Qazanılmış uğurlar və perspektivlər

 

Respublikanın hər yerində olduğu kimi İmişli rayonunda da son illər təsərrüfatın müxtəlif sahələrində bir çox uğurlar əldə edilmişdir. Məşğuliyyətlərinin əsas hissələrindən olan maldarlıqda bir çox uğurlara imza atan rayon sakinləri ötən il mal-qaranın baş sayını 90813 başa çatdırmışlar. Xırdabuynuzlu heyvanların sayı da kifayət qədər artaraq, 243224 baş olmuşdur. Ət istehsalı üzrə diri çəkidə 13758 ton, süd istehsalı üzrə 47948 ton məhsul istehsal edilmişdir. Rayonda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmış, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 75,8 faiz təşkil etmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 139 layihə üzrə 5552 min manat məbləğində müxtəlif növ uzunmüddətli kreditlər verilmişdir. Bu isə öz növbəsində 357 yeni yerinin açılması deməkdir.

Hazırda rayonda 1 mədəniyyət sarayı, 7 kənd mədəniyyət evi, 1 mərkəzi kitabxana, 46 kənd kitabxana filialı, 27 klub müəssisəsi, 1 muzey, 1 dövlət rəsm qalereyası, 2 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə 410 nəfər çalışır ki, onlardan da 33 nəfərinin ali, 83 nəfərinin orta-ixtisas, 297 nəfərinin təhsili isə ümumi ortadır.

Rayonda 1 şəhər, 1 qəsəbə, 27 kənd bələdiyyəsi olmaqla 29 bələdiyyə fəaliyyət göstərir. Bu bələdiyyələr ötən il "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü çərçivəsində bir neçə layihəni həyata keçirmişdir.

İmişli haqqında danışarkən burda baş verən təbii fəlakətin nəticələri haqqında da danışmaq lazımdır. Kür çayının daşması nəticəsində ölkəyə dəyən maddi və mənəvi ziyan İmişlidən də yan keçməmişdir. Ona görə də KürAraz çaylarında mühafizə bəndlərinin möhkəmləndirilməsi məqsədi ilə 231 kub metr həcmində betonla, 690 kub metr həcmində maşınla sahilbərkitmə, 50,3 kilometr uzunluğunda, 982,8 min kub metr həcmində qayakəsmə və təmir işləri görülmüşdür. Bundan başqa investisiya hesabına rayonun Qaradonlu kəndində Araz çayının sağ sahili mühafizə bəndinə 63 min kub metr həcmində 1,8 kilometr məsafədə yeni layihə üzrə hündürləmə və möhkəmləndirmə, Əliyetməzli kəndində Kür çayının sağ sahilində 3053 kub metr həcmində beton sahilbərkitmə işlə başa çatdırılmışdır.

 

Rayonun sosial həyatı

 

İmişli rayonunda sosial sahədə işlərin miqyası xeyli genişləndirilmişdir. Onu demək lazımdır ki, ötən il bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafı üçün 112693,8 min manat vəsait yönəldilmiş, onun 92,1 faiziya 103795,14 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İmişli şəhərində 0,4 kilovoltluq elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli 8500 ədəd SMART kart tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri başa çatdırılmışdır. Rayon ərazisində 3941 metr məsafəyə SİP kabeli, 21216 metr məsafəyə isə naqil xətləri çəkilmiş, 2207 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılmışdır.

Rayon Qaz İstismarı Sahəsi tərəfindən rayonun qazlaşdırılması işi sürətləndirilmişdir. 1827 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 8451 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. İmişli şəhərinin və ətraf kəndlərin mavi qazla təmin edilməsi istiqamətində bütün vasitələrdən istifadə edilir.

"İmişli Su Kanal İdarəsi" tərəfindən ötən il ərzində sahələrə verilən suyun miqdarı 587,6 min kub metr, kanalizasiya xidmətinin həcmi 174 min kub metr təşkil etmişdir. Bundan əlavə T.İsmayılov, Q.Qarayev, Ə.Qurbanov, M.Hüseyn, P.Həsənov, M.Əzizbəyov küçələrində su xətləri, M.Əsədov, 20 YanvarXiyabani küçələrində isə kanalizasiya xətləri və qurğuları təmir edilmişdir. Layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli Smart elektron su sayğacının böyük əksəriyyəti artıq quraşdırılmış, şəhərin digər ərazilərində isə quraşdırma işləri davam etdirilir. Quraşdırılmış su sayğaclarının xeylisi aktivləşdirilərək əhaliyə içməli su verilmişdir. Abonentlərin su sayğaclarına çəkilmiş polietilen su xətlərinin şaxtadan qorunması üçün mühafizə tədbirləri görülmüşdür. Müxtəlif diametrli 166549 metr şəhərdaxili su xəttinin çəkilişi başa çatdırılmışdır.

275 abonentə telefon xəttinin çəkilişi də ötən ilin hesabına yazılmalıdır. Rayonun Qızılkənd kəndinə 256 nömrə, Bəhrəmtəpəyə 56 nömrə, Qaravəlliyə 96 nömrə, Qaraqaşlıya 128 nömrə, Qaradonluya 100 nömrə, Muradxanlıya 100 nömrə elektron tipli telefon xətti çəkilmişdir. Şəhər üzrə bu rəqəm minə çatdırılmışdır.

 

(ardı gələn sayımızda)

 

Səxavət MƏMMƏDLİ

Ədalət.-2014.-9 iyul.-S.3.