OTUZ ALTIDAN ÜZÜ YETMİŞƏ...
Çingiz Əlioğlunun 70 yaşına
məktub
Onda tələbə
idim... Onda Azərbaycan, SSRİ-nin tərkibində idi...g Onda
Dağlıq Qarabağ Muxtar Vilayət idi... Onda
doğulduğum kəndin aid olduğu rayonun adı Hadrud idi...
Onda Çingiz Əlioğlunun 36 yaşı var idi... Onda biz
cavan söz həvəskarları Çingiz Əlioğluna,
Nüsrət Kəsəmənliyə, Sabir Rüstəmxanlıya,
Ramiz Rövşənə böyük bir maraqla, hətta bir
az da həsədlə baxırdıq... Onda söz yaman
urvatlı idi...
Hə, onda mən tələbə idim və Çingiz
Əlioğluyla tanışlaşıb
doğmalaşmışdıq. Demək olar ki, təkcə iş
otağının yox, yaşadığı evin də
qapısını ərklə açırdım - ailənin
üzvü kimi... Amma buna qədər mən
Çingiz Əlioğlunu həm də Qarabağda dünyaya
gəlmiş, doğulmuş şair kimi tanıyıb
sevmişdim. Üstəlik bu gün də
kitab rəfimdə özünəməxsus yeri olan əl
içi boyda bir kitabı Hadrudun kitab mağazasından, o
vaxtkı pulla 6 qəpiyə alıb ən dəyərli bir
tapıntı kimi evimizə gətirmişdim. O
kitabın adı "Nikbinlik" idi. "Gənc
şairin ilk kitabı seriyasından olan və 1969-cu ilin 8-ci
ayında çap edilmiş 26 səhifəlik həmin kitab bu
gündə mənim kitab rəfimdə öz yerini qoruyub
saxlayır. O kitaba Çingiz müəllim 1980-ci ildə,
yəni 11 il sonra bircə söz yazıb -
dostum Əbülfətə!
Hə, biz Çingiz Əlioğluyla mənim tələbəlik
illərimdə bir eloğlu kimi, bir söz adamı kimi
dostlaşdıq. Və mən bu dostluqdan həyatımın
çox önəmli məqamlarını yaddaşıma
köçürən, yaddaşıma hopduran, həyatıma
təsir edən mənəvi qazanclar əldə etdim. O
mənəvi qazancın ən böyüyü həmin illərdə
Azərbaycanın söz məkanında Nüsrət,
Çingiz, Sabir "üçlüyü"nün
yanında olmaq, onlarla istədiyim məqamda görüşmək,
həmsöhbət olmaq, məclislərdə iştirak etmək
idi. Bax, bu doğmalıq, bu yaxınlıq təbii
ki, mənim Çingiz Əlioğluya olan oxucu sevgimin
özünü də qollu-budaqlı bir ağaca
çevirmişdi. Və Çingiz müəllimin
dövrü mətbuatda çıxan hər bir
yazısını sevə-sevə oxumaqla yanaşı, onu
müzakirə etmək, onun kitabları barəsində fikirlərimi
müəllifə çatdırmaq imkanım genişlənmişdi.
Sözün həqiqi mənasında Çingiz
Əlioğlunun söz dünyası təkcə
özümün yox, həm də aid olduğum ailənin
özünə də sirayət etmişdi. Hətta doğulduğum kəndə qonaq gələndə
mənə ünvanladığı şeirini kitablarında
görmək, o şeirin Moskvada rus dilində nəşr olunan
kitabında da oxumaq həqiqətən mənə ayrıca ləzzət
vermişdi. Çünki Çingiz müəllim
həmin şeirini mənə ittihaf etdiyini orada da göstərmişdi.
Hə, bütün bunlar bir şəxsi təmasın,
şəxsi ünsiyyətin görünən və
yaddaşımda yaşayan müəyyən
nüanslarıdı. Amma mənim yaddaşımda, oxucu
dünyamda kök atan, həmin o dünyanın dəyərli
imza sahiblərindən biri də Çingiz Əlioğlunun
ürək pıçıltılarıdı. Təsadüfi deyil ki, bu yazını diktə edərkən
gözümün önündəki kitabları bir-bir nəzərdən
keçirirəm və bu kitabların hər birindəki
aftoqraflar özü özlüyündə mənim
Çingiz Əlioğlu yaradıcılığına olan
böyük marağımın şairin özü tərəfindən
təsdiqi kimi qəbul olunmalıdı. Elə
bu yerdəcə mən Çingiz müəllimin 1980-ci ildə
çap olunmuş "Ömür ağacı"
kitabının hələ o illərdə vərəqləri
arasına işarələr qoyduğum şeirlərinin bəzilərin
yenidən oxuyuram. Bakıya, Azərbaycanın
paytaxtına ünvanlanan misralar təkcə poetik fikir kimi yox,
həm də səmimi, ürəkdən gələn
pıçıltı kimi məni özünə çəkir.
