Bu adamlar hara gedir, əllərində işıq parçası?..

(əvvəli 21, 28 iyun və 5 iyul tarixli saylarımızda)

 

Demək olar ki, hər gün, ya bəlkə də iki gündən bir "Alman kəhrizi"nin qarşısından keçib (bu həmin o kəhrizdir ki, həm tarixi abidə kimi qorunur, həm də istifadə olunur - bunu mənə o gün Aqil Abbas anlatmışdı və indiyədək diqqət edib tanımadığıma görə təəccüblənmişdi), elə geniş görünməsə də daim dəstə-dəstə adamların üz tutduğu meydanda bir qədər gəzişir, yaxud da sol qanaddakı kafedə çay içirik. Axşam düşüb hava qaralmağa başlayanda meydanın nisbətən əlverişli yerində işıqlı fırfıralar görünür. Həm daş pilətələrin üzərində, həm də 10-15 metr yüksəklikdə. Ayrı-ayrılıqda 3-4 nəfər bu "işlə" məşğuldur. Sanki daha rəngarəng, daha uçuşlu fırfıra göstərmək üçün yarışa giriblər. Öz bacarıqları və işıqlı fırfıraları ilə diqqti daha çox özünə çəkmək üçün qəribə və cəld hərəkətlər edir, müştəri yığırlar. Diqqət yetirib maraqlananda, öyrənirəm ki, onların heç biri İstanbuldan deyil, başqa yerlərdən gələnlərdir. Onlar da bu işləri ilə pul qazanmaq, dolanmaq istəyirlər. Bəzən yerdə bir xətt boyunca sıralanıb hərəkətdə olan bu fırfıralar mənə işıldaquşları xatırladır. Ancaq bir az aralıdan baxanda qaçışır, ötüşür kimi də görünürlər. Fırfıraçıların da hərəkətləri, əyilib qalxması, dinamikliyi, hətta belə bir sinxronluğu qoruya bilməkləri qəribə təsir bağışlayır. Havadakı fırfıralar yox, yerdəki "işıldaquşlar" mənə nəyi isə xatırladır. Daha doğrusu yaddaşımda nəsə fırlanır, fırlanır, amma tam işıqlanmır, ələ gəlmir...g

Elə bu vaxt eyi anda hər tərəfə azan səsi yayılır. Sanki bütün İstanbul, bütün dünya nur saçır. Və düşüncələrimə, uzaq xəyallarıma da işıq düşür; özüm nə qədər passiv görünsəm də yaddaş şifratorum aləmi qarışdırır, mənə lazım olanları düzənləyib məni "uçuşa" hazırlayır. Məni yeni bir macəraya səsləyir. Yerdə sıra ilə düzülüb qaçışan fırfıralar mənə həmin o "tarakan yarışını" xatırladır...

Təxminən yüz il bundan əvvəllərin İstanbulu. Yollarına daş döşənmiş enişli-yoxuşlu küçələr, qarğıdalı, şabalıd qovurması, şirniyyat, şərbət satan kiçik ticarətçilər - müasir vergi məfhumu ilə təqdim etsək əgər, fiziki şəxslər... İzdihamlı bazar-dükanlar, milli islamçılar, milli avropalılar, əks effektli geyimlər, görkəmli gözəl binalar, taxta kasıb evlər... Və camelər, bu camelərdən hər gün bütün şəhərə yayılan azan səsləri...

Afişalar... Bu afişalardan biri şəhər əhlini və gəlmələri qəribə bir tamaşaya - tarakan yarışına çağırır. Sadəlövhlərin, eyni zamanda urvatsızların, əhlikeflərin yeridir. O boyda general, o boyda Çernota gör nə işlərlə məşğuldur. Rusiyada hakimiyyətə sahiblənmək arzusu ilə bolşeviklərlə qanlı mübarizədə məğlubiyyətə uğrayıb vətəndən dərbədər olan ağqvardiyaçıların bir dəstəsi də gəmiyə minib Qara dənizin o sahilindən bu sahilinə qaçıblar. Nə qədər gülməli və ibrətamiz görünsə də tarakanları "marafona" çıxaran Çernotanın vəziyyəti tarixi həqiqət baxımından çox acınacaqlıdır. Qədim və böyük İstanbul üçün general Çernota kimdir ki? Bura Sibir çölləri və ya Orta Asiya qumsalları deyil ki, insanlar general tamarzısı olsunlar. Özü də məğlub və didərgin generalların...

