Təəssüf dolu şair məhəbbəti

 

Ədəbiyyatda ilk alddımlarını otuz il əvvəl atsa da, oxucuları ilə ilk görüşünə (kitab baxımından) otuz il gec gəlməli olan Kamal Alışoğlunun bütün yaradıcılığı, ilk növbədə poeziyası səmimi, tə-bii və həyatın özü qədər mürəkkəb ziddiyyətli, qəribə və təsirlidir. Bütün yaradıcılığı boyu, yad, süni, saxta, zahiri--aldadıcı təmtəraqdan, göz qamaşdırıcı, qulaq oxşayan pafosdan uzaq olan şair dərindən bələd olduğu, qəlbən yaşadığı və poetik həqiqətə çevirə bildiyinə əmin olduğu mövzu-ları oxucusuna təqdim eləyir, burada ilk sevgi hisslərindən uçunmaq dərəcəsinə gələn gənc qızın ürək çırpıntıları, dünya görmüş ağbirçək nənələrin müdrik--məhdud fikirləri, dünyanın qaçılmaz təhlükələrlə üzbəüz qalmasından yaşanan şair narahatlığı bir-birini əvəz etdikcə, həyatda olduğu kimi sənətdə də böyük iddialara, diqqət mərkəzində olmağa laqeyd normal insanın təbii, həyati, əlvan və bəşəri hissləri oxucunu uzun müddət öz təsir dairəsində saxlayır.

Bütün incəliklərinə, nüanslarına kimi nüfuz eləyə bilmədiyimi boynuma alaraq Kamal Alışoğlu-nun şeirlərində duyduğum, ondan da çox duymağa çalışdığım əsas xüsusiyyətlər onun yaradıcılıq axtarışları üçün əziyyət çəkmədiyini, daha doğrusu bu axtarışların sevinclə dolu məmnuniyyət-dən yarandığını oxucularına deyə bilməsi, bunu bacarmasıdır.

 

Ay dərdimi bilən bəndə,

Günah səndə, günah məndə.

Tanrıya dua edəndə

Heç yadına düşürəmmi?--

 

misralarında həm şair etirafı, həm məhəbbətin böyük qüvvə olduğunun--ilk öncə Tanrıya ünvan-landığından ibarət olmasına əminlik, nəhayət, həm də obrazlı şəkildə bu münasibətdə öz iştirakı-na son dərəcə incə, xəfif və eyni zamanda açıq-aşkar işarə hər birimizi duyğulandırır.

Qədim Roma mütəfəkkirlərindən biri--Siseron məhəbbət haqqında yazır":Məhəbbət--gözəlliyilə diqqəti cəlb eləyən adamın dostluğuna nail olmaq cəhdidir". Əlbəttə, bu ali hiss haqqında sonsuz sayda fikirlər, düşüncələr, qənaətlər içərisində bizim diqqətimizi çəkən məsələlərdən biri budur ki, bütün digər nəcib hisslər kimi məhəbbət üçün də ilk qığılcım, "eklektrik" --cərəyan xarici görkəmdən başlayır və bu mənada Tanrının yaratdığı ən ali varlıq içərisində bəşəriyyətin "gözəl yarısı" haqqında, ümumiyyətlə gözəl, müsbət, nəcib fikirlərə münasibətin özündə də bütün dövrlər şairlərin, filosofların, rəssamların duyğu-düşüncələri əsas sayılıb.

 

Kamal Alışoğlu:

Allahım, ol başım üstə,

Bu sirri mən aça bilim.

Ya yanına gəlim sənin,

Ya da səndən qaça bilim, --

 

deyəndə çox çətin, doğrudan da çoxlarının "başını itirdiyi" məhəbbət səhrasında, burulğanında, dolanbaclarında yeganə ümidinin Allah olduğunu və indiyə kimi açılması heç kəsə müyəssər ol-mayan bu sirlər içərisində qəribə dilemma ilə bütün narahatlığını dolğun poetik lövhə ilə ifadə eləyir. Burada ciddi maraq doğuran cəhətlərdən biri də budur ki, şair heç bir bədii həll (əslində bu təbii ki, mümkün deyil), nəticə yaxud resept təklif eləmir, Tanrıya narahat şair qəlbinin dö-yüntüləri təqdim edilir ki, poeziyada bu çox normal və bəs qədər qiymətli bədii xüsusiyyət kimi sayılır.

