BİR RƏHİM RƏVAN VARDI...
("Dünya, səndən kimlər
keçdi" silsiləsindən)
Onu yaxşı tanıyırdım. Bir vaxtlar təhsil
aldığım BDU-nun jurnalistika fakültəsində
oxuyurdu. Səmimi, istiqanlı, hamıya
qaynayıb-qarışan tələbə yoldaşımız
idi. Şeir yazdığından, mətbuatda
hərdən şeirləri dərc edildiyindən hamı ona
"şair" deyirdi. Şeirləri
xoşumuza gəlirdi. Sadə
yazırdı, amma o şeirlərin obrazlı təfəkkürün
məhsulu olduğunu hamı hiss edirdi.
Universitetdə təhsilimizi başa vurduq. Hər kəs
öz təyinatı üzrə rayonlara güzar etdi. Və mən ondan sonra Rəhimi görmədim.
Amma hər hansı ucarlı görürdümsə,
ondan Rəhimi soruşurdum, deyirdilər rayon qəzetində
işləyir.
Rəhim Rəvan Ucarın Yuxarı Şilyan kəndində
doğulmuşdu. Bizdən yaşca 7-8 il böyük
idi (təvəllüdü 1941). Amma
özünü o qədər sadə aparırdı ki,
yaşı hiss olunmurdu. Yazıq heç
atasının üzünü görməmişdi.
Atası Kərim kişi Böyük Vətən
müharibəsinə yollanmış və bir daha geri dönməmişdi.
Onu və bacı-qardaşlarını anası
böyütdü. Fədakar bir ana...g
Rəhim orta məktəbi yaxşı qiymətlərlə
bitirdi, arzusu bu idi ki, jurnalist olsun. Amma hər il o
fakültəyə sənəd verir, arzusuna çata bilmirdi. Buna baxmayaraq yazıdan-pozudan ayrılmır,
kitabxanalardan, Bakıda keçirilən şeir tədbirlərindən
qalmırdı. Artıq onu gənc şair
kimi tanıyır, o tədbirlərdə Rəhim Rəvan da
öz şeirlərini oxuyurdu.
Nəhayət,
səkkiz illik inad öz bəhrəsini verdi.
Bakıda fəhlə işləyən Rəhim
BDU-nun jurnalistika fakültəsinə daxil oldu. Universitet illərində də poeziya
yanğısı sönmədi. Şeirləri
mərkəzi mətbuatda dalbadal çap olundu, özü kimi
cavan şairlərlə şeir gecələrində,
universitetin tədbirlərində odlu-alovlu ürəyinin
çırpıntıları, ona rahatlıq verməyən
duyğuları ilə oxucuların rəğbətini
qazandı. Yadımdadır, bu şeir gecələrinin
birində Rəhim "Məhəbbət" şeirini oxudu:
Dağ
duman yeridir, yurd güman yeri
Məhəbbət
ürəyin gülən dan yeri
İlk
eşq periksə də qayıdar geri
Dil verər gözündən lala məhəbbət.
Yenə
hisslərim göz-göz olaydı
Qəlbimi
ovlayan bir söz olaydı
Yenə mən
olaydım, o qız olaydı
Dönəydi şeh dolu gülə məhəbbət.
Rəhim Bakıda qalıb işləyə bilərdi,
deyilənə görə, hətta onu Dövlət Radio və
Televiziya şirkətində işə də
götürmüşdülər. Amma o qalmadı. Doğma kəndinə, rayona qayıtmalı, onun
yolunu gözləyən anasını sevindirməliydi. O
zaman Ucarda "Yeni söz" qəzeti fəaliyyət
göstərirdi. Rəhim Rəvan düz iyirmi il
o redaksiyada çalışdı, məsul katib kimi qəzetin
maraqlı və oxunaqlı olmasına səy göstərdi.
Ucarda hiss elədilər ki, rayon qəzetində
bacarıqlı, öz işini bilən bir jurnalist
çalışır.
O,
şair idi. Şairlik təkcə şeir yazmaq
deyil, həm də onu təbliğ etmək, istedadlı gənclərə
yol göstərmək, onlara qanad verməkdir. Təbiətən zərif, kövrək insan olan Rəhim
Ucardakı istedadlı cavanları başına
yığdı. Redaksiyanın nəzdində
"Çinar nəğmələri" ədəbi məclisi
təşkil etdi. Bəli, məhz ədəbi
məclis, dərnək yox. Çünki
bu məclisin şöhrəti qonşu rayonlara da
yayıldı. Həftənin bir
günü o məclisə təkcə Ucarın özündən
deyil, Göyçaydan, Şuşadan, Qəbələdən,
Zərdabdan, Ağsudan, Kürdəmirdən, Ağdaşdan,
Əli Bayramlıdan da şeir oxumağa gəlirdilər.
