QƏZƏL YAŞAYIR...

ƏDƏBİ HƏYAT

 

 (I məqalə)

 

Qəzəldir səfabəxşi-əhli-nəzər,

Qəzəldir güli-busitani-hünər.

Qəzali-qəzəl seydi asan deyil,

Qəzəl münkiri əhli-ürfan deyil.

Qəzəl bildirir şairin qüdrətin,

Qəzəl artırır nazimin şöhrətin.

Könül, gərçi əşara çox rəsm var,

Qəzəl rəsmin et cümlədən ixtiyar.

Ki, hər məhfilin ziynətidir qəzəl,

Xirədməndlər sənətidir qəzəl.

Qəzəl de ki, məşhuri-dövran ola,

Oxumaq da, yazmaq da asan ola.

 

Neçə əsrdir ki, biz Azərbaycan şeirinin Qəzəl deyilən bir gözəli, bir cadugəri var ki, biz onun tilsimindən, sehrindən qurtula bilmirik və qurtulmaq da istəmirik. Zamanlar dəyişir, ədəbiyyatda yeni cərəyanlar, yeni poetik formalar meydana gəlir, məzmun dəyişir, şairlər yeni ideyaların bədii təcəssümünə can atır, qəzəl isə öz taxt-tacını, əbədi yaşam haqqını itirmir. Olsun ki, zamanın hansı dönəmindəsə qəzəl bir qədər arxa plana keçir, hətta "köhnəlik" nümunəsi elan edilir, amma yenə boy göstərib öz missiyasını yerinə yetirməyə başlayır.

Nədir qəzəlin missiyası? Yuxarıda dahi Füzulinin qəzəl haqqında məşhur misralarını misal gətirdik. Buna heç bir əlavə, qüvvətləndirici fikir artırmaq mümkün deyil. Qəzəl bu gün də könüllər oxşayır, əntiq bir model kimi şeirimizin ənənə adlı saxlancını hifz edir. Amma onu yazmaq, bu sahədə hünər göstərmək, heç olmasa təzə söz deməyə can atmaq hər şairin işi deyil. Mütləq tələb olunur ki, əruzu biləsən, hətta buna aid təsəvvürün az olsa da, əruz damarın ola, qəzəlin musiqi və ritmlə bağlı olduğunu dərk edəsən.

Bu gün - XXI əsrin birinci çərəyində qəzəl özünün yeni bir dövranını yaşayır. Formal baxımdan yanaşsaq, şairlərimiz "Divan" da ərsəyə gətirir, klassik şeirin qəzəllə yanaşı digər poetik formalarına da müraciət edir və beləliklə, qəzəl-klassik şeirin bu gözəl gəlini yenidən cilvələnmək istəyir. Amma qəzəli eksperiment xatirinə yazanların qələmində yox, onu mükəmməl dərk eləyib hünər göstərənlərin qələmində üzümüzə gülür. Bu şairlərdən biri də Hacı Arif Buzovnalıdır.

Hacı Arif Buzovnalı Bakı-Abşeron qəzəl məktəbinin sonuncu nümayəndələrindəndir. Ona qədər mən bir neçə qəzəlxan tanıyıram ki, bu məktəbin adını şərəflə doğrultmuşlar. Başda Əliağa Vahiddir, sonra gəlir Hacı Mail, sonra Hacı Ələmdar Mahir, bir də Seyidağa. Təbii ki, bu məktəbin yetirdiyi başqa qəzəlxanlar da var (Bakir, Şahid, İlqar Fəhmi və s). Amma adlarını çəkdiyim bu şairlər "Qəzəl bildirir şairin qüdrətin" kəlamının layiqli icraçılarıdır.

Mərhum ədəbiyyatşünas Azadə xanım Rüstəmovanın "Klassik Azərbaycan poeziyasında qəzəl" tədqiqatında oxumuşam ki, qəzəl sözünün lüğəti mənası ərəbcədir, "eşqbazlıq", "müaşiqə" mənalarına uyar gəlir. Orta əsrlərin ədəbiyyat nəzəriyyəsinə dair kitablar içərisində ilk dəfə qəzəlin tərifinə IX-X yüzilliklərdə yaşayıb-yaratmış Qüdamə ibn Uəfərin "Nəqd-əş-şeir" əsərində təsadüf edirik: "Qəzəl-...bu, məhz məhəbbət deməkdir. Qadınlara olan çılğın sevgi haqqında hekayətdir". Azadə xanımın yazdığına görə, sonralar qəzəl haqqında bu tərif bir az da öz məna dairəsini genişləndirmiş və qəzəl təkcə məhəbbət haqqında deyil, dünya, cəmiyyət, zaman-dövran, həyat barədə fikirləri də öz tematikasına daxil etmişdir. Və qəzəl ustad şairlərin qələmində həm də fəlsəfiləşmişdir.