Sən mənim
gözümə köçmüsən, Bakı,
Ən təmiz sözümə köçmüsən,
Bakı.
Köçmüsən
qəlbimə gecələrinlə,
Bütün evlərinlə, küçələrinlə.
Qəlbimdir
ünvanın, ürəyim, Bakı,
Hər
coşğun arzumun sahili sənsən,
Tufanlı ümmanın - ürəyim, Bakı.
Və
yaxud:
Pəncərə
çərçivəsində
çarmıxa çəkilmişəm.
Gözlərimdən
başlayır
yolların üzüntüsü.
Buz
salxımı kimi,
sırsıra kimi
əriyib,
axır cavan vaxtım.
Uzaqdakı
üfüqdə
Bir
qırmızı bayraq kimi
Küləklərlə
çarpışır
taleyim,
baxtım...
Təbii ki, Çingiz Əlioğlunun hələ 70-ci
illərdə yazdığı bu şeirlərin məndə
oyatdığı nostalji təsiri də bu gün bu yazıda
hiss olunur. Amma etiraf edim ki, biz dünəndən nə qədər
də qaçmaq istəsək, bu mümkün deyil. Çünki dünəndə bizim təkcə
izimiz yox, həm də sözümüz kifayət qədər
oturuşmuş bir şəkildə yaşamaqdadı.
Ona görə də bu gün həsrətini çəkdiyimiz
yerlərə Bakıdan boylanıb kövrəlmək bizə
güc gələndə məhz həmin o dağlardan əsən
külək bir az yaramızın
üstünə məlhəm çəkir. Bax, elə
Çingiz Əlioğlunun bu şeirində olduğu kimi:
Məni
görcək qarlı dağlar
Tanıyarmı, tanımazmı?
Əhdə
etibarlı dağlar
Qınayarmı, qınamazmı?
Mən
saf idim, mən təmizdim,
Hər ağızdan bir təm üzdüm.
O kökləri
mən tam üzdüm,
Qayıtmağa
gəlmir üzüm...
A
dağlardan əsən külək,
Qayıt dağlara, dağlara.
Söylə,
burda bir pərt oğlun,
Gəzir
avara-avara...
1969-cu ildə yazılmış bu şeirin tarixini təsadüfdən
qeyd etmirəm.
Düşünürəm ki, diqqətli oxucu nəyə
işarə etdiyimi mütləq anlayacaq. Biləcək
ki, hələ sovet rejimi dövründə dağlara həsrət
qalacağımız fəhmlə duyan söz
adamlarımızın sırasında Çingiz
Əlioğlu da var imiş. O, zamanın senzurasından
bir təhər yayınıb sətiraltı da olsa Qarabağ
dağlarında hansı küləklərin əsdiyini
şeirə çevirmişdi. Və bu gün o
küləklərin əsdiyi məkanlarda göynəyən
izlərimiz qan ağlayır. Biz isə o
izlərə qovuşmaq, o ruhları xilas etmək
üçün təkcə əsgər kimi yox, həm də
söz adamı kimi səngərlərə çəkilmişik.
Amma neyləyək ki, hələlik düşmən
güclüdü.
Çingiz
Əlioğlunun şeirlərinin birində yazdığı
kimi:
Üzüb
gedən ağ gəmi, ağ gəmi,
Yandır
məni, yax məni, yax məni, -
Yarım
vardı - apardın,
Ax ay gəmi,
ax, gəmi.
Üzüb
gedən ağ gəmi, ağ gəmi,
Bir mənə də bax gəmi, bax gəmi.
Xəstə
özüm düşəydim,
Yarın
canı - sağ, gəmi...
Şeirdəki axıcılıqla yanaşı,
yaddaşa dərhal köçmək gücü ilə
yanaşı buradakı səmimiyyət şəxsən mənim
üçün bir könül rahatlığıdı. Yəni
şeiri oxuduqca o ovqatın, o ritmlərin üzərində
özüm-özümü kökləyirəm. Elə bilirəm ki, bu şeirləri mən
yazıram, mən kiməsə ünvanlayıram. Doğrudu, Çingiz Əlioğlu etirfa edib ki, o,
sevgi şeirləri yaza bilmir. Amma bu etiraf inanılası
deyil, çünki şair sözüdü! Bax elə bu
şeirdə olduğu kimi:
Sevgi
şeirləri yaza bilmirəm...
