Gəlin, indi baxın Qobustana!
Hesabat dövründə Qobustan "Aqroservis" filialı üçün Təklə kəndində müasir tələblərə cavab verən inzibati və anbar binaları tikilmişdir. Ötən dövr ərzində filial 9 ədəd kombayn, 15 ədəd təkərli traktor almışdır.
2013-cü ildə rayonda fiziki şəxslər tərəfindən lizinq qaydasında kənd təsərrüfatı texnikası alınmasına maraq əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, bu dövrdə fiziki şəxslər tərəfindən 2 ədəd kombayn, 3 ədəd traktor, 2 ədəd yumşaldıcı, 1 ədəd disk-mala alınmışdır...
Əhalinin sosial müdafiəsi məsələlərində uğurlu amillər
Sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi istiqamətində də rayonda bir sıra tədbirlər həyata keçirilmişdir.
Qobustan şəhərində Xocalı şəhərindən məcburi köçkün, şəhid anası Narxanım Heydərəli qızı Məmmədovanın yanmış köhnə evinin əvəzində daxili imkanlar hesabına 3 otaqlı, müasir tələblərə cavab verən yaşayış evi tikilib istifadəyə verilmiş, bütün zəruri avadanlıqlarla, istilik sistemi, rabitə və içməli su ilə təmin edilmişdir. Bundan əlavə daha 3 evi yanmış vətəndaşa İcra hakimiyyətinin xətti ilə maddi köməkliklər göstərilmişdir.
Rayonda ünvanlı sosial yardımların verilməsi vəziyyəti 2013-cü ilin oktyabr ayınadək çox aşağı səviyyədə təşkil edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin heç bir göstəriciyə əsaslanmayan "bölgüsü" əsasında rayonun aztəminatlı ailələrinin əksəriyyəti demək olar ki, bu yardımdan kənarda qalmışdır. Azərbaycan Respublikası Prezidentinin həmin sahədə apardığı dəyişikliklərdən sonra artıq rayonda bu sahədə ciddi dönüş yaranmışdır. 2013-cü ildə 434 ailəyə 53 min 405 manat məbləğində ünvanlı sosial yardım verilmişdir ki, buda 2012 - ci illə müqayisədə 146 ailə çoxdur.
2013-cü ildə rayon üzrə orta aylıq pensiya 11,6 faiz artaraq 154 manat təşkil etmişdir.
Ötən illərdə rayonda 4 Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikilmiş, 2 şəhid ailəsi və 22 Qarabağ müharibəsi əlili mənzillə, 16 nəfər əlil isə minik avtomobili ilə təmin edilmişdir. 2013-cü ildə 1 nəfər 1-ci qrup xidmət əlilinə avtomobil verilmişdir.
Hazırda rayonda əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış evinin tikintisi məqsədilə müvafiq torpaq sahəsi ayrılmış, layihələşdirmə işləri aparılır.
Qobustan şəhərində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər üçün 50 yerlik Adaptasiya Mərkəzinin tikintisinə başlanmışdır.
2013-cü ildə rayon Məşğulluq Mərkəzinə 347 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. İşsiz vətəndaşların işlə təmin olunması məqsədilə may ayında keçirilmiş əmək yarmarkasına 20 müəssisədən 170 boş iş yeri çıxarılmışdır. 279 nəfər işlə təmin edilmişdir ki, onlardan 73 nəfəri qadınlardır.
Əhaliyə göstərilən poçt və rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi 2013-cü ildə də nəzarətdə saxlanılmışdır. Hər iki sahədə şəhər əhalisinə keyfiyyətli xidmət göstərmək məqsədilə müasir tələblərə cavab verən inzibati binalar tikilmiş, son tamamlama-təchizat işləri aparılır. Rayonun Cəmcəmli kəndində müasir elektron avtomat telefon stansiyası üçün bina tikilərək istifadəyə verilmiş, daha 5 kənddə isə ATS binaları cari təmir edilmişdir.
Yekəxana kəndində yeni poçt şöbəsi istifadəyə verilmiş, Bədəlli kəndində poçt şöbəsinin tikintisi üçün müvafiq sənədlər hazırlanır.
Geniş zolaqlı internetə çıxışı təmin etmək məqsədilə 5 kənddə müvafiq avadanlıqlar qurularaq istifadəyə verilmişdir. Hazırda Qobustan şəhəri və 5 kənddə sürətli internetə çıxış təmin edilmişdir.
Yeni yollar
2013-cü il rayonda yol infrastrukturunun inkişafı ili kimi də yadda qalmışdır. Ölkə Prezidentinin iştirakı ilə 13000 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən 23 km-lik Qobustan-Xilmilli yolu istifadəyə verilmiş, cənab Prezidentin 4 dekabr 2013-cü il tarixli 137 nömrəli sərəncamı ilə 15000 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən Təklə-Sündü-Xilmilli yolunun çəkilişinə başlanmışdır.
Bundan əlavə Çalov kəndinə gedən yola asfalt örtüyü vurulmuşdur. Daxili imkanlar hesabına gediş-gəlişdə daim çətinliklər yaranan ucqar Nardaran kəndinə daş örtüklü, 18 km uzunluğunda yol çəkilmişdir.
Qobustan şəhərində 2,7 km uzunluğunda yola asfalt vurulmuş, İdman kompleksinə gedən yolda bardürlər qoyulmuş, yaşıllıqlar salınmışdır.
Əhaliyə keyfiyyətli elektrik enerjisi, təbii qaz və içməli suyun verilməsi məsələləri də daim diqqətdə saxlanılır.
Xidmət sahələrində yeniliklər
Hazırda Qobustan şəhərinə alternativ elektrik enerjisinin verilməsi üçün stansiyanın tikintisi başa çatdırılmış, "Yeni massiv" adlanan əraziyə 630 Kva transformator qoyulmuşdur. Bu istiqamətdə işlər davam etdirilir. 2013-cü il ərzində rayonun qazlaşdırılmamış Poladlı, Yekəxana, Təsi, Bədəlli, Sədəf kəndlərinin qazlaşdırılması üçün layihə smeta sənədləri hazırlanmış və həmin kəndlərədək polietilen borunun çəkilişi başa çatdırılmışdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə yardımı ilə
Ədalət.-2014.-1 mart.-S.17.