BIR NƏSİL HAQQINDA HEKAYƏT

 

İstedadlı şair-publisist Ağacəfər Həsənlinin "Apostrof" nəşriyyatında çapdan çıxmış yeni kitabı "Mənalı ömrün salnaməsi" adlanır. Bu, müəllifin memuar ədəbiyyatı seriyasından qələmə aldığı dördüncü toplusudur. Kitab dağlar diyarı Lerikin Rvarud kəndində boya-başa çatmış tanınmış iqtisaqdçı, xeyriyyəçi ziyalı, eldə-obada adı həmişə hörmətlə çəkilən Məzahir Ağazadənin 65 illik ömür yoluna həsr olunmuşdur.

Kitab girişdən və dörd fəsildən ibarətdir. Oxucu girişdə qəhrəmanın kimliyi, inkişafında hansı amillərin, şəxsiyyətlərin ilkin təsiri və rolu ilə tanış olur. Müəllif Məzahir Ataxan oğlunun dədə-baba yurdundan, kəndin 800-900 yaşı olduğundan söhbət açır. Elə ön sözdə oxucuya ünvanlanan bir sıra naməlum faktlar var ki, müəllif onlar vasitəsi ilə körpü yaradır.

Rvarudda ötən sovet dönəminin bütün dövrlərində savadlı ziyalılar olmuşdur. Onlar kəndin ictimai həyatında və təsərrüfat fəaliyyətində mühüm rol oynamışlar. Burada ağsaqqal sözü, ağbirçək nəsihəti tarixən qanun sayılıb. Ədəb-ərkan, mərifət sonrakı nəsillərə ötürülüb.

Ağacəfər Həsənli ən əvvəl Rvaruddan çıxmış dəyərli şəxsiyyətləri təqdim edir: el ağsaqqalı Şamil İsgəndərov, professor Əyyub İsgəndərov, iqtisad elmləri doktoru Sultanağa Ağayev, kimya elmləri namizədi Mürvət Abbasov təkcə Lerikdə deyil, ölkəmizdə də tanınıblar. İndi nisbətən gənc nəslin nümayəndələri onların layiqli davamçılarıdırlar. Bu gün kəndin həmin cavan sakinlərindən yeddi nəfər alim respublikamızın elm və təhsil ocaqlarında fəaliyyət göstərir. Əbdülağa Qurbanov, Elman İsgəndərov, Faiq Abbasov, Adil Qubadov, Ramil Ağayev və başqaları.

Kitabdan oxuyuruq ki, Məzahirın babası Höccət dayı dövrünün sayılıb-seçilən kişilərindən olub, xeyirdə-şərdə başda oturub, oğul-uşağı düz yola çəkib. Duzlu-məzəli ağsaqqal 11 övlad böyüdüb, oğul evləndirib, qız köçürüb, qohum-əqrəbaya xeyir-dua verib. "Meşəbəyi Höccət" kimi bütün Talış bölgəsində ad çıxaran bu alicənab insan ekologiyamızı qoruyub, meşələrimizə balta çalanları tənbeh edib.

Vərəqləri çevirdikcə Məzahir Ağazadənin cəfakeş valideynləri - 90 yaşlı Ataxan müəllimin, gözəl-göyçək mərhum Vılanaz ananın həyatı, ortaali məktəblərdə təhsil illəri göz önünə gəlir.

Müəllif Rvarudun kökdən-soydan gələn adət-ənənələrini də yada salır. Kişilər adətən çöl işlərini görər, ağzıdualı nənələr və analar əsasən, evdarlıqla məşğul olarlar. Onlar corab, xalça, kilim toxuyar, evin gündəlik qayğılarını çiyinlərinə götürərlər.

"Hikmətin əsası Allahı tanımaqdır". Bu, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin Məzahir Ağazadə barədə yazısıdır. Şeyx Məzahirin ədəb-ərkanından, onun alicənablığından, əqidə bütövlüyündən, əsl Allah bəndəsi olmasından fəxrlə danışır.

Kitabın birinci fəsli "Həyat - çalxalanan dəniz" adlanır. Burada biz Məzahirin ömür-gün dostu, sadə və səmimi bir xanımın - Telnazın, ailənin üç övladının hekayətini oxuyuruq. Məzahir Telnaz xanım haqqında deyir: "Bu qadın fədakar anadır, istirahətin nə olduğunu bilməz, daim hərəkətdədir və ailə qayğıları ilə məşğul olmaq onun əbədi həyat amalıdır".

Telnaz xanım ailəyə üç övlad bəxş etmişdir: Afaq, RamilXalid. Afaq atasının yolunu seçmiş, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir, Maliyyə Nazirliyində çalışır. Ramil Xarici İşlər Nazirliyinin əməkdaşıdır.