Hacı Arif Buzovnalının "Seçilmiş əsərlər" (Bakı, "Ozan", 2013) kitabında əsas yeri qəzəllər tutur və bu qəzəllərlə janrın müasir səviyyəsini və durumunu aşkarlamaq olur.

İlk növbədə, Hacı Arifin qəzəllərinin dili və ifadə vasitələri haqqında. Bu nöqtədən ona görə başlayıram ki, son illərin qəzəllərində dil və ifadə vasitələri ilə bağlı iki fikir gündəmdədir. Birincisi odur ki, qəzəl gərək klassik nümunələrdə olduğu kimi fars və ərəb tərkibləri ilə dolu ola. İfadə vasitələri də klassik poeziyada olduğu kimi sabit qala. İkincisi odur ki, qəzəl mümkün qədər fars və ərəb tərkiblərindən xilas ola, təmiz azərbaycanca yazıla, müasir oxucular onu asan anlasınlar, dərk eləsinlər. Hacı Arifin qəzəllərində bu iki tendensiya birləşir, amma üstünlük ikinci mülahizənin tərəfindədir. Ərəb və fars sözləri də qəzəldə işlənir, amma əsas yeri bizim öz sözlərimiz təşkil edir. Təbii ki, dilin sadəliyi əsas şərtdir, lakin unutmayaq: bir poetik janr kimi qəzəl əsrlərdən bəri belə bir xüsusiyyəti ilə seçilmişdir ki, obrazlı fikir, sözün məcaziliyi və ilk beytdən sonuncu beytə qədər fikir ardıcıllığı diqqəti cəlb eləsin.

 

Könlündə vüsal nəğməsi vardırsa, sevirsən,

Sevda dolu qəlbin vardırsa, sevirsən.

 

Yox qorxusu yaş ötsə, xəzan tutsa vücudun,

Ruhunda bahar müjdəsi vardırsa, sevirsən.

 

Eşq içrə təlatümlə coşan qəlbinə hər dəm,

Sevdalıların qibtəsi vardırsa, sevirsən.

 

Cəhd eylə məramındakı könlün deyən olsun,

Nitqində vəfa kəlməsi vardırsa, sevirsən.

 

Həsrətlə baxan gözlərinin səcdə zamanı,

Yarın qaşı tək qibləsi vardırsa, sevirsən.

 

Eşq içrə sevinc umma səadət günəşindən,

Üstündə qəmin kölgəsi vardırsa, sevirsən.

 

Arif, əsil aşində, deyirlər, ağıl olmaz,

Səndə dəlilik rütbəsi vardırsa, sevirsən.

 

Diqqət yetirsək, açıqca görəcəyik ki, bu, ənənədən qopmayan, lakin həmin ənənəni müasirliklə qovuşduran bir qəzəldir. Ərəb və fars sözləri olsa belə, burada müasir qəzəl leksikası üstünlük təşkil edir. Deyək ki, "vüsal nəğməsi", "sevda dolu qəlb", "bahar müjdəsi", "səadət günəşi", "dəlilik rütbəsi" kimi təyini söz birləşmələri klassikadan yox, müasirlikdən gəlir və qəzələ xüsusi bir ahəng artırır.

Müasir qəzəldə eşqin mahiyyəti dəyişirmi? Əlbəttə, yox! Hacı Arif deyir ki:

 

Atəşi-eşqə yanan hər kəs demə pərvanədir,

Hər səsi bənzətmək olmaz bülbülün əfğanına.

 

Aşiqi-nalan cahan içrə həmin hal əhlidir,

Şövq ilə kafər də olsa lütf edər mehianına.

 

Eşq idi İsa dəmiylə Azərə can bəxş edən,

Eşq idi göndərdi Musanı Xuda ünvanına.

 

Eşq idi məqsəd Məhəmməd Müstəfa meracına.

Eşq idi ilkin səbəb Şahi-Şəhidin qanına.

 

Arifa, gəl əhli-eşqəm söyləməkdən ar elə,

Vəsli yarə yetməz aşiq dözməsə hicranına.

 

Göründüyü kimi, Hacı Arif eşqi və aşiqliyi bir dairədə götürmür, çoxçalarlı bir məfhum kimi mənalandırır. Onun qəzəllərində Eşq və Aşiq kəlmələri mənaca müxtəlif və zəngindir. Bu Aşiq dünyanı dərk etməyə, onun sirlərinə vaqif olmağa can atır. Həyatdak, aləmdəki dəyişmələr, insan dünyasının təzadları, iman və din məsələləri, yaxşılıqlar -naqisliklər... bütün bunlar Hacı Arifin yalnız eşq tematikasına qapılmadığını göstərir. Deyir ki: "İnsanda artmış iştəha, dünya malı candan baha, Məcnunu Leyla yox daha, səhra həmin səhra deyil. Nəfs ilə göz olmuş taraz, dürr axtaran çox. Dürr az, Dərinləri olmuş dayaz, dərya həmin dərya deyil". Deməli, dünyadan eşq dolu zərrələr əksilmiş, həyatın, gözəlliyin məna və mahiyyətinə xələllər gəlmişdir. Və deyəndə ki: "Fani dünyada bəşərdən mehribanlıq görmədim, Etinasızlıqdan üstün bir yamanlıq görmədim. Xoş günümdə vermək baş-başa yaddır mənə, Gənc yaşımda dərdgir oldum, cavanlıq görmədim. Qan deyib meydanda gərdiş eyləyən çox kimsədə Pəhlivanlıq gördüm, amma qəhrəmanlıq görmədim". Bunlar, bu şikayətlər sızıltı deyil, qəlbin zəmanəyə, gərdişi-dövrana etirazlarıdır. Ona görə də "Arifəm, şövq ilə hər gün gözlərəm vəslət dəmin, Ədil bərpa et, yetiş, Sahibzəmanım, gəl yetiş" harayına haqq qazandırırıq.

