Alın yazısı

 

Dünya yaranandan şəriətin qanunları rəhimsiz və sərtliyi ilə seçilib. Qadına qarşı isə o, həmişə daha qəddar, daha amansız olub. Atama, anama deyirəm indi, Məni bu dünyaya gətirməklə siz, Niyə həyatımı məhv elədiniz?

Bu sözlər bir xalq mahnısındandır. Görəsən öz ağrısını, acısını şeirə köçürmüş bu naməlum qadın taleyin hansı zərbəsinə, acısına məruz qalıb? Qanadsız quş olub qadınlar. Həmişə işığa can atsalar da, arzuları ürəklərdə qalıb. Bir əsrdən çox vaxt ayırır öz taleyinə lənətlər yağdıran müsəlman qadınını o, zülmkar, qəddar, vəhşiliklər dolu illərdən. İslam dini qəbul edilməzdən əvvəl qadınlara münasibət belə idi. İslam yaranandan sonra bu zərif məxluqa münasibət dəyişdi. Bərabər hüquqlu oldular ərləri ilə. Dünyaya açıq gözlə baxdılar. Əsrlər keçdikcə maarifləndilər.

Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar tanrının təbiətə bəxş etdiyi müqəddəs bir varlıqdır. Tarixin keçmiş ağır sınaqlarından alnı açıq, üzü çıxmış Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədəkarlığı, mərdliyi, çalışqanlığı, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə, Azərbaycan xalqının xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Minilliklər boyu əfsanəvi qadınlarımız dar gündə, dar ayaqda hünər göstəriblər, zəfər çalıblar, qələbə qazanıblar. At belində, qalxan sinədə, qılınc əlində vətən üçün, torpaq üçün vuruşublar, şəhid olublar.

Türk qadını tarixən istər ictimai-siyasi həyatda, istər hərb meydanlarında, istərsə ailə-məişət fonunda, həmişə nümunə olub, cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilib. Qadın hökmdar Tomris, ilk diplomat qadın Sara Xatun, ərləri ilə çiyin-çiyinə döyüşən Nigar, Həcər və tarixin müxtəlif məqamlarında, ayrı-ayrı sahələrində tanınmış qadınlarla bu gün bütün xalqımız qürur duyur, fəxr edir. Qadınlarımız həmişə atalarına, babalarına, qardaş və ərlərinə sadiq olmuşlar. Belə rəvayət edirlər ki, bir dəfə Əmir Teymur bir şəhərə hücum etmək ərəfəsində, şəhər əhalisinə xəbər verir ki, sabah şəhərə hücum edəcək. Odur ki, qadınlar özü ağırlığında nə varsa götürüb çıxsınlar. Onlar da bu münasibətlə atalarını, qardaşlarını, oğullarını və ərlərini götürüb şəhəri tərk edirlər. Bunu eşidən hökmdar daha şəhərə hücum etmir.

Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik mənbəyidir, ismət, qeyrət, qüdrət rəmzidir. Elə buna görə də Dünyanı fəth edən fatehlər də həmişə qadına İlahi varlığın rəmzi, Ulu Tanrının zərif məxluqu kimi baxmış, onların qarşısında baş əymişlər.

İnsanlar kimi yazıların da qəribə taleyi olur. Bir müddət əvvəl yazdığım bu portret yazını Firuzə xanımın doğum günü mətbuatda verməliydim. Ancaq bəzi səbəblərdən alınmadı. Mən də Ədliyyə müşaviri, polkovnik-leytenant istefaya çıxandan sonra dərc elətdirməyi qərarlaşdırdım.

O, çatmaq istədiyi hədəfi ustalıqla fəth edən, yüksək vəzifələrə doğru inam və inadkarlıqla irəliləyən, sözün həqiqi mənasında, işindən zövq alan əməksevər, daxilən və qəlbən öz peşəsinə bağlı olan insandır. Təbiətindəki həlimliklə ciddiliyi bir vəhdət yaradır. Son dərəcə sadədir. Təbii ki, bu məziyyətləri həyatda qazanmaq çətindir. O, insanın özü ilə doğulur, soyundan, kökündən gəlir. Müdriklərdən kimsə deyib: "Çox şeyi zor və sərvət ilə qazanmaq olar. Amma hörməti yalnız öz əməllərinlə qazana bilərsən". Firuzə xanım çalışdığı vəzifələrdə rəhbərliyin və insanların hörmətini qazana bildi. İşlədiyi vəzifələrə hörmət və şərəf gətirdi. Qanunu bir əlində, insanları bir əlində tutdu.

