LİRİKA - 2013

 

2013-cü il Azərbaycan poeziyası tarixində Kolumbun Amerikanı kəşf etməsi, ya da yeni bir Füzulinin şeiriyyət aləminə gəlişi kimi xatırlanmayacaq. Heç bir möcüzə ilə qarşılaşmadıq, poeziyanın böyük hadisə sayıla biləcək elə bir məqamı yetişmədi ki, biz bu xüsusda sevincimizi bildirək. Hətta əvvəlki illərdən fərqli olaraq poeziya ilə bağlı qızğın ədəbi mübahisələrə də təsadüf etmədik. Bu nədir? Barometr niyə fırtına göstərmədi? Niyə sakitlik bu qədər hökmfərmadır?

Bu sözləri poeziyamızın ötən bir ili barədə söyləyərkən qətiyyən o fikirdə deyilik ki, şeirimiz bərbad vəziyyətdədir, onun minləri, on minləri əhatə edən mənzərəsində seçilən, fərqlənən, yaşamağa qadir olan nümunələri gözə dəymir... Belə bir özündən narazılıq, özünü inkar kimə və nəyə lazımmış? Doğrudur, barometr fırtına göstərmir, doğrudur, şeiriyyət aləmində sakitlik hökm sürür, amma Azərbaycan şeiri öz əvvəlki missiyasını şərəflə yerinə yetirir. Və bu missiya ondan ibarətdir ki, Azərbaycan şeiri Azərbaycan gerçəkliyini ifadə edir. Azərbaycan şeiri bizim daxili dünyamızın poetik əks-sədasıdır. Şeir yenə ictimai həyatımızın, mənəvi dünyamızın inikasıdır. Şeir sevgi, təbiət və Vətən məhəbbətinin, dünyaya, cəmiyyətə, yaşadığımız mühitə münasibətimizin şairanə ifadəsidir.

Azərbaycan çoxsaylı şairlər ölkəsidir və bu gün qətiyyən narahat olmağa dəyməz ki, bu qədər şairi olan ölkədə niyə yeni füzulilər, sabirlər doğulmur, dünyaya gəlmir? Bu sual ilk baxışda doğrudan da həqiqət kimi səslənir, axı, niyə doğulmur yeni Füzuli, yeni Sabir? Şeirimiz yeni flaqmanlara ehtiyac duymurmu? Amma belə bir iddiada olmaq da yersizdir və deyək ki, dahilər, böyük şairlər sifarişlə, ya arzu ilə doğulmurlar, onların vaxtı, zamanı gəlir ki...g

2013-cü ilin Azərbaycan şeirini biz LİRİKA baxımından izləmək, araşdırmaq istəyirik. Heç də əvvəlki illərdə olduğu kimi icmal təqdim etmək, şeirimizin ümumi mənzərəsini nəzərə çarpdırmaq, bu mənzərədə ayrı-ayrı mövzularda şairlərimizin necə uğur qazandıqlarını misal çəkmək niyyətində deyilik. Biz ayrı-ayrı poetik nümunələrdə lirik keyfiyyətlərin necə ifadə olunduğunu, insan hisslərini, duyğularını necə əks etdirdiyini göstərmək niyyətindəyik. Ən başlıcası, 2013-cü ilin lirikasında yeni, müasir çalarları nəzərə çarpdırmaq, eyni zamanda, yaşarı ənənələrin bu lirikada necə təzahür etdiyini açıqlamaqdır.

Lirika nədir? Sualı ətrafında düşünəndə həmişə böyük şairimiz Səməd Vurğunun düz 60 il öncə, SSRİ Yazıçılar İttifaqının İkinci qurultayında söylədiyi məruzəsini xatırlayırıq. Yox, zaman keçsə də, lirik şeirin inkişafında yeni meyllər diqqəti cəlb etsə də, hətta içində müəyyən dərəcədə sovetizmi əks etdirsə də, S.Vurğunun lirika haqqında lirik fikirləri aktual olaraq qalır. Səməd Vurğun deyirdi ki: "Bizim lirik poeziya güclü və rəngarəngdir. İnsan hisslərinin, düşüncələrinin, dərin ruhi və mənəvi halların ifadəsi lirik poeziyamızda əsas yeri tutur. Şair öz yaradıcı gözü ilə həyatın mahiyyətinə nə qədər dərindən nüfuz edirsə, ətrafında baş verən hadisələri bir o qədər yaxından duyur, onun lirikası insanın arzu və istəklərini bir o qədər dolğun ifadə edir, onun şeiri bir o qədər ictimai əhəmiyyət kəsb edir.