Dərimi, qəmimi unudub bütün.
Üzümə,
gözümə şəfəq çiləyin,
Bir cüt ala gözdə aza bilmirəm.
Sirli
baxışlarda min bir mənanı,
Anlaya
bilmirəm, yoza bilmirəm...
Sevgi şeirləri yaza bilmirəm.
Sevgi
şeirləri yaza bilmirəm...
Oxucu yanında üzüm qaradır.
Şair
sevgilisi qəmzəli olar, -
Mən sevən gözəllər üzü yoladır.
Bəxtimdən,
alnımdan bu nəs yazını,
Mən
silə bilmirəm, poza bilmirəm...
Sevgi
şeirləri yaza bilmirəm...
Çingiz Əlioğlunun bu məşhur şeiri. Eləcə də bizim gənclik
illərimizin ən çox dinləmək istədiyi
görüşlərdə şairin dilindən eşitməyə
çox böyük maraq göstərdiyimiz "Qonşunun
iti" şeiri özü özlüyündə Çingiz
Əlioğlunun kifayət qədər bir sevgi şairi
olduğuna sübutdur. Üstəlik, Çingiz
Əlioğlu həm də azadlıq şairidi. Ona görə də onun misralarının mayası
da, ruhu da azaddı.
İstədiyin
kimi düşünürsənsə,
Düşündüyün
kimi danışırsansa,
Danışdığın
kimi varsansa,-
Azadsan demək.
Mən Çingiz Əlioğlunun poeziyasında Azərbaycanın bütün coğrafiyasını görmüşəm. Yəni onun istər cənuba sarı boylananda yazdıqları, istər şimala, istər şərqə, istər qərbə üz tutanda söylədikləri bir söz adamı olaraq Çingiz Əlioğlunun Azərbaycan torpağına sevgisini poeziya çələngi kimi sərgiləyir. Oxucu bu şairin istər sovet-almaq müharibəsinin qəhrəmanlarına, istər ötən əsrin 40-50-ci illərinin ağrı-acılarına şeir qülləsindən boylanmasını təkcə seyr etmək kimi görmür, həm də həmin o zamanın ağrı-acısının yaşantılarının içərisindən boy göstərən tutumlu bir şeir, ədəbiyyat nümunəsi ilə baş-başa qalır.
Hə, mən Çingiz Əlioğlunun yaradıcılığı barəsində sadəcə bir dost, daha doğrusu, sonradan dosta çevrilmiş yaxşı bir oxucunun ürəyində olanların bir qismini məktub şəklində həm Çingiz müəllimə, həm də onun bugünkü oxucularına qəzet vasitəsilə çatdırarkən qarşıma bir məqsəd qoymuşdum. Bu məqsədin də adı Çingiz Əlioğlunun 70 yaşının tamam olduğuna inana bilməməyimdi. Çünki mən illərin belə sürətlə ötüb keçdiyini qəbul etmək istəmirəm. Mənə elə gəlir ki, biz Çingiz müəllimlə, eləcə də digər dostlarla birlikdə Tuğ kəndindəyik. Yenə bulaq başında oturub gələcək arzularımızın şərəfinə badələr qaldırırıq. Elə o istəklə də Çingiz müəllimin "Atlantlar" adlı çox möhtəşəm bir kitabında mənə yazdığı avtoqrafın gücünə söykənib (Əzizim Əbülfətə ən səmimi və ən gözəl arzularla - noyabr, 2006) demək istəyirəm ki, Çingiz müəllim, rəhmətlik Süleyman Rüstəm 70 illik yubileyində bir şeir oxumuşdu və oxucularına üz tutaraq 7-nin yanından 0-ı pozun demişdi. Mən isə sizdən 70-in ləzzətini, çəkisini, sevincini, bir sözlə, onun həyatımızdakı yerini 40 yaşınızda yaşadığınız həmin o sevinclə, o duyğularla qeyd etməyinizi xahiş edirəm. Düşünürəm ki, oxucunuzun bu istəyini səmimi qəbul edəcəksiniz. Çünki siz öz çəkisini, öz nüfuzunu, öz yerini və öz bütövlüyünü qorumağı bacaran və qoruyan Şairsiniz. Bir daha ad gününüz mübarək!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-12 iyul.-S.4.