Bakıda dünyaya göz açıb. Ailədə on uşaq olublar. Anası uşaqların tərbiyəsi ilə məşğul olub. Atası halal zəhmətlə böyüdüb övladlarını. Uşaqlıqdan ailənin çətinliyini görürdü. Həmişə çalışırdı ki, ailəyə ağırlıq düşməsin. Məhz buna görə də ali məktəbə sənəd verəndə axşam şöbəsində oxumağı qərara almışdı. Deyir, hüquq sahəsinə sonsuz həvəsim və marağım var idi. Bu formanı geyən qadınlara həsəd aparırdım. Amma bilirdim ki, bu ixtisasda oxuyanların demək olar ki, hamısı imkanlı ailələrin uşaqlarıdır. Mənsə onların geyimi, kecimi ilə ayaqlaşa bilməzdim. Fars dilini yaxşı bildiyim üçün sənədlərimi şərqşünaslığa verməyi qərarlaşdırdım. Burada isə yer dolmuşdu. Hüquq fakultəsinin axşam şöbəsinə sənəd qəbulu davam edirdi. Mən də sənədlərimi bura verdim. Fikirləşdim ki, qəbul olsam gündüz işləyərəm, ailəyə də köməyim dəyər. Belə bir deyim var: "Yüz il kotanın işləməkdənsə, bir gün bəxtin işləsin". Bəxti gətirdi Firuzə xanımın. Bəlkə də Ulu Tanrı bu məsum qızın qəlbindən keçənləri, valideynlərinə olan məhəbbətini, oxumaqla ailəyə yük olmaq istəmədiyini görüb, ürəyində arzuladığı peşəyə yönəltdi onu. Qəbul oldu instituta. Dinə, mövhumata, ictimai baxışların, münasibətin sərtliyi ilə seçilən sovet dönəmində də, başqa vaxtlarda da böyük yaradana, insanın alın yazısına, taleh yazısına həmişə inanıb. Elə özünün alın yazısı kimi. Artıq işə də düzəlmişdi. Bakı uşaq oyuncaqları fabriki, onun ikinci doğma ailəsi idi. Həyatda yaxşı insanlar olub həmişə. Bu cür adamların köməyi ilə Yasamal rayon xalq məhkəməsində işə düzəldi. Çalışdığı peşə onun üçün çox maraqlı idi. Birlikdə işlədiyi adamların təcrübəsinə idarəçilik metodlarından öyrənirdi. 1977-ci ildən isə taleyini həmişəlik ədliyyə orqanları ilə bağladı. Otuz bir il Bakının indiki Binəqədi rayonunda VVAQ şöbəsinin müdiri, istefaya gedənədək isə Yasamal rayon qeydiyyat idarəsinin rəisi vəzifəsində çalışdı. Bu illərdə həm də respublika hüquq işçilərinin təkmilləşdirmə institutunda mütəxəssis kimi dərs deyirdi. Ədliyyə müşaviri rütbəsinə qədər yüksəldi. İlk prezident və bələdiyyə seçkilərində respublika mərkəzi seçki komissiyasının üzvü oldu. Prezidentin inoqrasiya mərasimində iştirak etdi. Respublikanın ictimai-siyasi həyatında iştirakı ilə tanındı. Ölkənin tanınmış ziyalı qadınları ilə birlikdə Firuzə xanımın adı "Azərbaycanın seçilmiş qadınları" ensiklopediyasına yazıldı. Ölkə prezidentinin fərmanı ilə "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı ilə təltif olundu.

Onun üçün nə qədər önəmli olsa da, ailə həmişə öndə olub. Bu illər ərzində həmişə işləyib, eyni zamanda, ailədə hər şeyi nizamlaya bilib. Vaxtı saatlarla yox, dəqiqələrlə bölüb, hər şeyi vaxtında görmək üçün. Ömür gün yoldaşı Əvəz müəllim qadın qayğısından kənarda qalmayıb. Birgə gəliblər çətinliklərin öhdəsindən gözü-könlü tox olublar. Az tapanda az, çox tapanda çox yeyiblər. Bu da ilk növbədə Firuzə xanımın məsuliyyətinin nəticəsi idi.