İstanbul heç general Xludovun da fərqində deyil. Hər gün köpəkləri ilə dəniz kənarına gəlib dinməzcə o biri sahilə - vətənə tərəf baxıb nəsə bir xəbər, bəlkə də uğurlu bir gəmi səfəri gözləyən generalı son olaraq asdırdığı o əsgərin baxışları, qarabasmaları psixləşdirməkdə, adi bir dəliyə çevirməkdədir. Artıq həmişə əmrə müntəzir olan "yasavul" da ondan qaçır, onu saymır. Bir də ki, bura onu həm şöhrətləndirən və həm də qaçqına çevirən Rusiya deyil axı! Bura İstanbuldur - Şərqin və Avopanın ən böyük eşqi!

Zalım və psixopat olmaqla deyil ki! Xludov da öz vətəninin həsrətini çəkir. Əslində heç o da İstanbulu, onun görünən və görünməyən əzəmətini qavraya bilmir.

...Daha bəsdir. Bulqakovun o məşhur əsərini oxumayanlar, eyni zamanda Alov və Naumovun yaratdıqları o şedevr filmi görməyənlər elə zənn edərlər ki, bu təsvirlər birbaşa müəllifə məxsusdur. Göründüyü kimi bütün "günahlar" o tarakan yarışını xatırladan fırfıralarda oldu.

Heç bu özü də yetməz düşüncələrin hüdudsuzluğuna.

Şəxsiyyətindən və taleyindən asılı olmayaraq vətən həsrəti ağır dərddir.

Ancaq bəzi xalqların, ayrıca olaraq bəzi insanların qəribə taleləri, əlçatmaz arzuları həmişə bir nisgil, bir dərd kimi yaşanır. SSRİ dövründə türkdilli xalqların taleyi indiki kimi deyildi. Ən böyük türk dövləti olan Türkiyə özbəklərin, türkmənlərin, qırğızların, qazaxların, tatarların, qaqauzların, uyğurların... üzünə qapalı idi. Ən sərt şərtlərlə və xüsusi nəzarətlə ayrıca olaraq Azərbaycan türklərinin. Sovet rejimi bütün açıq və gizli siyasəti ilə Türkiyə-Azərbaycan mövzusunu yasaq elan etmişdi. O tərəfdən də İran-fars rejimi. Azərbaycandan hansısa bir incəsənət adamının, yazıçı və şairin nadir hallarda Türkiyəyə səfər etməsi, eləcə altmışıncı-yetmişinci illərdə Zəlihənin, Nezrin Sipahinin, Emil Sayının, Ela Altunun, Kutlu Payaslının, Müşərrəf Tezcanın... Bakıya qastrolları simvolik xarakter daşıyırdı. O vaxtlar SSRİ turizmində "kapstran" deyilən bir məfhum, anlayış vardı. Sən turist kimi hər hansı bir kapitalist ölkəsinə, məsələn, İtaliyaya, Fransaya, İspaniyaya, lap uzaq Amerikaya da əlləşib-vuruşub nəhayətdə gedə bilərdin. Təbii ki, Dövlət Təhlükəsizlik Komitəsinin razılığı, "yaradıcılığı" və nəzarəti altında. Ancaq gəl görüm burdan-bura Türkiyənin adını çəkə bilərdinmi?

Biz - altmışıncı illərin sonları, yetmişinci illərin əvvəllərində yetişməkdə olan gəncliyin bəzi fərdləri nəinki Türkiyənin adını "ucadan çəkir", hətta ətrafımızdakı gənclərin də şüurunu Turançılıq ideyaları ilə "zəhərləyirdik". Leninçi kommunist ideologiyası milli özünüdərki məhz belə qiymətləndirirdi. Biz heç nədən qorxmurduq. Ali məktəblərdən qovulmaqdan, həbs olunmaqdan, valideynlərimizin incidilməsindən... Hətta böyük şəxsiyyət və alim Xudu Məmmədovun "ehtiyatlı olun, özünüzü qoruyun" kimi məhrəm məsləhətlərinə də "çalışarıq" deyib, əməl etməmək çılğınlığımız da vardı.

