MƏNİM SÜRREALİST KAMİKADZEM
(əvvəli 21 və 28 iyun tarixli
saylarımızda)
Bu, müəyyən qədər tərəddüdlərlə
başladığım işin - yazının
üçüncü hissəsidir. Münasibət bildirənlər,
xoş sözlərlə ruhlandıranlar, hətta səhvlərə
diqqət yönəldənlər, ərkyana məsləhət
verənlər varsa, deməli oxuyanlar da az
deyil, normaldır. Özü də məhz arzulanan
təbəqələrdən. Elə
bilirdim ki, yayın bu cırhacırında qəzet oxuyan təkcə
özüməm.
Üç fərqli, amma məntiqi baxımdan oxşar
münasibət.
Birincisi:
"Siz nəyə görə təsvir və əhvalatları
bu dərəcədə
yığcamlaşdırırsınız, bir qədər
geniş vermək yaxşı olmazdımı?"
İkincisi:
"Bəzi səhvlər var. Ancaq mən bilirəm ki, əgər
açıqlayırsınızsa, siz bir şəxsin 6 dil
bilməsini "poliqlot" kimi nəzərə
çatdırarsınız, nədənsə qəzetdə
"politoloq gedib..."
Üçüncüsü:
"Əvvəlki hissələrin dərc olunduğu
sayları göstərmirsiniz, bunun bir səbəbi
varmı?"
...Bütün
bunları nəzərə ala bilsəm,
düşündüyüm kimi yazmağı bacarsam, əlbətdə
ki, yaxşı olardı. Yoxsa mən təxminən
20-25 vərəqlik hekayəmi bir abzasda "xərcləyib əritməzdim"
də. Yüksək səviyyədə
yazmaq çətindir axı.
...Aqil Abbas ertəsi gün zəng vurub ümumi vəziyyətlə
bir daha maraqlandı, nə etdiyimi, nə edəcəyimi
soruşdu. Hesabatım onu tam qane etmədi deyəsən. Ümidləri doğrultmağa
çalışmalıyam.
Bir qədər sonra Azər Abdullanın
çağırışına cavab verirəm. Qısa hal-əhvaldan
sonra deyir ki, bu gün eşitmişəm Türkiyədə
olmağını.
Azər Abdulla məndən 10-11 yaş
böyükdür. Bənzərsiz jurnalist, böyük qardaş,
böyük dost və bütün mənalarda tam bir əxlaq
məktəbi olan Azərin narahatlığını
anlayıram. Elə bilir ki, xəstəxanada
yatıram, ya nəsə xoşagəlməz bir şey baş
verib. Deyirəm narahat olma, indiyədək
başıma nələr gəlməyib ki, elə-belə
müayinədir, gəzib dolaşıram gözəlim
İstanbulu.
Hər
halda sağollaşanda ürək sözlərini məhz belə
ifadə edərək məni kövrəldir: "Məzahir,
neçə illərdir ki, mən hər səhər sənə
və Vaqifə (Vaqif Bayatlı Odəri deyir) görə Allaha
dualar edirəm, oğlum üçün də..."
Azər Abdulla hələ "Qobustan" jurnalında
işlədiyi, məşhurlaşdığı vaxtlardan
Vaqiflə mənim çox qayğımı çəkib,
bizə böyük qardaşlıq edib. Azər bəy
ömründə bir dəfə də olsun kimsənin xətrinə
dəyməyən nadir insanlardandır. Allah
onu bütün arzularına çatdırsın.
Bu arada Tofiq Abdini düşünürəm. Bir zamanlar
"Qobustan"ı oxuyanlar, hər yeni nömrəsini səbirsizliklə
gözləyib "görüşən kimi"
bağrına basanlar, bilirlər ki, Azər Abdulla ilə Tofiq
Abdin jurnalın aparıcı yazarları olublar. Bu yaradıcı tandem publisistikaya yeni üslub və
nəfəs gətirmişdilər.
Abini tanıyan hər kəs İstanbulda olarkən
mümkün deyil ki, onu xatırlamasın. Böyük
Şəhərin hansı səmtinə yön alsan bir zamanlar
Tofiq Abdinin bu yerlərdə olduğunu, buralardan keçdiyini
düşünərsən. Abi
İstanbulda on ilə yaxın yaşayıb da. Bəlkə indi də yaşayır. Ruhu
buralardadır bəlkə...
