"Ən yaxşı günlərim poeziya kimidi"

Adil Cəmilin fikrincə, elə yazı var şeir bələyində, eləsi də var ki, nəsr bələyində doğulur

 

"Heca vəznindən imtinamız ədəbiyyata yaxşı heç nə vəd eləmir"

Adil Cəmil "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini vəzifəsinə yeni təyin olunsa da ədəbiyyat aləmində özünü çoxdan sübut edib. Şair, tərcüməçi, tədqiqatçı-alim, naşir kimi yaxşı tanınan həmsöhbətim aradabir hekayələr də yazır.

Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatını qazanan, TÜRKSOYun xüsusi medalına layiq görülən Adil bəy yad sözlərin leksikonumuzu işğal etməsi ilə barışmır. Efirimizin yad səslərlə çirklənməsindən narahatlığını gizlətmir.

Payızda 60 illik yubileyini qeyd etməyə hazırlaşan Adil Cəmil özünü bu yaşda hiss etmədiyini, ruhunun 30-35 yaşlarında olduğunu deyir.

Bu müsahibəni dostumuzun yubileyinə hazırlığın startı kimi də başa düşmək olar.

- Adil bəy, Yazıçılar Birliyinin sonuncu qurultayından bir ay ötməsinə baxmayaraq, tədbir ətrafında müzakirə, söz-söhbət, mübahisə bitmir. Qurultayda harda oturmuşdunuz?

- Ön cərgədən bir az arxada, yəni orta sırada. Orta yaş nəslinə mənsub olduğuma görə, rəsmi tədbirlərdə həmişə orta cərgələri seçirəm.

- Oturduğunuz orta cərgədən qurultay necə görünürdü?

- Sözün açığı, daha çox yuxarıya baxırdım.

- Sədarətə tərəf?

- Yox, lojada oturanlara. Qurultay bitənə qədər onlara baxdım və heç birini tanımadım. Qurultay nümayəndələri, dəvət olunan qonaqlar aşağıda əyləşmişdilər, lojadakılar yəqin dəvətnaməsiz gələnlər olub. Ən qəribəsi də odur ki, qurultayımıza seçilən nümayəndələrin bir çoxunu tanımadım. Hələ bunlar üzvlər arasından seçilənlərdi, indi gör Yazıçılar Birliyinin tanımadığım nə qədər üzvü var...

- Sonuncu qurultaydan öncə "Ədəbiyyat qəzeti"ndə necə deyərlər, islahatlar aparıldı. Yazıçılar Birliyinin də, elə redaksiya kollektivinin də canı tənqidlərdən, tənələrdən qurtuldu. Uzun illər bu redaksiyada çalışan insan kimi dəyişikliyə münasibətiniz necədir?

- 80 yaşlı "Ədəbiyyat qəzeti"nə ədəbiyyat adamları həmişə özlərinin bir nömrəli mətbuat orqanı kimi yanaşıblar. Bu cür yanaşma təbii ki, qəzetin də məsuliyyətini artırıb. Bir müddət qəzetimiz ondan tələb olunanı tam şəkildə verə bilməyib, bunun da müxtəlif səbəbləri olub. Bu barədə geniş danışmaq istəmirəm, çünki bunu etik cəhətdən doğru saymıram. Nahaq deməyiblər ki, baş redaktor qəzetin simasıdı. Ayaz Vəfalı baş redaktor kimi öz işinə ciddi yanaşırdı, lakin onun qəzetçilik baxışı, duyumu tam fərqli idi, ona görə də qəzetimiz daha çox rəsmi nəşrlərə oxşayırdı. Bayaq dediyim kimi, ədəbiyyat adamları isə bu qəzetdən daha çox ədəbiyyatla bağlı yazılar gözləyirdilər.

Elçin Hüseynbəyli baş redaktor təyin edilən ilk gündən kollektivlə bu barədə müzakirə apardı, görmək istədiyi işlərdən danışdı. Əməkdaşlarımız da öz təkliflərini verdilər. "Ədəbiyyat qəzeti"nin forma və məzmun baxımından dəyişməsi üçün birlikdə işlər görürük. Qəzetin redaksiya heyəti də yenilənib, həqiqəti demək lazımdı, əvvəlki heyət simvolik xarakter daşıyırdı. Biz bundan sonra redaksiya heyətinin yeni üzvləri ilə müntəzəm görüşüb fikir mübadiləsi aparmağı düşünürük. İnanırıq ki, Aqil Abbas da daxil olmaqla yeni redaksiya heyəti üzvləri qəzeti daha oxunaqlı etmək üçün maraqlı təkliflər verəcəklər.

