Azərbaycanın qərb qapısı - Qazax

 

Bakıdan Böyük Kəsiyə gedən sərnişin qatarı həmişə olduğu kimi yenə də gecikirdi. Yay olduğundan Hacıqabul dəmiryolu vağzalında xeyli qələbəlikdir. Yarımqaranlıq stansiyada ərzaq məhsulları, müxtəlif sular, şirniyyatlar kifayət qədər bahadır. Ancaq bu isti yay günündə qatara susuz minmək də mümkünsüzdür.

Çox şükür, bu da səbirsizliklə gözlənilən sərnişin qatarı. Bələdçi laqeyd, bir az da gileyli nəzərlərlə məni kupeyə ötürür. Qapı açılan kimi qaranlıqdan səslər gəlir, anlaşılmasa da narazılıq çaları aydın duyulur. Dəhlizin işığındaca yerimi tələm-tələsik rahatlayıb, ikinci yarusa qalxıram. Hücrəyə bənzəyən dar, kiçik kupe sərin olsa da, havası xeyli ağırdır. Axşamdan yeyilən yeməyin bir hissəsi çox güman ki, qabda qaldığından kupedən həm də xörək iyisi gəlirdi. Neyləyək, qopa bilmədiyimiz, ancaq çoxdan qopmalı olduğumuz bir çox milli xüsusiyyətləri hələ də sabaha daşıyırıq.

Səhərin gözü açılar-açılmaz uşaq səsi kupeni başına götürdü. Dil-dil ötən bu qızcığaz sevincindən yerə-göyə sığmırdı.

- Öləm qabağında, de görüm nənənin yanında nə qədər qalacaqsan?

- Mama qoysa həmişəlik qalaram, nənə. Mən Qazaxı çox sevirəm. Özü də mən rayonumuz haqqında çox şeylər oxumuşam. Bilirəm ki, bu rayon torpaqlarımıza göz dikən Ermənistanla, çoxlu şərab içən Gürcüstanla həmsərhəddir. Bilirəm ki, Qazax Bakıdan ən uzaqda yerləşən rayondur. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Qayıbov, ilk xalq şairi Səməd Vurğun, ilk hərbi alimi Qalib bəy Vəkilov burda doğulublar. Məşhur topçu Əliağa Şıxlinski də qazaxlıdır, ay nənə. Görürsən, nə qədər şey bilirəm, heç mama bunları bilmir ki.

- Hə, mənim göyərçin balam, maşallah, savadlısan. İndi mama ilə get bir əl-üzünə su vur, gəl.

- Nənə, ora pis gündədir, qapısı da bağlanmır. Mən ora getmərəm daha.

Bu 8-10 yaşlı qızcığazın on illərin eybəcər, əndirabadi yadigarı olan kupenin bir daha qonağı olacağı yəqin ki, absurddur. Mənzil başına kimi adı Cəvahir olan bu qızcığaz bizi darıxmağa qoymadı. Hətta arada bir aktyorluq da elədi, söylədiyi şeirlərin isə sayı-hesabı olmadı. Şairlər diyarı Qazaxdandır axı.

 

Hər görüş bir sevinc, bir xatirə

 

Çoxdan bu tərəflərdə olmadığım üçün gördüyüm hər yeni bina, hər əkilən ağac, hər salınan yol qəlbimdəki sevgi, fərəh duyğularına qol-qanad verirdi. Yenidən çəkilmiş asfalt yolların kənarlarındakı səkilər uzandıqca uzanıb gedir. Yaşıllıqlar, gül kolları, yaşları qərinələrdən çox əzəmətli, hündür palıd, xan çinar, vələs ağacları Qazaxa ayrı bir gözəllik verir. 1909-cu ildə şəhər adı almış Qazaxda (təəssüf ki, arxivlərimizdə bu barədə bir barmaq rəsmi sənəd saxlanılmayıb - S.M.) tarixi abidələr də çoxdur. 1918-ci ildən 1959-cu ilə kimi bu şəhərdə fəaliyyət göstərmiş Qoridən Qazaxa köçürülmüş Müəllimlər Seminariyasının binası, "Dəli Kür" filmində istifadə edilmiş məktəb binası, XVIII əsrin sonu XIX əsrin əvvəlində inşa edilmiş məscid, hamam, ayrı-ayrı imkanlı şəxslərə məxsus, yaşları bir əsrdən çox mülklər bu şəhərin qədim tarixindən xəbər verir. Rayon tarix və diyarşünaslıq muzeyində yaşı 2 min ildən çox bir çox məişət əşyaları böyük bir tarixdir. Ulu Öndərin əzəmətli heykəlinin yerləşdiyi Heydər Əliyev parkında isə vaxtından asılı olmayaraq qələbəlikdir.

Lap bu yaxınlarda istifadəyə verilmiş ədəbiyyat muzeyinin böyük, müasir binası rayonun simvolu olmaqla şəhərə bir yaraşıqdır. Qazaxın mərkəzində yeni inşa edilmiş 3 və 4 saylı tam orta məktəb binaları bütün tələblərə cavab verməklə bərabər milli arxitekturaya yaxşı nümunədir. Rayon iqtisadiyyatına böyük töhfə verən Konserv zavodunun yeni inzibati binası müasirdir. Rayon Polis şöbəsinin bu günlərdə istifadəyə verilmiş binası da milli ornamentlərlə zəngindir. Yeni təmir edilmiş "Rabitə evi" indi sakinlərə daha yaxşı və rahat xidmət edir.

Yaxınlarda istifadəyə verilməsi nəzərdə tutulan "Embawood" mebel binası möhtəşəmliyi ilə ətrafa meydan oxuyacaq. Rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisinə artıq start verilmişdir. Müxtəlif binalarda fəaliyyət göstərən Mərkəzi Xəstəxananın şöbələri çalışırlar ki, şəraitsiz binalarda yerləşsələr də, öhdələrinə düşən işi layiqincə həyata keçirsinlər.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

Ədalət.-2014.-1 iyul.-S.7.