...Və bizi tutdular. Həmin gün - 1975-ci ilin yanvar ayının 4-də, "Baksovet" stansiyasının sağ tərəfində Filarmoniya bağına bitişik "Metro" kafesində son bir ayın ərzində üçüncü-dördüncü dəfə idi ki, nahar edirdik. Çöldə başladığımız söhbət bəzən kafedə də sona çatmırdı. Uzanırdı söhbətlər. Bəzən çıxıb saatlarla bağda, metronun arxasında, komsomolun mərkəzi komitəsinin binası qarşısında, İçərişəhərdə (burada yəqin ki, məkana görə daha koloritli olurdu) və hər yerdə danışır, oxuduqlarımızı, eşitdiklərimizi, öyrəndiklərimizi bölüşürdük. Bu dəfə Vaqif Cəbrayılzadə idi, bəstəkar Rüstəm Rüstəmzadə idi (o vaxt hələ konservatoriyanın axırıncı kurs tələbəsi, gələcəkdə isə Ə.Haqverdiyevin rolunu canlandıran dostumuz), mən idim, bir də indi adını çəkmək istəmədiyim, ancaq həmişə Vaqiflə mənim yanımda olan şəxs. Mən şərqşünaslıq fakültəsinin tələbələri olan Nazimlə Öməri də kafeyə bitişik çayxanadan masamıza dəvət etmişdim. Onlar dövrün işıqlı gəncləri kimi tez-tez olurdular bizim açıq və qapalı məclislərimizdə. Qeyd etdiyim kimi, bizim iddialı və bəzən də tərəddüdlü söhbətlərimizin, mübahisələrimizin, ümumi, eyni zamanda fərdi yanaşmalarımızın bünövrəsini yalnız bir məqsəd müəyyənləşdirirdi. Türkçülük, turançılıq ideyaları ətrafında mümkün qədər çox tərəfdar toplamaq. Bu hərəkatın ən gözəl cəhətlərindən biri bu idi ki, nə biz, nə də bizim kimi düşünənlər heç yerdən idarə olunmurduq. Biz bir-birimizi tapıb tanıyanda da münasibətlərimiz rəğbət, səmimiyyət və inam üzərində qurulurdu. Bu hərəkat Bütöv Azərbaycan sevdasının yeni mərhələsi idi. Təbii ki, özü istəməsə də, biz bir təşkilat deyil, cəmiyyət olaraq Vaqif Cəbrayılzadəni lider kimi qəbul etmişdik. O, daha çox bilirdi, daha çox cəfakeş idi, hər bir çətinliyə, əzab-əziyyətə dözümlü idi. Mən durub indi onun bəzi xüsusiyyətlərindən, qeyri-adi sərgüzəştlərindən danışıb misallar çəksəm, çoxları inanmayacaq, bunu bir əfsanə hesab edəcək. Bu məsələni saxlayaq başqa vaxta və başqa yazıya.

...Budəfəki söhbətimiz və yeməyimiz bir az uzun çəkdi. Elə əvvəlcədən adını çəkmək istəmədiyim "şəxs" öz hesabına çoxlu içki gətizdirdi. Bizim Vaqiflə əbədi bir razılaşmamız var idi. Hansı şəraitdə olur-olsun mümkün qədər araq-çaxır içməmək. İçsək də az miqdarda, uzaqbaşı üst-üstə 150 qramadək. Bir tərəfdən də biz hərdən buralarda olanda balacaboy bir kişinin peyda olmasını, bir qədər aralı masada yüngül nahar edib kitab-qəzet vərəqləməsini təsadüfi rastlaşma kimi ötürə bilmirdim şübhələrimin tərs yönünə.

