Ünvanı dəyişməklə yaşayan Xocalı
Azərbaycanın ürək yarası, sağalmaz və əlacı hələ ki, mümkün olmayan kədər ünvanı yer üzünün qətliam şəhərlərindən biri insanlığın qanla boğulduğu bir torpaq. Bütün bunlar yurdun Xocalı adlı genasid ünvanı. Elə bir ünvan ki, onu heç kim, yer üzündə sonuncu türk qalana qədər unutmayacaq. Çünki düşmən bu torpaqda 613 nəfəri mərmiyə tuş gətirdi. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca ağsaqqal insanlar idi. Və bir də bu 613 nəfərin içərisində bir evin 8 ailəsi bütünlüklə məhv edildi.
Tarix faktları ilə həmişə
istənilən məqamı, istənilən nöqtəni
yenidən diktə etməyə, yenidən xatırlatmağa qadirdi. Bu mənada bu gün
hər iki valideynini itirmiş 25 nəfər Xocalı
uşağı, bir valideynini
itirmiş 130 Xocalı uşağı həmin
o genosidin canlı şahidi kimi istənilən
məqamda, istənilən kürsüdə, istənilən ekranda həqiqətləri açıb ortaya qoya bilər,
insanlığın düşmənlərini barmaqla göstərər. Təəssüf ki, 1275 nəfəri əsir götürülmüş,
150 nəfəri itkin düşmüş
xocalıların bu gün
canında, bədənində qəlpə gəzdirən 487 nəfərindən
76-sı uşaq idi. Artıq bu uşaqlar
da həmin o
ağrını özü ilə birlikdə
böyüdübdü və böyüyən
ağrılarla yanaşı, ölkəyə səpilən
xocalılar ölkə rəhbərliyinin qayğısı ilə
kompakt halında müəyyən bir ərazidə yaşamaq
imkanı qazanıblar. İndi bu ərazi Xocalını qismən onlara xatırlatsa da, amma Xocalı hələ ki,
düşmən tapdağı altındadı. Lakin...
Həyat inkişaf edir. İnkişaf edən həyatın kimlərdənsə yan keçməsi mümkün deyil. Əgər bir yaşayırıqsa, fəaliyyət göstəririksə, bizim yaşadığımız mühit, fəaliyyət göstərdiyimiz ərazi bu millətin, bu torpağın bir parçasıdır. Odur ki, regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq Xocalı sakinlərinin məskunlaşdığı Ağcakənd ərazisi, o cümlədən də digər məntəqələrdə ölkənin əksər bölgələrində olduğu kimi, həyat günün tələbləri səviyyəsində davam etməkdədi.
Yəni burada Xocalı rayon İcra Hakimiyyətinin və eləcə də digər dövlət qurumlarının inzibati binaları tikilib abadlaşmış, yollar, küçələr qaydaya salınmışdı. Yəni bir vaxtlar bu bölgəyə üz tutanlar daha çox müharibənin acı nəticələrini xatırladan mənzərələrlə üzləşirdilər. Hər tərəfdə dağılmış evlər, bərbad vəziyyətdə olan yollar insanlarda acı təəssüf hissi doğururdu.
Azərbaycan Prezidentinin xüsusi qayğısı və tapşırığı nəticəsində Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi altında digər bölgələrdə olduğu kimi, burada da müasir tipli qəsəbənin salınması uğurla başa çatdırılmış və bu iş, bu proses bu gün də uğurla da davam etdirilməkdədi. Demək olar ki, xocalıların məskunlaşdığı bu ərazini kənardan müşahidə edəndə insanın gözləri qarşısında yeni bir şəhərin, yeni bir qəsəbənin könül açan görüntüləri canlanır və xəyal adamı çəkib uzaqlara, Xocalılı günlərə aparsa da, amma istər-istəməz o xatirələrin içərisindəki şirinliyi məhz yeni salınan qəsəbə ilə ovutmaq, onunla bağlamaq, əlaqələndirmək zorunda qalırıq.
