü dönsün" kitabına görə yazıçı Azərbaycan KİVİHİ-nin "Araz" Ali Ədəbi Media mükafatına layiq görülmüşdür. Müəllifin 2006-cı ildə çapdan çıxan sayca oxucularla dördüncü görüşü olan "Qatil" kitabı "İlin ən yaxşı kitabı" adını qazanmış, müəllifə "Məmməd Araz" Ali Ədəbi media mükafatı verilmiş, eyni zamanda kitab Azərbaycan KİVİHİ Rəyasət Heyətinin qərarı ilə "Qızıl qələm" Ali Ədəbi Media mükafatı qazanmışdır. "Qatil" kitabına yazıçının 2 povesti, hekayələri, eləcə də yumoristik hekayələri, yumoristik novella və mənsur şeiri daxildir.
Nizami Mirzə Azərbaycan dilinə, onun çalarlarına, orfoqrafiyaya, qrammatik qaydalara, eləcə də dilin üslub xüsusiyyətlərinə kifayət qədər bələddir. Ona görə də yazıçının nəsr dili rəvan və oynaqdır, səlis və oxunaqlıdır. Təsvir etdiyi hadisələr bir-birini tamamlayır, oxucuya bələdçilik edir. "Sarıca" povestinin bir yerində sübh çağı - Oqtayın valideynlərinin ondan ayrıldıqları 6 ayı müddəti müəllif belə təsvir edir:
- Səhər açılırdı. Təzəcə doğan günəş düzü-dünyanı nuruna qərq etmişdi. Hamı kimi şəhər əhalisi də növbəti qayğılı günlərini yaşamaqda idi. Oqtayın valideynləri ötən altı ay ərzində azı altmış yaş qocalmışdılar. Bu vaxt ərzində ötən günləri bəd xəbərsiz başa vurduqları üçün sevinir, gecələri nigaran yatır, növbəti günün salamat keçməsi üçün Allaha dualar edir, yeganə övladları Oqtayın sağ-salamat qayıdıb gəlməsi üçün nəzir-niyaz deyirdilərg
Belə təhkiyələr yazıçının bütün əsərlərində özünü aydın göstərir.
Nizami Mirzə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, "Qızıl qələm", "Araz" və "Məmməd Araz" mükafatları laureatıdır. Uzun illər "Azərbaycan müəllimi" qəzetində çalışıb. Hazırda Təhsil Nazirliyinin nəşri olan eyni adlı "Təhsi" jurnalının baş redaktorudur.
Ömrünün müdrik çağını yaşayan Nizami müəllim əsl ziyalıdır. Mən deyərdim ki, elə anadan ziyalı doğulub. Yaxşı və sədaqətli dost, mehriban və geniş qəlbli insan, səxavətli və xeyirxah yurd təəssübkeşidir. Ömrünün kamillik dövrünü yaşayan Nizami Mirzəni 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, uğurlu yaradıcılıq yolu arzulayırıq. Sözümü qələm dostuma həsr etdiyim "Ziyalı qardaşım" şeirindən bir bəndlə bildirmək istəyirəm:
İpək qəlbin bir sızıltı görməsin,
Namərd sənə hiylə toru hörməsin.
Ucalardan gəlsin sorağın, səsin,
Ziyalı qardaşım, müdrik qardaşım!
İdris Hacızadə,
"Təhsil"
jurnalının
şöbə redaktoru
Ədalət.-2014.-28 fevral.-S.6.