O, bu gün cəmiyyətimizdə baş verənlərə də laqeyd deyil. Elə məqamlar var ki, ona sevinir, elə məqamlar var ki... Bu gün hərtərəfli inkişaf edən gənclərimizi görəndə qürur duyur. Dövlətimizin onlara qayğısından bir vətəndaş kimi məmnun qalır, gələcəyimizin etibarlı əllərdə olduğuna sevinir. "Mən demokratiyanı da, Dünyaya inteqrasiyanı da dəstəkləyirəm. Lakin hər şey əndazəsində olmalıdır. Bu gün gənclərimizin Avropaya inteqrasiyasında bəzilərinin etdikləri yanlışlıqlar, buraxdıqları səhvlər bizim hamımızı düşündürməli, narahat etməlidir. Gənclərimizin narkomaniyaya meyilliyinin artması, pis vərdişlərə qurşanması, milli-mənəvi dəyərlərimizə ləkə gətirməsi, yad təriqətlərə qoşulması s. məni bir qadın, ana, ziyalı, vətəndaş kimi narahat edir. Doğrudur, cəmiyyətimiz, dövlətimiz bu istiqamətdə görür. Görünür yetərincə deyil. Bu həm hər birimizin işidir. Uzun illər gənclərlə təmasda olduğum təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu günki gənclərin əksəriyyətinin nikahdan tez çıxmasının səbəbi evliliyə hazır olmamaları, çox erkən ailə qurmaları, bir-birini yaxşı tanımamaları, ailədəki maddi çətinliklər, valideynlərin ailə məsələlərinə lüzumsuz müdaxiləsi digər səbəblərdir. Bütün bunlar üçün nə lazımdır? Azacıq diqqət və qayğı".

Həyatın böyük sınaqlarına çəkilmiş və bu sınaqlardan üzü çıxmış bir insanın bu narazılığı başa düşüləndi. Çünki, insan həqiqətən doğulandan həyatın sonunadək diqqət və qayğıya ehtiyac duyur.

Bu gün Azərbaycan qadını cəmiyyətin bərabər hüquqlu üzvü kimi hüquqlarını qorumağa qadirdir. Deputat kürsüsündə, prezident aparatında, hüquq mühafizə sistemində, ədliyyə orqanlarında çalışan qadınlarımız, istehsalatda, elm və təhsil sahələrində işləyən xanımlarımız, körpəsinin beşiyi başında lay-lay deyən gəlinlərimiz, ağbirçək analarımız, mərd və hünərvər qızlarımız işlədiyi sahədən asılı olmayaraq Azərbaycan qadını şərəfini qoruyurlar.

Firuzə xanım həmişə zərif, kövrək qəlbli insan əhatəsində olan qadınların hər birinin problemi ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. Çiyinlərinə düşən nə qədər çox və məsuliyyətli olsa da bütün bunların fövqündə ailə ocağının müqəddəsliyini, Azərbaycan qadınına məxsus olan incə ruhu qoruyan mehriban həyat yoldaşı, övlad sevgisi ilə yaşayan mehriban ana, qayğıkeş nənədir. Filosoflardan biri deyib ki, əgər qadın şahlıq kimi dəyərləndirilsəydi, ana şahlığın tacı, nənə şahlıq tacının zirvəsi hesab olunardı. Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, adilik, aqillik zirvəsidir, yaradan, yaşadan, ərsəyə gətirəndi, kamala yetirəndi. Saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdı.

Firuzə xanımın evində sevgi və məhəbbət dolu günlər yaşanır. Həyat yoldaşı Əvəz müəllim gözəl memardı. SSRİ dönəmində Azərbaycan Respublikası və SSRİ memarlar ittifaqının üzvü olub. Rəhbər vəzifələrdə çalışıb. Üç övladları var. Hamısı ali təhsillidir. Oğlu Anar, qızı leyla anasının yolu ilə gedirlər. Hər ikisi ədliyyə orqanlarında çalışır. Gəlini Ramilə xanımdan çox razıdır. Bakıdakı klinikalardan birində çalışır. On yaşlı nəvəsi Emil cudo ilə məşğul olur. Bakı məktəbləri arasında keçirilən yarışlarda fəxri yerləri tutur həmişə. Balaca Firuzə isə nənə Firuzənin mehriban nəvazişi və qayğısı ilə böyüyür.

 

Ədalət.-2014.-9 iyul.-S.3.