Əvvəlcədən bildirmişdim ki, klinika-həkim-müayinə
əhvalatlarından bəhs etməyəcəyik. Ancaq nə
vaxtsa tək bir faktı yazının ana xəttinə
uyğun olaraq qısaca ortaya çıxarmaq istisnası var.
Özünü sığortalamaq kimi olmasın, bunu diqqətdə
saxlayaq.
Nəhəng
şəhərdə Bəyoğlunu, Üsküdarı,
Fatihi, ayrıca olaraq Eminönünü, Beşiktaşı,
Eyyubu, Kadıköyü, Bayrampaşanı, Qazi Osmanpaşanı,
Beykozu... tamam gəzib başa vurmaq üçün aylarla vaxt
lazımdır. Ancaq mən Ayaz həkimlə
birlikdə "sərbəst proqram üzrə" buna hər
halda cəhd edirəm. Bir neçə
muzeyə də vaxt ayırırıq. Ayrıca
olaraq Topxana Sarayı muzeyinə.
İstanbulda
əsl may havasıdır. Yağışlar kəsib
gün çıxsa da, mülayimlik və oksigen bolluğu
var. Saat 11-ə qala Topxana Sarayının qapısı
qarşısında sıx növbədir. Elə bilet kassalarında da. O biri muzeylərdə
belə axın görmədik. Düşünürəm ki,
bu bəlkə də "Möhtəşəm yüz il"in xidmətləridir. Çünki
muzeyə adambaşı 30 lirədən tamaşa etməyə
gələnlərin elə yarısı türkiyəlilərin
özləridir. Hətta məktəbliləri
də gətirirlər. İlk okulun
beşinci-altıncı siniflərində oxuyan bir dəstə
uşaq Ayazı gözlədiyim yerdə guya sıraya
düzülürlər. Ancaq onları gətirən
iki gənc müəllimənin gözünü oğurlayan
kimi dəcəllik edir, itələşir, Osmanlı
dövründən bəhs edən filmlərin
epizodlarını öz təxəyülləri ilə
obrazlaşdırırlar. Çox nadinc və
arxayın uşaqlardır. Nə qədər
aralı dursam da, xeyri olmur, itələşən uşaqlardan
biri ayağımı tapdalayıb üstümə
yıxılır. Müəllimə
uşaqlara yüngülcə acıqlanıb mənə
yaxınlaşır və ingilis dilində üzr istəyir.
Allah, Allah! Nədən hamı mütləq
ingilis olmalı və ya ingiliscə danışmalıdır?
Mənim geyimimdən başqa haram ingilisə,
avropalıya oxşaya bilər? Mən bu
uşaqların hərəkətlərini də təbəssümlə
seyr edirəm axı. Belədə gənc xanıma
üz tutub təbii ki, bir qədər zarafatyana tərzdə
soruşuram: "Öyrətmənim, bu çocuklar yeni bir
Hababam sınfımı?"
Hər iki müəllimə olayın belə bir
dönüşündən məmnun qalır. Sualım
xoş sözlərlə cavablanır. Ayaz
gəldikdən sonra biz öz Şirvan ləhcəmizdə
danışaraq buraxılış məhəccərinə
yaxınlaşdıqda isə bir qədər
çaşqın görünürlər. Ancaq əvvəlki
xoş təbəssümlə...
İçəridə nələr var, siz də
yaxşı bilirsiniz. Burada hər şey mənə nə qədər tanış görünsə də, yenə
diqqətlə seyr edir, Osmanlı imperatorluğuna tarixi
ekskursumdan zövq alıram.
...Saraydakı
meydanların birində qulağıma tanış
səs gəlir. Yaxınlaşıb
görürəm ki, orta yaşlı bir gid Rusiyadan gələn
turistləri başına toplayaraq Saray haqqında rus dilində
məlumat verir. Bir az dinləyirəm.