Masamızda bir az da səs-küy oldu. Adını çəkmək istəmədiyim "o" yumruğunu havaya qaldıraraq əcaib bir şüar söylədi. Biz bunu keflilik əlaməti kimi qəbul etsək də məqsəd və məramımıza görə düşünülməmiş hərəkət idi. Avantüra heç kimin ağlına gəlmirdi. Bu cür səhvlər və ehtiyatsızlıqlar baş verməsəydi o vaxtlar heç kimi tutmurdular. Hansısa qüdrətli bir qüvvə, qüdrətli bir əl bizi həbsə, Moskvanın caynağına aparan yolu kəsirdi elə bil. Biz bunu, həmin böyük şəxsiyyətin kimliyini təxmin etsək də, adını dilimizə gətirmirdik, fikrimizdə, düşüncəmizdə daşıyırdıq.

...Kafedən çıxıb metronun qarşısına tərəf addımlayanda mən izlənildiyimizi hiss etdim. Tez Nazimlə Öməri bir bəhanə ilə özümüzdən ayırıb aradan çaxartdım. Onlar bir-iki aya tərcüməçi tələbə kimi ərəb ölkələrinə gedəcəkdilər, pis mənada nə desən ola bilərdi.

Hadisələr elə gözənildiyi kimi də davam etdi. Biz metronun qarşısından yolun o biri tərəfinə keçən kimi orta yaşlı bir kişi yaxınlaşıb mayor rütbəli vəsiqəsini göstərdi və onunla getməyimizi tələb etdi. Təbii biz heç yerə getmək istəmədik və müqavimət göstərdik. Hətta Rüstəm yenidən üzümüzə tuşlanan vəsiqəni mayorun əlindən vurub yerə saldı. Belədə həmin mülki geyimli DTK zabiti camaatın gözü qarşısında üstümüzə silah çəkdi. Məsələ böyüyür və qəlizləşirdi. Razılaşdıq ki, onun tələbinə əməl edək.

Çox uzağa getmədik. DTK-nın Bakı şəhər şöbəsi keçmiş "Kommunist" küçəsində Filarmoniyanın qarşısınadək uzanan binanın üçüncü mərtəbəsində yerləşirmiş. Tez-tez bizimlə rastlaşan həmin o "sakit adam" da burada idi. Məsələ aydın oldu. Üç nəfər idilər. Onlar bir-birinə müraciət edəndə başa düşdük ki, bizi müəyyən vaxtlarda izləyən o agent erməni millətindəndir. Dindirənlərdən biri bizim üstümüzə silah çəkən azərbaycanlı, digər əməkdaş isə rusdur.

Əvvəlcə Rüstəm Rüstəmzadədən başladılar. Bir neçə ay əvvəl Rüstəm Polşada turist səfərində olmuşdu. Bu haqda, nə bilim, hansısa bir rus qızının müəmmalı ölümü barədə suallar və sairə. Mən dəqiq tutmuşdum ki, bunlar boş şeydir, hələ mətləbin üstünə gəlməyiblər. Gecə saat 23-dək bizi ünvansız olaraq xeyli hədələdilər, yan otağa aparıb üstü örtülü qorxunc "cəza maşınlarını" göstərdilər...

Nəhayət polkovnik rütbəli zəhmli bir rus çekisti gəlib üstümüzə qışqırmağa başladı.

- Orda-burda yığışıb nə çərənləyirsiniz? Kimsiniz siz? Atilla, Batı xan, Osmanlı, Atatürk, İstanbul, Anadolu, Turan-muran... Nə Türkiyə, nə İstanbul? Yox bir Çanaqqala... Siz kimsiniz belə? Əbləhlər...

Hər şey aydınlaşır. Rüstəm Rüstəmzadə, Polşa, qətl hadisəsi indiki halda xaric notlu prelüddür. Əsas məqsəd bizi qorxuzmaq, təsir altına salmaq və mümkün qədər də Vaqifi həbs edib aradan götürməkdir. Vaqif öz ideyaları və cəsurluğu ilə onlar üçün çoxdan başağrısına çevrilmişdi.

