"YAZIÇI"
Adətən "Oğuz eli" qəzetinin xüsusi buraxılışlarını gözdən keçirəndə Azərbaycan ədəbi ictimaiyyətinin dəyərli və müqtədir sənət adamları ilə onların ömür yolu, yaradıcılıq uğurları və bir də şirin xatirələri ilə yenidən baş-başa qalıram. Təbii ki, bu xoş məqamları oxucuya, o cümlədən də mənə hörmətli qələm dostumuz, dəyərli söz adamı Azər Abdulla ərməğan edir. Bu dəfə də öz ənənəsinə sadiq qalan "Oğuz eli", daha doğrusu, onun növbəti xüsusi buraxılışını hazırlayan Azər Abdula biz oxucuları Azərbaycan poeziyasında, söz məkanında özünəməxsusluğu ilə seçilən, maraqlı yumorları ilə yadda qalan, xarakterik xüsusiyyətlərə malik xalq şairi Qabillə həmsöhbət edibdi.
2014-cü ilin sayca 5-ci buraxılışı olan "Yazıçı"nın xalq şairi Qabilə həsr olunmuş "Qabil" buraxılışı dəyərli şairimizin "Gedən yerim olaydı" şeiri ilə başlayır. Çoxlarımızın əzbər bildiyi bu şeirin hər misrasında insana nostalji duyğular bəxş edən, görünən və görünməyən çox məqamlar özünə yer tapıb. Yəni həmin misralar həm bizi kövrəldir, həm də düşündürür.
Yuxum ərşə çəkiləydi,
Dan yeri-
Qızarmış gözlərimdə
Söküləydi.
Təkig
Səhər
Başımda sevdalı fikirlər
Harasa gedən yerim olaydı.
Bəli, insan darıxanda da, sevinəndə də, dərdini, sevincini bölüşmək istəyəndə də, ümid axtaranda da, əsəbini xərcləmək istəyəndə də, bir sözlə, bütün halında getməyə yer axtarır. Əgər gedən yerin varsa, deməli, şair Qabil demişkən:
Gedən yerim olaydı, gedən yerim,
Kiminsə həsrətiylə açılaydı səhərim.
Qabilə həsr olunmuş bu buraxılış xalq yazıçısı, AYB-nin sədri Anarın "Qabili çox istəyirəm" adlı səmimi bir yazısı ilə başlayır. Həmin yazıda Anar müəllim vurğulayır ki, Qabil öz rübailərindən birini mənə həsr etmişdi.
Valideyninə oğulsansa - Anar ol!
Sən əbədi məşəl kimi yanar ol!
Ata, ana məzarının üstündə
Bir gül olma, gülüstan ol, gülzar ol!
Və çox maraqlıdır ki, Anar müəllim xalq şairinin rübaisinə onun öz üslubunda cavab verib.
Hər sənətdə, hər peşədə kamil ol!
Tarda Bəhram, kamançada Habil ol!
Ömər Xəyyam çox
şairə söylədi:
Hünərin var rübaidə
Qabil ol!
Xüsusi buraxılışda xalq yazıçısı və şairləri Hüseyn Abbaszadənin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Çingiz Abdullayevin, İsmayıl Şıxlının, görkəmli ədəbiyyat adamları Tofiq Hacıyevin, Nahid Hacızadənin, Rafiq Yusifoğlunun, eləcə də Abbas Abdullanın, Balasadiqin, Elnarə Akimovanın, İsrafil Mustafayevin, Əli Həsənlinin və digərlərinin xalq şairi ilə bağlı bir-birindən maraqlı xatirələri, onun yaradıcılığına olan sevgi dolu fikirləri yeri almışdı.
Bu buarxılışda həmçinin şairin dostları, həmkarları, doğmaları ilə birgə fotoları da oxuculara təqdim olunmuşdu. Burada bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, buraxılışın redaktoru Azər Abdulla oxuculara təqdim etdiyi şeir nümunələrinin demək olar ki, hamısı Qabilsevərlərin ürəyincə olan poeziya çələngidi. İstər onun Azərbaycan əsgərinə ünvanlanan şeiri, istər Azərbaycan torpağını vəsf edən misraları, qəzəlləri, istər oğlu Mahirə yazdığı "Qarışdırma" şeiri hamımızın Qabilin poeziya dünyasında tər çiçəklər kimi ətrindən bihuş olduğumuz nümunələrdi.
Xüsusi buraxılış barədə oxucularla fikirlərimi bölüşərkən onun "Məhəbbət deyil" şeiri ilə tamamlamaq istəyirəm. Qabil yazır:
Mən səni görməyə adət etmişəm
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm.
Heyrət məhəbbət deyil!
Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı iqtidarım
Məhəbbətin tufanına sinə gərən
Gəncliyim!
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım...
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-11 iyul.-S.4.