YAŞA, EY HAQQ

Romandan səhifələr

 

İstanbul... 1923-cü il... Yanvarın ortaları... Qış at belindəydi, qılıncını ovxarlamışdı; sı-xılmışdı üfüqlər, daralmışdı; don vurmuş bulanıq suya bənzəyirdi buludlar...

Dönəlgəsi dönmüşdü ruzigarın - nə yağan kimi yağır, nə də açılan kimi açılırdı. Qaş-qabağını yaman tökmüşdü, üz-gözünü yaman porsutmuşdu göylər. Elə bil zəhrimar yağırdı ha-vadan...

Bərk soyuqlamışdı, sümükləri sızıldayırdı. Ona görə də bayıra-bacaya çıxmırdı. Özünü ev dustağı eləmişdi. Tərs kimi qapını açıb əhvalını soruşan, bircə kəlmə "necəsən?" deyən bir kimsə də yox idi. Bu da səbəbsiz deyildi. Dostların çoxu hələ yerini-yurdunu bilmirdi. İndi kirayə qaldığı bu otağa təzəcə köçmüşdü.

Bərk darıxırdı. Hərdən hövsələsi daralıb səbri tükənsə də yenə özünü ələ alır, yazı-pozuya güc verir, başını qatmağa çalışırdı. Elə hey makinanın çıqqıltısı gəlirdi...

Hara baxsan - qalaq-qalaq kitablar, jurnallar, qəzetlər... Stolun üstündə yazılı vərəqlər tığlanmışdı. Gözünün nurunu, ürəyinin odunu tökmüşdü bu vərəqlərə. Bunlar onun havası, suyu, diriliyi idi. Qəlbində çırpınan ümidlər güclü bir arzuya, inama çevrilirdi. "Mənim qərib səsimi xalqıma bunlar çatdıracaq" -bütün varlığı bu duyğu üstündə köklənmişdi.

Özünü yaxşı hiss etməsə də əli işdən qalmırdı. Neçə-neçə redaksi-yadan sifariş almışdı. Redaktoru olduğu "Yeni Qafqasiya" dərgisində işi başdan aşırdı. Demək olar ki, bütün yük, ağırlıq öz çiynində idi. Qayğılar kələf kimi dolaşıb onu göz açmağa, nəfəs dərib, dincəlməyə qoymurdu...

Gün günortanı adlamışdı. Səhərdən bir fincan çayın üstündə idi. Yemək heç yadına da düşmürdü. Başında yüngül ağrı var idi. Bəlkə də ac qalmaqdandı. Gözlərindən yorğunluq tökülsə də əlini işdən çəkmirdi.

O, gah kitabı götürüb, jurnalı qoyur, gah da qəzetləri açıb tökürdü. İstədiyini tapmayınca, ağlına gələn, beynində dolaşan fikirləri ürəyi istəyən kimi kağıza köçürməyincə yazı stolundan aralanmırdı. Beləcə səhəri günorta, günortanı isə axşam eləyirdi. Çox vaxt gecələr də işləyirdi.

...Payızın əvvəlində ciblərini silkələyib "Qapalı çarşı"dan ucuz qiymətə aldığı yüngül paltosunu çiyninə atıb artırmaya çıxdı. Şaxta daladı üz-gözünü. Bosfordan əsib gələn acı sazaq ilan kimi çalır, adamın sümüyünə işləyirdi. Gördü ki, dayana bilmir. Bayıra çıxmağı ilə qayıt-mağı bir oldu. Bilmədi ki, özünü sobanın üstünə necə saldı. Bədəni əsim-əsim əsir, dişləri bir-birinə dəyirdi.

Elə bil çölün soyuğu bir göz qırpımında sümüklərinə çökmüşdü. Titrətməsi keçib gedənə oxşamırdı. "Qarlayacaq, - dedi ürəyində, - qarlasa yaxşıdır, azar-bezar uzaq olar. Bir də hər şeyin öz vaxtı, vədəsi var. Qarsız qış, barsız payız, çiçəksiz yaz - günəşsiz yay kimidir".