Çünki əlimiz çatmayan, ünümüz yetməyən Xocalının qoxusunu, ətrini Ağcakənddən alır, bu nisbətən oxşar mənzərə ilə təmas qurub keçmişi özümüz ilə gələcəyə aparırıq. Və bilirik ki, salınan qəsəbələr, çəkilən yollar qaçqınların rahatlığı üçün, normal həyat şəraitləri üçün nəzərdə tutulubdu. Bu yerlər Azərbaycanın bir parçası olsa da, hər bir insana əsirlikdə qalan ocağı, kəndi bir köynək daha yaxındı.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov hər gün abadlaşan və bir çoxlarının zarafatla "yeni Xocalı" kimi təqdim etdiyi bu ünvanın günbəgün abadlaşmasından, burada sosial obyektlərin, xüsusilə məktəb, xəstəxana, poçt və digər dövlət əhəmiyyətli obyektlərin müasir tələblərə uyğun şəkildə tikildiyini, burada ən müasir avadanlıqlardan istifadə edildiyini xüsusi bir qürurla xatırladır və bildirir ki, ölkə prezidentinin ardıcıl diqqət və qayğısı ən yüksək səviyyələrdə işğal edilmiş torpaqlarımızla bağlı Azərbaycanın mövqeyini qətiyyətlə ortaya qoyması bizdə belə bir qəti əminlik yaradıb ki, bütün qaçqınlarımız kimi, xocalılar da mütləq öz doğma torpaqlarına qayıdacaq və orada bundan da gözəl, bundan da müasir bir şəhər salacağıq. Özü də həmin şəhərin bütün infrastrukturu artıq bizim üçün bir layihə kimi göz önündədi. Biz bilirik ki, qayıdacağımız Xocalı itirdiyimiz Xocalıdan qat-qat gözəl və abad olacaqdı. O ki, qaldı bu gün xocalıların daha çox məskunlaşdığı Ağcakənd ərazisi coğrafi baxımdan Xocalının ərazisinə bir qədər bənzəyir. Burada da iqlim və təbii mənzərə müəyyən oxşarlıq təşkil edir. Elə ona görə də bu ərazidə məskunlaşan xocalılar özləri üçün artıq Dövlət Proqramı çərçivəsində müəyyən şərait qura biliblər. Onlar həm torpağı əkib-becərir, həm heyvandarlıqla məşğul olur, həm də sosial sahədə çalışırlar.
Azərbaycan regionlarının inkişafına dair Dövlət Proqramına uyğun olaraq inkişaf edən "yeni Xocalı" özünün sürət tempinə görə, digər bölgələrimizdən o qədər də geri qalmır. Baxmayaraq ki, burada hər şey sıfırdan başlanıb, amma zəhmətin, torpağın nə olduğunu yaxşı bilən xocalılar yorulmadan çalışır, işləyir və qurub-yaradırlar.
Yaxından tanıdığım xocalıların söylədiklərinə görə, onlar gördükləri hər bir işdən həm də təsəlli alır və özlərində inam hissini nəinki ölməyə qoyur, əksinə, bu hissin qələbə əzminə çevriləcəyinə inanırlar. Çünki onlar Ali Baş Komandanın işğal olunmuş torpaqlarımız üçün böyük siyasət meydanında necə əzmkarlıqla uğurlu siyasi mübarizə apardığının şahididirlər. Ona görə də əmindilər ki, danışıqlar yolu ilə aparılan bu mübarizə istənilən anda Azərbaycan ordusunun köməyi ilə də qələbəyə çevrilə bilər. Deməli, xocalılar qurub-yaratdıqları kimi, işğal altında olan Xocalı üçün döyüşmək əzmini də öz içlərində yaşadır və qoruyurlar.
Bəli, bu gün Ağcakənd deyilən bir ünvanda Xocalı şəhərinin, daha doğrusu, Xocalı rayonunun sakinlərinin müəyyən bir hissəsi kompakt halında yaşamaqdadı. Onların uğurlarının, həyat şəraitlərinin foto görüntüləri burada işlərin necə getdiyini yəqin ki, öz-özlüyündə səssiz, sözsüz də söyləyə bilər.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-17 iyul.-S.3.