- Baş redaktor Elçin Hüseynbəyli yazıçı-dramaturq olduğuna görə deyəsən hamınızı öz təsirinə salıb, artıq Adil Cəmil də hekayə yazır...

- Əgər qəzetimizin ötən sayında dərc olunmuş hekayəmi nəzərdə tutub bu fikrə gəlmisənsə, məsələ sənin fikirləşdiyin dərəcədə də deyil. Mən o hekayəni bir neçə il öncə yazmışam. Arada yazıçılıq etdiyim günlər olub, hekayə və novellalar yazmışam, sadəcə onları dərhal dərc etməyə can atmamışam, çünki yazdıqlarıma məsuliyyətlə yanaşmışam. Əvvəllər düşünürdüm ki, görkəmli yazıçılarımızın yanında mənim hekayə çap etdirməyim yaxşı alınmaz. İllər keçəndən sonra gördüm məndə olan məsuliyyət onlarda olmadığından yazdıqlarımı çapa verə bilərəm.

Amma əslində, mənim üçün janr məsələsi o qədər də önəmli deyil. Şeir də yazıram, elmi məqalə də, dastan da, roman da tərcümə edirəm, publisistika ilə də məşğul oluram, lazım gələndə reportaj da hazırlayıram. Mənim fikrimcə, elə yazı var, nəsr bələyində, eləsi də var ki, şeir bələyində doğulur.

- "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini təyin olunmazdan öncə 12 il bu qəzetdə poeziya və nəsr şöbəsinin müdiri olmusuz, ondan 12 il əvvəl isə "Yazıçı" nəşriyyatında çalışmısınız. Poeziyamızın dərd-sərini yaxşı bilərsiniz...

- Poeziyamızın bugünkü ümumi mənzərəsi mənim heç xoşuma gəlmir. Qərbə tərəf inteqrasiya etməklə, yad təmayülləri istinad nöqtəsi seçməklə əslində biz heç nə qazanmamışıq, əksinə, çaşıb qalmışıq. İndi əlinə qələm alanlar, özünə şair deyənlər essevari nəsə yazırlar, adını da qoyurlar şeir... Oxuyanda da heç nə başa düşmək olmur, çünki belə yazı-pozuya mənsur şeir də demək mümkün deyil. Soruşanda deyirlər sərbəst şeirdi. Daha bilmirlər ki, sərbəst şeir poeziyada üç vəzndən biridi, onun da bir ritmi, daxili qafiyə sistemi var. Milli şeir kökündən, xüsusi ilə hecadan ayrı düşməyimiz, bu vəznin öləziməyə doğru getməsi ədəbiyyata yaxşı heç nə vəd eləmir. Mən heç kimi məcbur eləmirəm ki, klassiklərimiz kimi əruz vəznində yazsın, lakin heca bizə ən doğma vəzndi, bundan tamam imtina doğru yol deyil. Bu gün Türkiyədə də eyni meyllər görünür, mən qardaş ölkədə keçirilən beynəlxalq şeir festivallarında tez-tez iştirak edirəm. Çıxırlar mikrofon önünə, guya şeir oxuyurlar, amma görürsən ki, elə-belə özləri üçün söhbət edirlər.

- Bəlkə məsələyə bir qədər konservativ yanaşırsız. Ətrafımızda baş verən bütün bu dəyişiklər, yeniliklər poeziyadan da yan keçə bilməz axı...

- Mən yeniliyin əleyhinə deyiləm, amma məsələyə başqa yöndən də yanaşmaq olar. Götürək elə Ramiz Rövşənin yaradıcılığını, Ramiz bəy belə deyək də, köhnə ülgülərdə nə qədər yeni sözlər, fikirlər deyir. Bizim köhnə dediyimiz qəlibin özündə yeniliklər etmək üçün yetərincə imkan var. İndi kimsə ya istedadsızlıqdan, ya da tənbəllikdən bu yenilikləri axtarmaq istəməyib adını sərbəst şeir qoyub nəsə yazırsa bunun poeziyaya dəxli yoxdu. Poeziyanın nəsrdən fərqi onun ritmik olmasındadı, sənin şeirində də ritm yoxdusa, buna necə poeziya nümunəsi demək olar?

