"YADA DÜŞDÜ"

 

Açığını deyim elə nəşrlər var ki, onların yolunu şəxsən mən səbirsizliklə gözləyirəm. Burada söhbət o nəşrin, o ədəbi nümunənin yaradıcı kollektivindən, onu araya-ərsəyə gətirən insanlara özəl simpatiyamdan getmir. Çünki bu münasibəti hər an telefonla da, üz-üzə gələndə də, bir sözlə, istənilən zamanda və məkanda bildirmək mümkündü. Ancaq yeni nəşri görmədən, onu mütaliə etmədən barəsində nə isə demək mümkün deyil. Yəni bunu lap bəlağətli bir şəkildə eşitdiklərinə uyğun tərifləyib fikir söyləsən də, bu, gerçək olmayacaq. Münasibət o vaxt gerçək olur ki, onu səndə oxuduğu nəşr özü yaradır. Bax, bu mənada mən son illərdə yolunu gözlədiyim iki-üç ədəbi-bədii jurnallar arasında "Yada düşdü"nün xüsusi yeri var. Bu da səbəbsiz deyil. Burada konkret səbəb elə Yada Düşməkdi!

Adətən yada düşən daha çox arxada qalanlar, xatirələr olur. Zaman insanı daha çox yaşının müəyyən dövründə dayanıb düşünməyə, geriyə baxmağa məcbur edir. bax o səndən, məndən asılı olmayan məcburiyyət yada düşməyin ip ucudu, xatirələrin ilk titul vərəqidi. Çətini o ipucuna əl uzatmaq, o titul vərəqini çevirməkdi. Ondan sonra xatirələr, yəni yada düşənlər səni öz qoynuna alır...

"Yada düşdü" jurnalının bu il üçün 3-cü sayı artıq oxucuların ixtiyarına verilib. Həmişə olduğu kimi, jurnalın təsisçisi, şairə Nəzakət xanımın xeyir-duası ilə başlanan görüşün ilk ünvanı onun "Ərdəbilim" şeiridi. Bu şeiri oxuduqca soykökə bağlılıq, nostalji hisslər və bir də insanın özünəməxsus psixoloji kodu dərhal oxucuda müəyyən təsirlər yaradır. Və həmin o hisslərin özü də kövrək misraların sığalı altında sanki dinclik tapır.

 

O tayın da, bu tayın da adı Vətəndi,

Qanqalların arasında gül bitirən

Bülbülləri ağı üstdə dil-dil ötən,

O da Vətən, bu da Vətən -

Ərdəbilim.

..........................................................

 

... Babamın həsrət yanğısı,

Yaddaşının sızıltısı,

Dodağının pıçıltısı -

Ərdəbilim, Ərdəbilim, Ərdəbilim.

 

Jurnalın bu sayı da baş redaktor, dəyərli yazıçımız Nahid Hacızadənin rəhbərliyi altında öz üslubuna sadiq qalaraq "Tarixin yaddaşından" rubrikası altında araşdırmaçı yazar, istefada olan polkovnik Şəmistan Nəzirlinin Azərbaycanın böyük oğullarından biri doktor Nəriman Nərimanov haqqında maraqlı xatirə yazısı ilə başlayıb. Həmin araşdırma yazısını oxuduqca doktor Nərimanın obrazı gözümüz önündə daha da böyüyür. Həmin silsilənin davamı olaraq Teymur Əhmədovun "Tərcüməçi Hüseyn Şərif" yazısı Azərbaycan ədjəbiyyatının cəfakeşlərindən biri barəsində oxuculara bir təqdimat olur. Oxucu öz tərcümələrinin arxasında dayanan bu cəfakeş ədəbiyyat adamını bir az da yaxından tanıyır.

Həmişə Azərbaycanın dəyərli ziyalıları, ədəbiyyat, sənət adamları barəsində maraqlı xatirələri ilə jurnalı daha da oxunaqlı edən Nahid Hacızadənin "Ürəyinə ürək çatmazdı" xatirələri görkəmli yazıçı, pedaqoq Mir Cəlala həsr edilibdi. Nahid Hacızadə şəxsən tanıdığı və təmasda olduğu Mir Cəlal müəllim barəsində bir yarpaq xatirə ilə bu görkəmli insanı bizlərə bir daha tanıdıb.

Jurnalın "Proza" bölümündə son illər bir-birindən maraqlı hekayələri, xatirə-oçerkləri, xatirə yazıları ilə oxucuların diqqətini çəkən Novruz Nəcəfoğlunun "Keçən cavan çağım ola" yazısı çap olunub. Bu nostalji duyğuların axarı ilə dünənə üz tutan oxucunu dəyərli şairimizi Ramiz Rövşənin qəlblərə yazılan, yaddaşlara köçən "Gedək biz olmayan yerə" adlı şeiri daha da duyğulandırır. Ümumiyyətlə, jurnalda xalq şairi Hüseyn Arif barəsində Zöhrə Hüseynzadənin xatirələri, poeziya bölümündəki şeirlər, Salatın Əhmədlinin "Vaxtında evlən" hekayəsi oxucular üçün xoş anları yaşamağa, düşünəyə, dünənə üz tutmağa yaxşı şans verir. Bu müsbət aura mənim çox sevdiyim Cəmil Əlibəyovun dostum Rafiq Hacıyevin 60 yaşına yazdığı "Amal yolunda fədakarlıq" yazısı ilə daha da təravətlənir və bunun ardınca Qərib Mehdinin xalq şairi Hüseyn Ariflə bağlı xatirələri, 50 yaşı tamam olmuş şairə bacımız Fərqanə Mehdiyevaya ünvanlanan təbriklər, çox hörmətli həmkarımız Şəfəq Nasirin yubiley yaşı ilə bağlı müsahibəsi... Bir sözlə, bu jurnalın hər bir yazısı doğrudan-doğruya oxucu üçün maraq doğurmaq gücündədig

Düşünürəm ki, "Yada düşdü" onu gözləyənləri, onu oxuyanları sevindirəcək və hələ oxumayıb sevinməyə imkan tapmayanların da yadına düşəcək.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-9 iyul.-S.4.