Fikri çırpındı. "İndi görəsən Bakıda havalar necə keçir?" Elə bil qulağı səsə düşdü, xəzrinin vıyıltısı gəldi qulağına. Öz-özünə: "Eh Bakının havasından baş açmaq olur ki?! - dedi. - Bilmirsən nə vaxt qışdı, nə vaxt yaz".

Bakı onun tale şəhəri idi. İlk laylası Novxanıda çalınsa da, burada dil açmış, burada ayaq tutub yerimiş, buradan dünyaya boylanmışdı. Bu şəhər pərvazlandırmışdı onu. O da Bakını çılğın bir övlad məhəbbəti ilə sevirdi. Dini-imanı idi Bakı!

Üçcə gün ondan aralı düşəndə elə bil havası çatmırdı, yer tapa bilmirdi özünə "Bakısız bircə gün də yaşaya bilmərəm, - deyirdi. - Onun mazutu da mənə bənövşə ətri kimi gəlir. İçərişəhərin sevgisinə sevgi, nağıllarına nağıl çatmaz dünyada".

Bir vaxt gəldi ki, yola çıxdı. Bakıdan ayrıldı. Aylarla, illərlə uzaq, yad şəhərlərin havası ilə nəfəs aldı. Və günlərin bir günündə başqa bir sevgi də qəlbinə axdı, köksünün başında yuva saldı yuvalandı. O zaman səmimi bir ürəklə bu sevgini dilə gətirdi: "Bakıdan sonra könül verə biləcəyim, yaşayacağım bir şəhər varsa - o da İstanbuldur". O, bunu elə-belə söz gəlişi, yaxud da kiməsə xoş gəlmək xatirinə deməmişdi. Bu, içindən, qəlbinin dərinliklərindən gələn bir səs, bir istək idi. İstanbul onun köksündən boy verib qalxan, illər ötdükcə kökü dərinlərə işləyən qollu-budaqlı bir ağaca bənzəyirdi - arzu, dilək ağacına...

Heç ağlına gətirə bilməzdi ki, bu şəhərdə qəribliyi, mühacir günləri başlanacaq, Bakı həs-rəti, Bakıya qovuşmaq ümidi Ankaranın Əsri qəbiristanlığında torpağa gömüləcəkdir. Son nəfə-sində isə dodaqlarına bir söz çırpınacaqdı, yana-yana çırpınacaqdı: "Azər...baycan!..", "Azər...bay...can!", "A...zər...bay...can!..", "Caaa...nnn...".

...Düşüncələri od tutub odlanır, qəlbini yandırırdı: "Görəsən, indi neyləyirlər balalarım - mənim Lətifəm, Xalidəm, Rəsulum, Azərim? Gün-güzəranları necə keçir onların? Yazıq Ümbülbəni dörd uşağın əlində qalıb. Hamısı da körpə. Yəqin incidirlər onu. Görəsən, qohum-əqrəbadan bir kömək eləyən, əl tutan varmı bizimkilərə? Çətin vaxtdır. Dolanışıq ağırdır. Hər kə öz dərdində, öz başının hayındadır. Adamları o qədər qorxudub, gözlərini o qədər qırıblar ki, qardaş-qardaşa, övlad - ataya, dost - dosta şübhə ilə baxır. İnam itib, adamlar bir-birlərindən qa-çırlar. Qorxu, şübhə olan yerdə insanlıq da aradan çıxır.

Məni də orada düşmən kimi qələmə verir, gecə-gündüz kölgəmi qılınclayırlar. Əllərinə fürsət düşsə, əlacları olsa burada mənim, orada balalarımın nəfəsini kəsərlər. Çətin ki, yaxın duran, canı yanan tapıla bizimkilərə...

Bircə ümid Seyid Hüseynə gəlir. Bəlkə o həyan olar uşaqlara. O yazıqla da qohum kimi, bacanaq kimi ürəyimizcə qaynayıb qarışa bilmədik. Bir-birimizə təzəcə mehr salıb, isinişib doğmalaşırdıq ki, qırmızılar başımızın üstünü aldılar. Dövran dəyişdi, pərən-pərən olduq, hərə biry ana dağıldı...