- Forma məsələsini bir kənara qoyub bəlkə məzmundan danışaq...

- Məzmunda da ürək açan bir şey yoxdu, şeirimizin leksikonu əcnəbi sözlərlə doludu. Bir zamanlar dilimizi ərəb, fars sözlərindən təmizləməklə məşğul idik, indi də ingilislərdən qurtara bilmirik. Təəssüf ki, elə jurnalistikada da belədi. Guya ortaq türk dili yaratmaq istəyirik, amma bəzi qəzetlər elə dildə yazır, televiziyalar elə dildə danışır ki, nə o türk başa düşür, nə bu türk. Efirimiz çirkli və yad səslərlə doludu. Bu millət telefonda səninlə bir səslə danışır, efirdə tamam başqa səslə.

- Nakəsi obada saxlamazdılar,

Namərdi öləndə ağlamazdılar -

yazan Adil Cəmildən soruşmaq istəyirəm, niyə indi bu cür adamlar bəzən daha hörmətli sayılır, məclislərin yuxarı başına çəkilir?

- Çünki indi hər yerdə ağıllı insanlara qorxulu silah kimi baxmağa başlayıblar. Şeirlərimin birində yazmışam ki,

 

Vurdular, böldülər, cəmi tapdılar.

Çarəni tapdılar, çəmi tapdılar.

Axtarıb ağıldan kəmi tapdılar,

Ağıllı adamlar qıraqda qaldı.

 

Görünür biz təkcə ərazilərimizi yox, bir çox mənəvi dəyərlərimizi də itirdik. Şəxsən mənim Kəlbəcərdə gördüyüm həmin o həqiqətlər, dəyərlər indi yoxdu. İnsanlarımız təkcə obalarını, ev-eşiklərini deyil, mənəviyyat mühitini, ünsiyyət şəbəkəsini itirdilər. Təbii ki, biz öz torpaqlarımıza qayıdacağıq, lakin həmin o mühiti bərpa etmək çətin olacaq. Məmməd Aslan çox gözəl deyib

 

O Kəlbəcər qayıtmaz,

Qayıtsa yüz Kəlbəcər.

 

- Payızda inşallah, 60 yaşınız tamam olur. Ömrünüz nəsrə oxşayır, yoxsa poeziyaya?

- Nasir qardaşlarım incisə də, deyim ki, ümumiyyətlə götürəndə ömür özü nəsrə oxşayır. Amma ən yaxşı günlərimi sayanda ömrümü poeziyaya oxşadıram.

60 yaşla bağlı isə onu deyim ki, insan özünü neçə yaşda hiss edirsə, elə o yaşdadı. Səmimi deyim ki, ruhum 30-35 yaşındadı.

- Bu gün Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında baş verənlər gündəmi zəbt edib. Meydan sahiblərinin üzləşdiyi faciədən yəqin ki, xəbəriniz var. Deyirlər ki, sözdən böyük təsəlli yoxdu, ağır məğlubiyyətlə üzləşən braziliyalılara necə təsəlli vermək olar?

- Bu bir daha sübut etdi ki, həqiqətən də dünyada sözdən böyük təsəlli yoxdu. Hətta top da Braziliya yığmasına və onun azarkeşlərinə təsəlli ola bilmədi, çarə yenə sözə qaldı.

Uşaq vaxtımda futbola böyük marağım var idi, pis də oynamırdım. Məktəbin 6 və ya 7-ci sinifində oxuyanda qıçımı qırdılar, həmin hadisədən sonra futbola nifrət etməyə başladım.

- Yaxşı ki, o zaman gələcək şairin qolu qırılmayıb, yoxsa futbola daha çox nifrət edəcəkdiniz.

- Bu hesabla mən də yaxşı qurtarmışam, futbol da...

 

Etibar CƏBRAYILOĞLU

ədalət.-2014.-12 iyul.-S.10.