Sonralar "Çinar nəğmələri"nin iştirakçılarından İsa
Şuşalı, Şərif Tahirli, Kərəm
Kürqıraxlı bir şair kimi tanındılar, sevildilər.
"Çinar nəğmələri"nin
səsi-sədası Respublika miqyasında eşidilməyə
başladı.
Budur, mən indi Rəhim Rəvanın "Dünya, səndən
keçməliyəm" şeirlər, məqalələr
kitabı ilə üz-üzə, göz-gözəyəm. Bu kitabı mənə həmkarım,
görkəmli ədəbiyyatşünas, filologiya elmləri
doktoru, professor Nizami Tağısoy verib. Doğrusu, çox kövrəldim. Tələbəlik illərində dostluq etdiyim, lakin
sonralar heç üzünü görmədiyim Rəhim Rəvanın
şeir dolu ürəyinin döyüntülərini
eşitdim. Düzdür, indi o ürək
daha döyünmür, amma o ürəkdən qopan misralar
canlıdır. Deməli, Rəhim
yaşayır. Kitabın redaktoru və
naşiri, həm də gözəl bir ön və son sözlərin
müəllifi "Ziyalı" qəzetinin baş redaktoru
Əli Əhmədoğludur. Elə bu
yazıda Rəhimlə bağlı bir sıra faktları da
onun yazılarından əxz etmişəm. Sağ olsun
ki, mərhum dostumu unudulmağa qoymayıb. Rəhimin on yeddi
bölmədə təqdim olunan şeirləri və məqalələri
ilə tanış oldum. Bu
sözü deməyə tam haqqım çatır ki, Rəhim
Rəvan əyalətdə yaşamağına baxmayaraq əyalət
şairi deyildi. O, Bakıda yaşasaydı, bir şair
kimi daha çox tanınardı, bəlkə daha gözəl
şeirlər yazardı. Amma elə bu
kitabdakı şeirlər də Rəhimi istedadlı bir
şair kimi dərk etməyimizə kifayətdir.
O,
müxtəlif mövzularda şeirlər yazıb. Yəni
sovet dövrünü yaşamış, müstəqilliyin də
azca dadını görmüş bir şair kimi həyatı,
insanları, cəmiyyətdə baş verən ictimai-siyasi
prosesləri, ana məhəbbətini, doğulduğu kəndi,
təbiəti öz şeirlərində təsvir edir,
çalışırdı ki, bu ənənəvi
mövzularda təzə söz deyə bilsin. Vətən
haqqında yazırdı:
Vətəndir,
- bir ovuc vətən torpağı,
Yazın bənövşəsi, qışın qarı
da.
Vətən
nəğməsidir dağ şəlaləsi,
Çoban tütəyinin harayları da.
Dağları
ucadır, dərəsi dərin,
Gəlin bulaqları laylamı çalsın.
Mənə
gül demirəm, lap qanqal verin,-
Vətən torpağında açılmış
olsun.
Burda
anaların dinlə səsini:
Yad gülü qoynunda bitirməz vətən.
Bir
xalqın, millətin nişanəsini,
Yanıb kül olsa da itirməz vətən.
Qoyun
dağlar aşım, ürəyim dolub,
Bir az qəribsəyib, kövrəlmişəm mən.
Vətən
məhəbbəti alabaxta tək,
Qoymaram perikib uça əlimdən.
Dolaşım
qoynunu qoy yüz il, min il,
Eşqinin oduyla alışıb yanım.
Öləndə
gözümü yaylıqla deyil,
Vətən torpağıyla bağlayın mənim.
Vətən haqqında yazılan şeirlərdən
seçilir.
Rəhim Rəvanın doğulduğu ərazidə
-Ucarda dağ yoxdur. Amma Rəhimin "Salam, a dağlar!"
şeirində dağ obrazı var. Hardasa bu çöllü
balası dağ görüb və o dağı şeirinə
gətirib. Yazır ki: "Burda uçan quşlar qartal
qıyından Təpilər ağacın
koğuşlarına. Burda nəzərlərin
sancılıb qalar Bir ürkək maralın
baxışlarına". Şah
dağına da şeiri var Rəhimin. Yazır ki:
"Burda zərif çiçəklərin şehdir həyası".
Bax. Elə bu misra onun poetik
talanta malik olduğundan xəbər verir. Ümumiyyətlə,
təbiət mövzusu onun şeirlərində
sıx-sıxdır və Rəhim təbiətdə
gördüyü gözəllikləri bir rəssam kimi
şeir-tablolara qatırdı. "Meşənin" rədifli
şeiri təbiəti duyan bir şairin qələmindən
çıxıb, həm də bu şeirdə insan-təbiət
harmoniyası duyulur:
Bir bulaq
gözünün yaşını tökər,
Bir
çiçək boynunu elə hey bükər,
Təşviş
içindədir, qorxu birində
Bir güllə fikrini pozar meşənin.