Rusiyalı turistlər çox maraqla qulaq
asırlar.Gid gerçəkdən rus dilini yaxşı bilən
arkadaşlarımızdandır. Ancaq o
Saray həyatından, xüsusilə sultanların hərəmxanasından
bir qədər bədiiləşmiş formada
danışır. Və əksəriyyəti
qadın olan turistlər o dərəcədə maraq göstərirlər
ki, hansı halda olduqlarını da unudurlar. Gid
arkadaşımız hərəmxana mövzusuna marağın
daha da artdığını hiss etdikcə tarixi bilgisinin və
dünyagörüşünün dozasını
çoxaldır. Və əzbərlənmiş ümumi tarixi
məlumat "konspektini" bir kənara qoyub, sadəcə
"Möhtəşəm yüz il"
kinosunu danışır. Bu daha asan, həm də
effektlidir. Epizodlara azacıq şəhvət qatmaq şərtilə...
Türkiyəlilər üçün Taksim nə qədər
önəm daşısa da, mənə görə adi bir məkandır. Ancaq o meydandan
İstiqlal caadəsinə düşüb başa-baş gəzmək
olduqca xoşdur.
Minik kimi əsasən metro və tramvaydan istifadə etsək
də hərdən taksiyə də əyləşirik. Bahadır,
ancaq əlac da yoxdur. Bizdə əsasən
çayxana və bərbərxanalarda olan "siyasi söhbətlər"
İstanbulda taksilərdə baş verir. Təbii
ki, sürücülərin fəallığı və əsasən
də monoloqları ilə. Biri
Ərdoğan hökümətini pisləyir, digəri
müxalifəti, bir başqası isə hər ikisini. Və yaxud tam əksinə. Türkiyəni
hər cəhətdən güclü və qüdrətli
ölkə olmasını arzulayan taksi sürücüsü
yazar olduğumu bildikdə mənə Azərbaycanı izlədiyini
söyləyir. Deyir sizdə sürətli
inkişaf gedir, sizin prezidentiniz ölkəni qüdrətləndirir.
"Belə yaxşıdır, abi, güclü
olun, atom bombası (!!!) əldə
edin, hamı, ən güclü ölkələr də sizinlə
hesablaşacaq onda..." deyə məni xeyli təəcübləndirir
və heyrətə gətirir. Bəlkə də
bu münasibətin və "təhrikin" çox dərin
qatlarında məntiqin kiçik bir yuvası
göründüyü üçün. Başqa
heç nə...
...Soma
faciəsi bizi də sarsıdır. Biz də
ümumölkə hüznünə qoşulub yas
saxlayırıq. Televizorda yalnız
Türkiyə kanallarını izləyir,
davranışımızı bütünlüklə bu
ağır hadisəyə uyğunlaşdırırıq.
Ayaz xoşladığı Efes pivəsindən
də imtina edir həmin günlərdə. İstanbul isə bu faciəni bütünlüklə
yaşamır. Əsas səbəblərdən
biri, təbii ki, əcnəbi turistlərin çoxluq təşkil
etməsidir.
Axşamlar mütləq Gülhanəyə gedirik,
Gülhanə parkına. Hər dəfə o "ceviz
ağacını - mavi gözlü divi" axtarır və
uzaq xəyallara dalıram. Qəfildən ağlımdan
bir şey keçir: görəsən parkdakı bu qədər
insanların içərisində məndən başqa o
dahiyanə misraları və böyük Nazim Hikməti
düşünən varmı? Bu da polis - biri qadın, ikisi kişi. Onlar bizim və ayrıca
mənim xəyallarımın "yanından" saymazyana
ötüb keçirlər. Düz, 57 il
bundan əvvəlki kimi...
Söz
Gülhanədən, Nazimdən, şeirdən
düşmüşkən bir məqamın sevincini
bölüşmək istəyirəm. Bundan əvvəlki
hissənin sonluğunu Rayner Maria Rilkenin şeiri ilə
bitirmişdim axı. Yazı üslubum imkan verməmişdi
həmin şeirin tərcüməçisini yada salam. O gözəl şair, o gözəl tərcüməçi
zəng vurub yazıya və yazının ruhuna uyğun
seçilən şeirə görə məni təbrik etdi. Elə mən düşündüyüm kimi onu da
bildirdi ki, düz eləyib tərcüməçinin kimliyini
göstərməmisən, belə daha yaxşı
alınır. Bu bir təvazökarlıq
jesti deyildi. Onun bütün varlığı belədir
- dupduru, tər-təmiz...