İdeyaemosional dolğunluq lirik poeziyanın mahiyyətini təşkil edir. Lirik poeziyanın zənginliyi və müxtəlifliyi şair qəlbinin çoxtərəfli və zəngin olmasından asılıdır. Puşkin yazmışdır: "Şairi, onun canlı və yaradıcı qəlbinin bütün vəziyyətlərində və dəyişmələrində, həm kədər, həm də nəşə içində, həm məftun olub göylərə yüksələrkən, həm də hissləri istirahət edərkən, həm Yuvenal qəzəbi ilə coşarkən, həm də onu darıxdıran qonşuya azacıq təəccüb edərkən görmək bizim üçün xoşdur" (kursiv bizimdir)".

"İnsan hisslərinin, düşüncələrinin, dərin ruhi və mənəvi halların ifadəsi"dir lirika və zənnimizcə, Nizami əsrindən bu günə qədər lirikanın başlıca mahyyətini əsasən bu fikir təşkil edir. Ancaq burada lirikanın imkanlarının genişliyini, insan hissləri və düşüncələrinin məhdud bir dairəyə sığmamasını, təbiətdə, cəmiyyətdə, insan münasibətlərində çoxçalarlılığı ilə üzə çıxmasını da unutmamalıyıq.

Lirikanın əhatə dairəsi çox genişdir və deyək ki, gerçəkliyin elə bir nöqtəsi yoxdur ki, orada lirikanın nəfəsi hiss edilməsin.

 

 

QARABAĞ ŞEİRLƏRİ

 

Bu vaxta qədər Qarabağ müharibəsi və onun doğurduğu itkilər, sosial və mənəvi bəlalar, itirilmiş torpaq ağrıları haqqında yüzlərlə şeir yazılıb. Bu şeirlərin hər birinin vətənpərvərlik duyğusundan yarandığına qətiyyən şübhə eləmirik. Amma POEZİYA adlı müqəddəs bir sözvar və hər yazılan şeir poeziya sayıla bilməz. Təbii ki, o şeirlərin böyük əksəriyyətinin ömrü elə çap edildiyi gündə başa çatır, necə deyərlər, fiziki mənada bir kəpənək ömrüdü o şeirlər. O gün doğulur, o günölür. 2013-cü ildə Qarabağ olayları ilə bağlı şeirlər, poemalar nisbətən az yazılıb və deyək ki, buna kədərlənmək yox, sevinmək lazımdır. Birincisi, ona görə ki, artıq mövzunun özü get-gedə şablon ifadə tərzinin meydana çıxmasına səbəb olur, şeirdən şeirə hazır stereotiplər ayaq açır. İkincisi:

 

Onsuz da şairdi bu xalq

Ayrı nə olmalıydı,

İşğal olanda torpaq?

Qarabağ göynəyi göynətdi yurdu

Əliyalın xalq üstə

Yeridi ordu.

Əlinə gücü çatan

Əliylə,

Dilinə gücü çatan

Diliylə,

Şairlər şeiriylə

Yeridi ordu üstə.

Qarabağ hamını şəhid elədi.

Hərə qəlbində nə isə dəfn elədi!

Qəbristanlıqlar böyüdü,

Qəbirlər yeridi ordu üstə!

Ruhlar yeridi ordu üstə!

Döyüş gedir sərhədlərdə,

Səngərlərdə

Atəşkəs pozulanda.

Döyüş gedir

Prezidentlər görüşündə!

 

Bu şeirin adı "Qarabağ hamını şair elədi", müəllifi isə İsa Sevərdir. Əlbəttə, İsa Sevərin şeiri poetik baxımdan bir elə uğurlu deyil, yarı şeir, yarı publisistikadır. Amma İsa Sevərin şeirində bir həqiqət təsdiq olunur: Qarabağ mücadiləsi heç vaxt səngiməyib. Bu gün hər bir Azərbaycan türkünün qəlbində bir Qarabağ həsrəti, Qarabağ yanğısı var. Heç kim məğlubiyyətlə barışmaq istəmir, hamı Ordumuzun Şuşada, Xankəndində qələbə nidasının səslənəcəyi günü gözləyir. Bəli, şeirimizin 2013-cü il mənzərəsində ən az müraciət olunan mövzu Qarabağdır, amma öncə qeyd etdiyimiz kimi, bunun üçün kədərlənməyə dəyməz. O müqəddəs mövzunu kütləviləşmək təhlükəsi gözləyir və buna yol vermək olmaz.