Bizimlə profilaktik tədbirlər və istintaqa oxşar prosedurlar uzun çəkmir. Məxsusi otağa salıb qapını qıfıllayacaq, çıxıb gedəcəkdilər. Biz taleyimizin necə olacağını sabahkı rəydən sonra biləcəyik. Hər birimizdən ayrı-ayrılıqda izahat alanda mən bunu elə beləcə də anlamışdım. Qəfildən ağlıma gələni icra etməyi qətiləşdirdim. Diqqəti mümkün olan qədər Vaqifdən ayırıb öz üzərimə yönəltmək istəyirdim. Üstümüzə ictimai yerdə tapança çıxaran həmin o azərbaycanlı mayora dedim ki, onunla təklikdə söhbətim var. Başqa otağa keçəndə mənə tərəf çönüb gülümsəyərək dedi ki, sən yaxşı oğlana oxşayırsan...

Yaxşı oğlan ona ilk olaraq sual verdi ki, siz necə azərbaycanlısınız axı (məlum səbəblərə görə türk deyə bilməzdim), bir erməninin sözü ilə üstümüzə silah çıxartdınız, Bakının mərkəzində yox yerdən qalmaqal yaratdınız.

O, silahla davranma məqamına görə səhv etdiyini bilirdi, ancaq geri də çəkilmirdi.

Sonra da ultimatum verdim ki, mən bu məsələni DTK-nın rəhbərliyində çalışan uzaq qohumum "filankəsova" çatdıracağam, onda görək necə olacaq...

Vəssalam! Bizi çoxdan izləyənlər, onsuz da harada doğulduğumuzu, ailə tərkibimizi, ətrafımızı öyrənmişdilər. İndi mənim qəfil həmin böyük vəzifə sahibinin adını çəkinmədən söyləməyim, Abdullayev soyadlı bu DTK mayorunu əməllicə çaşdırmışdı.

Gedib kimə nə dedi, haradan nə soruşdu, nə fikirləşdisə, ayrı bir əhvalla qayıtdı. Belə söylədi ki, guya məhz mənim zəmanətimlə sabah saat 10:00-da yenidən buraya gəlmək şərti ilə bizi evə buraxırlar.

Səhər deyilən vaxtda dördümüz də giriş qapısına yaxınlaşdıq. "Vaxtyor" əlindəki vərəqə baxaraq "Əhmədov keçsin, qalanları gözləsin", - dedi.

"Canım Türkiyə, canım İstanbul" pıçıltıları ilə qapıdan içəri addımladım...

İçəridə mənə bildirdilər ki, sən yalan danışıb o şəxsin adını çəkmisən. Razılaşmayıb dedim ki, düz söyləmişəm, uzaq qohumuq və məni də yaxşı tanıyır. Mən onsuz da gecəykən məktub yazıb yaxın bir adamıma çatdırmışdım ki, başıma bir iş gələrsə, hər-halda o vəzifəli həmyerlimizə kimsə bu əhvalatı bildirsin. Məni tanısa da, tanımasa da.

Sonra mənə "başa salırlar" ki, bax biz o şəxsə görə yox, sadəcə siz gənclərə yazığımız gəldiyinə görə buraxırıq bu dəfə. Özü də şərtlə. Gedin və bir də belə axmaq hərəkətlər etməyin. Unutmayın ki, indiyədək nə danışmısınızsa, hamısı gizli cihazlarla yazılıbdır.

Vaqifə toxunmasınlar deyə dillənə bilmirdim, nə deyirdilər susub "razılaşırdım". Üzlərinə deyə bilmirdim ki, biz azərbaycanlılar SSRİ vətəndaşı olsaq da, milliyyətcə türkük. Qardaş, qohum xalqların bir-birinə sevgisini hansı qanunlarla yasaqlayırsınız? Bəs onda nəyə görə slavyan xalqlarının qardaşlığı həmişə tərənnüm olunur, dünyaya nümunə göstərilir? Bu nə zəmanədir, Türkiyənin adını çəkməyə də nəzarət edirsiniz?