Yəqin Ümgülsüm bir bacı kimi Ümbülbəninin hayına-harayına yetişər, yeri düşəndə görüm-baxım eləyər, əl tutar. Yoxsa başını itirər Ümbülbəni, aralıqda qalar.

Əməlli-başlı təhsili, sənəti də yoxdur ki, işləyib uşaqları dolandırsın; işləməli olsa gərək onda kiminsə qabağında sınsın, əyilsin, ya da gedib kiməsə qulluqçuluq eləsin. Kimdi deyən, fərqinə varan ki, bu qadın Məmmədəmin Rəsulzadənin xanımıdır?!

Yazıq balalarım, göz-könül dolusu ata qayğısı, ana nəvazişi görmədiniz! Mənim yolumda nələr çəkmədiniz, bu bir qarış vaxtınızda?!"

Qəlbi sınıq simə dönmüşdü: "Sizi nə vaxt bağrıma basacağam görəsən, bir də nəfəsim nə vaxt sizin nəfəsinizə qarışacaq, ay mənim boynu bükük balalarım?"

Sağ qalmağı, bu işıqlı dünyada nəfəs almağı, yaşamağı hələ də ona möcüzə kimi gəlirdi: "Mənim taleyim də Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin... başqa-başqa dostlarımın taleyinə dönə bilərdi. Vaxtsız əcəl məni də yaxalayar, haradasa ömrüm də qırılardı. Bəlkə heç qəbrim də, torpağa gömüldüyüm yer də bilinməzdi, bəlli olmazdı". Qəlbinin dərinliklərindən isə başqa bir səs-səda gəlirdi: "Sən tanrı adamısan, Məmmədəmin! Ona görə də tanrı sənə qıymadı, səni qanadının altına aldı, bütün bəlalardan sağ-salamat çıxardı, qoruyub saxladı. İndi yaşayırsan, sözünü qələmlə deyirsən. Səsin gedib Vətən çatmır? Darıxma! Gün gələr, haqqın yolu açılar. Gecələr nə qədər uzun olsa da, qaranlığa bürünsə də, qarşıda onun işıqlı səhəri, günəşli gündüzü var!"

Neçə dəfə ölümlə üz-üzə, göz-gözə gəlmişdi: Lahıcda, Bakıda, Moskvada... Ölüm ona qı-lınc qaldırmışdı, o, ölümün gözünə şax baxmışdı - inamından, əqidəsindən dönüb, qorxunu ürəyinə yaxın qoymamışdı. O çətin anlarda ürəyi də yumruğa dönmüşdü.

"Qorxu dəhşətdir - o insanı ölümə aparır, - demişdi. İnam öldü - insan öldü. İnsan döyüşməli, çarpışmalı, son damla qanı qalıncaya qədər, ürəyinin son vurğusunacan öz haqqını, hüququnu tələb etməlidir. İnsan övladı azad doğulub, azad da yaşamalıdır! Nə üçün özgələr, yadlar basa-basa gəlib mənim yurdumda, mənim Azərbaycanımda ağalıq etsinlər? Nə haqla, nə hüquqla? Biz buna niyə dözməliyik?

Biz o vaxt - 27 aprel gecəsində kişi kimi söz verdik, qoymadıq qan tökülsün. Onlar isə dediklərinin üstündə durmadılar, sözlərinin dalından qaçdılar. İndi biz öz haqqımızı, istiqlalımızı qanımız, canımız bahasına da olsa geri qaytarmalıyıq! Haqq verilməz, alınar! Budur türk inqila-bının təsdiq etdiyi həqiqət!

Rus imperializmi hansı cildə, hansı rəngə girirsə girsin, meydanda bir həqiqət var: millətlər özlərini tanımalıdırlar. Gələcək - millətləri süngü gücü ilə yapma rejimiə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır".