Xalq şairi Zəlimxan Yaqubun "Şuşa şikəstəsi" poeması ("Azərbaycan" jurnalı, № 8) bu nisgilimizi ovutdu. Başdan-ayağa lirik hisslər, əsasən nostalji duyğular üzərində qurulan, əksər misralarından ağrı, həsrət, kədər süzülən "Şuşa şikəstəsi" doğrudan da böyük bir ŞİKƏSTƏdir (farsca "şikəstə" qırılmış, sınmış, incimiş, qəlbi qırılmış mənalarını verir. Muğamat adı var: "Şikəsteyi-fars").

 

Xaqanım, paşam haray,

Qaynayam, daşam haray.

Eşitmirəm səsini,

Hardasan, Şuşam haray.

 

Şuşanın yolu bağlı,

Sağıyla solu bağlı.

Uçmağa imkanı yox,

Qanadı, qolu bağlı.

 

Bayatıdı, bəstədi,

Gülü dəstə-dəstədi.

Şuşam hanı deyənlər,

Dərd əlindən xəstədi.

 

Ötmür muğamatı, dillənmir sazı,

Yollar yolçusuzdu, cığırlar yetim.

 

"Şuşa şikəstəsi" nostalji notlar üzərində qurulsa da, bizdə bədbinlik, pessimizm oyatmır. Düşünürük ki, məğlubiyyət şikəstəsi deyil bu ki, torpaqlarımız işğal olunandan sonra oturub vay-şivən qoparaq, göz yaşları axıdaq. Bu, Şuşanın hələ işğal altında olduğunu, havasız yaşamaq mümkün olmadığı kimi Şuşasız da yaşamağın namümkünlüyünü xatırladan bir haraydır. bütün poema boyu şair üzünü bizlərə tutub deyir ki: AXI, ŞUŞASIZ NECƏ YAŞAMAQ OLAR?

 

Şuşasız qalmağa öyrəşir insan,

Şairlər yuxuda uyuyur daha.

Getdikcə azalır Şuşa deyənlər,

Odlu misralar da soyuyur daha.

Ən gözəl yurdumdu, yuvamdı Şuşam,

Yuvasız yaşamaq olarmı görən!

Odumdu, suyumdu, havamdı Şuşam,

Havasız yaşamaq olarmı görən!

 

Qarabağ müharibəsi hər bir nəslin (söhbət şairlərdən gedir-V.Y.) yaddaşında fərqli şəkildə özünü göstərir. Yaşlı və orta nəsil üçün Qarabağ xəyal deyil, canlı bir məkandır, gözəlliklər məskənidir və onun işğalı da, müharibədə həlak olan şəhidləri də gözlərin gördükləri reallıqlardı. Azərbaycan şairlərinin az da olsa bir qismi Qarabağ müharibəsinin canlı iştirakçısı olmuşlar, bir qismi əlinə silah götürməsə də, daima döyüşçülər qarşısında çıxış etmiş, onları qələbəyə ruhlandırmışlar. Bu şairlərin oğul itkilərini də unutmaq olmaz. Xəlil Rza Ulutürkə, Qaçay Köçərliyə oğul dağı çəkilib.

Amma yeni nəsil üçün Qarabağ müharibəsi gözlərin gördüyü reallıq deyil. Onların burnuna barıt qoxusu dəyməyib, qulaqları partlayış səsi eşitməyib. Müharibə başlananda onlar uşaq idilər. Amma müharibəni canlı şəkildə görməyən və seyr etməyən bu cavan şairlərin bədii təxəyyülündə Qarabağ müharibəsi özünəməxsus bir görünüşdə nəzərə çarpır.

 

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

 

hər əsgər tabutu

bir gəlinliklə köçərg

əsgər deyil,

sevən qızın arzularını

götürüb gedər

hər atılan güllə.

 

(ardı gələn şənbə sayımızda)

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Ədalət.-2014.-19 iyul.-S.14.