Amma yenə bu dünyada eşqə tapınmaq, könlün diləklərini eşqdə aramaq Aşiqin həyat yanğısını, yaşamaq haqqını, var olmaq istəyini reallaşdırır. Təbii ki, bu Aşiq XXI əsrdə yaşayır. O, klassik eşq "nizamnaməsi"nə sadiq olsa da, bu günün reallıqları içindədir. Və bu günün reallıqları içərisində əbədi eşqi yaşatmaq və bununla müasirlərinə eşqin fəzilətlərindən söz açmaq səadətində bulunur.

 

İstərəm canımdan artıq, ey büti-ziba səni,

Xubilər bəzmində təkcə bilmişəm əla səni.

 

Səhni-gülşəndə dəmadəm ahu əfğan etməyin,

Əzbər etdi dillərə, ey bülbüli-şeyda səni.

 

Eşq zövqündən gözün məxmurdur, məst eyləməz,

Nə səfayi-abi-Kövsər, nə meyi-mina səni.

 

Hacı Arifin qəzəlləri içərisində heç şübhəsiz, yaxşılarla müqayisədə, dəstədən nisbətən geri qalanları da var. Ancaq bu səviyyə fərqinə baxmayaraq, onun qəzəllərini məhz janrın poetikası baxımından izləsək, razı qalırıq. Çünki hiss olunur: Hacı Arif klassikanı yaxşı bilir, Füzuliyə də, digər klassiklərə də yaxşı bələddir. Bunlara bələd olmadan isə yaxşı qəzəl yazmaq mümkün deyil. Öyrənmək, təsirlənmək təqlid etmək deyil, bəhrələnməkdir. Hətta klassik qəzəlxanların və Vahidin müraciət etdiyi rədiflərə də təsadüf etmək mümkündür. Amma baxır o rədifi yeni məna ilə süsləmək bacarığına... Amma əksərən Hacı Arifin qəzəlləri təzə rədiflər üzərində qurulub .

 

Sinəmdəki al lalədi yar dərdi mənimçün,

Eşqin çəmənindən onu yar dərdi mənimçün.

 

Zövqümdü mənim yar qəmi, dərdimdi desəm də,

Xaliq onu zövq adına göndərdi mənimçün.

 

Nə bəhr gərəkdir mənə, nə çöllü biyaban,

Yarın saçı həm müşk, həm ənbərdi mənimçün.

 

Hicran dəmidir, başda gəzir vəsl xəyalı,

Gündüzlə gecə indi bərabərdi mənimçün.

 

Hicran günü can telləri kökləndi qəm üstə,

Ondan bəri eşq aləmi əzbərdi mənimçün.

 

Hər növ meyi süzdü bir az camimə saqi,

Amma ki məhəbbət meyin əndərdi mənimçün.

 

Hacı Arifin bir qisim qəzəlləri var ki, Tanrı eşqinə yazılıb. Allaha xitablar klassik ənənələrlə bağlı olsa da, müasir dövrdə yeni mənalar kəsb edir və bu cavan din-iman sahibinin Tanrıya bu günün olaylarını çatdırmaq üçün mənəvi bir fürsətdir. "Məhəmməd (s) mövludu münasibətilə", "Həzrət Əli (ə) mövludu münasibətilə", "Kərbəla", "İbrətnamə" və s. şeirlər də həmin fikri təsdiq edir.

Əruzda heç də çaşıb qalmayan, onun müxtəlif bəhrlərindən bacarıqla yararlanan Hacı Arif heca da şeirlər yazır. Deyim ki, əruzdakından üstün deyil bu şeirlər, heç bərabər də deyil, amma səmimiyyətlə yazılıb.

Hacı Arif bir qəzəlinin məqtə beytində deyir:

 

Ey bəlakeşlər, sizə həmdərd olan Arif mənəm,

Həqqi elan eyləməkçün mən qəzəlxan olmuşam.

 

Haqq yolunda biz bəlakeşlərə həmdəm ol... Uğurlar!..

 

Vaqif YUSİFLİ

ədalət.-2014.-5 iyul.-S.14.