Əlbəttə, erkən ata-ana itkisi, doğma yerlərin düşmən tapdağı altında qalması, Vətənin sayseçmə oğullarının şəhid olması, bütün dünyada bugünə qədər davam eləyən qeyri-obyektivlik, beynəl-xalq qərar və qətnamələrə etinasızlıq və s. bu kimi neqativ hallar hər bir vətəndaş kimi yaradıcı şəxsləri də narahat eləyir, bəzən hətta onları ciddi şəkildə sarsıdır da, ancaq sənət, bədii yaradıcı-lıq özünün qayəsi, missiyası etibarı ilə hər cür adilikdən, ya məhəlli, ya qlobal mənada - fərqi yoxdur, məişət məsələlərindən ucada dayanmalıdır, bu mənada min illərdən bu yana şərəfli yol gələn poeziyada milli-məhəlli hisslərin bədii ifadəsi həmişə ötəri, epizodik xarakter almış və heç bir sənətkarın yaradıcılığının mahiyyətini göstərməmişdir, yeri gəlmişkən, doğma Vətənimiz haqqında Kamalın şeirlərinin birində işlətdiyi "Daşı gül bitirən Azərbaycanım" misrasını onun vətənpərvər şair mövqeyinin nəticəsi kimi qəbul eləsək də, geniş mənada şairin potensial poetik imkanlarından xeyli aşağıda (həm çox işləndiyinə, həm də bir qayda olaraq Azərbaycanla bağlı tutarlı dolğun metaforalar tapmaqda çətinlik çəkən əksər şairləri xatırlatdığına görə) olan kimi qə-bul eləyirik.

Şairin bir Vətəni var-Yer kürəsi, bunu qətiyyən unutmaq olmaz və bütün həqiqi şairlər tarix bo-yu bəşəri problemləri təkcə adlarla milliləşdirməklə yaxud həmin problemlərin qaynaqlarını gös-tərmək məqsədilə onlara ad verməklə kifayətləniblər. Qərbdə də, Şərqdə də, Hindistanda da, Çində də, İrlandiyada da Yer üzünün bütün vətəndaşları üçün maraqlı olan mövzular, əsərlər, qəhrəmanlar əsrlərlə yaşaya biliblər, doğrudur nümunə daha çox epik təsirli oldu ancaq insan hisslərinin, məhəbbət, nifrət, dostluq, sədaqət, ləyaqət və s. də heç vaxt coğrafi sərhəd tanıma-yıb və bu fikirlərlə heç kim yeni fövqəladə kəşf iddiasında deyil. Bu sırada Kamalın Araz çayına "bulanıq göz yaşı" kimi məna verməsi poetik-obrazlı ifadə kimi maraqlıdır. Hafiz Rüstəmin poe-ziyanı "Allaha daha yaxın, daha məhrəm" sayması da ümumiyyətlə anlaşılan və qəbulediləndir, əlbəttə nisbiliyi, şərtiliyi və mütləq həqiqətdən uzaqlığını qəbul eləməklə. Təsadüfi deyil ki, Ka-mal əsl şairlər haqqında

Dünya özü boyda qızıla dönsə,

Nə nəzər yetirər, nə ummaz onlar - deyir

(yeri gəlmişkən bütün mənalarda "nə umar" olmalı idi.)

 

Əbülfət Mədətoğlunun 10 iyun 2011-ci il tarixli "Ədalət" qəzetində "Sən adlı ünvan" kitabına oxucu məktubundakı maraqlı qənaətlə razılaşmamaq olmur: "...müəllif oxucuya təkcə meydan oxumur ismarıc vermir, həm də özü-özünə bir mövqe qazanır və bu nöqtədə durub kimliyini tə-bii ki, poetik kimliyini bəyan edir". Əlbəttə, Fellininin "mən balıqların həyatından belə film çək-səm, bilin ki, mənim həyatımdır" sözlərində zəngin təcrübə, həyat həqiqətlərindən başqa həm də sənətkar deyimi çox diqqətəlayiqdir və şairin bütün şeirlərində, həqiqətən də öz "poetik kim-liyini bəyan" etməsi təbii və bədii qanunauyğunluqdur. Müəllif Kamal Alışoğlunun şeirlərində torpağa, yurda bağlılıq, sevgidə dürüstlük, xüsusilə hər bir məqama bütöv şəkildə yanaşmanın üstünlük təşkil etdiyini deyərkən də konkret misallara, bədii nümunələrə əsaslanır.

Zəngin mənəviyyatlı adamın bəlkə də heç vaxt heç kimə bildirmədiyi etiraflar son dərəcə səmi-mi təsir bağışlayır:

 

Çox arzum varıdı bu yaşa qədər,

Çoxunun başımda qalıbdır adı.

Ən əziz, ən doğma sirdaşa qədər

Qalx deyib əlimdən tutan olmadı.

 

Kamal Alışoğlunun kitabında ən maraqlı və təsirli şeirlərindən biri "Daha layla çalma mənə"dir. Bədii cəhətdən xeyli dərəcədə kamil yüksək emosional hisslərlə zəngin misralar Məmməd Ara-zın "Məndən ötdü..." Nəriman Həsənzadənin janr etibarı ilə tam fərqli olsa da, "Nabat xalanın çörəyi" əsərlərini xatırladır. Şair tez-tez söz haqqında, sözün tutumu, qiyməti, sözə bələdlik, mə-suliyyət hissilə bağlı poetik fikirlərini oxucular ilə bölüşməkdən çəkinmir, bəzən bu fikirlərdəki narahatlıq, nigaranlıq o qədər güclü verilir ki, uzun müddət yadda qalır:

Bəlkə öz evində sözü keçməyən

Sözün qüdrətindən dərs deyir bizə!?