Bu
yala-yamaca baxan doyammaz,
Bircə
çiçəyinə ürək duyammaz,
Yatar kəpənəklər
güldə, - oyanmaz,
Arılar gülünü üzər meşənin.
Həssas şair idi Rəhim Rəvan və onun əksər
şeirlərində bu həssalıq incə poetik duyumlarla təqdim
edilir.
Onun anasına həsr etdiyi şeirlər də gözəldir. Anaya məhəbbət
onun bu tipli şeirlərinin təkcə mahiyyətində
deyil, həm də poetik tapıntılarında
reallaşır. Məsələn, "Ana həsrəti"
şeirində bunun bariz ifadəsini görürük:
Onu
ayırmayın düşüncələrdən
Səksənsə gözündən bir övlad itər.
Anam
ayrılığa dözməyib hərdən
Qapıda, bacada bülbül tək ötər.
Yaman
kövrəklənib qoca yaşında
Sayır intizarla ötən hər günü.
Samovar dil
açır süfrə başında
Hamı
çörək yeyir, anam qəlbini!
Ümumiyyətlə, Rəhim hansı mövzuya əl
atırdısa, çalışırdı o mövzuda öz
şair fərdiyyətini sübut edə bilsin. Və
sübut edirdi də. Şeirlərində
musiqidən gələn ritmika vardı, nəğmə kimi
oxuyursan o şeirləri. Xüsusilə.
sevgi şeirlərig
Bir qəlbin
gümanı oldun dünyada
Çırpdın bu gümanı hicran daşına.
Külək
saçlarını aşıb dağıdır
Vurur gözlərindən axan yaşına.
Onun sevgi şeirləri yaşanılan, duyulan hisslərin
yaşantılarıdır. Bircə misra belə
sünisi, saxtası yoxdur.
Kitaba ön söz yazan Əli Əhmədoğlu belə
bir faktı qeyd edir ki, rayonda Rəhimin
paxıllığını çəkənlər vardı. Rəhimin
atası müharibədən qayıtmamışdı. Onu buna görə gizligə qınayırdılar, bəlkə
elə əsir düşüb deyirdilər. Anası düz qırx iki ildən sonra Rəhimin atasının
itkin düşmədiyini, həlak olduğunu söyləmişdi.
Bu xəbəri uşaqların ürəyinə
xal düşməsin deyə onlardan gizli saxlamışdı.
Rəhim də üç dəfə yollara
çıxdı, axır ki, Simperofol vilayətində onun qəbrini
tapdı.
Rəhimin ilhamı şeirin bütün vəznlərində və formalarında öz poetik təcəssümünü tapırdı. Sərbəstdə də yazırdı (heç də pis yazmırdı), hecada da. Qəzəl də yazırdı. Təcnis də. Təcnisin məharətli söz oyunundan qalibiyyətlə çıxırdı. Şeirlərində bir məram vardı: Yurd məhəbbəti. Yaşasaydı, bu məhəbbətin yeni çalarlarını da görərdik.
Kitabda Rəhimin jurnalistik fəaliyyətini əks edirən yazılarından da nümunələr təqdim edilib. Onun bir sıra məqalələrində "Çinar nəğmələri" ədəbi məclisinin üzvlərinin şeirləri ilə bağlı mülahizələri maraqlıdır. Öz yaşadığı kəndi, rayonu bir çox yazılarında elə təbii cizgilərlə təsvir edir ki, heyran qalırsan. Amma təbii ki, Rəhimin şeirləri onun xarakterini tam açıqlayır. Fikirləşirsən ki, bizim çoxumuzun niyə bu şeirlərdən xəbəri olmayıbg
Sözümü Rəhim Rəvanın bir şeiri ilə bitirmək istəyirəm:
Sənin gül üzünü gülər görmüşəm,
Bulud tək qaralıb dolasıyam mən.
Bayronun, Vurğunun söz rübabını,
Kökləyib köksümdə çalasıyam mən.
Ərit
bir ürəyin soyuq buzunu
Yandır bir taleyin Dan ulduzunu.
Üzümə
gülməsən ömrüm uzunu,
Mələr quzu kimi qalasıyam mən.
Mən
qulu deyiləm şöhrətin, şanın,
Bir
çiçək qaynadar qəlbimin qanın
Öz ana
yurdumun, Azərbaycanın
Başına dolanan balasıyam mən.
Vaqif YUSİFLİ
Ədalət.-2014.-12
iyul.-S.14.