İsmayıllı yeni
inkişaf dövrünü
yaşayır
"Şadam ki,
İsmayıllıda bu istiqamətdə işlər
yaxşı gedir. Rayon
inkişafdadır, böyük dəyişikliklər
vardır. Əminəm ki, rayon
bundan sonra da bu templə inkişaf edəcək, rayonda
mövcud olan bütün məsələlər öz həllini tapacaq və
artıq tapmaqdadır"
İlham Əliyev
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müstəqilliyinə əbədilik xarakteri verilmiş Azərbaycanın mirvarisi sayılan İsmayıllıya rayon İcra Hakimiyyətinin başçısı kimi Mirdaməd Sadıqov narahat bir zamanda gəlmişdi. Məmur özbaşınalığına qarşı qanunsuz yollarla etiraz edilmişdi. Sabitlik qismən pozulmuşdu. Cənab Prezidentin təyinatı barədə imzaladığı 14 fevral 2013-cü il tarixli sərəncamı çox böyük məsuliyyətdən, etibar və etimaddan doğan məmnuniyyət hissi ilə qəbul edən Mirdaməd Sadıqov vəzifəsinin icrasına cəsarətlə, rayonda bütün istiqamətlərdə dönüş yaradacağına inamla başladı. Dövlət başçısının səfəri zamanı dediyi sözlərini başlığa çıxarmağımı vacib saydım. Həmin dəyərli sözlərdən də görünür ki, az müddətdə rayon rəhbərliyində, başlanğıcda yaranan inam özünü doğrultmuşdur. Görülən işlərin sayı artdıqca, yeni-yeni layihələr reallığa çevrildikcə rayon rəhbərliyi ilə sakinlərin bir-birinə inamı da artır.
Xalqın fikirlərinə və qanunlara əsaslanan fəaliyyətində obyektivliyə, haqq və ədalətə arxalanan, ölkə başçısının sərəncam, tapşırıq və tövsiyələrini məsuliyyət dərəcəsini dərk edərək, məslək və əqidə olaraq qəbul edən Mirdaməd Sadıqov əhali ilə sıx təmasda işləyir, onun optimal rəy və fikirlərini əsas götürür. Nəticələr isə özünü çox gözlətmir.
Əhalinin maraqlarına cavab verən tikinti, quruculuq və abadlıq işləri
2013-cü ilin fevral-mart aylarında aparılan təhlillər zamanı müəyyənləşdi ki, rayon ərazisində 6 min nəfərdən çox məktəbəqədər yaşlı uşaq var. Onların yalnız 300 nəfəri bağça tərbiyəsi ilə əhatə olunub. Mövcud durumun yaxşılaşdırılması üçün proqram hazırlandı. Həmin proqrama əsasən şəhərin Mican məhəlləsində 40 yerlik uşaq bağçası artıq körpələrin istifadəsindədir. Q.Aslanov küçəsində inşa olunan müasir pedaqoji, tərbiyə və sağlamlıq tələblərinə cavab verən 140 yerlik uşaq bağçası-körpələr evində tikinti-tamamlama işləri başa çatıb, qeyd olunan şərtlərə tam cavab verən inventar və avadanlıqla təmin olunub. Daha 2 yerdə uşaq bağçası üçün yeni bina inşa edilir.
Digər sahələrdə gedən abadlıq, quruculuq, tikinti işlərindən danışmazdan əvvəl onu qeyd etməyi lazım bilirəm ki, 2013-cü ilə qədər aparılan işlər kosmetik, cari xarakterli olub, daha çox görüntü yaratmaq məqsədi güdüb. Bu səbəbdən də yeni rəhbərliyə çox iş görmək ağır miras kimi qalıb. Lakin bu ağırlıq İsmayıllıda kiminsə çiynin əymir. Çünki görülən işlərə dövlət dəstəyi var. Hər bir layihə əhalinin maraqlarından irəli gəlir. Hər bir yaşayış məntəqəsi üzrə sistemli və ardıcıl olaraq təhlillər aparılır və görüləcək işlər proqnozlaşdırılır, maliyyə mənbələri, icraçılar obyektiv əsaslarla müəyyənləşdirilir. İnsanların sosial həyatı ilə bağlı bir faktı xüsusi olaraq diqqətə çatdırmaq istərdim. 2012-ci ilədək fərdi ev tikintisində vətəndaşların qarşısına süni maneələrlə sədd çəkilirdi. 2013-cü ildə bu maneələr tamamilə aradan götürüldüyü səbəbindən fərdi ev tikintisi 2012-ci illə müqayisədə 10 min 500 kvadratmetr artmışdır. Bu da ölkə rəhbərinin qayğısının hər bir ünvana çatdırılmasının təzahürü kimi qiymətləndirilir.
Tikilənlərə, qurulanlara oxucuların diqqətini yönəltmək istərdim. Keçən il İvanovka kəndində, Lahıc qəsəbəsində 15 çarpayılıq xəstəxana, Topçu və Tircan kəndlərində həkim məntəqələri istifadəyə verilmişdir. Rayon Mərkəzi xəstəxanası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına yenidən qurulmuş, müasir müalicə və diaqnostika aparatları ilə təchiz edilmişdir. Yaxın günlərdə xəstəxana onu ehtiyacı olan insanları qəbul edəcək, özü də keçmiş uşaq xəstəxanasındakı sıxıntıdan azad olacaqdır.
İsmayıllı şəhərində su-kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin icrasına çoxdan başlanmışdı. Lakin nəzarət olmadığı üçün işlər keyfiyyətsiz aparıldı. Dağıdılanlar bərpa edilmirdi. Təbii ki, belə vəziyyətlə barışmaq mümkün deyildi. Rayon icra hakimiyyətinin yeni rəhbərliyinin mütəxəssislər vasitəsilə icraçıların işlərinə müdaxilə etməsi işi tələb olunan istiqamətə yönəltdi. Problemlər həll olundu, layihənin icrası başa çatdı.
Rayon sakinlərinin sosial həyatının hansı istiqamətinə nəzər yetirsək oradakı insanların çöhrəsində bugünkü həyatdan doğan sevinci görürük. İsmayıllı-İvanovka-Hacıhətəmli yolundan istifadə edənlər də, 140 və 250 yerlik xeyir-şər evlərində tədbir keçirənlər də, başdan-başa yeniləşən, abadlaşan, müasir memarlıq üslubu və dizaynda tərtib olunan Mübariz Orucov küçəsində yaşayanlar da bu sevincə ortaq olurlar. Çünki yaxşı işi yaxşı görüb, yaxşı qiymətləndirməyi bacarırlar.
Bir vaxtlar "Çıraq-otel"in sahibi və işçiləri öz davranış və hərəkətləri ilə ətrafda yaşayan insanlarda narazılıq yaradırdılar. Bu narazılıq məlum "yanvar hadisələri" nə gətirib çıxarmışdı. İndi həmin otelin yerində beşmərtəbəli çoxmənzilli iki yaşayış binası ucaldılmışdır. İstifadəyə veriləsi gün isə lap yaxındadır. Həm də qərara alınıb ki, ətrafda olan ikimərtəbəli, məişət şəraiti və rahatlığı olmayan, istifadə müddəti bitmiş binalar sökülsün, sakinlər yeni evlərə köçürülsün və köhnə binaların yerində müasir tələblərə cavab verənləri ucaldılsın.
(Ardı var)
İslam Niftiyev
Ədalət.-2014.-3 iyul.-S. 3.