Azərbaycanın qərb qapısı - Qazax

(əvvəli ötən sayımızda)

 

Rayonun mədəniyyət və istirahət parkı isə qazaxlıların və müsafirlərin istirahət və görüş yeridir. Parkın qərbində Vaqif Vidadinin qoşa heykəli əks tərəfdə qərarlaşmış Səməd Vurğunun heykəlinə bir tarixilik əlavə edir. Bu ara məsafəsində isə Qazaxda doğulmuş tarixi şəxslərin büstləri qoyulduğundan bura "Mütəfəkkirlər meydanı" da deyirlər. Əliağa Şıxlinski, Fərrux Ağa Qayıbov, Qalib bəy Vəkilov, İsmayıl Şıxlı, Mehdi Hüseyn, Mirvarid Dilbazi, Aşıq Ədalət digərləri burda "daşa" dönmüş, tarixləşmişlər.

 

Binələri çadır-çadır

 

Heç şübhəsiz ki, bütün səfərləri könül açıqlığı ilə həyata keçirmək olmur. İçimdəki ağrı əzabları gözlərimdən oxuyan Xoca oğlu Şəhadət çox sakit bir səslə "Bəlkə bir Kürə enək?" - dedi. Təbiətən sakit rahat olan Şəhadət Ağacanovun bu təklifi sanki gözlərimə işıq, ürəyimə təpər verdi. Təbiətlə üz-üzə dayanmağa, Kürün laylasına qulaq asmağa, bir dost mehrinə qədər ehtiyacım vardır. "Qardaşımız Məhəmmədi götürsək etiraz etməzsən ki?" Bunu da Xoca oğlu Şəhadət qəsdən deyir, bilir ki, ailəmizin sonbeşiyini mən tam başqa məhəbbətlə sevirəm. Həm o, həm biz çalışırıq ki, atalarımızın dostluqlarını layiqincə davam etdirək.

Xoca oğlu Şəhadət Kürün sahilində xudmani bir təsərrüfat yaradıb, ərsəyə gətirib. 1998-ci ildə yaradılan "Sarvan" kəndli fermer təsərrüfatı indi rayonda sayılıb-seçilən sahibkar subyektidir. Bu gün "Sarvan"ın yüzdən çox qara malı, qoyun-keçisi, geniş otlaq sahəsi var. Hava qədər isti olsa da, hündür çinar ağaclarının kölgəsində bir meh əsir.

- Dərdin alem, ayə, gör vaxtdır gəlmersən buralara. Dünyadan küsəndə, dərd-sərdən doyanda bura qaçeram. Telefonu da söndürürəm ki, bir kişi tapmasın məni. 6 nəfər işçim olsa da, çox zaman bu otlaq sahələrini özüm suvarıram. Əslində burda müdir-fəhlə söhbəti yoxdur. Hamımız çalışırıq ki, evimizə bir tikə çörək aparax. Sağ olsun, rayon rəhbərliyi istəyirlər ki, imkanımız bir az da geniş olsun. Ocax keçer, gedim mən bir əl-ayaq eleem.

İsti yay günəşi sanki Kürdə çimməyə hazırlaşırdı. Mal-qara bir-birinin arxasınca arxaca tələsirdi. Dəli Kür dediyimiz Kür çayının elə bir nitqi batmışdı, sakit-sakit baş alıb gedirdi. Axşamın qəribliyində, ocağın kənarında Xocaoğlu özünü tamam unutmuşdu. Özü bilmədən, pəstən, şirin səslə oxuyurdu:

 

Binələri çadır-çadır

Çox gəzmişəm özüm, dağlar

Qüdrətini sizdən aldı

Mənim sazım, sözüm, dağlar.

 

Deyəsən Kür Xoca oğlu Şəhadətə qulaq asırdı. Məhəmməd boğazını yüngülcə arıtlamasa idi, yəqin o hələ xeyli uzaqlara gedəcəkdi.

 

Bu oba bizim oba

 

Qazax rayonunda abad kəndlər çoxdur bu kəndlərin özünəməxsus spesifik xüsusiyyətləri var. Salahlılar-Salahlı adını daşıyan kəndlər daha çox elmlə məşğul olanlardır. Hərçənd ki, Qazaxda elmə ta qədimdən önəm verilib. İncə dərəsi deyilən obadakı üç kənd - Abbasbəyli, Kəmərli, Qaymaqlı kəndlərində isə saza-sözə daha çox bağlılıq var. Mənim doğulduğum Kosalar kəndi daha çox dəli-doluluğu, ötkəmliyi ilə fərqlənir. Qori Müəllimlər Seminariyasına böyük bir mülk bağışlayan ağırtaxtalı Məşədi Məhəmməd kişi vaxtilə bu mülkü alarkən söz kəsdi eləmək üçün çox böyük miqdarda qızıl pul verir. Halbuki bu pula beş belə mülk almaq olarmış...

Bu kənd rayon mərkəzindən 5 kilometrlik məsafədə yerləşir. 4 mindən çox əhalisi olan Kosaların işıq sarıdan korluqları yoxdur. Hər evdə mavi qaz alovlanır. Bütün evlərin həyətlərində dupduru, sərin artezian quyularından çıxan su axır. Yolları da yaxın vaxtlarda asfalt olacaq, İnşallah. Qarabağ savaşında 8 nəfər şəhidi, 2 nəfər itkin düşəni var. Dəfələrlə Yunan-Roma güləş növü üzrə dünya Avropa çempionu olmuş Həsən Əliyev bu kəndin yetirməsidir. 25 il Nəcəf şəhərində dini təhsil almış Axund Molla Məcid bu kəndin yetirməsidir.

İndi bu kənddə təsərrüfat işlərinin qızğın çağıdır. Payızda necə gəncin toyu olacaq, yeni ailələr qurulacaq. Bu toylarda cavanlar meydan sulayacaqlar, qurşaq tutacaqlar. şücaətləri ilə neçə qızın qəlbini ovlayacaqlar. Beləcə, həyat davam edəcək...

 

Səxavət Məmmədli

Ədalət.-2014.-2 iyul.-S.3380544.