Ümumiyyətlə yaradıcı adamın mətbəxinə ciddi nəzər yetirdikdə ən çox diqqəti çəkən üslub, bir də poetika olur, bütün məqamlarda şeirlər lirizmilə diqqət mərkəzindədir - "İliada" da Troya ha-sarı üstündə görünən Yelenanın bütün döyüşçüləri "tərk-silah" eləməsi davanın bir anlıq da olsa, dayanması kimi (istər-istəməz məşhur "məğlub yunanlar qarşısında əsir düşmüş romalılar"ı xatır-layırıq).

Və şeirdə misraların, bəndlərin tutumu, yükü, çəkisi, əlbəttə şairin sənətkarlığı ilə düz mütənasib olur. Fikir, deyim tərzi, ifadənin bədii dəyəri özünə uyğun axıcı, ya da sərt-bərk, yonulmamış söz-kərpiclər vasitəsilə hörülən poetik qalanın bəzən yarıqaranlıq, bəzənsə hətta qapı-pəncərəsiz zülmət dəhlizlərində ya sevən ürəyin ya da dəli küləklərin dolaşdığı məkan-obraz kimi oxucu-nun marağına səbəb olur. İncəsənətin bütün növləri içərisində özünün fövqəladə Olimp panteo-nu ilə seçilən poeziya həm də bir daha qeyd eləyirik ki, yalnız tanrı ilə müqayisə oluna bilər.

Şeirlərinin birində xalqımız haqqında

Ona zülm edəni, nifrət edəni

Bu qədər sevərmiş alqışlayırmış, -

deyərkən oxucu ilk öncə peyğəmbər salavatullahın məşhur "yamanlığa yaxşılıqla cavab vermək" hədisini xatırlayır.

Kamal Alışoğlunun kitabında yer almış ən səmimi şeirləri içərisində "Bir gözəl görüşə çağırdı məni" diqqəti daha çox çəkir. Burada həm təsirli lirizm, həm də əyani epik lövhələr üzvi vəhdət təşkil etməklə şairin bədii imkanlarını bir daha oxucuya xatırladır, ən intim məsələlər barədə oxucu ilə yüksək etik səviyyədə obrazlı söhbətlər aparmaq üçün real poetik imkanın hüdudsuzlu-ğu hər birimizdə aydınca qənaətə çevrilir:

 

Sakitcə uzandı arxası üstə,

Düşdü yanağına ayın şöləsi

Yuxulu döşlərin oyadanda mən,

Axdı göz yaşları, titrədi səsi.

 

Şeir müəyyən mənada Abbas Abdullanın uzun illər əvvəl yazdığı "Göy üzünə yazılmış şeirlər" silsiləsini xatırladır, ancaq ədalət naminə hökmən qeyd eləmək lazımdır ki, burada düşündüyü-müz cüzi oxşarlıq olsa-olsa intuitiv, təbii və insanların bir-birinə oxşadıqları qədər də fərqli ol-duqları sayaqdır.

Məhəbbət şeirlərində bir qayda olaraq "zəng vur" deyilir, "mən zəng vurdum" yox, yəqin əsas səbəb ondan ibarətdir ki, qarşı tərəf üçün uyğun əlverişli və təhlükəsiz məqamı hövsələ ilə göz-ləmək tələb olunur, ancaq uzun zaman gözləməyin nə qədər çətin, ağrılı bəzən dözülməz oldu-ğunu oxuculara çatdırmaq asan deyil. Əvvəllər sevənlərin münasibətləri daha çox məktublarla aşkar olunurdusa (R.Rövşən "Köhnə məktublar") son onilliklərdə artıq zənglər SMS-lər bu mə-sələni daha operativ şəkildə optimal müddətdə həll eləmək iqtidarındadır.

 

Zəng elə, sinəmə su çiləyəsən,

Zəng elə, içimdə çiçəkləyəsən.

Zəng elə, ruhumu silkələyəsən,

Yaman darıxmışam, zəng elə mənə.

 

Həyat, onunla birlikdə poeziya da yaşayır, davam eləyir və bu həyatın çətin yollarında (tapdan-mış ifadəni qəsdən işlədirən-hamının yazısında olur) möhkəm, mətin addımlarla, poeziyanın çox-ları üçün keçilməz görünən sıx, qaranlıq cəngəlliklərində inamla yalnız irəli-ədəbi üfüqlərə doğ-ru yol alan, ciddi səmimi, təbii hissləri həmişə qiymətləndirən və əsas sayan Kamal Alışoğluya yeni, daha böyük uğurlar arzulayırıq.

 

Vaqif Əjdəroğlu

Ədalət.-2014.-12 iyul.-S.13.