 

***

 

Yazı makinasının əsəbləri döyəcləyən yeknəsəq səsi yavaş-yavaş sozaldı, səngidi və büs-bütün susub, eşidilməz oldu. Birdən elə bil axar su dayandı. Otaq sükutla gölləndi. O, kürəyini stulun söykənəcəyinə verib, qollarını qanad kimi yana gərdi. Sümükləri şaqqır-şaqqır şaqqıldadı. Sanki canına bir yüngüllük gəldi, sinəsi genişləndi. Ancaq hiss elədi ki, barmaqlarını yazı makinasının dillərinə uzatmağa daha nə həvəsi, nə də hövsələsi qalmışdı. Barmaqlarının ucları ilə gicgahlarını, sonra da gözlərini ovuşdurdu. "Bu günlük yetər, - deyə düşündü. - həvəsdir, bəsdir. Halım bir az düzəlsə, özümə gəlsəm sübh tezdən durub keçərəm stolun arxasına. Səhər yeməyinəcən makinada iki-üç səhifə döyəcləyərəm. Bu da olar qənimət. Aqillərimiz əbəs yerə deməyiblər ki, qırılan qoşundandır".

Qalxdı. Əllərini sinəsində çarpazlayaraq gəzişməyə başladı. Otaq bərk soyuq idi. Elə bil divarlardan buz yağırdı. "Bu sobanın canını niyə azar alıb? - deyə düşündü. - Səhərdən neçə dəfə odun atmışam. Nə gözü doyur, nə də bir gurhagur yanır ki, adamın sümükləri qızsın. Xəsis adam kimidir - almağı var, verməyi yoxdur".

Maşa ilə sobanın iri gözünü yana çəkib, içini qarışdırdı. Küldən başqa heç nə gəlmədi ma-şanın ucuna. Bayırdan odun gətirib sobanı təzədən qaladı. Odun yaş idi, korun-korun yanırdı...

Gətir Kəkotu çayı dəmlədi. Əvvəlcə bir stəkan çay içdi. Sinəsi də azca yum-şaldı. Deyəsən, yavaş-yavaş özünə gəlirdi. "Varam kəkotu çayının möcüzəsinə. - Xəyalı quş kimi çırpındı. - Dağ adamları ağızlarının dadını, təmini yaxşı bilirlər. Bəlkə də ona görə belə safdırlar, durudurlar. Halaldır hər şey onlara! Həyatın qədrini bilərək yaşayırlar, kişi kimi ömür sürürlər - mərd-mərdanə. Bizim dağların adamları dağların özünə bənzəyir - əyilməz, vüqarlı, uca. Nə qədər yaxşılıq, insanlıq gördüm onlardan. Dadı damağımdan, xatirəsi ürəyimdən getməz o günlərin. Lahıc camaatına, məni özlərinə doğmadan-doğma bilən kişili-qadınlı , böyüklü-kiçikli o gözəl insanlara mənə elədiklərinin heç olmasa mində birinin əvəzini qaytara bilsəydim!... Ancaq bu mümkündürmü?" Bu ətirli kəkotu çayı Lahıcı yada saldı, xatirələrini tərpətdi. O, belə çayı ilk dəfə orada içmişdi. İlk günlər o qədər də xoşlamırdı. Ona deyəndə ki, can dərmanıdır, çox da inanmırdı. Belə fikirləşirdi: "Görünür kasıbçılıqdır, üzü qara olsun kasıbçılığın".

Aradan bir-iki həftə keçdi. Dumduru bulaq suyundan dəmlənmiş kəkotu çayı beçə balı ilə, alma, armud qaxı ilə ona özgə ləzzət verdi...

İndi haradaydı o günlər? Lahıcı tez-tez yuxusunda görürdü. Hər dəfə də qorxu, səksəkə içində ayılırdı yuxularından.

Gözlərini açanda görürdü ki, Lahıcdan çox-çox uzaqlarda - İstanbuldadır.

 

(ardı var)

 

Nahid HACIZADƏ

Ədalət.-2014.-19 iyul.-s.6.