Və artıq bu qərara gəlmişəm ki, bundan
sonra yenə də kölnümə nəsə bir şeir
düşsə, hətta bircə bənd nümunə
göstərsəm belə, nəinki tərcüməçinin,
heç müəllifinin də kimliyini xatırlamayım. "O" özü
demiş, əsas odur ki, qələmə alınıb,
yazılıbdır.
...Həkimlər
qanımı qaraldırlar. Bəlkə elə
bu üzdən qarışıq yuxular görürəm.
Atam gəlir yuxuma. Ancaq
çox uzaqdan keçir, hara gedir görəsən? Heç mənə tərəf baxmır da. Cavandır, hündürboyludur, yarı əsgər,
yarı mülki geyimdədir. Elə hey yol
gedir. Bircə dəfə dönüb məni görsəydi...
Ayılanda yuxumu xatırlayıram. On doqquz
yaşında Böyük Vətən Müharibəsinə
yollanıb Reyxstaqa qədər döyüş yolu keçən
atamı düşünürəm. Və qəfil
yadıma düşür ki, başqa günlər bir yana, hər il 9 Mayda onun məzarı
üstünə gedib xeyli "söhbət" edirəm. Bu
dəfə məhz həmin gün Türkiyəyə gəldiyimdən
borcumu yerinə yetirməmişəm...
Bu gün hava bütün mənalarda əlverişlidir. Mənim təklifimlə
körfəzə gəzintiyə çıxmağı qərarlaşdırırıq.
Eləcə "İstanbul boğazı"na.
Bəzən adama elə gəlir ki, İstanbul
heç də böyük şəhər deyil. Yəqin göydələnlərin çox
olmaması belə qənaət yaradır. Əslində bu gözəlliyə göydələnlər
heç yaraşmır da. Səmadan və
çox maraqlıdır ki, dənizdən baxanda İstanbulun
nəhəngliyini büsbütün hiss edirsən. Boğazda olarkən hər iki sahilin qeyri-adi gözəlliyi
də adama çox şeyləri unutdurur.
Göyərtədəki turistlərin
danışıqlarından və geyimlərindən haradan gəldiklərini
təxmin etmək mümkündür. İspan
xanımlarının bir qədər çılğın hərəkətlərinə
təəccüblənirəm doğrusu. Yaxınlıqda
4-5 hindlidən ikisi milli geyimdədir. Həmin o milli
geyimli kişi həmvətənlərini
başına toplayıb elə həzin oxuyur ki... Belə səs və belə oxumaq hind filmlərindəki
mahnılara bənzəmir.
Arada çay içmək üçün
aşağı düşürük. Burada çay
nədənsə baha deyil, əksinə ucuzdur - stəkanı
bir lirəyə.
Yanımızda
əyləşən 75-76 yaş verə bildiyimiz almaniyalı
ər-arvad tez-tez bir-birlərinin şəklini çəkir,
arada Ayazdan xahiş edib qoşalaşır, bu yaşda da xoşbəxt
olduqlarını, həyatdan zövq aldıqlarını sanki
bütün dünyaya sübut etmək istəyirlər.
Uzun
masanın bir başında əyləşib şirə
içən gülümsər çöhrəli gənc bir
xanımın tez-tez bizə tərəf
baxdığını hiss etsəm də, bir elə fərqinə
varmıram. Daha çox çölü - sahilləri
seyr edirəm. 5-6 dəqiqə sonra göyərtəyə
qalxmağı planlaşdırmışam. Haqqüçünə nə istəsəm Ayaz da mənimlə
razılaşır bütün məsələlərdə.
...Gözlənilməyən,
bəlkə də gözlənilən bir hadisə baş
verir. Həmin o gözəl xanım əlində
çanta və xəritə bizə yaxınlaşır.
Mənimlə ərəb dilində
salamlaşıb nəsə deyir. Mən ərəb
dilini bilirəm? İngilis dilində 3-4 kiçik və
standart cümlə, 5-10 kəlmə, vəssalam! Bu özü də əslində elə
sıfıra bərabərdir. Həyatımda
ən gülməli hadisələrdən biri də indi
baş verir. Ərəbcə müraciətə
çaşıb rusca cavab verirəm. Belədə
bu müasir geyimli, hətta çöl-bayır
üçün gözlənilməz aksesuarlı ərəb
xanımı onun özü üçün də asan olmayan
ingilis dilinə keçid edir. Təbii ki,
yenə mənlik deyil. Ayaz həkim bu dildə
az-maz başını dolandıra bilir. Çətinliklə
də olsa xanımın söylədiklərini mənə tərcümə
edir.
