Burada bir el var
- adı Cəbrayıl...
(əvvəli ötən
sayımızda)
Marağımı nəzərə alıb
mənimlə həmsöhbət
olan rayon təhsil şöbəsinin əməkdaşları
bildirir ki, təhsil ilində ötən ilkindən daha artıq məzunumuz ali
və orta ixtisas məktəblərinə
qəbul ediləcək.
Onlar yüksək ballar toplamaqla rayonumuzun təhsil sahəsindəki
uğurlarını bir
daha nümayiş etdirəcəklər.
Onu da bildirdilər ki, bu gün
Cəbrayılda əməkdar
müəllimlər Nuridə
Quliyeva, Rəhim Rəhimov, Məmmədəli
Səfərov və digər çoxsaylı müəllim kontingenti
8400 şagirdin təlim-tərbiyəsi
ilə məşğul
olur. Bizim məktəblərin çoxunda müasir texniki avadanlıqlardan, o cümlədən, kompüterlərdən
istifadə olunur.
Çalışırıq ki, rayonumuzun
hələ sovet dönəmindən gələn
uğurlu təhsil imicini qoruyub saxlamaqla daha da artıraq.
Qəsəbədəki 4 saylı klubun zalında da fotostendlər asılıb. Həmin stendlər
müxtəlif dövrləri
əhatə edir.
Burada xüsusilə 1993-2004-cü illəri
əhatə edən fotolar diqqəti çəkir.
Həmin stendlərdə Cəbrayıl
qaçqınlarının işğaldan öncəki
vəziyyətləri, sonra
çadır şəhərindəki
görüntülər və
nəhayət, bugünkü
qəsəbələr ayrı-ayrılıqda
öz əksini tapıb. Burada Ulu Öndərin
cəbrayıllı qaçqınlarla
görüşləri də
ayrıca bir güşəni təşkil
edir. Həmin görüşlərdə Cəbrayıldan olan iki qaçqının toyunda iştirak edən Ulu Öndərin
şadlıq məclisinin
iştirakçıları ilə birgə çəkdirdiyi şəkillər
xüsusilə maraq doğurur.
Bəli, bu da Ulu
Öndərin adını
daşıyan park və
bu parkda ucaldılmış abidəsi.
Qəsəbənin görkəminə xüsusi
bir yaraşıq verən bu parkı
gəzdikcə yazının
əvvəlində xatırlatdığım
həmin o yaddaş qapısı sanki üzümə açıldı. Cəbrayılda
olan hər kəs yəqin ki, xatırlayır, gözünün önünə
gətirir qocaman və az
qala Cəbrayılın
embleminə çevrilmiş
o məşhur ÇİNARI.
Bu çinar Azərbaycan
ədəbiyyatında, Azərbaycan
mətbuatında, Azərbaycan
ekranında həmişə
tərənnüm olunub. Hətta mərhum
akademikimiz Həsən
Əliyev bu çinara xüsusi qayğı göstərib.
Onu Azərbaycanın çox
qiymətli bir abidəsi kimi dəyərləndirib. Ölkənin ekologiya ilə, təbiətlə bağlı
bütün kitablarında
bu çinarın şəklini görmək
mümkündür. Elə həmin
çinarı mən
Biləsuvardakı Cəbrayılda
da gördüm.
Ulu Öndərin
abidəsi olan parkda rayon icra hakimiyyətinin başçısı
Mahmud Quliyevin təşəbbüsü
və eskizləri əsasında qurulmuş fontan məhz həmin çinar ağacıdır. Sadəcə yarpaqları tökülmüş,
budanmış çinar
ağacı.
Budaqların ortasından fışqıran
su sanki çinarın ağladığını
xəbər verir. Baxırsan, ürəyindən
yurd nisgili ox kimi gəlib keçir. Amma sevinirsən ki,
yaddaşı yaşatmaq,
yaddaşı paslanmaqdan
qorumaq üçün
bu abidəni ucaltmağa dəyərmiş,
daha doğrusu, labüd imiş.
Bəli, Biləsuvarda bir Cəbrayıl gördüm,
qəsəbələrə bölünmüş Cəbrayıl. Yeni tikilən, qurulan, amma əsl Cəbrayıla
dönməyə hər
an hazır olan Cəbrayıl. Sevindim ki, ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində
qurulan bu yeni Cəbrayıl günbəgün abadlaşır.
Bu qəsəbələrə ölkənin müxtəlif
dövlət qurumları,
xüsusilə "Dövlətqaçqınkom"
və onun rəhbəri, baş nazirin birinci müavini Əli Həsənov daim nəzər yetirir, buradakı problemlərin vaxtında həll olunmasında öz köməkliklərini əsirgəmirlər. Təbii ki,
bu hər birimizin, o cümlədən
rəhbər kadrların
vəzifəsi olsa da, ancaq konkret
nəticələr sevindirici
olanda vəzifə sahiblərinə təşəkkür
etmək yerinə düşür.
Biləsuvardakı Cəbrayılda keçirilən ictimai xadim Vahid İsmayılovun 80 illik yubileyi ilə bağlı tədbirdə bir çox məqamların şahidi oldum və bu barədə əvvəllər öz fikirlərimi oxuculara çatdırmışam.
Sözardı
Qəsəbələri gəzdikcə məndə belə bir istək baş qaldırdı. Daha doğrusu, ürəyimdən gəlib keçdi ki, görəsən bu gün ölkə ərazisində aparılan tikinti işlərini, xüsusilə bölgələrdəki tikinti abadlığı bu cür planlı, səliqəli yerinə yetirmək mümkün deyil?
Axı heç kimə sirr deyil ki, bu gün Azərbaycan kəndlərində aparılan tikintilərdə bir səliqəsizlik diqqəti çəkir. Küçələr dar, yollar bərbad, evlərin özlərinin görkəmi də daha çox ev sahibinin zövqünə uyğun. Bu isə ümumi mənzərəyə, kəndin ümumi görünüşünə çalarlar verməkdən daha çox bir zövqsüzlük ortaya qoyur.
Bax, bu mənada dövlətin sifarişi, respublika təşkilatlarının iştirakı və "Dövlətqaçqınkom"un sədri Əli Həsənov cənablarının mütəmadi nəzarəti, daimi tələbkarlığı nəticəsində tikilən qaçqın qəsəbələri həm görünüş, həm səliqə-səhman, həm də bir tikinti işi kimi könül oxşayır. Kənardan seyr edəndə bu qəsəbələr adamı özünə çəkir. Təbii ki, aparılan abadlıq, quruculuq nöqsansız deyil. Amma ümumi miqyasda hərtərəfli götür-qoy edəndə uğurlar daha çoxdur. Bu uğurların bir ünvanı da elə Biləsuvardakı Cəbrayıldı. Düşünürəm ki, sözardı kimi söylədiklərim yeni salınacaq qəsəbələrdə çalışacaq tikinti işçiləri üçün yaxşı bir dəstək olacaqdır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-12 iyul.-S.4.