Jurnalın yeni sayı

"AZƏRBAYCAN"

 

Gəlin etiraf edək ki, bu gün AYB-nin dərgiləri, yəni "Azərbaycan", "Ulduz", "Qobustan" və digərləri oxucuların görüşünə vaxtlı-vaxtında özünü çatdırır. Görünür həm oxucu tələbkarlığı, həm redaksiya kollektivinin daha operativ işləməsi, həmçinin bu nəşrlər üçün vəsaitin vaxtında ayrılması öz müsbət sözünü deyir. Bax elə sizə təqdim etdiyim "Azərbaycan" jurnalının 6-cı sayı da arxada qalan 6-cı ayın üçüncü ongünlüyündə işıq üzü gördü. Bəri başdan diqqətinizə çatdırım ki, jurnalın bu sayında kifayət qədər maraqlı ədəbi-bədii nümunələr toplanmışdı. Belə ki...

"Azərbaycan"ın 6-cı sayı daha çox iki yubileyə həsr olunub. Yəni xalq şairi Vaqif Səmədoğlunun 75 və əməkdar mədəniyyət işçisi, şair Çingiz Əlioğlunun 70 yaşı jurnalın oxucuları üçün bir növü səhifələnib. Xalq şairi Vaqif Səmədoğlu ilə ilk səhifəsini açan ilk jurnal şair barəsində Aygün Bağırlı və Rüstəm Kamalın bir-birindən fərqli, lakin mövzu baxımından eyni notlar üzərində köklənmiş maraqlı, həm də oxunaqlı yazıları işıq üzü görüb. Müəlliflərin də vurğuladığı kimi, nə gedirsə, ömürdən gedirbiruzaq, uzaq yuxuların və kölgələrin səsi daha çox diqqəti çəkir. Çünki onların hər ikisi yaradıcı insanın ən səmimi pıçıltıları, duyğuları və bütövlükdə ömürlüyüdü. Həmin bölümdə xalq şairi barəsində yazılanlara da yer ayırılıb. Rəsul Rza, İntiqam Qasımzadə, Şirindil Alışanlı, Anar, Vaqif YusifliNizami Cəfərov və Məmməd İsmayılın yubilyar barəsində müxtəlif illərdə, müxtəlif məqamlarda söylədikləri fikirlər jurnalın bu sayında bir hədiyyə olaraq oxuculara təqdim edilib. Onu da qeyd edim ki, bu bölümdə Vaqif Səmədoğlunun şeirlərindən seçmələr də oxucular üçün ərməğan olunub. Bir nəfəsə oxunan həmin şeirlər içrəsində seçim etmək çox çətindi. Buna baxmayaraq, mən həmin şeirlərdən nümunələri diqqətinizə çatdırıram.

 

Ay Allah, kömək et mənə,

kömək et ölümdən əvvəl,

Zağulbaya

Şüvəlanın aşağısındakı

sahilin

əyrisini unudum.

Yadıma düşməsin

Moskva metrosundan

maya çıxmağım...

 

yaxud:

 

Ürəyim yol çəkir bir gözə dönüb,

Yollar da tərs kimi uzanıb, gülüm.

Yuxumdan hər gecə ilxılar keçir,

Bilmirəm olub, haradan bilim?

 

Jurnalın növbəti yubilyarı 70 yaşını qeyd etdiyimiz şair Çingiz Əlioğludu. Çingiz müəllim barəsində görkəmli tənqidçi alimimiz Vaqif Yusiflinin "Novator şair" məqaləsi maraqla oxunur. Həmin yazı ilə bərabər Çingiz Əlioğlunun şeirlərindən nümunələr jurnalda dərc olunub. Şair yazır:

 

Dinləmək danışmaq

Susmaq da bir söhbətdir.

Susmaq fikir dilində

Min fikir bölüşməkdir.

yaxud:

 

- hara gedirsən?

- heç hara.

- məni apar!

- hara?!

- heç hara...

 

bu bəyaz, bu bomboz

son payız günü

xəzəl tonqalından

 

qalxan tüstüyə

buludların üstüylə

ucalaq ora.

 

ünvanı sonsuzluq

yerdə oturaq

özümüz açılıb-yığılan süfrə

üstü dolu xəyal, xatirə.

adama bir qədəh

bihuşdar heç nədən vuraq...

 

Jurnalın bu sayının nəsr bölümündə Qəni Camalzadənin "Karvan" romanının əvvəli, Alpay Azərin hekayələri, poeziya bölümündə Avdı Qoşqarın, Xatirə Fərəclinin, Mətləb Ağanın, Telman Dəmirlinin şeirləri çap olunub. Maraqlıdır ki, orta nəslin nümayəndələri poeziya çəldəngi ilə yanaşı, bu sayda ədəbi gəncliyin, yəni Pərviz Sadıqov, Təvəkkül Zeynallı, Qabil Ədalət, Orxan Adiloğlunun hekayələri, tərcümələri şeirləri çap olunub. Jurnalın "Publisistika" bölümündə Vahid Məhərrəmovun, Qəşəm Nəcəfzadənin "Xatirələr, duyğular" bölümündə, Atabala İsmayıloğlunun "Tənqid ədəbiyyatşünaslıq" bölümündə, İntiqam Qasımzadənin, Lalə Həsənovanın Leyla Kərimovanın bir-birindən maraqlı ədəbi baxışları çap olunubdu.

"Azərbaycan"ın bu sayı da İntiqam Qasımzadənin redaktorluğu, Südabə Ağabalayeva Əsəd Cahangirin redaktor müavinliyi ilə işıq üzü görüb. Həmişə olduğu kimi, jurnalın məsul katibi Tofiq Mahmudov "Azərbaycan"ın 6-cı sayında oxuculara "Kitab rəfi"nin təqdim edilməsini unutmayıb.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-2 iyul.-S.4.