Ailənin sonbeşiyi Xalid anadangəlmə xəstə doğulub. Valideynləri bu əziz balanı ölkə-ölkə gəzdiriblər, dərdinə çarə tapılmayıb. Təhsil almaq, tay-tuşlarına qoşulub gəzmək 29 yaşlı cavana nəsib olmayıb. Məzahir ürək ağrısı ilə deyir: "Xalidimizin yükü çox ağır bir yükdür. Nə qədər bu dünyada mən və Telnaz yaşayırıq, bu yükü çiynimizdə daşımaq valideynlik borcumuzdur... Allah heç kimə, hətta düşmənə də bala dərdi qismət eləməsin". Bu sətirləri oxuyanda, kitabın üz qabığındakı şəklə baxanda kövrəlməyə bilmirsən, Məzahirin, Telnaz xanımın dərdinə şərik olursan. Onlar bu dərdə sinə gərən mərd insanlardır!

Toplunun ikinci hissəsində bir sıra insanların, o cümlədən millət vəkillərinin, həmkarlarının Məzahir Ağazadə barəsində fıkirləri əksini tapmışdır. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə yazır ki, o, seçdiyi iqtisadi peşənin incəliklərini öyrənə-öyrənə peşəkar mütəxəssis kimi irəliləmişdir.

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin fıkri də maraq doğurur. O yazır ki, Məzahir müəllim peşəkar maliyyəçi-iqtisadçı kimi hazırda nazirliyin aparıcı şöbələrindən birinə uğurla rəhbərlik edir. Bu gün nazirlikdəki gənc kadrlar Məzahir Ağazadənin təcrübəsindən böyük həvəslə bəhrələnib püxtələşirlər.

Nazirliyin əməkdaşlarından Abbas Salmanovun, Xalid Rəhimovun, Mərdan Mərdanovun, Əbdül Dadaşovun, Firdovsi Xəlilovun, Emin Əliyevin kitabdakı yazıları qəhrəmanın 65 illik həyat yolunu səmimi sözlərlə oxucuya çatdırır. Bəli, hörməti və etimadı işlə, əməllə qazanarlar!

Məzahir Ağazadənin ünsiyyət dairəsi genişdir. Müəllif-tərtibatçı kitabda dövlət orqanlarının nümayəndələrinin, qəhrəmanın doğulduğu kəndin ağsaqqallarının, ziyalılarının, adamlarının və sadə insanların fıkirlərini yığcam şəkildə qələmə almışdır.

Kitabdakı yazılar oxucuya Məzahir Ağazadə haqqında çox söz deyir. Deyir ki, o həm də "Cəngəsər" mərhəmət fondunun rəhbəri kimi Bakıda yaşayan lerikli ziyalıları, adamlarını öz ətrafına toplayıb. Fond imkansız və çoxuşaqlı ailələrə, ahıllara maddi yardım edir, onların mənzil-məişət şəraitini yaxşılaşdırır, ali məktəblərdə təhsil alan bir neçə tələbəyə təqaüd verir. Məzahir müəllimin təşəbbüsü və köməyi ilə kəndindəki orta məktəb, mədəniyyət evi təmir edilib, dağ çayı üzərində körpü salınıb, qədim qəbiristanlığa daşdan hasar çəkilib.

Kitab Məzahir Ağazadənin xarici səfərlərinə də işıq tutub. Onun tanınmış maliyyəçi-iqtisadçı kimi müxtəlif ölkələrə getməsi, bəzən nümayəndə heyətinə rəhbərlik etməsi, görüşlərdə məruzə və çıxışları maraqla oxunur. Təcrübəli iqtisadçının məqalələrinə, müxtəlif vaxtlarda dövri mətbuatda haqqında çap olunmuş publisistik qeydlərə, müsahibələrə topluda ayrıca yer verilib. Ona həsr olunmuş şeirlər bir oxucu kimi məni razı salır.

Ağacəfər Həsənlinin qələmi ilə Lerikin gözəl təbiəti bir tablo kimi gözlərimiz önündə canlanır. Verilmiş şəkillər və illüstrasiyalar yazıların məzmununu tamamlayır. Atalar sözlərindən, zərb-məsəllərdən yerli-yerində istifadə edilib.

Kitabın çapında poliqrafıyanın son nailiyyətlərindən istifadə olunmuşdur.

Oxucu qeydlərimi kitabda əməkdar jumalist, xanım dostum Flora Xəlilzadənin Məzahir müəllim haqqında "İşıqlı insan" publisistik yazısının son cümlələriylə bitirsəm, yerinə düşər: "İçində işıq olan insanlar xeyirxahlıq etməkdən, yaxşı ad qazanmaqdan yorulmurlar. Onların mərdliyi önündə bircə kəlmə söz demək yetərlidir: dünyanı yaşadan yaxşılardır".

 

Həmzə Vəliməmmədov,

Əməkdar jurnalist

Ədalət.-2014.-2 iyul.-S.4.