Deyə bilmirdim. Çünki oradakıların çoxu ruslar, ermənilər və bir sıra etniklər idi ki, Türkiyə, İstanbul... sözləri onlarda qıcıq yaradırdı.

Məsələ burasındadır ki, bəzi həmvətənlərimiz də ideologiyanın bu bəsit və tərsinə fitinə gedir, Türkiyəyə olmayan yerdən düşmən gözü ilə baxırdılar. Belə olmasaydı, Rusiya və ya Ukrayna komandaları ilə təsadüfən üz-üzə gələn Türkiyənin futbol klubları, bir də gördün yaxşı oynayıb rəqib qapısına qol vurardısa, mənim azərbaycanlı qardaşlarım slavyanlara qoşulub Mətini, Oktayı, Tanju Çolakı... fitə basıb söyməzdilər. Belə olmasaydı, Azərbaycan kinoteatrlarında da nümayiş etdirilən "Eqerin ulduzları" tipli filmlərə baxarkən Osmanlı döyüşçülərini "qırıp çatan" hansısa macar, bolqar, rumun "qəhrəmanlarını" ayaq üstə alqışlayıb, "düşmənə ölüm" deyə qışqırmazdılar.

Qəribədir ki, o vaxtlar Türkiyə və türkçülük ideyalarını yaydığımıza, türklüyümüzü qabarıq göstərdiyimizə görə bizə hələ ətrafımızdakıların bir çoxunun bəlkə də düşmən gözü ilə baxması, bəzilərinin də başımıza ağıl qoyması sonralar çox tez unuduldu. Onların bir çoxu özlərini elə apardılar ki, sanki dünyaya İstanbulda göz açıb, ömürləri boyu türkçülüyü təbliğ ediblər. Mənim tanıdıqlarım arasında çoxdur bu cür Roma Papasından da üstün katoliklər...

Nə isə. Məni həmin şərtlərlə buraxır və bildirirlər ki, həmişə nəzrətdə olacaqsınız. Çöldə görüşüb müvəqqəti ayrılırıq. Vaqiflə mən "Baksovet"dən "26-lara" getməliyik. Eskalatorla aşağı düşürük. Qarşı eskalatorla yuxarı qalxanların içərisində bir dəstə rusu Vaqif göydə tutur, üzü gülür. Bərabərləşməyə üç-dörd metr qalmış o, üzünü ruslara tərəf çevirərək var gücü ilə qışqırır: "Siz heç bilirsiniz mən kiməm? Mən Çingizxanın nəvəsi Batıxanam!"

Yuxarı qalxan sərnişinlərin gözləri bərələ qalmışdı belə bir "tanışlığa".

Düşüb platformaya keçərkən Vaqif sanki hələ də "Sonuncu dənizə doğru" çapdığı atın belində idi. Heç kim o atı görməsə də Vaqifin səsini hamı eşidirdi. Bu dəfə o İstiqlal marşını oxuyaraq ətrafdakıları heyrətləndirirdi...

Vaqif Cəbrayılzadə üçün nə şərt, nə qadağa, nə qorxu...

İstanbulda dəniz sahilində durub bütün bunları düşündükcə bir az rahatlanıram. Nə olub olub. Kim cəfasını, kim səfasını çəkib, nələr nələrə qarışıb, Allah özü bilən məsləhətdir. Mənim Azərbaycan adlı doğma, müstəqil və əbədi vətənim var. Və elə Azərbaycanım qədər bağlandığım doğma Türkiyəm və İstanbulum var. Qoynunda ola-ola yenə də həsrətini çəkdiyim İstanbulum...

...Söhbətimizə ara verərkən, düşünürəm bu dəfə də şeirsiz mümkün deyil...

 

...Bu adamlar, Dino,

əllərində işıq parçaları,

bu qaranlıqda, Dino,

bu adamlar hara gedir?

Sən də, mən də, Dino,

onların arasındayıq,

biz də, biz də, Dino,

gördük açıq mavini!

 

(davamı olacaq)

 

MƏZAHİR ƏHMƏDOĞLU

ədalət.-2014.-12 iyul.-S.8.