İndi mən bir qədər aydın yazım, siz də
fikir verin bu əhvalatın "adi" qəribəliyinə.
Bu gənc xanım Əlcəzairdəndir. Gözə gəlimliyi, şirinliyi bəs deyilmiş, hələ bir saçlarına da gül düzüb. Deyir ki, keçən il elə bu vaxtlar, ya bəlkə də bir az irəli-geri günlərin birində biz Kabataş deyilən yerdə təsadüfən tanış olmuşuq. Mən ona harasa getməyə kömək etmişəm. Elə əynimdəki bu kətan kostyum da həminkidir. Ərəb dilində də az-maz başa düşür, danışa bilirəmmiş. Təbii ki, onun yanıldığını, həmin adam olmadığımı anladıram. Deyir "o" da Bakıdan idi, siz də Bakıdan... Necə ola bilər axı, həm də sizin kimi ağ saçlı idi - deyir. O andaca mən yalnız bir nəfər haqqında fikirləşib (ağ saçlı, kətan kostyumlu və ...qəfil baxanda müəyyən bir duyumda cüzi oxşarlıq), tez də indiki reallığa qayıdıram. Ancaq bu əlcəzairli qızın da kölnünü qırmıram. Deyirəm Bakıya qayıdan kimi məni oxşatdığınız həmin o adamı tapıb bu əhvaları danışacam, bildirəcəyəm indi sizin harada olduğunuzu. Lap gestaponun şefi Müller həmin o cəsur kəşfiyyatçını təkadamlıq kameraya salıb "kibrit çöpləri ilə oynamağa" məcbur etsə də belə. Həm də ki, burada Müller, amansız və qısqanc frau kimi obrazlaşmalıdır. Hansı şəraitdə olur-olsun, qadın məsələsidir axı. Belə bir assosiasiya, təbii ki, xəyal məhsuludur, reallıqdan uzaqdır.
Onda deyir, şəklimi çək, göstər ona.
Xanımın bu gözlənilməz xahişini də yerinə yetirirəm.
Gəmi sahilə yan alarkən yenə rastlaşırıq və bu dəfə Ayaz həkim xanıma köməklik göstərir - iri əl çantasını və əlindəki digər bağlamasını çıxışa qədər aparır.
Sağollaşıb ayrılırıq. Ayazdan soruşuram ki, sən bütün danışıqları mənə düzmü tərcümə edirdin? Hə, deyir.
Şəhərin günorta izdihamında əlcəzairli qızı gözdən itiririk. Ya bəlkə o özü elə itib yoxa çıxır. Ayaz zarafata salıb söyləyir ki, qızın bağlamasından şübhələndim, terrorçu olar, bilmərik.
Əlbətdə bu zarafat idi. Ancaq mənimlə belə zarafat etmək də mümkün deyil. Çünki onda mənim xəyal düşüncələrim işıq sürətini də ötüb keçir.
Əlcəzairli qız... 15-16 yaşlarımda ilk dəfə tamaşa etdiyim ərəb filmində Əlcəzairin Fransa müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs olunurdu. Filmin qəhrəmanı Cəmilə adında gənc bir qız idi. O vaxtlar düşmən içinə girib bomba partlatmaq kimi fövqəladə cəsur intiharları adətən kişilər həyata keçirərdi. Bu filmdə isə Cəmilə vətəni uğrunda belə bir aksiya törədir. "Kamikadze" sözü sonralar populuyarlaşdı. Həm də bu cür şərəfli intiharlar...
...Və Malik Həddadı da xatırlayıram. Əlcəzairin və ərəb dünyasının böyük yazıçısı Malik Həddadı. Onun "Körpü partladılmalıdır!" romanında Əlcəzair xalqının Fransa müstəmləkəçiləri ilə ölüm-dirim savaşını da.
...Və əlcəzairli Zinəddin Zidanın Fransaya dünya çempionu adını qazandırmasını...
(davamı olacaq)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-5 iyul.-S.8-9.